Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1193/2024 12.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X7 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı qarşı 4000 manat pul tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 16 sentyabr 2022-ci ildə Masallı Regional “ASAN xidmət” Mərkəzinin notariat ofisində "Kredit Müqaviləsi" bağlanmışdır. Sözügedən kredit müqaviləsinə əsasən, Cavabdeh, ondan 4000 (dörd min] manat borc pul almışdır. Cavabdeh ondan aldığı borc pulu 16 sentyabr 2023-cü ilə qədər qaytarmalı idi. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh ondan aldığı 4000 manat borc pulu qaytarmır. Ona görə də məcburiyyət qarşısında qalaraq, bu barədə məhkəməyə müraciət edir. İddiaçı iddia ərizində qeyd olunanlardan əlavə izahatında bildrimişdir ki, Cavabdeh pul verməsinin səbəbi iş qurması olmuşdur. Ramal başqa şirkətdə sürücü işləyən vaxt onunla tanış olmuşdur. Razılaşmalarına görə Ramal “Gəncə Şərab” zavodun spirtli içkilərini Masallı və yaxın rayonlara paylamalı, buna görə Ramala əmək haqqı, özünə isə satış stajoru kimi faiz ödənilməli idi. Bir neçə ay bu formada işləmişlər, sonradan Ramal yığılan malların pulunu yığa bilməmiş, ona görə də ondan “Masallı Asan Xidmət” mərkəzində kedit müqaviləsi ilə 4000 manat borc pul almışdır. Pulu aldıqdan sonra həmin gün depozitdən Ramal pulu götürmüş və Saatlı rayonundan olmaqla onlara mal verən X4 olan borcuna görə Cəmaləddin Əliyevə ödəmişdir. Ona görə də borc verdiyi pulu tələb edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, izhatında bildirdi ki, o, faktiki olaraq Telman İbrahimovdan 4000 manat borc almamışdır. Telmanla aralarındakı razılığa əsasən “Gəncə Şərab” zavodunun spirtli içkilərini dükanlara paylamalı idi. Əvəzində ona əmək haqqı və çəkilən xərcin əvəzi, Telmana isə satılan mallara görə müəyyən dərəcədə faiz verilməli idi. Bir müddət birgə işlədikdən sonra mal dövriyyəsinin artması ilə əlaqədar Telman İbrahimov ona, təminat olaraq formal olaraq kredit müqaviləsi bağlamağı təklif etmişdir. Məqsəd təxmini dəyəri 20000 manat olan alınmış mallara görə özünü sığortalamaq idi. Bu səbəblə 16 sentyabr 2022-ci il tarixdə “Masallı ASAN Xidmət” mərkəzində formal olaraq borc müqaviləsi bağlanmışdır. O, bank depozitindən həmin gün pulu götürmüş və yenidən İddiaçı qaytarmışdır. Telman İbrahimov düz izahat vermir, onun Cəmaləddin Əliyevə borcu olmamış və ona 4000 manat pul ödəməmişdir. Mallara görə yığdığı pulları Telman və Cəmaləddinin, Hüseyn adlı şəxsin kart hesablarına göndərmişdir. Məhkəməyə bu barədə müvafiq çeklər də təqdim etmişdir. İddianın rədd olunmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə “Masallı Asan Xidmət” X6 Cavabdeh 4000 manat pul vermiş, lakin Ramal həmin pulu 16 sentyabr 2022-ci il tarixdə bank depozitindən götürərək ona verməmişdir. Vermiş olsa da bu onun yadında qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi (Hakim: Habil Bəhmənov) ilə, iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı 4000 manat pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 60 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Həm iddiaçı həm də cavabdeh məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ona görə də onların iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən müqavilənin mötəbərliyinin əsaslandırala bilməməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmiş, bununla da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı, borc alan Cavabdeh 4000 manat məbləğində borc vermişdir. İş materiallarında olan çeklərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı, X1 hesablarına ödənişlər edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı Cavabdeh qarşı 4000 manat pul tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 16 sentyabr 2022-ci ildə Masallı Regional “ASAN xidmət” Mərkəzinin notariat ofisində "Kredit Müqaviləsi" bağlanmışdır. Sözügedən kredit müqaviləsinə əsasən, Cavabdeh, ondan 4000 (dörd min] manat borc pul almışdır. Cavabdeh ondan aldığı borc pulu 16 sentyabr 2023-cü ilə qədər qaytarmalı idi. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh ondan aldığı 4000 manat borc pulu qaytarmır. Ona görə də məcburiyyət qarşısında qalaraq, bu barədə məhkəməyə müraciət edir. İddiaçı həmçinin izahatında, Ramalın yığılan malların pulunu yığa bilmədiyinə görə ondan “Masallı Asan Xidmət” mərkəzində kredit müqaviləsi ilə 4000 manat borc pul aldığını, pulu aldıqdan sonra həmin gün depozitdən Ramalın pulu götürdüyünü və Saatlı rayonundan olmaqla onlara mal verən X4 olan borcuna görə Cəmaləddin Əliyevə ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı, borc alan Cavabdeh 4000 manat məbləğində borc vermişdir. Lakin cavabdeh öz izahatında təxmini dəyəri 20000 manat olan alınmış mallara görə iddiaçının özünü sığortalamaq məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə “Masallı ASAN Xidmət” mərkəzində formal olaraq borc müqaviləsi bağlandığını, bank depozitindən həmin gün pulu götürüb yenidən İddiaçı qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarını təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı əvvəlcə izahatında 4000 manat borc verməsini, pulu almadığını bildirmiş, cavabdeh pulu müqavilə bağlanan gün geri qaytardığını bildirdikdən sonra, iddiaçı pulun depozitdən götürülərək, ona deyil, Cəmaləddin Əliyevə olan borcuna görə sonuncuya ödənilməsini bildirmişdir. Lakin şahid qismində dindirilmiş Cəmaləddin Əliyev həmin halı təsdiq etməmiş, İddiaçı həmin məzmunda izahatı ilə bağlı sual-cavab zamanı, sonradan pulun ona verilməsinin yadında qalmadığını bildirmişdir. Bu da bu qənaət üçün əsas verir ki, 4000 manat pul dərhal iddiaçının özünə qaytarılmışdır. Məhkəmə cavabdehin izahatında uyğun olaraq 16 sentyabr 2022-ci il tarixdə “Masallı ASAN Xidmət” mərkəzində bağlanmış müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığı qənaətinə gələrək, həmin müqaviləni əhəmiyyətsiz əqd kimi qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında 16 sentyabr 2022-ci il tarixdə “Masallı ASAN Xidmət” mərkəzində borc müqaviləsinin imzalanmasını hər iki tərəfdə qəbul edir. Lakin cavabdeh həmin müqavilənin məhz 20000 manat dəyərində olan mallara görə özünü sığortalamaq məqsədi ilə imzalandığını, həmin gün pulun çəkilərək iddiaçıya geri verildiyini bildirmişdir. İddiaçı isə həmin pulun cavabdeh tərəfindən X4 verildiyini bildirmişdir. Əvvəla cavabdeh pulun elə həmin gün notariusun depozit hesabından çəkilərək iddiaçıya geri qaytarılması, habelə iddiaçının özünü sığortalamaq məqsədi ilə belə bir müqavilə bağlaması barədə fikirlərini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir, ama belə bir müqavilənin imzalandığı və 4000 manat pulu notariusun depozit hesabına köçürüldüyünü etiraf edir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin etirafı onun izahatında ifadə olunur kibu da MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Lakin cavabdeh müqavilə müqabilində verilən 4000 manat pulun iddiaçıya geri qaytarılmasını sübut edə bilmir. Bundan başqa şahid qismində dindirilmiş Cəmaləddin Əliyev pulun cavabdeh tərəfindən ona verilib-verilməməsini xatırlamadığını bildirmişdir. Düzdür iddiaçı həmin pulun cavabdeh tərəfindən Cəmaləddin Əliyevə veridliyini bildirir, lakin Cəmaləddin Əliyev bu halı nə təsdiq edir nə də inkar edir, bu barədə xatırlamadığını bildirir. Bu isə iddiaçının iddia tələbinə münasibətdə istinad etdiyi halları şübhə altına alan meyar kimi qəbul edil bilməz. Çünki cavabdeh artıq belə bir müqavilənin bağlandığını və notariusun depozit hesabına 4000 manat pul köçürüldüyünü və həmin pulun depazit hesabından qəbul edildiyini etiraf edirsə, bu onu göstərər ki, artıq sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin pulu iddiaçıya qaytarılmasını sübut etməyə borcludur. Lakin cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində nə də apelyasiya instansiyası məhkəməsində belə bir sübut təqdim edilməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, yekun olaraq qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-342/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1193/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1193/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver