Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1221/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçı "AccessBank” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "AccessBank” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(047)-167/2023 saylı qətnaməsindən (hakim C.İbrahimov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "AccessBank” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "AccessBank” QSC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci-ci il tarixli 03L000001730 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Bundan sonra "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh5 ilə bank arasında zaminlik müqavilələri də bağlanmışdır. Daha sonra kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 1,875 faiz olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli və xx.xx.2016- cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7637,13 ABŞ dolları ödəmiş, onun 7362,87 ABŞ dolları məbləğində əsas borcu, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 7362,87 ABŞ dolları əsas, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə məbləği, cəmi 13618,86 ABŞ dolları borcun, ödənilmiş 159,46 manat dövlət rüsumunun tutulub "AccessBank” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin həcminin azladılması ilə bağlı məhkəməyə ərizə göndərərək, cavabdehlərdən biri olan Cavabdeh2 vəfat etdiyindən, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 7362,87 ABŞ dolları əsas, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə məbləği, cəmi 13618,86 ABŞ dolları borcun, həmçinin ödənilmiş 159,46 manat dövlət rüsumunun tutulub "AccessBank” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan kredit götürmüşdür. O, isə bankla zaminlik müqaviləsi bağlamış, lakin Cavabdeh1 maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcları yaranmışdır. Lakin qeyd edilən mülki iş üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün iddia müddəti keçmişdir. Ona görə də mülki iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin bütünlüklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh5 məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Laçın Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(047)-167/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 7362,87 ABŞ dolları əsas, 600 ABŞ dolları cərimə, cəmi 7962,87 (yeddi min doqquz yüz altmış iki ABŞ dolları səksən yeddi sent) ABŞ dolları məbləğində pulun ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 130,61 (bir yüz otuz manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 28,85 (iyirmi səkkiz manat səksən beş qəpik) manatı iddiaçının hesabına aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin hallarına uyğun yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdehi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia müddəti keçmişdir. Cavabdeh hansısa ödəniş etməsini belə xatırlamır. Hesab edir ki, onun ödəniş etmədiyi halda belə bir versiyanın irəli atılması bu iddia müddətinin ötürülməsinə don geyindirmək üçün atılmış addımdır. Yəni iddia müddətinin ötürülməsinin aradan qaldırılmasına yönələn formal əsasdır. Odur ki, iddia müddəti tətbiq edilməli və yeni qətnamə çıxarmalıdır. Cavabdeh birinci instansiya məhkəməsində vəsatət verərək, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət ikinci məhkəmə baxışı zamanı verildiyindən təmin edilməmişdir. Hesab edir ki, bu obyektiv nəticə əldə etəmək üçün çox vacib amil idi. İş materiallarından da, göründüyü kimi ödəniş planı bir neçə dəfə dəyişmiş, hər birində də, əlavə faizlər hesablanmışdır. O, isə hazırkı borc məbləğini qəbul etmədiyindən bu məsələ müvafiq mühasibatlıq ekspertizası ilə dəqiqləşdirilməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmədə iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətləri üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqavilələrindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi, kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, "gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən şəxsə münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2008-ci-ci il tarixli kredit xətti müqaviləsindən və xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmış və cavabdehə aylıq faiz dərəcəsi 1,875 faiz olmaqla 20 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş dörd ədəd zaminlik müqaviləsindən görünür ki, iddiaçı "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh5 zamin durmuşlar. Həmin zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 zamin durduğu öhdəliklərinin həcmi kredit xətti müqaviləsi üzrə məbləğ 20000 (iyirmi min) ABŞ dolları və müddət isə 120 (bir yüz iyirmi) ay müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli ktredit razılaşmasının ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 15000 ABŞ dolları məbləğində krediti aylıq 1,875% olmaqla hissə-hissə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 18189,17 ABŞ dolları məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə bütün zaminlər imza etmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 12449,56 ABŞ dolları məbləğini aylıq 1.875% olmaqla hissə-hissə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 15155,82 ABŞ dolları məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə zaminlər imza etməmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 12449,56 ABŞ dolları məbləğini aylıq 1.4167% olmaqla hissə-hissə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 15506,98 ABŞ dolları məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə zaminlər imza etməmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2022-ci il noyabr ayının 25-dək 7362,87 ABŞ dolları əsas, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə, cəmi 13618,86 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2018-ci il avqust ayının 21-dək 7333,50 ABŞ doları əsas, 843,99 ABŞ dolları cərimə, cəmi 8177,49 ABŞ doları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli üç ədəd ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən "AccessBank” QSC-nə olan borcundan ümumilikdə 88,12 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borclarını ödəmələri üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməməsi, həmçinin iş üzrə ekspertiza vəsatətinin təmin edilməməsindən ibarət olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin iddia müddətinin tətbiq edilməməsi mövqeyi ilə razılaaşmışdır. Çünki iş materialları ilə süübut olunur ki, cavabdeh banka sonuncu dəfə xx.xx.2023-cü il tarixində ödəniş etmişdir. Həmçinin kollegiya cavabdehin ekspertiza təyin edilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi ilə gəlmiş olduğu nəticə ilə də razılaşmışdır. Çünki ekspertiza təyin edilməməsi ilə bağlı vəsatət məhkəmə hazırlıq iclasında deyil, məhkəmənin ikinci baxış iclası zamanı verilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun ödənilməsindən ibarət tələbi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin əsaslılığı apellyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından və cavabdeh tərəfindən hesablanmış borc məbləğini şübhə altına ala biləcək sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(047)-167/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada (elektron qaydada) kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1221/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1221/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver