Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1205/2025 10.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan borc aldığı ümumilikdə 3990 (üç min doqquz yüz doxsan) manat pulunun alınaraq ona verilməsi və əlavə olaraq Cavabdeh mənəvi zərərin əvəzi olaraq əlavə 350 (üç yüz əlli) manat pulun və həmçinin hazırki iddia tələbi üzrə ödədiyi 64 (altmış dörd) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etmiş və izahatında göstərmişdir ki, o, Ağsu rayonunun qışlaq sahəsində maldarlıq üzrə kiçik təsərrüfat sahibi kimi 3 (üç) baş iri-buynuzlu, 68 (altmış səkkiz) baş xırda-buynuzlu heyvan saxlayır. Bu heyvandarlıq təsərrüfatını Zərdab rayonunun Qoşaoba kənd sakini X4 adlı şəxs idarə etmişdir. Elşən gəldiyi vaxtdan az keçməmiş ona həyat yoldaşından boşandığını, münasib qadınla evlənib həmişəlik onun mal-heyvan təsərrüfatını idarə etmək istədiyini bildirmişdir. O, Elşənə evlənməyə qadın tapacağına söz vermişdir. xx.xx.2020-ci il tarixdə tanışlıqla Beyləqan şəhərində yaşayan hazırki iş üzrə Cavabdeh ilə X2 tanış etmişdir. Lakin Hicran Elşəni bəyənmədiyindən evlilik baş tutmamış və xx.xx.2020-ci il tarixində cavabdehi yola salmışlar. Cavabdeh Ağsu rayonuna gətirilib yola salınmasına görə 570 manat xərci çıxmışdır. Bu pulun 200 manatını cavabdeh ondan borc kimi almışdır. Cavabdeh yenidən onun təsərrüfatla məşğul olduğu yerə gəlmiş və o özü onun təsərrüfatını idarə etmək fikrinə düşərək bir müddət maldarlıq təssərrüfatını idarə edərək işlətmişdir. Cavabdeh əvvəldən hamilə olduğundan xx.xx.2020ci il tarixdə övladı olmuş və o uşağın doğumunun və peyvəndlərinin xərclərini də qaytaracağı şərti ilə ondan almışdır. Nəhayət 11 sentyabr 2020-ci il tarixində cavabdehin ona 900 (doqquz yüz) manat borcu yaranmışdır. Cavabdeh onun maldarlıq təsərrüfatında işlədiyi müddətdə bir neçə dəfə ondan müxtəlif məbləğlərdə pul alaraq qeydiyyatda olduğu Beyləqan şəhərinə gedib-gəlmişdir. Sonradan, yəni 04 oktyabr 2020-ci il tarixdə məlum olmuşdur ki, Cavabdeh, Zəngilan rayonu, Hacallı Ərazi Dairəsi, Şərifan kəndində qeydiyyatda olan X3 adında şəxslə tanış olub evlənmişlər. Sonra onlar birlikdə onun yanına gəlmişlər, Cavabdeh ondan 400 (dörd yüz) manat borc pul istəmişdir. O, cavabdehə 400 manat borc vermişdir. X6 Cavabdeh ayrılmışlar. Cavabdeh ondan yenə hissə-hissə cəmi 850 manatadək borc pul almışdır. Daha sonra Cavabdeh Gəncə şəhər sakini X5 onun vasitəsilə ailə qurmuş və Samir Cəfərovla birgə yanına gəlib ondan 250 manat pul almışdır. Cavabdeh ilə birgə yaşayan X5 öz xətti ilə əlyazma yazaraq hər ikisi birlikdə yanına gəlib və ondan ümumilikdə 1350 (min üç yüz əlli) manat pul və xırdabuynuzlu heyvanlar aldığını yazmışdır. Lakin Cavabdeh 1350 manat borcunu ona qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə heyvandarlıq təsərrüfatının işçisi Cavabdeh ona atasının öldüyünü və yasa getmək üçün ondan 200 manat yol pulu istəmiş, o da həmin pulu Hicrana vermişdir. Hicran 04 noyabr 2020-ci il tarixdə yenidən gəlmiş və 30 noyabr 2020-ci il tarixdə isə yenə Beyləqana qayıtmışdır. Hicran gəlib-qayıtmaq pullarını 180 manat və 120 manat olmaqla cəmi 300 manat ondan istəmişdir. Həmin pulu da Hicrana vermişdir. 12 dekabr 2020-ci il tarixdə Cavabdeh onun evinə gəlib ondan yenidən 100 manat borc pul almışdır. xx.xx.2021-ci il tarixdə Hicranın ona ümumi borcu 3500 manat olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ehtiyacı olması səbəbindən yenidən ondan 400 manat borc almış, borcu 3900 manat olmuşdur. Cavabdeh Samir Cəfərovu yanında gətirməklə 1350 manat pulu borc alıb Samir Cəfərova vermişdir. Hicran və Samirin ona ödəyəcəkləri 1350 manat borc pul, 3900 manat ümumi borca daxildir. Bu müddətlərdə Cavabdeh Cəmaləddin, Fəzail, Sənan, Azər, Möhübbət adlı kişilərlə tanış olub həmin şəxsləri ona yönəltmişdir ki, onlar çoban kimi onun təsərrüfatını idarə etsinlər. Cavabdeh ondan hissə-hissə aldığı pulları qaytarmaq fikrində deyildir. O, xx.xx.2022-ci il tarixdə Beyləqan şəhərinə gedib onun Mirani adlı qardaşı və Nərgiz adlı bacısı ilə görüşüb bütün olanları onlara danışmış, onlar da məhkəməyə müraciət etməsini ona tövsiyyə etmişlər. Bir aydan sonra o, Cavabdeh telefonla zəng edib pulunu qaytarmasını istəmiş, Hicran yenidən gəlib onun yanında 1 il işləyib 2000 manat pulu qaytaracağına söz vermiş, Qalan 1900 manatını isə ona bağışlamağını xahiş etmişdir. 02 noyabr 2023- cü il tarixdə Cavabdeh onu kömək üçün yenidən çağırmışdır. O, borcunu Hicrandan almaq niyyəti ilə Beyləqan rayonuna getmiş, orada Hicran ondan 90 manat pulu alıb mağazaya özünün borcunu vermişdir. Cavabdeh Hicran Firəddin qızının ona ümumilikdə 3990 manat borcu yaranmışdır. Cavabdeh borcunu istəyərkən Hicran onu söyüb təhqir etmişdir. Hətta ondan polisə şikayət etmişdir. Onun həmin vaxt 270 baş heyvanı olmuş, hazırda isə 26 baş qoyunu, 3 baş inəyi və balaları qalmışdır. Cavabdeh fermaya gələndə hamilə olmuş, sonra uşağı anadan olmuş, uşağı xəstə olduğuna görə fermada yaxşı işləyə bilməmişdir. Hicrana borc verməsinə baxmayaraq bu barədə heç bir sənədi yoxdur. Ona görə də, Cavabdeh ondan borc aldığı ümumilikdə 3990 (üç min doqquz yüz doxsan) manat pulunun alınaraq ona verilməsi və əlavə olaraq Cavabdeh mənəvi zərərin əvəzi olaraq əlavə 350 (üç yüz əlli) manat pulun və həmçinin hazırki iddia tələbi üzrə ödədiyi 64 (altmış dörd) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, 2020-ci ildə o, hamilə olan vaxt Beyləqan rayonunun Dünyamalılar kəndində onu fermadan İddiaçı götürüb öz fermasına aparmış və vəsiqəsini ondan almışdır. O, Asifin fermasında işləmişdir. Asif onun 90 manat borcunu vermişdir. O, Asiflə ona veriləcək əmək haqqı barədə razılaşmamışdır. Uşağı anadan olandan sonra uşağının iynəsi, yeməyi və digər təlabatlarını onun fermada işləməsi qarşılığında Asif ödəmişdir. Asif onu fermaya aparandan sonra Elşən adlı şəxslə evlənməyi təklif etmiş, lakin o, buna razı olmamışdır. Samiri də onun yanına Asif gətirmişdir. O, heç vaxt Asifdən pul almamış və ondan borc istəməmişdir. Onun Asifə tələb edilən məbləğdə borcu yoxdur. Asif yalandan Samirə qəbz yazdırmışdır. Samirlə ailəli olmamış, Samir onun əri deyildir. Asifdən borc almasına dair ona heç bir sənəd verməmiş və qəbzə imza etməmişdir. Asifin göstərdikləri tam böhtandır. Ora gedəndən sonra Asif müxtəlif kişiləri guya evlənmək məqsədi ilə onun yanına gətirmiş, hətta özü də ona təcavüz etmişdir. Samirin 1350 manat pul barədə verdiyi qəbzin ona heç bir aidiyyəti yoxdur. Asif ümumiyyətlə ona pul verməmişdir. Çünki onların arasında pulla bağlı razılaşma olmamışdır. Asif ona bir dəfə 90 manat, bir dəfə isə 100 manat pul vermişdir. Başqa pul verilməmişdir. Ancaq onun təlabatlarını ödəmiş, o, da həmin müqabildə Asifin fermada işlərini görmüşdür. Onun Asifə ümumiyyətlə heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, iddiaçının dövlət rüsumu kimi ödədiyi 64 (altmış dörd) manat pulun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, o, Ağsu rayonunun qışlaq sahəsində maldarlıq üzrə kiçik təsərrüfat sahibi kimi 3 (üç) baş iri-buynuzlu, 68 (altmış səkkiz) baş xırda-buynuzlu heyvan saxlayır. Bu heyvandarlıq təsərrüfatına baxan şəxs kimi Cavabdeh işə götürmüş və ondan hissə-hissə pulları borc kimi almış və yekunda ona 3990 (üç min doqquz yüz doxsan) manat pul borcu yaranmışdır. Cavabdeh müxtəlif kişilərlə ailə qurmuş və bəzən həmin şəxslərlə birgə ondan pul borcları almışdır. Əslini iddia ərizəsinə daxil etdiyi qəbzdən görünür ki, Cavabdeh ilə birgə yaşayan X5 öz xətti ilə əlyazma yazaraq hər ikisi birlikdə yanıma gəlmiş və ondan ümumilikdə 1350 (min üç yüz əlli) manat pul və xırdabuynuzlu heyvanlar aldığını yazmışlar. Lakin Cavabdeh ondan aldıqları həmin 1350 manat pul borcunu da özümə qaytarmamışdır. Qeyd edir ki, Cavabdeh onun təsərrüfatında çalışdığı müddətlərdə Cəmaləddin, Fəzail, Sənan, Azər, Möhübbət adlı kişilərlə tanış olub həmin şəxsləri ona yönəldirdi ki, çoban kimi onun təsərrüfatını idarə etsinlər. Hiss edirdi ki, Cavabdeh tanış olduğu bu kişilərlə xəlvəti olaraq ər-arvad kimi qısamüddətli yaşayır. İddia ərizəsində yazdıqlarından göründüyü kimi Cavabdeh, onun qısamüddətli ərə getdiyi digər şəxslər X3 və X5 ilə birgə onun çox humanist olmağından və həmçinin təsərrüfatını idarə etməyə görə özünə işibilən çoban axtarmağını bilərək ona hissə-hissə olmaqla cəmi 3990 (üç min doqquz yüz doxsan) manat ziyan vurmuşdur. Belə ki, o, bu yekun məbləğdə pulları müxtəlif vaxtlarda hissə-hissə borc kimi alıb özünə qaytarmamışdır. Cavabdeh belə hərəkətləri ilə ona 350 (üç yüz əlli) manat da mənəvi zərər vurmuşdur ki, bunun da cavabdehdən alınaraq ödənilməsini Beyləqan Rayon Məhkəməsindən xahiş etmişdir. Ona olan pul borclarını hesablayarkən aşkar olur ki, Cavabdeh təklikdə ondan 2240 manat, Cavabdeh, Samir Cəfərov birgə yanına gəlib ondan əlavə 1350 manat almışdır. Daha sonra Cavabdeh, Ələddin Şərifovla birgə yanına gəlib ondan 400 manat borc pul alıb yanındakı şəxsə vermişdir. Beləliklə, Cavabdeh indiyədək ona olan bu pul borclarını qaytarmamaqla maddi ziyan vurmuşdur. Hal-hazırda o xəstədir və müalicə olunmağı üçün cavabdehin ondan borc alıb qaytarmadığı həmin pullara ehtiyacı vardır. İddia ərizəsində qeyd etdiyi kimi cavabdehin müxtəlif vaxtlarda ondan borc pulları almasına dair şahidləri vardır və onların məhkəmədə şahid qismində iştiraklarını təmin edəcəyini Beyləqan Rayon Məhkəməsinə bildirmişdir. Həmin şahidlər – Şahid2, Şahid1 və həyat yoldaşı X1r ki, onların şəxsiyyət vəsiqələrinin surətlərini iddia ərizəsinə daxil etmişdir və şahid kimi məhkəmə prosesində iştiraklarını təmin etməyə hazır idi. Lakin Beyləqan Rayon Məhkəməsi iş üzrə şahidləri dindirəcəyinə söz versə də, buna əməl etməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinə sübut kimi daxil etdiyi sənədə də (cavabdehin ona 1350 manat pul borcu olması göstərilməklə imzalanmış sənəd) düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında Cavabdeh ona pul verməyə hazırda imkanı olmadığını məhkəməyə bildirmişdir, ona pul borcu yoxdur deməmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-287/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində Cavabdeh dilindən yazılanları məhkəmənin hakimi öz fikri kimi cavabdehin adından yazmışdır. Bunun sübutu üçün iş üzrə Beyləqan Rayon Məhkəmə iclaslarının çəkildiyi video-kamera görüntülərinə baxılması kifayətdir. Beyləqan Rayon Məhkəməsinin iclaslarında Cavabdeh onun iddia tələbinə qarşı söylədiklərinə baxılmasını xahiş etmişdir. Bu zaman Beyləqan Rayon Məhkəməsi hakiminin işdə maraqlı olması və məhkəmənin öz fikrini cavabdehin adından yazması faktları aşkar görsənəcəkdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(020)-287/2025 saylı qətnaməsinin tamamilə ləğv edərək iş üzrə yeni qətnamə qət etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 18 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, X5 17 oktyabr 2020-ci ildə İddiaçı Əli oğlundan qoyun, 20 baş toğlu, 2 baş xırda quzu, 8 baş iri mal təhvil aldığını, 1350 pul aldığını və ayda 250 manat aylıq maaş alacağı, o, İddiaçı təsərrüfatını idarə edəcəyini, hər ay 250 manat maaşdan 100 manat pul İddiaçı qalacağını, həyat yoldaşı Cavabdeh ilə birgə işləyib ödəyəcəyini göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi 1350 manat pula dair qəbz Samir adlı şəxs tərəfindən verilmişdir. Həmin qəbzdə Samir iddiaçıya həmin pulu arvadı Hicranla birlikdə ödəyəcəyini qeyd etmişdir. Hicranın Samirlə ər-arvad olmasını təsdiq edən heç bir sənəd işə əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Kollegiya qeyd edir ki, birgə borcluluq tərəflərin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu olması vəzifəsindən yaranır. Bu zaman tərəflərin ər-arvad münasibətlərində olması zəruri deyil. Beləliklə, həmin qəbzlə müəyyən olunur ki, X5 Cavabdeh ilə birgə borclu kimi çıxış edir və həmin pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsinin 06 may 2025-ci il tarxli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında İddiaçı ona bir dəfə 90 manat, bir dəfə isə 100 manat pul verdiyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, qəbzdə göstərilən 1350 manat pul vəsaitindən əlavə olaraq 190 manat pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehə qarşı 350 manat mənəvi ziyan tələbi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən bu barədə sübutlar olmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-287/2025 nömrəli qətnaməsi, yəni iddianın təmin olunmayan 1540 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 1540 manat pul vəsaiti alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35.40 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1205/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1205/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver