Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1197/2024 01.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2006/2024 saylı, 23 may 2024-cü il tarixli qərardadından iddiaçı “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə Cavabdeh qarşı məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0501-122592-01 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2000 manat əsas borcun, xx.xx.2020-ci il tarixədək hesablanmış 313,6 manat faiz borcunun və 43,14 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “M X3 Kredit Təşkilatı” MMC tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində iddiaçı ilə Cavabdeh arasında 0501-122592-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 49,9% faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2.1ci bəndinə əsasən, borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bugünədək kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borc alanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2020-ci il tarixinə əsas borcu 2000 manat, faiz borcu 313,6 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 2313,6 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bugünədək heç bir addım atılmamışdır. Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nicat Ağabəyov) iddiaçı “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmişdir. Halbuki, MPM-in 149-cu maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperativ şəkildə müəyyən olunmuşdur. Həmin qərardaddan narazı qalan iddiaçı “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, “iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının MPM-nin müvafiq maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmiş, bu səbəbdən iddiaçının hazırkı tələbin əsasları kimi konkret olaraq hansı sübutlara istinad etdiyi müəyyən edilmir”. Bundan əlavə məhkəmə qeyd edir ki, “iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir”. Lakin məhkəmə işə baxarkən formal xarakterli mülahizələrə əsaslanaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Belə ki, "xxxx" MMC-nin hazırkı tələbi kredit müqaviləsi üzrə borc məbləğinin borcalandan tutulması ilə bağlıdır. Bu növ iddia tələbləri üzrə isə iddiaçının tələblərinin əsasını təşkil edən sübutlara, bir qayda olaraq kredit, borc arayışı (maliyyə arayışı) və s. sənədlər aid edilir. Həmin sənədlər də "xxxx" MMC tərəfindən öz növbəsində hazırkı iddia ərizəsinə müvafiq qaydada əlavə edilmişdir. İddiaçı hesab edir ki, həmin sənədlərin məhkəmənin qərardadda qeyd etdiyi kimi “tələblərin əsasını təşkil edən halları təsdiq edən sübutların siyahısı” adlı başlıq altında deyil, “Əlavə olunan sənədlərin siyahısı” adlı başlıq altında qeyd edilməsi kimi formal məsələ iddia ərizəsinin geri qaytarılması üçün əsas təşkil edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadı ilə iddiaçı “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun birgə qaydada cavabdehdən tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin geri qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 149.2-149.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadından göründüyü kimi, məhkəmə iddia ərizəsini istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısının iddia ərizəsinin özündə göstərilməməsi halına istinad edərək geri qaytarmışdır. İddiaçı “M X3 Kredit Təşkilatı” MMC istinad etdiyi sübutların bir neçəsinə iddia ərizəsinin məzmununda istinad etmiş, 07 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə kredit verildiyini, həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən onun üzərinə bir sıra öhdəliklər götürdüyünü, 06 may 2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərildiyini və müvafiq arayışa əsasən tələb olunan miqdarda borcunun yarandığını bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində bütün sübutların siyahısı sadalanmasa da, fakt və hallara istinad edilmiş, həmin halları təsdiq edən sübutlar göstərilərək iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa, iddiaçı istinad etdiyi sübutları iddia ərizəsinə əlavə edərək, iddia ərizəsinin “qoşma” hissəsində onları göstərmişdir. Odur ki, MPM-in 149.2.3-cü maddəsində qeyd edilmiş iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməsinə dair tələb hərfi mənada anlaşılmamalı, həmin sübutlara ayrılıqda istinad edilərək göstərilməsi də iddia ərizəsinin forma və məzmun ilə bağlı tələblərinə uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi “M X3 Kredit Təşkilatı” MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla, prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı öz şikayətində Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadının ləğv edilməsi ilə yanaşı, həm də iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğuna görə hazırda apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini icraata qəbul edə bilməz və iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də iddiaçının şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 385.1, 397, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(049)-2006/2024 saylı qərardadı ləğv edilsin. “M X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1197/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1197/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver