Məhkəmə qərarları › İş №2(106)-1198/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1198/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1198/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-65/2024 saylı, 08 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(071)-65/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Orxan Bayramov) iddia qismən təmin edilmiş, Cavabdeh 3200 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(071)-65/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, elektron kabinet vasitəsilə Cavabdeh adından verilən apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs - nümayəndəsi kimi Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. MPM-in 68.1-ci maddəsinə əsasən, iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. MPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. MPM-in 68.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir MPM-in 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir MPM-in 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq olunmuşdur. Həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi, mülki prosesdə vəkilin hansı hüquqlara malik olması MPM-in 68-ci maddəsində əksini tapmış və norma vəkilə məhkəmə aktlarından şikayət verə bilməsini işdə iştirak edən şəxslərin tapşırığı və vəkalətin mövcudluğundan asılı etmişdir (MPM-in 68.3-cü maddəsi). Vəkilin səlahiyyəti isə öz növbəsində qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir (MPM-in 73.5-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (Şirvan Apellyasiya Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün order əlavə edilməmişdir) Vəkil nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır. Bu cür səlahiyyətin mövcudluğu üçün vəkil tərəfindən müvafiq səlahiyyətin ona verilməsini əks etdirən etibarnamənin təqdim edilməsi ilə yanaşı, Şirvan Apellyasiya Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün vəkil orderi də verilməli idi. Hazırda isə müvafiq etibarnamə apellyasiya şikayətinə əlavə edilmiş olsa da, yalnız Hacıqabul Rayon Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsinə görə vəkil orderi əlavə olunmuşdur. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-65/2024 saylı, 08 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar