Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1175/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X3 katibliyilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-468/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-468/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 135 (yüz otuz beş) manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-468/2023 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(032)- 2422/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər birinə 100 manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər birinə görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2008-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 100 manat olmaqla, iki uşağa 200 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indiki vəziyyətdə xx.xx.2008-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün yetərli olmadığını, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşaqlarının yaşı az olduğundan həmin vaxt onların tələbatının da hazırkı tələbatından olduqca aşağı olduğunu, uşaqların böyüdükcə geyinməyə, yeməyə və maddi tələbatlarının artrılmasnın zəruri olduğunu, hal-hazırda uşaqların hər ikisinin məktəbdə təhsil aldıqlarını, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin hazırki bazar iqtisadiyyatı şəraitində olduqca azlıq təşkil etdiyini, digər tərəfdən onun heç bir yerdə işləmədiyini və əlavə qazancının olmadığını, əgər əmək fəaliyyəti ilə məşğul olarsa, uşaqları nəzarətsiz qalacağını, bunun daha ağır fəasadlar verə biləcəyini və Cavabdeh maddi durumunun yüksək olduğundan aliment ödəməyə imkanının olduğunu nəzərə alıb Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2008-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, iki uşağa 200 manat miqdarında alimentin dəyişdirilərək Cavabdeh Gülmırzə oğlundan hər ay hər uşağa 220 manat olmaqla, iki uşağa 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini istəyir. Aralarında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsa da, mediasiya prosesində razılıq əldə etməmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq normalarının tələblərini birinci instansiya məhkəməsi pozaraq tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almamış, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmamışdır. Halbuki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-2422/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indiki vəziyyətdə xx.xx.2008-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün yetərli olmadığını, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşaqlarının yaşı az olduğundan həmin vaxt onların tələbatının da hazırkı tələbatından olduqca aşağı olduğunu, uşaqların böyüdükcə geyinməyə, yeməyə və maddi tələbatlarının artrılmasının zəruri olduğunu, hal hazırda uşaqların hər ikisinin məktəbdə təhsil aldıqlarını, digər tərəfdən Cavabdeh maddi durumunun yüksək olduğundan aliment ödəməyə imkanının olduğunu nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını və uşaqların saxanması üçün yaranmış xərcləri ödənilməsini nəzərə almamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da, qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Həmçinin məhkəmədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 bütün xərclərinin onun tərəfindən qarşılanması hallarını, həmçinin onun qadın olmağını və aldığı əmək haqqının miqdarının az olmasını məhkəmə aydınlaşdırmamışdır. Məhkəmə tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almadan düzgün nəticəyə gəlməmişdir. İddiaçı məhkəmədə izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və göstərmişdir ki, hazırda uşaqlarının saxlanılması üçün hər uşaq üçün 150-160 manat alimentin müəyyən edilməsi kifayət edir. O, həmçinin bildirmişdir ki, özü "xxxx" Marketdə işləməklə 350 manat əmək haqqı alır. Hazırda anası ilə birlikdə yaşayır. Uşaqlar hər iksi Şirvan şəhəri Kimya-biologiya təmayüllü liseydə ödənişsiz təhsil alırlar. Cavabdeh məhkəmədə izahat verərək, apellyasiya qəbul etmədiyini bildirmiş və göstərmişdir ki, 2 aydan artıq müddətdir ki, pensiya almır. Ancaq əmək haqqı alır ki, aliment tutulandan sonra qalan 400 manat hissə onun müalicəsinə və normal yaşamına imkan vermir. Özü insult keçirmişdir. İmkanı olduqca uşaqların maddi durumunu təmin edir. Bir neçə ay əvvəl hər iki uşaq üçün kreditlə mobil telefon almışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-468/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Şirvan şəhər Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(032)-2422/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər birinə 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə, X7 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İİ dərəcəli əlillik statusu verilmişdir. Əlillik müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İşdə olan Qarasu Əməliyyat Şirkətinin 327 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Gülmirzə oğlunun əmək haqqısından hər ay 200 manat məbləğində aliment tutulur. Orta aylıq əmək haqqı 601,42 manat təşkil edir. İşdə olan "xxxx" market MMC-nin İR-323 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən "xxxx" market MMC-də əmək fəaliyyəti göstərir. Hal-hazırda satıcı-kassir vəzifəsində çalışır. Aylıq əmək haqqısı 390 manat təşkil edir. MPM-in 372.1, 372.6 və 372.7-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyildir. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Bu baxımdan da, hazırkı iş üzrə Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-468/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Habelə, AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə, həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alsaq ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir, buna görə də, məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, habelə Cavabdeh aylıq əmək haqqının miqdarını, İddiaçı hazırkı aliment məbləğinin 150-160 manat müəyyən edilməsi ilə uşaqların yüksək maddi təminat hüququnu həyata keçirməyə nail ola biləcəyini izahatında göstərməsini nəzərə alaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin hər ay hər uşaq üçün 150 manat məbləğə artırılmasını qanuni və ağlabatan hesab edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında” Konvensiyanın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin bərabər vəzifələrinin olması, 2023-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissədə dəyişdirilərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-468/2023 saylı qətnaməsi mübahisələndirilən – alimentin məbləği hissədə dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1175/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1175/2023
29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver