Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1188/2025 05.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)- 712/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9520,76 manat əsas borc, 696,34 manat faiz borcun və 121,25 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2024-cü il tarixli, 106804- 657183/1 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 16,5% olmaqla 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmiş və nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22 aprel 2025-ci il tarixə iddiaçıya 9520,76 manat əsas borcu, 696,34 manat faiz borcu yaranmışdır. Ona görə də, Cavabdeh 9520,76 manat əsas borcun, 696,34 manat faiz borcun, ödənilmiş 121,25 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 15 may 2024-cü il tarixli, 106804-657183/1 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə, illik 16,5% olmaqla 11000 manat məbləğində kredit verilmiş, lakin kredit götürdükdən sonra işdən çıxdığı üçün kredit ödənişlərini ödəniş cədvəlinə uyğun qaydada ödəyə bilməmişdir. İddiaçı tərəfindən ona borcun ödənilməsi barədə xəbərdarlıq edildikdə o, iddiaçıya hər ay ödəməli olduğu ödənişinin aşağı salınmasını xahiş etsə də, onun xahişi nəzərə alınmamışdır. Odur ki, işsizlik və maddi imkansızlıq səbəbindən ödənişlərini tam yerinə yetirə bilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-712/2025 nömrəli qətnaməsi ilə (Hakim: İxtiyar Abuşov) iddianın qismən təmin edilməsi, Cavabdeh 9520,76 manat əsas borc, 480 manat faiz borcu, cəmi 10000 (on min) manat 76 (yetmiş altı) qəpik vəsaitin alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(055)-712/2025 saylı qətnaməsi ilə hüquqları pozulmuşdur. Saatlı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(055)-712/2025 saylı qətnaməsində nəticənin, işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə ləğv edilməlidir və şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Aşağıda qeyd olunanlarla, sözügedən məhkəmə qətnaməsinin qanunsuz və əsassız olması aydın şəkildə görünür. İddiaçı ASC ilə, aralarında bağlanmış 15 may 2024-cü il tarixli, 106804-657183/1 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə, illik 16,5% olmaqla 11000 manat məbləğində kredit verilmişdir. Əvvəllər işləyirmiş və maddi imkanı yaxşı olduğu üçün götürdüyü krediti və faizini, ödəniş cədvəlinə uyğun qaydada vaxtlı-vaxtında qaytarırmış. Lakin işində problemlər yaranmış, kredit borcunu vaxtında ödəyə bilməmiş və nəticədə kredit müqaviləsi üzrə 22 aprel 2025-ci il tarixə iddiaçıya 9520,76 manat əsas borcu və bundan əlavə 696,34 manat faiz borcu yaranmışdır. İddiaçı təşkilat İddiaçı ASC tərəfindən ona kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edildikdə o, iddiaçı təşkilatın nümayəndələrinə hər ay ödəməli olduğu kreditin məbləğini aşağı salınmasını xahiş etmişdir. Lakin iddiaçı təşkilatın nümayəndələri, müraciətlərini nəzərə almamışlar. Qeyd edir ki, məhkəmə qətnaməsində İddiaçı ASC-yə ödədiyi kredit borcu barədə məlumat göstərilməyib. Hesab edir ki, müqavilənin müddəti bitmədiyi üçün onu məhkəməyə əsassız veriblər. Ümid edir ki, məhkəmə kollegiyası apellyasiya şikayətini tam və hərtərəfli araşdırıb, ədalətli qərar qəbul edəcək. Saatlı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(055)-712/2025 saylı qətnaməsində İddiaçı ASC-nin ona qarşı pul tələbində, tərəfindən ödənilmiş kredit borcu aydınlaşdırılmamışdır. Bundan əlavə olaraq müqavilə müddəti bitmədən iddiaçı tərəfin nümayəndələri müqavilə şərtlərini birtərəfli qaydada pozaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallar yoxlanılmamışdır. Yuxarıda qeyd etdiyi hallar mühüm əhəmiyyət kəsb edir. Saatlı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(055)-712/2025 saylı qətnaməsində iş üçün əhəmiyyəti olan hansı hallar sübut edilməmişdir. İddiaçı məhkəmədə heç bir sübut təqdim edə bilməmişdir. Saatlı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(055)-712/2025 saylı qətnaməsini ləğv edərək, İddiaçı ASC-nin ona qarşı, 9520,76 manat əsas borcun, 696,34 manat faiz borcunun və 121,25 manat ödənilmiş dövlət rüsumunun ondan alınıb, İddiaçı ASC-yə verilməsi barədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-712/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-712/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İşdə olan 15 may 2024-cü il tarixli, 106804-657183/1 saylı istehlak krediti müqaviləsindən və istehlak kreditinin alınması üçün ərizədən görünür ki, bu müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16,5% dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. İşdə olan 04 mart 2025-ci il tarixli xəbərdarlıqdan və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh yaşadığı ünvana bildiriş göndərərək 15 may 2024-cü il tarixli, 106804-657183/1 saylı istehlak krediti müqaviləsi üzrə 9520,76 manat əsas borcun, 480 manat faiz borcun, cəmi 10000,76 manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasını tələb edilmişdir. Tələb edilən məbləğ 11 mart 2025-ci il tarixədək ödənilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan 22 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9520,76 manat əsas borcu, 696,34 manat faiz borcu cəmi 10271,1 manat borcu vardır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, işində problemlər yaranmış, kredit borcunu vaxtında ödəyə bilməmiş və nəticədə kredit müqaviləsi üzrə 22 aprel 2025-ci il tarixə iddiaçıya 9520,76 manat əsas borcu və bundan əlavə 696,34 manat faiz borcu yaranmışdır. İddiaçı təşkilat İddiaçı ASC tərəfindən ona kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edildikdə o, iddiaçı təşkilatın nümayəndələrinə hər ay ödəməli olduğu kreditin məbləğinin aşağı salınmasını xahiş etmiş, lakin müsbət nəticə olmamışdır. Bundan başqa, iddiaçı müqavilə müddəti bitmədən müqavilə şərtlərini birtərəfli qaydada pozaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, müqavilənin müddəti bitmədiyi üçün o, əsassız olaraq məhkəməyə verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış 15 may 2024-cü il tarixli, 106804-657183/1 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 16,5% olmaqla 11000 manat məbləğində kredit verilmiş, cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Bu zaman müqavilənin müddətinin bitib-bitməməsinin əhəmiyyəti yoxdur. İddiaçı isə haqlı olaraq hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabeh həmçinin şikayətində göstərir ki, İddiaçı ASC tərəfindən ona kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edildikdə o, iddiaçı təşkilatın nümayəndələrinə hər ay ödəməli olduğu kreditin məbləğini aşağı salınmasını xahiş etmişdir. Lakin iddiaçı təşkilatın nümayəndələri onun müraciətlərini nəzərə almamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində cavabdehin göstərdiyi hallarla əlaqədar hər hansı güzəşt nəzərdə tutulmamışdır. Belə güzəştlərin edilməsi isə iddiaçının vəzifəsi yox, hüququdur. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-712/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-712/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1188/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1188/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver