Məhkəmə qərarları › İş №2(106)-1198/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1198/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1198/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borc tələbinə dair Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətlərə baxaraq MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(047)-58/2019 saylı qərardadı ilə (hakim Cavad İbrahimov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kredit borcu tələbinə dair ərizəsinin baxılmamış saxlanılması, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şəraitin aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüquqlarının izah edilməsi və iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 5510 saylı ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinin hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı ASC Laçın Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(047)-58/2019 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilib işə mahiyyəti üzrə baxılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadı ilə (hakim Cavad İbrahimov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(047)-58/2019 saylı qərardadından İddiaçı ASC-nin nümayəndəsi X2 verdiyi şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayətə müddətin üzrlü səbəbdən buraxılması barədə həmin müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən baxılmadan geri qaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-58/2019 nömrəli 16 iyul 2019-cu il tarixli qərardadının surəti xx.xx.2019-cu il tarixli reyestrlə poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 qızma göndərilmiş qərardadlar geri qaytarılmamış, lakin müvafiq poçt şöbəsinin məlumatına əsasən qeyd edilən qərardad xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Rzayeva (Ekspert) tərəfindən qəbul edilmişdir. Həmin qərardaddan qanunla nəzərdə tutulmuş 10 (on) gün müddətində şikayət məhkəməyə daxil olmamışdır. Laçın Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(047)- 58/2019 saylı qərardadından İddiaçı ASC-nin nümayəndəsi İkram Paşayev tərəfindən verilmiş şikayət üç ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə poçta, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi İkram Paşayev şikayətinə müddətin üzürlü səbəbdən buraxılması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. Bununla da MPM-in 268.1-ci maddəsində nəzərdə tutulmuş müddət İddiaçı ASC tərəfindən üzrsüz səbəbdən buraxılmışdır. Bundan başqa, məhkəmə eyni zamanda iddiaçının nümayəndəsinin nəzərinə çatdırır ki, iddiaçının nümayəndəsi mülki işin baxılmamış saxlanılmasından dörd ilə yaxın müddət keçdikdən sonra şikayət verərək qərardadın ləğv edilməsini və işin yenidən məhkəmə baxışı iclasına təyin edilməsini xahiş etmişdir ki, məhkəmə bu halın özünü, yəni qərardadın ləğv edilməsinə dair şikayətin məhz iddiaçının nümayəndəsinin təqsiri üzündən bu qədər gec müddət ərzində təqdim edilməsini də şikayətin baxılmadan geri qaytarılması üçün əsaslardan biri hesab edir. Qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının nümayəndəsi tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməsi müddəti buraxılmış və həmin müddətin üzrlü səbəbdən buraxılmasına dair şikayətinə heç bir rəsmi sübut və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. İddiaçı ASC Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilib işə mahiyyəti üzrə baxılmasını təzələmək barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadından şikayəti həmin məhkəmənin 12 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı ASC-nin şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)- 58/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual normaların tələbindən görünür ki, işdə iştirak edən şəxsin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. Məhkəmə kollegiyası Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)- 58/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətdə göstərilən dəlilləri əsaslı hesab etmir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin Laçın Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(047)-58/2019 saylı qərardadından şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borc tələbinə dair Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borc tələbinə dair Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(047)-58/2019 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar