Məhkəmə qərarları › İş №2(106)-1178/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1178/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1178/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1 Tahir oğlunun, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-775/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 33850 ABŞ dolları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(050)-2862/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh tərəfin etirazına əsasən qiyabi qətnamə ləğv edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh bank sahəsində işlədiyi dövrdən tanımışdır və münasibətləri həmin vaxtdan yaranmışdır. Cavabdeh ona Almaniya və Gürcüstandan maşın gətirərək satdığını və qızıl alğı-satqısı ilə məşğul olduğunu, pulunun az olduğunu və onu da özünə şərik edərək bizneslə məşğul ola biləcəyini və yekunda qazancdan ona pul verəcəyini bildirmişdir. Cavabdehlə aralarında yaxşı münasibət olduğu üçün və pul qazanmaq istədiyindən ona 2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi hissə-hissə olmaqla ümumilikdə 33850 ABŞ dolları (57545 manat) məbləğində pul vermişdir. Belə ki, cavabdeh 2019-cu ilin mart ayında ona müəyyən işlər görmək üçün 10000 ABŞ dolları pul lazım olduğunu, həmin puldan ona qazanc verəcəyini bildirmiş və iddiaçıdan pul istəmişdir. Ona inanaraq ilkin olaraq ona 10000 ABŞ dolları pul vermişdir. Cavabdeh edəcəyi alverdən ona qazanc olaraq əlavə pul verəcəyini bildirmişdir. O, cavabdehə inanmış, daha sonra isə ona hissə-hissə əlavə pul məbləğləri vermişdir. Ona ümumilikdə 33850 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh ondan pul aldıqdan sonra - 2020-ci ilin sentyabr ayında öyrənmişdir ki, o, Masallı rayonunda müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitləri almış və onları aldatmışdır. Bundan sonra o, narahat olmuş və cavabdehdən pulunun qaytarmasını tələb etmişdir. Lakin cavabdeh onun pulunu qaytarmamış və söz vermişdir ki, yaxın zamanda hissə-hissə qaytaracaqdır. Cavabdehlə borcun qaytarılması üçün aralarında dəfələrlə telefon danışıqları olmuş, cavabdeh “Whatsapp” yazışmalarında ona borcu olmasını etiraf etmiş və qaytaracağını bildirmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün Masallı rayon polis şöbəsinə şikayət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh müxtəlif şəxslərdən dələduzluq yolu ilə külli miqdarda pul vəsaiti ələ keçirmişdir. Bundan sonra, müstəntiq onu aldadaraq və təzyiq göstərərək cavabdehin həbs olunmaması üçün ona ərizə yazdırmışdır ki, guya cavabdeh ona olan 33850 ABŞ dolları məbləğində borcunu tam olaraq qaytarmışdır. Həmin zaman zərərçəkənlərdən biri olan X8 da onun pulunun qaytarılması barədə ərizə vermiş və ona da bildirmişdir ki, bu məzmunda ərizə versə, cavabdeh həbs olunmayacaq və onların pulunu qaytaracaqdır. Onlara inanaraq, pulunun qaytarılmasını istədiyi və qorxduğu üçün cavabdehin həbs olunacağı təqdirdə pulunun batacağını fikirləşdiyindən şikayətini geri götürmüş və pulunun qaytarılmasını gözləmişdir. Halbuki, cavabdeh onun pulunu qaytarmamışdır. Masallı RPŞ-nin istintaq bölməsinin müstəntiqi Aqşin Səfərlinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də, onu aldadaraq pulunu qaytarmamışdır Cavabdeh ondan 33850 ABŞ dolları məbləğində pul alması onun tərəfindən Masallı RPŞ-də vermiş olduğu izahatında təsdiq olunmuşdur. O, dəfələrlə Baş Prokurorluğa və digər orqanlara müraciət etmişdir ki, o, Masallı RPŞ-də aldadılmış və borcunun qaytarılması barədə ərizə vermiş, lakin onun şikayətinə baxılmamışdır və mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək bildirmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən həmin tələb rədd edilməli və təmin olunmamalıdır. Belə ki, Masallı rayon sakinləri İddiaçı və qeyri-şəxslər arasında borc münasibətləri olmuşdur. Onlardan dəfələrlə pul alıb faizlə artıqlaması ilə qaytarmışdır. 2019-cu ildən etibarən həm səhhəti ilə bağlı ciddi problemlər yaşadığından, həm də lombard təşkilatı açmaq üçün kredit əldə edə bilmədiyindən maddi sıxıntıya düşmüşdür. Bu səbəbdən də borcunu qaytara bilməmişdir. Dəfələrlə onlarla danışıb möhlət istəmiş və bu müddət ərzində qismən olsa da, borclarını qaytarmışdır. Buna baxmayaraq, Fərəc və digərləri barəsində əsassız olaraq polis şöbəsinə şikayət edib onları aldadıb dələduzluq etməsini göstərmişlər. Halbuki, onlara qarşı dələduzluq etməmişdir. Şikayətlər əsasında DİN-in Masallı RPŞ-nin İB-in baş müstəntiqi polis kapitanı X3 icraatında ********* saylı cinayət işi başlanmış, aparılan araşdırmalarla şikayətçilərin onlara qarşı dələduzluq etmə iddiaları təsdiqini tapmamışdır. Borc məbləğini istintaq dövründə şikayətçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Bununla bağlı İddiaçı istintaqda öz ifadəsi var. O ona olan borcunu tam şəkildə ödədiyini təsdiq etmiş və ona heç bir borcunun olmaması iş üzrə tələb etdiyi 33.850 ABŞ dolları və ona qarşı pul iddiası olmadığını istintaqda ifadəsində və notarial qaydada sənəddə öz əksini tapmışdır. İddiaçı istintaq zamanı ifadəsində bildirmişdir: “İstintaq dövrü ərzində Mirkamran aldığı borc pulu qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır.” Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. ********* saylı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar, səhifə 11, absaz 6-da qeyd olunmuşdur: “...İddiaçı...ərizə ilə müraciət edərək, borcların tamamilə ödənilməsi və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. ********* saylı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İddiaçı iki il sonra ona qarşı əsassız olaraq iddia qaldırmış, iddia ərizsəinə hüç bir sübüt əlavə etməmişdir. O, ona qarşı olan borcunu tam şəkildə qaytarmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-775/2024 saylı qətnaməsi (hakim Habil Bəhmənov) ilə iddia təmin edilərək Cavabdeh 33850 ABŞ dolları pul ödəniş gününə olan manat məzənnəsi ilə, o cümlədən dövlət rüsumuna görə ödənilmiş 262.64 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 132 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İş materiallarında olan: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 6(106)15/2023 saylı qərarından görünür ki, Masallı rayon polis şöbəsinin İstintaq bölməsinin icraatında olmuş ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan həmin qərarla hüquqlarının pozulduğunu hesab edən şəxs İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi barədə Masallı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 6(050)-6/2023 saylı qərardan Masallı rayon prokuroru tərəfindən verilmiş protestlə əlaqədar həmin qərarın qanuniliyi və əsaslılığı yoxlanılmış, nəticədə protestin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 6(050)-6/2023 saylı qərarının ləğv edilməsi, İddiaçı şikayətinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilən kompakt disklərdə olan səs yazlarından məlum olur ki, Cavabdeh arasında İddiaçı yenidən borc pul alınması ilə bağlı telefon danışıqları olmuş, İddiaçı telefonda Cavabdeh və onun qardaşı Kənan Sadıqovla pul tələbi ilə bağlı söhbətlər aparmışdır. Dialoqlardan aydın görünür ki, söhbət 33850 ABŞ dollar puldan gedir. Cavabdehin qardaşı Kənan danışıqların birində pulun polis şöbəsində ödənildiyini, digər danışıqda isə şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi, İddiaçı özünə verəcəyini bildirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Masallı rayon sakinləri İddiaçı və qeyri-şəxslər arasında borc münasibətləri olmuşdur. Onlardan dəfələrlə pul alıb faizlə artıqlaması ilə qaytarmışdır. 2019-cu ildən etibarən həm səhhəti ilə bağlı ciddi problemlər yaşadığından, həm də Lombard təşkilatı açmaq üçün kredit əldə edə bilmədiyindən maddi sıxıntıya düşmüşdür. Bu səbəbdən də borcunu qaytara bilməmişdir. Dəfələrlə onlarla danışıb möhlət istəmiş və bu müddət ərzində qismən olsa da, borclarını qaytarmışdır. Buna baxmayaraq Fərəc və digərləri barəsində əsassız olaraq polis şöbəsinə şikayət edib onları aldadıb dələduzluq etməyini göstərmişlər. Şikayətlər əsasında DİN-in Masallı RPŞin İB-in baş müstəntiqi polis kapitanı X3 icraatında ********* saylı cinayət işi başlanıb. Aparılan araşdırmalarla şikayətçilərin onlara qarşı dələduzluq etmə iddiaları təsdiqini tapmayıb. Borc məbləği istintaq dövrü şikayətçilərə o cümlədən İddiaçı ödənilib. Bununla bağlı onun yəni İddiaçı istintaqa ifadəsi var. Ona olan borcunu tam şəkildə ödədiyini təsdiq edir və onun heç bir borcunun olmadığı və onun ona qarşı pul iddiası olmadığını istintaqa ifadəsində və notarial təsdiq edilən sənəddə öz əksini tapıb. (200271098 saylı Cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar səhifə 7 abzas 2. İş üzrə dindirilən İddiaçı ifadəsi başlayır. Səhifə 8 ifadənin son üç cümləsi). İddiaçı istintaqa ifadəsinin son üç cümləsinin qeyd edir. (200271098 saylı Cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar səhifə 8 birinci abzas son üç cümlə). “İstintaq dövrü ərzində isə Mirkamran aldığı pul borcunu da gətirib qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır.” Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar səhifə 11 abzas 6-də qeyd olunur ki, ... İddiaçı ...ərizə ilə müraciət edərək, borclarının tamamilə ödənilməsi və heç bir şikayət və tələblərinin olmadığını qeyd etmişdir. ********* saylı Cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar qanuni qüvvəsini alıb. Lakin əsassız varlanmaq istəyən İddiaçı eyni məbləği ondan növəbti dəfə almaq məqsədi ilə məhkəməyə üz tutub və öz çirkin niyyətini məhkəmə vasitəsi ilə həyata keçirmək istəyir. İddiaçı illər sonra əsassız iddia ilə məhkəməyə üz tutub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdi. Lakin onun qanunsuz tələbləri təsdiqini tapmadan xitam verildi. Məhkəmə bu barədə müvafiq quruma sorğu verib işin yekun nəticəsi ilə bağlı materialları əldə edə bilərdi, məhkəmə onun şifahi vəsatətini təmin etməmişdir. Çünki işi ədalətli araşdırmaq marağında deyildir. İddiaçının yaşı, həyat təcrübəsi, məşğul olduğu fəaliyyət onun sadəlöhv biri olmadığını, kiməsə boş sözə inanıb belə bir böyük məbləğin ona ödənilmədən şikayət və tələbinin olmamasını barədə ərizə verməsi, teleqram vurması sadəcə gülüş doğura bilər. Məhkəmə iddiaçının izahatını bu hissədə araşdırmamış, ona hüquqi qiymət verməmişdir. Sənə borcu olan şəxsin pulu ödəmədən azadlığa buraxılmasına göz yumacaq qədər, aldadılacaq qədər sadə biri deyildir. Şəxsin məşğul olduğu iş onun xarakterini səciyyələndirilən cəhətlərə məhkəmə qiymət verməmişdir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları və faktları araşdırmayıb. Məhkəmə qətnaməsində, məhkəmə baxışı iclasında tədqiq edilən kompakt disklərdə olan səs yazlarına istinad edir. Qeyd edir ki, Cavabdeh arasında İddiaçı yenidən borc pul alınması ilə bağlı telefon danışıqları olmuşdur. Lakin məhkəmə həqiqətən həmin danışıqları telefon danışığı olması və ya kənardan hədə-qorxu altında yazılan səs yazısı olmasına qiymət verməyib. Onunla söhbət telefon daşınığında ola bilər. Orada o ondan yenidən faizə pul istəyir. Söhbət yeni faiz borcundan gedir. Ona borcunun ödənilməsi ilə bağlı kifayət qədər sübutlar var. X7 səsi isə qətnamədə qeyd edilən kimi iddiaçı ilə qardaşı arasında olan dialoq deyil. İddiaçı qardaşının üstünə kriminal aləmdə tanınan şəxs gətizdirib. Həmin şəxs hazırda cəzaçəkmə müəssisəsindədir. Ona bu sözləri şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi İddiaçı özünə verərdi deməsinə təzyiq edilib. Fərəc də gizlindən səsi yazıb. Həmin səsin telefon danışığı və ya qanunsuz səs yazısı olmasını məhkəmə araşdırmayıb. Həmin görüşün tam səs yazısı olsa orada Fərəc də Kənana deyir ki, “indi o pulu mən qardaşından ikinci dəfə alım sən də bax”. Niyə görəsə o hissəyə çatanda səs yazısı kəsilir. Və adını qoyub ki, telefon danışığı zamanı edilib. Bunun araşdırlması ilə bağlı məhkəməyə etibarnamə üzrə nümayəndəsi atası Nümayəndə vəsatət versə də, məhkəmə digər vəsatətləri kimi buna təmin etməyib. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, səs yazılarında cavabdeh ona “sən bunu etməməliydin” deyəndə yəni onu şikayət etməməli olduğunu bildirmişdir. Cavabdeh “350-yə razıyam” deyəndə ondan əlavə pul istədiyini bildirir. Orada ondan söz almağa çalışır. Həmin vaxt cavabdeh ona pula görə zəng etmişdir. Cavabdeh “33850 manat səndə qaldı, onu mənlə razılaşmadın” deyəndə onu nəzərədə tutur ki, pulu ona hissə-hissə vermişdir. Guya gərək onun özünə deməliydi və məhkəməyə, prokurorluğa getməyəydi. Cavabdeh “köhnə söhbətdə qal” deyəndə pulun adını çəkməməli olduğunu bildirir. Pulu cavabdehə şəxsən özü vermişdir. Həmin borc Azərlə bağlı deyil. Cavabdehin Azərə ayrı borcu var. Həmin borc tam ödənilməsə də, bir qismi ödənilmişdir. Azər də polisə şikayət edib və şikayətini geri götürəcəyi təqdirdə, borcun ödəniləcəyi bildirilmişdir. O, inanıb şikayətini geri götürsə də, borcu ödənilmədi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 bildirmişdir ki, cavabdeh müxtəlif şəxslərdən pul vəsaiti alıb, lakin yalnız Azər adlı şəxsə pul ödənilib. Azər də onlara deyib ki, “şikayətinizi geri götürün, pulunuz ödəniləcək”. Onlar da inanaraq şikayətlərini geri götürüblər. Əlavə olaraq bildirir ki, cavabdehin atası birinci instansiya məhkəməsi zamanı pulun rayonda "xxxx" ASC-nin yanında maşında iddiaçıya verildiyini, cavabdehin vəkili isə polisdə verildiyini bildirir. Cavabdeh isə pulun Azərə verildiyini qeyd edir. Burada 3 fərqli ziddiyyətli izahat var. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya olan borc məbləği tam şəkildə qaytarılmışdır. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, səs yazılarından da görünür ki, pul onlara verilib. İddiaçı tərəf sanki pulun verilmə yerini mübahisələndirir. Ona görə də, onlar iddia ərizələrində ona da əsaslanırlar ki, guya cavabdeh pulu başqa yerdə atası isə başqa yerdə verdiklərini demişdir. Masallı rayon Poçt şobəsi Masallı rayon polis şöbəsinin keçmiş binası ilə yaxınlıqda yerləşir. Ola bilər ki, həmin yer tərəflərin tanıdığı yerə münasibətdə deyilib. Yəni cavabdehin atası həmin yeri polis şöbəsinin yanı, cavabdeh isə poçt şöbəsinin yaxınlığı kimi tanıya bilər. Nəticə etibarilə hər iki ünvan eyni ərazidə yerləşir. Bundan əlavə, hazırda pulun harada verilməsi mübahisələndirilmir, pulun verilib-verilməməsi mübahisələndirilir. İş materiallarından da görünür ki, bütün məhkəmə iclaslarında iddiaçı pulun verilmədiyini demir. İddiaçı digər zərərçəkənlərlə borc müqaviləsi bağlayıb, lakin cavabdehlə müqavilə bağlamayıb. Cavabdehlə mülki müqavilə-borc müqaviləsi bağlamadan niyə iddiaçı gedib belə bir ərizə də verir? Müstəntiqin yanında izahat da vermişdir. İddiaçı bu qədər sadəlövhlük edə bilməz, ona görə ki, o, ali təhsillidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əgər Mirkamran ondan götürdüyü borcu bağlamamışdırsa, bilə-bilə ki, cavabdeh səni illərdir aldadırsa, bəs o niyə ərizə təqdim edərək cavabdehin ona heç bir borcunun olmadığını demişdir. Cavabdeh iddiaçıdan mütəmadi olaraq borca pul götürüb sonradan borcunu bağlamışdır. Səsyazılarından görünür ki, cavabdeh zəng edərək iddiaçıdan təkrar borca pul istəyir. Bir adamın 33000 dollar borcu varsa, zəng edib təkrar borca pul istəməsi nə dərəcə inandırıcıdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərarda isə cinayət təqibinə xitam verilmişdir. İddiaçı isə qüvvəyə minmiş prosessual qərara qarşı səs yazısını qoyub. Təqdim edilən səs yazısı isə montaj olunmuşdur. Hansı ki, həmin səs yazısını istənilən mütəxəssis montaj edə bilər. İddiaçının nümayəndəsi Vəkil1 Tahir oğlu məhkəmə iclasında bildirmişdir ki, iddiaçını mübahisə predmeti olan pula görə bir neçə dəfə aldadıblar. Belə ki, başqa bir şəxs İddiaçı cavabdehlə münasibətinin olduğunu, onun pulunu alıb qaytaracağı vədi ilə 12000 manat pulunu alıb qaytarmayıb. Bundan sonra başqa bir şəxs də eyni qaydada İddiaçı 3200 manat məbləğində pul almışdır. Cavabdehlə danışarkən “33750 dollarım səndə ilişdi qaldı” demişdir. Yenidən cavabdeh pul istəmişdir. İddiaçı da onun səsini yazmaq üçün cavabdehə yenidən pul verməklə bağlı niyyətini bəyan etmişdir. Kənan adlı şəxs yəni cavabdehin qardaşı demişdir ki, “biz pulu Azərə vermişik”. Cavabdeh digər səsində də demişdir ki, polis şöbəsində iddiaçıya vermişdir, cavabdehin atası da məhkəmə prosesində demişdir ki, "xxxx" ASC-nin yanında özü vermişəm sənə”. Bunlar da təzadlı məqamları ifadə edir. İddiaçı da onun səsini yazmaq üçün cavabdehə yenidən pul verməklə bağlı niyyətini bəyan edir. Kənan adlı şəxs yəni cavabdehin qardaşı demişdir ki, “biz pulu Azərər vermişik”. Digər səsində də deyir ki, “olis şöbəsində sənə vermişik”, cavabdehin atası da məhkəmə prosesində demişdir ki, “"xxxx" ASC-nin yanında özüm vermişəm sənə”. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, heç vaxt polis şöbəsində olmamış, ona müstəntiq demişdir ki, ərizə yaz, onu inandırdılar, o da pulunu alacağı ümidi ilə aldanıb imza etmişdir. Cavabdehin 2 qız övladı olduğu üçün rəhmi gəlib, cavabdehin tutulmasına razı olmamışdır. Cavabdehdən heç bir məbləğ almamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-775/2024 saylı qətnaməsi tam ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; MM-in 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə; MPM-in 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci madəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya diqqətə çatdırır hazırkı iddia tələbi İddiaçı Cavabdeh qarşı 33850 ABŞ dolları barədədir. Göründüyü kimi, cavabdeh tələb edilən pul məbləğini iddiaçıya tam olaraq ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin izahatı və işdə olan sübutların müqayisəli təhlili əsasında kifayət qədər araşdırma aparılmamış və işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş Sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı şahid qismində ifadəsində “...2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi Cavabdeh 33850 ABŞ dolları pul vermişdir. Mirkamran həmin pulun xeyli hissəsini qaytardıqdan sonra ümumilikdə 10000 ABŞ dolları borclu qalmışdır....İstintaq dövrü ərzində Mirkamran aldığı pul borcunu gətirib qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır. Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbi yoxdur.” bildirmişdir. Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, “....İddiaçı istintaq sənədlərində ondan 33850 ABŞ dolları almağını və aldadaraq həmin məbləğdə pulunu ələ keçirməsini göstərsə də, həqiqətdə Fərəcə olan borcunun xeyli hissəsini ödəyib, 10000 ABŞ dolları borclu qalmışdır. Həmin məbləği də istintaq dövründə razılığa girib tamamilə ödəmişdir. Həmin qərarla müəyyən edilir ki, İddiaçı olan borc tamamilə ödənilib, o da heç bir şikayət və tələbinin olmaması barədə istintaqa izahat verib, notarial təsdiqli ərizə təqdim edib və teleqramlar vurmuşdur. Diqqətə çatdırılmalıdır ki, Sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərar hazırda da qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində hazırkı iş üzrə cavabdehin dəymiş ziyanı ona tam olaraq ödədiyi, heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası tərəflər arasında mövcud səsyazıya qiymət verərkən diqqətə çatdırır ki, cavabdeh iddiaçıya zəng edərək ondan borca pul istəyir. Həmin səsyazıda iddiaçı tərəfindən cavabdehə konkret olaraq tələb edilən məbləğdə borcun olmasını deməsi və cavabdehin isə həmin pul vəsaitini qaytarmalı olmasını etiraf etməsi öz əksini tapmamışdır. Bu zaman cavabdehin “33000 dollar” ifadəsinə qarşılıq olaraq onu qaytardığını deməməsi, habelə sonradan hüquq-mühafizə orqanlarına cavabdehdən şikayətlər etməsi hal-hazırda qüvvədə olan prosessual qərarın preyudisiallığına rəğmən iddianın təmin edilməsi üçün əsas ola bilməz. Beləcə, dövlət adından qəbul edilən qətnamə ehtimallar əsasında çıxarılmamalıdır. Habelə cavabdehin səsyazıda iddiaçıdan yenidən borc istəməsi və iddiaçının da buna hiss olunan qarşılıqlı reaksiyası da iddianın əsaslılığına inamı sarsıdır. Həmçinin kollegiya iddiaçının onun müstəntiq tərəfindən aldadılması və təzyiq edilərək cavabdehin həbs olunmaması üçün cavabdehin 33850 ABŞ dolları məbləğində borcunu tam olaraq qaytarmasına dair ona ərizə yazdırması barədə dəlili də hər hansı sübutla təsdiq edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. Nəhayət, kollegiya tərəflər arasında münasibətlərin hüquqi təbiətinə qiymət verərək hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən və cavabdeh tərəfindən ona mübahisəli pul vəsaitinin qaytarılmasının təsdiqinə dair ərizəsi həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi dəyərləndirilməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Ancaq hazırkı iş üzrə bunun üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 132 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(050)-775/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı 33850 ABŞ dolları məbləğində pul vəsaiti tələbinə dair iddia rədd edilsin. İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar