Məhkəmə qərarları › İş №2(106)-1194/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1194/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1194/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MM Qeyri-Bank Kredit Təşkilatının (QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11116.49 manat məbləğində əsas borcun və 123.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 11116.49 manat və ödənilmiş dövlət rüsumuna görə 123.35 manat, cəmi 11239 manat 84 qəpik məbləğdə pulun tutularaq "xxxx" MM QBKT X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Rəsulov X4 Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)- 2848/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin zaminlik müqaviləsi üzrə ondan borcun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 20000 (iyirmi min) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1072 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli **********5508 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 16621 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği 11116.49 manat məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsi üzrə zamin olmuş, yalnız qətnaməni əldə etdikdən sonra ona məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********5508 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 16621 manat hesablanmış, həmin məbləğin 18 ay müddətində ödənilməsi və 7 faiz dərəcəsi ilə faizlərin hesablanacağı, kredit alan tərəfindən ödənişlərin sazişə əlavə edilən ödəniş cədvəli əsasında həyata keçirilməsi barədə razılığa gəlmişlər. Həmin kredit müqaviləsinə dəyişiklik edilməsi barədə sazişin imzalanmasından məlumatı olmamış, yalnız qətnaməni oxuduqdan sonra belə bir sazişin olmasından xəbərdar olmuşdur. "xxxx" MM QBKT ilə digər Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsinə əsasən şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 20000 manat məbləğdə kredit verilmişdir. Göstərilən normaların mətnindən də aydın olduğu kimi bu kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. Belə ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bu kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitmiş və bu tarixdən etibarən 3 illik iddia müddətinin axımı xx.xx.2020-ci il tarixində bitmişdir. Lakin zamin olduğu kredit müqaviləsi xx.xx.2016-ci il tarixli **********5508 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 16621 manat hesablanmış, həmin məbləğin 18 ay müddətində ödənilməsi və 7faiz dərəcəsi ilə faizlərin hesablanması razılaşdırılmışdır. Bu dəyişikliklə bərabər icra müddəti xx.xx.2017-ci ildə, iddia müddətinin axımı isə müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddətinin tətbiq olunması ilə xx.xx.2020-ci ildə bitmişdir. “FİNCA Azerbaijan" MM QBKT ilə digər Cavabdeh1 arasındakı **********5657 saylı kredit müqaviləsinin icra müddəti xx.xx.2017-ci ildə başa çatmış, həmin vaxtdan keçən müddət ərzində iddiaçı tərəfindən borcun ödənilməsi tələbinə dair ona qarşı iddia tələbi irəli sürülməmişdir. Qeyd olunanlara əsasən zaminliyə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsi Cavabdeh2 əsas borca görə 11116.49 manat və ödənilmiş dövlət rüsumuna görə 123.35 manat, cəmi 11239 manat 84 qəpik tutularaq "xxxx" QBKT X1 xeyrinə ödənilməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş 13 mart 2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT Cavabdeh1 25 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat məbləğdə kredit verməyi, kredit alan isə krediti və faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 may 2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişdən görünür ki, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 16621 manat hesablanmış, həmin məbləğin 18 ay müddətində ödənilməsi və 7 faiz dərəcəsi ilə faizlərin hesablanacağı, kredit alan tərəfindən ödənişlərin sazişə əlavə edilən ödəniş cədvəli əsasında həyata keşirilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" MM QBKT-yə **********5657 saylı 13 mart 2015-ci il tarixli nağd pul krediti müqaviləsi üzrə 02 sentyabr 2022-ci il tarixə 11116.49 manat əsas borcu borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə - zamindən borcun tutulması hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarında olan 13 mart 2015-ci il tarixli **********5657 saylı kredit müqaviləsinə əsasən "xxxx" MM QBKT Cavabdeh1 25 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat məbləğdə kredit verməyi, kredit alan isə krediti və faizləri banka ödəməyi öhdəsinə götürmüşdür (səh. 8). Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən həmin kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliyi tam yerinə yetirənədək ona zamin durmuşdur (səh. 13). Qeyd edilən kredit müqaviləsinin icra müddəti 13 mart 2017-ci il tarixdə bitməsinə rəğmən iddiaçı "xxxx" MM QBKT Cavabdeh2 qarşı 09 sentyabr 2022-ci il tarixdə iddia qaldırmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının zamin Cavabdeh2 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar olaraq həmin kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulması hissədə hazırkı qətnamə ləğv edilməlidir. Həmin zaminlik müqaviləsindən görünür ki, orada müddət müəyyən edilməmişdir. Ancaq əsas öhdəliyin icra müddəti 13 mart 2017-ci il tarixdə bitdiyi üçün zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, MM-in 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Habelə MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh2 əsas borca görə 11116.49 manat və ödənilmiş dövlət rüsumuna görə 123.35 manat, cəmi 11239 manat 84 qəpik məbləğdə pul vəsaitinin tutularaq "xxxx" MM QBKT X1 xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh2 əsas borca görə 11116.49 manat və ödənilmiş dövlət rüsumuna görə 123.35 manat, cəmi 11239 manat 84 qəpik məbləğdə pul vəsaitinin tutularaq "xxxx" MM Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar