Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1224/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı LPO «Bank Standard” KB QSC-nin nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin Cavabdeh Xanağa qızına qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «Bank Standard” Ləğv Prosesində olan Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" KB ilə X9 arasında bağlanmış 14 avqust 2014-cü il tarixli 1xx/xx/78200/14 saylı kredit müqaviləsi üzrə cavabdehin faktiki varisi Cavabdeh 9991 (doqquz min doqquz yüz doxsan bir) manat məbləğindi əsas borc, 2455.80 (iki min dörd yüz əlli beş manat, 80 qəpik) manat məbləğində faiz borcu, 3201.17 (üç min iki yüz bir manat 17 qəpik manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 15647.97 (on beş min altı yüz qırx yeddi manat, 97 qəpik manat məbləğində pulun, 136.94 (bir yüz otuz altı, 94 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard" KB (bundan sonra - Bank) ilə X9(bundan sonra - Cavabdeh) arasında 14 avqust 2014-cü il tarixli 1xx/xx/78200/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir.Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 9991 (doqquz min doqquz yüz doxsan bir) manat məbləğində əsas borc, 2455.80 (iki min dörd yüz əlli beş manat, 80 qəpik) manat məbləğində faiz borcu, 3201.17 (üç min iki yüz bir manat 17 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 15647.97 (on beş min altı yüz qırx yeddi manat, 97 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh X9 xx.xx.2022-ci il tarixində vəfat etmiş, Lənkəran rayon 1 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2023-cü il tarixli 149 saylı cavaba əsasən mərhum X4 aid Elektron notariat Avtomatlaşdırılmış informasiya Sistemində araşdırılma aparılmış, vərəsəlik işinin açılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və ya mərhumun vərəsələrindən mirasdan imtinaya və ya mirasın qəbul edilməsinə dair ərizə verilməsi faktı müəyyən edilməməsi qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Lənkəran Şəhər icra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 12-18/254 saylı cavaba əsasən mərhum X2 adları qeyd edilən ailə üzvləri vardır: həyat yoldaşı - Cavabdeh, övladı - X5, övladı - X6, övladı - X7. Faktiki vərəsə qismində mərhumun həyat yoldaşı Cavabdeh müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Murad Aslanov), iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının Cavabdeh Xanağa qızına qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankına aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin nümayəndəsi Əzimov X8 Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı LPO «Bank Standard” KB QSC-nin nümayəndəsi Nümayəndə3 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (Hüquq münasibəti baş verən vaxt qüvvədə olan qanun) 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 368-ci maddəsinə ənsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş QSC “Bank Standard" KB (bundan sonra - Bank) ilə X9 (bundan sonra - Cavabdeh) arasında 14 avqust 2014-cü il tarixli 1xx/xx/78200/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş QSC “Bank Standard" KB -nin 12 dekabr 2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 9991 (doqquz min doqquz yüz doxsan bir) manat məbləğində əsas borc, 2455.80 (iki min dörd yüz əlli beş manat, 80 qəpik) manat məbləğində faiz borcu, 3201.17 (üç min iki yüz bir manat 17 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 15647.97 (on beş min altı yüz qırx yeddi manat, 97 qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 28 iyul 2017-ci il tarixli bildirişin surətindən görünür ki, QSC “Bank Standard" KB (bundan sonra - Bank) tərəfindən X9 öhdəliyinin icra edilməsi tələb edilmiş, əks təqdirdə müvafiq borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh şəxsə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 28 iyul 2017-ci il tarixli bildirişin 31 iyul 2017-ci il tarixdə X4 çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023- cü il tarixli məktubundan görünür ki, X4 vərəsəlik işinin açılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və ya məhrumun vərəsələrindən mirasdan imtinaya və ya mirasın qəbul edilməsinə dair ərizə verilməsi faktı aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı QSC “Bank Standard" KB -nin tərəfindən 136.94 manat dövlət rüsumu ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, X2 ailə üzvləri arvadı Cavabdeh Xanağa qızı, övladları X5, X6, X3r. İş materiallarına əlavə olunmuş Cavabdeh nümayəndəsi Nümayəndə2 ərizələrindən görünür ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iş də olan sübutlardan müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi üzrə münasibətlər 14 avqust 2014-cü il tarixli Kredit Müqaviləsindən yaranmış və kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün 36 (otuz altı) ay müəyyən edilmiş və bununla da öhdəliyin icrasının son müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. X1 xx.xx.2022-ci il tarixində vəfat etdiyindən cavabdeh qismində Cavabdeh cəlb edilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız 2023-cü ilin dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh oğlunun nümayəndəsi Nümayəndə2ğa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçının 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı 14 avqust 2014-cü ildən başlamış, sonuncu dəfə bildirişi 28 iyul 2017-ci il tarixdə göndərilmiş və iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə yəni müqavilə üzrə müddətin bitməsində altı il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçı təşkilat olaraq cavabdehə qarşı 2017-ci ildə əmr icraatı qaydasında Lənkəran Rayon Məhkəməsinə müraciət edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılmasına cəhd olunmamış, iddianın rədd edilməsinə dair əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə bağlı Lənkəran Rayon Məhkəməsinə sorğu ilə müraciət etmiş və müəyyən edilmişdir ki, 2017-ci ildə iddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin cavabdeh X4 qarşı Lənkəran Rayon Məhkəməsinin icraatında hər hansı mülki iş olmamışdır. Məhz bu səbəbdən də, iddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC müqavilə tərəfi olan X9 xx.xx.2022-ci il tarixində vəfat etmiş şəxsin vərəsəsi, hazırki iş üzrə Cavabdeh qarşı borc pulun qaytarılması ilə bağlı iddia tələbi irəli sürmüşdür. Kollegiya iddiaçının bu iddia tələbini haqlı tələb hesab edir, çünki Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin iddiaçı icavabdehin vərəsəsinə qarşı müqavilə tələbi üzrə iddia müddətinin bitməsindən beş il sonra iddia qaldırmış, məhz bu səbəbdən də vərəsə-cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi də, haqlı olaraq məhz iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı LPO «Bank Standard” Kommersiya Bankı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-468/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1224/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1224/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver