Məhkəmə qərarları › İş №2(106)-118/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-118/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-118/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh MəmməCavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcunun ödənilməsi tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, cavabdeh MəmməCavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh MəmməCavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(072)-026/2022 saylı qətnaməsindən (hakim T.Nüsrətov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MəmməCavabdeh 2475.11 (iki min dörd yüz yetmiş beş, on bir) AZN məbləğində əsas kredit borcunun, 2614.71 (iki min altı yüz on dörd, yetmiş bir) AZN məbləğində faiz borcunun, 2068.35 (iki min almış səkkiz, otuz beş) AZN məbləğində cərimə borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 359.04 (üç yüz əlli doqquz, sıfır dörd) AZN məbləğində faiz borcunun, ümumilikdə 7517.21 (yeddi min beş yüz on yeddi, iyirmi bir) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Xətai” filialı ilə cavabdeh MəmməCavabdeh arasında bağlanmış 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdeh MəmməCavabdeh illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2700 (iki min yeddi yüz) AZN məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh MəmməCavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Bundan başqa, kredit müqaviləsinə 01 saylı, 30 oktyabr 2017-ci il tarixli əlavə saziş bağlanmış, kredit müqaviləsinin bəndlərində dəyişiklik və əlavələr aparılmışdır. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh MəmməCavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdeh MəmməCavabdeh 13 iyul 2021-ci il tarixə banka 2475.11 (iki min dörd yüz yetmiş beş, on bir) AZN məbləğində əsas kredit borcu, 2614.71 (iki min altı yüz on dörd, yetmiş bir) AZN məbləğində faiz borcu, 2068.35 (iki min almış səkkiz, otuz beş) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 359.04 (üç yüz əlli doqquz, sıfır dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 7517.21 (yeddi min beş yüz on yeddi, iyirmi bir) AZN məbləğində kredit borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, eləcə də, iddia tələbinə dair məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qətnamə və xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh MəmməCavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC-nin “Xətai” filialı ilə bağlanmış 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə ona illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2700 (iki min yeddi yüz) AZN məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən o, banka olan kredit borcunu tam şəkildə ödəmişdir. Lakin sonradan onun xəbəri olmadan İddiaçı ASC-nin “Xətai” filialı ilə bağlanmış 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsinə 01 saylı, 30 oktyabr 2017-ci il tarixli əlavə saziş bağlanmış, kredit müqaviləsinin bəndlərində dəyişiklik və əlavələr aparılmışdır. Guya 30 oktyabr 2017-ci il tarixli əlavə sazişə əsasən onun banka olan əsas kredit borcuna illik 27 (iyirmi yeddi) % dərəcəsi və gecikdirilən borc məbləğinə cərimə kimi illik 36 (otuz altı) % dərəcəsi tətbiq edilmişdir. Halbuki, onun 01 saylı, 30 oktyabr 2017-ci il tarixli əlavə sazişdən heç bir xəbəri olmamış və əlavə saziş onun tərəfindən imzalanmamışdır. Bütün bunları nəzərə alaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(072)-026/2022 saylı qətnaməsi ilə iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh MəmməCavabdeh İddiaçı ASC-nin “Xətai” filialı ilə 22 avqust 2017-ci il tarixli kredit müqaviləsi bağladığını etiraf etmişdir. Bundan başqa, 22 avqust 2017-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədə; kredit kartın verilməsi və istifadə üzrə müqaviləyə əlavə № 2-də; plastik kartlar üzrə limitlər əlavə № 3-də MəmməCavabdeh adından olan imzaların MəmməCavabdeh tərəfindən icra olunması 4/1759 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilmişdir. Məhkəmə qətnamədə cavabdeh MəmməCavabdeh kredit borcu öhdəliyinin “etibarlı əqdə”, yəni qanunvericilikdə nəzərdə tutulmuş kredit müqaviləsinə əsasən yaranmadığını və bunun üçün borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklər daşımadığını qeyd etsə də, məhz iddia tələbi ilə tələb edilən borc məbləğinin, yəni 22 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə 13 iyul 2021-ci il tarixə yaranmış borc məbləğinin etibarlı əqdə əsasən tələb edildiyinə hüquqi qiymət verməmişdir. Kredit verilən pul məbləğinə apellyatorun mülkiyyət hüququ olduğundan, cavabdehin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır ki, bu da iddiaçının konstitusional hüququnun digər şəxslər tərəfindən aşkarcasına gözlənilməməsini göstərərək cəmiyyətdə olduqca neqativ bir “praktika” yaratmış olur. Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasinda yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadiğini təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olmasi, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadiğini göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarli olub-olmamasi müəyyən edilməlidir. Bildirmişlər ki, iddiaçı tərəfindən tələb olunan iddia tələbinin əsaslandığı əqdin etibarlı olması cavabdehin etirafı ilə yanaşı 4/1759 nömrəli, 27 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilmişdir. Etibarlı əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi. Birinci instansiya məhkəməsi işdə olan bütün sübutlara qiymət vermədən qətnamə çıxardığına görə, apellyatorun apellyasiya şikayətinin bu bəndində istinad edilən normalardakı təsbit edilmiş hüquqları hələ də pozulmuş olaraq qalmaqdadır. Birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçınınn təqdim etdiyi sübutlara qiymət verərkən yalnız xx.xx.2017-ci il tarixli Əlavə Sazişin cavabdeh tərəfindən imzalanmamasını göstərərək, iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında da deyilir ki, iddianın əsası bir faktdan deyil, faktlar məcmusundan ibarətdir. Belə olan halda məhkəmə elə həmin qətnamədə də tədqiq edilmiş 22 avqust 2017-ci il tarixli kredit müqaviləsinin cavabdeh tərəfindən imzalandığını və bu imzaların da özlüyündə cavabdehin kredit pul məbləğinin almasını göstərdiyini də nəzərə almalı idi. Cavabdeh Məmmədov X4 Sazişdəki imzani mübahisələndirsə də, o, bankla kredit müqaviləsi bağladığını, bağlanmış müqavilə üzrə kredit məbləğinin ona verilməsini, müqavilənin şərtlərini, həmin şərtlərdən irəli gələn borc öhdəliyi üzrə yaranmış kredit borcunu tam şəkildə ödədiyini qeyd edərək bankla aralarında kredit münasibətlərinin olduğunu etiraf etmişdir. Yaranmış borcun tam şəkildə ödənilib-ödənilməməsi məhkəmə tərəfindən araşdırılmalı idi. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən də aydın görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə bildirmişdir ki “Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alir" (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-ci il 16 noyabr tarixli Qərarları) Birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən təqdim edilən sübutlar içərisindən yalnız 1 sübutun iddianın əsası kimi qəbul edilərək qətnamə Çıxarması, qətnamə qəbul edərkən kredit müqaviləsinin cavabdeh tərəfindən şəxsən imzalanmasını, kredit müqaviləsi üzrə cavabdehin ödənişlərini göstərən hesabdan Çıxarışın olmasını nəzərə almamasını özlüyündə barəsində şikayət verilən qətnamənin özünü şübhə altına alır. "Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.” (KMP-nin istinad edilən qərarindan cixaris) Birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını nəzərə almamış, bununla da iddiaçının mənafeyini pozan qətnamə qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikasinin adindan çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Birinci instansiya məhkəməsi məhkəmə icraatı zamanı sübutlara seçmə üsulla qiymət verərək, həm maddi və prossesual qanunvericiliyin müddəalarını gözləməmiş, həm də iddiaçının hüququnu pozmuşdur ki, bu da özlüyündə 2(072)-026/2022 saylı qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh MəmməCavabdeh göstərmişdir ki, həqiqətən də İddiaçı ASC tərəfindən ona kredit xətti açılmış və bank tərəfindən ona təxminən 2700 manat deyil, 2500 manata yaxın kredit verilmişdir. Lakin sonradan bankın bağlandığını eşitmiş və buna görə də banka gedərək bütün kredit borcunu birdəfəyə ödəmişdir. Lakin bütün borclarını ödəyən zaman bankdan hər hansı qəbz almamışdır. Bilıdirmişdir ki, hazırda banka hər hansı borcu yoxdur, buna görə də apellyasiya şikayətini əsassız hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın tam təmin olunmasını istəməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(072)-026/2022 saylı qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çalışmışdır. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehlərdən alınması barədədir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, İddiaçı ASCnin “Xətai” filialı ilə cavabdeh MəmməCavabdeh arasında bağlanmış 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdeh MəmməCavabdeh illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2700 (iki min yeddi yüz) AZN məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh MəmməCavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh MəmməCavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdeh MəmməCavabdeh 13 iyul 2021ci il tarixə banka 2475.11 (iki min dörd yüz yetmiş beş, on bir) AZN məbləğində əsas kredit borcu, 2614.71 (iki min altı yüz on dörd, yetmiş bir) AZN məbləğində faiz borcu, 2068.35 (iki min almış səkkiz, otuz beş) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 359.04 (üç yüz əlli doqquz, sıfır dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 7517.21 (yeddi min beş yüz on yeddi, iyirmi bir) AZN məbləğində kredit borcu mövcuddur. Cavabdeh özü də həm birinci instansiya məhkəməsi zamanı, həm də apellyasiya icraatı zamanı iddiaçı bankdan 2700 manat pul almasını etiraf etmiş, lakin həmin məbləği faizləri ilə birlikdə banka qaytardığını bildirmişdir. Lakin cavabdeh qeyd edilən kredit borcunun banka geri qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan İddiaçı ASC-nin “Xətai” filialı ilə cavabdeh MəmməCavabdeh arasında bağlanmış 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən MəmməCavabdeh şəxsi istehlak məqsədilə illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2700 (iki min yeddi yüz) AZN məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş 01 saylı, 30 oktyabr 2017-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin bəndlərində dəyişiklik və əlavələr aparılmışdır. İş materiallarında olan **********138 saylı, 17 iyul 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, MəmməCavabdeh kredit müqaviləsinə əsasən 13 iyul 2021-ci il tarixə banka 2475.11 (iki min dörd yüz yetmiş beş, on bir) AZN məbləğində əsas kredit borcu, 2614.71 (iki min altı yüz on dörd, yetmiş bir) AZN məbləğində faiz borcu, 2068.35 (iki min almış səkkiz, otuz beş) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 359.04 (üç yüz əlli doqquz, sıfır dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 7517.21 (yeddi min beş yüz on yeddi, iyirmi bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan **********885 saylı, 14 iyul 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Məmmədov X5 prosesində olan İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-xətşünaslıq ekspertizası”nın keçirilməsinə dair 4/1759 №-li, 27 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1. Ləğv prosesində olan İddiaçı ASC-nin “Xətai” filialı ilə MəmməCavabdeh arasında bağlanmış 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit kartın verilməsi və istifadə üzrə müqavilədə; kredit kartın verilməsi və istifadə üzrə müqaviləyə əlavə № 2-də; plastik kartlar üzrə limitlər əlavə № 3-də MəmməCavabdeh adından olan imzalar- MəmməCavabdeh tərəfindən icra olunmuşdur. 2. Eksperizaya təqdim olunmuş 30 oktyabr 2017-ci il tarixli əlavə sazişdə “Müştəri” qrafasındakı imza-MəmməCavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən oxşadılmaqla icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri (xərc): 127 (yüz iyirmi yeddi) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8695 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 021T08170065 saylı, 22 avqust 2017-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 İddiaçı ASC-yə olan borcu açağıdakı kimi müəyyən edilir, o cümlədən: 22 avqust 2018-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə 2528.21 manat, faiz borcu üzrə 80.74 manat; 13 iyul 2021-ci il tarixə (sual üzrə tarixə): əsas borc üzrə 2528.21 manat, faiz borcu üzrə 80.74 manat, faizborcu üzrə (5%-lə) 2202.42 manat. Həmçinin qeyd edilir ki, iş materiallarında bank tərəfindən 22 avqust 2017-ci il tarixli 021T08170065 sayli kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azerbaycan Respublikasi Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Göründüyü kimi iddia tələbinin hüquqi əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil etmişdir. Tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını kredit müqaviləsi təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, cavabdehin ləğv prosesində olan İddiaçıASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Maliyyə arayışına əsasən cavabdehin banka 2475.11 AZN əsas, 2614.71 AZN faiz, 2068.35 AZN cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 359.04 AZN məbləğində faiz borcu mövcuddur və iddia predmetini də qeyd edilən məbləğ təşkil edir. Lakin apellyasiya instansiyası mərhələsində keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin iddiaçıya əsas borc üzrə 2528.21 manat, faiz borcu üzrə 80.74 manat, faiz borcu üzrə (5%-lə) 2202.42 manat borcunun olması göstərilir. Məhkəmə xətşünaslıq və mühasibatlıq ekspertizasının dəyəri olan 227 manatın 133 manatı LPO İddiaçı ASC-dən, 94 manatı isə cavabdeh MəmməCavabdeh tutlaraq dövlət nəfinə ödənilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, 2068.35 manat cərimə tənasübsüz olaraq yüksək hesablanmışdır, buna görə də hesablanmış cərimə məbləği azaldılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(072)-026/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh MəmməCavabdeh 2475.11 AZN məbləğində əsas kredit borcu, 80.74 AZN məbləğində faiz borcu, 200 AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış (5%) olmaqla, 359.04 AZN məbləğində faiz borcu və ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(072)-026/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MəmməCavabdeh 2475.11 AZN məbləğində əsas kredit borcu, 80.74 AZN məbləğində faiz borcu, 200 AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış (5%) olmaqla, 359.04 AZN məbləğində faiz borcu və ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Məhkəmə xətşünaslıq və mühasibatlıq ekspertizasının dəyəri olan 227 manatın 133 manatı LPO İddiaçı ASC-dən, 94 manatı isə cavabdeh MəmməCavabdeh tutlaraq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar