Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1225/2024 17.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X12 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçı Əhmədzadə (Abbasova) Səmra Xanlar qızının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Əhmədzadə (Abbasova) Səmra Xanlar qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1351/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı Əhmədzadə (Abbasova) Səmra Xanlar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əhmədzadə (Abbasova) Səmra Xanlar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 yanvar 2011-ci il təvəllüdlü X5 və 25 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq bir uşağa hər ay 300 manat olmaqla, iki uşağa cəmi 600 manat sabit pul məbləğində aliment müəyyən edilməklə alınıb onun xeyrinə verilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2009-cu ildə faktiki nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Bu münasibətdən 05 yanvar 2011-ci ildə X13 və 25 dekabr 2009-cu ildə X10 doğulmuşdur. Uşaqlar hazırda salamat olmaqla, iddiaçının himayəsində yaşayır. Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli, 2(049)- 5283/2016 saylı qətnaməsinə əsasən bir uşağa 80 manat olmaqla, iki uşağa cəmi 160 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılması (yeni əsaslar üzrə) tələbinə dair iddia ərizəsi əsasında məhkəməyə müraciət edir. Həmin dövrün yaşayış minimumu ilə hazırkı dövrün yaşayış minimumu arasında əhəmiyyətli fərq var. Yaşayış minimumu haqqında qəbul olunmuş qanunlara əsasən 2016-cı ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 117 manat idisə, hazırkı dövr üzrə həmin məbləğ 235 manat təşkil edir. Yenidən məhkəməyə müraciət etməsi və 16 fevral 2016-cı ildə Lənkəran Rayon Məhkəməsi tərəfindən sabit pul məbləğində müəyyən edilmiş alimentin yeni əsaslar üzrə artırılması barədə tələbi də bununla bağlıdır. Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1351/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nicat Ağabəyov) iddia qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(049)-5283/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 25 dekabr 2009-cu il təvəllüdlü X10 və 05 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, mediasiya xidməti üçün ödənilmiş 60 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 39,20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Əhmədzadə (Abbasova) Səmra Xanlar qızı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1351/2024 saylı qətnaməsinin dəyişdirilməsini, uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin hər uşaq üçün 300 manat, iki uşağa görə cəmi 600 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin faktiki hallarını araşdırmamış, qəbul etdiyi qətnamədə özünün mülahizəsi əsasında cavabdehin qeyri-rəsmi olan qazanc və gəlirləri barədə araşdırma aparmamış, bununla bağlı olaraq heç bir sorğu verməmiş, cavabdehin məhkəmə iclasında verdiyi izahatı əsas götürərək guya cavabdehin əlavə gəlirinin olmamasını müəyyən etmişdir. Halbuki, iddia ərizəsində göstərdiyi və məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırdığı kimi cavabdehin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində də yükdaşıma ilə bağlı olaraq işləməklə gəlir əldə etməsi aşkar surətdə təkzibedilməz fakt olsa da, məhkəmə tərəfindən həmin hallar araşdırılmamışdır. Belə ki, məhkəmə tərəfindən alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin sadaladığı faktlarla əlaqədar olaraq 400 manat əmək haqqı ilə əmlaka sahib olmasının qeyri-mümkünlüyü bir daha öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə alimentin miqdarını dəyişərkən uşaqların mənafeyini üstün tutmaq əvəzinə cavabdehin mənafeyini üstün götürmüş və bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə münasibətdə iddiaçı qeyd etmişdir ki, məhkəmə işə baxarkən tərəflərdən hansının maddi vəziyyətində dəyişikliyin olmasını göstərməmiş, məhkməyə təqdim edilmiş sübutları, cavabdehin aylıq rəsmi 400 manat əmək haqqından əlavə də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində fəaliyyət göstərməsi və dəniz vasitəsilə yükdaşıma ilə əlaqədar olaraq hətta xarici dövlətlərə gedib gəlməklə rəsmi maaşı olan 400 manatdan qat-qat yüksən qazanc əldə etməsi halları ilə bağlı araşdırma aparılmamış və beləliklə cavabdehin real gəlirləri məhkəmə tərəfindən araşdırılmamış, qətnamənin əsaslandırıcı hissəsində də həmin halların nəzərə alınmamasına dair hansı əsasların olması barədə heç bir əsaslandırma etməmiş və bu barədə heç bir araşdırma aparmamışdır. Baxmayaraq ki, qanunvericiliyn tələbindən görünür ki, məhkəmə işin hallarını nəzərə alaraq bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu alimentin miqdarı bu Məcəllənin 112.1-ci maddəsi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilməsini nəzərdə tutmuşdur. Lənkəran Rayon Məhkəməsi iş materiallarında qeyd edilən sübutlara qiymət verməmiş, cavabdehin gəlirlərinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparmamış, uşaqların mənafeyini nəzərə almamışdır. İş üzrə təqdim edilmiş sübutların araşdırılmaqla barəsində aliment təyin edilmiş uşaqların real xərclərini müəyyən etməməklə iki azyaşlı uşağın hazırda bağça, yemək, gəzinti, istirahət hüquqları üzrə xərclərin müəyyən edilmiş aliment məbləğindən qat-qat çox olması halları araşdırılmaqla alimentin məbləği müəyyən edilməli olan halda edilməmişdir. Cavabdeh iddiaçının apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, hazırkı tələb üzrə Lənkəran Rayon Məhkəməsində işə baxılaraq cavabdehin ikinci dəfə ailə qurmaqla 2 uşağının olması, 400 manat məbləğində maaş alması nəzərə alınaraq əvvəlki nikahdan olan 2 uşağa görə onların yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 160 manat olmaqla, 2 uşaq üçün cəmi 320 manat sabit pul məbləğində alimentin və mediasiya xərcləri üçün ödənilmiş 60 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmış və cavabdeh də buna etiraz etməmişdir. Lakin iddiaçı həmin qətnamə ilə razılaşmayaraq, hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat aliment tələbi ilə yenidən Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı ondan boşanandan sonra yenidən başqa bir kişi ilə evlənmiş və ondan da bir uşağı var. O, 400 manat maaş alır və iddiaçının iddia etdiyi 600 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Hazırda onun ikinci ailəsindən də 2 azyaşlı övladı var, onları çətinliklə dolandırır və arvadı da heç bir yerdə işləmir. Buna baxmayaraq, birinci nikahdan olan uşaqlarının aliment pulunu vaxtlı-vaxtında ödəmiş və imkan daxilində onlara alimentdən əlavə pul göndərmişdir. Son vaxtlar da belində yırtıq yarandığından ağır işlərdə işləmək imkanından məhrumdur. İşi ilə bağlı tez-tez ezamiyyətə getdiyindən və məhkəmə iclasında ehtimal ki iştirak edə bilməyəcəyindən onun adından bütün hüquqlarının müdafiəsi üçün nümayəndə kimi arvadı Nümayəndə etibarnamə vermişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı Əhmədzadə (Abbasova) Səmra Xanlar qızı apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh faktiki gəlirləri məhkəmə tərəfindən araşdırılmamışdır. İş materiallarında onun əmək haqqı məbləğinin 400 manat olduğu qeyd edilsə də, bu həqiqətə uyğun deyil. Belə ki, cavabdeh gəmidə işləyir və tez-tez xarici ölkələrə iş üçün gedir. Onun gəlirləri təxminən 1200 manat civarındadır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh onun əridir. Əri hazırda “X15” MMC-də menecer kimi işləyir və aylıq əmək haqqı məbləği 400 manatdır. O, əmək funksiyalarının icrası ilə əlaqədar iş yerindən ayda təxminən 1-2 dəfə ezamiyyətə göndərilir və hər dəfə ezamiyyət pulu kimi ona 100-200 manat verilir. Ərinin rəsmi əmək haqqı məbləği 400 manat olsa da, birinci instansiya məhkəməsi iddiaçıdan olan uşaqlarının saxlanılması üçün cəmi 320 manat məbləğində aliment müəyyən etmişdir. Onun hazırkı nikahından da 2 uşağı var. Əmək haqqından qalan 80 manat və əldə etdiyi ezamiyyət pulu isə onun hazırkı nikahından olan uşaqlarının saxlanılmasına kifayət etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin dəyişdirilməsini və uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin hər uşaq üçün 300 manat, iki uşağa görə cəmi 600 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki AZ-İİİ 849576 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 25 dekabr 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İİİ 849577 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 05 yanvar 2011-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(049)- 5283/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X8 ilə Cavabdeh arasında 17 mart 2010-cu il tarixdə Lənkəran rayon Siyavar kənd İnzibati Ərazi Nümayəndəliyində 01 sayla bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 25 dekabr 2009-cu il tarixdə anadan olmuş X9 və 05 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 anası X1 yanında qalması, 10 may 2015-ci il tarixdən başlayaraq Cavabdeh 25 dekabr 2009-cu il tarixdə anadan olmuş X9 və 05 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İşdəki AZ-İ 234134 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 iyul 2016-cı ildə 123 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Abbasov, qadına Əhmədzadə soyadı verilmişdir. İşdəki AZ-İİ 291986 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 10 dekabr 2018-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İşdəki AZ-T 122890 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 04 iyul 2019-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası Nümayəndədır. İşdəki AZ-İV 405045 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 23 may 2020-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası Nümayəndədır. İşdəki “X15” MMC-nin 07 mart 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh həmin MMC-də ofis meneceri vəzifəsində çalışır, əmək haqqı məbləği 400 manatdır və əmək müqaviləsi nazirlik sistemində qeydiyyatdadır. İşdəki Cavabdeh barəsində məlumatların elektron sorğulanmasına dair məlumatdan görünür ki, o, “X15” MMC-də qeydiyyatçı menecer vəzifəsində çalışır və aylıq əmək haqqı məbləği 400 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müəyyən olunmuş alimentin miqdarı artırılarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2-ci və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 25 dekabr 2009-cu il təvəllüdlü X10 və 05 yanvar 2011-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 17 mart 2010-cu il tarixdə Lənkəran rayon Siyavar kənd İnzibati Ərazi Nümayəndəliyində 01 sayla bağlanmış nikah pozulmuş, hər iki uşağın iddiaçının yanında qalması və onların saxlanılması üçün 10 may 2015-ci ildən başlayaraq cavabdehdən hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırda həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia ərizəsi verərək, hər uşağa görə 300 manat olmaqla, iki uşağa görə hər ay cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 may 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 25 dekabr 2009-cu il təvəllüdlü X10 və 05 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin dəyişdirilməsini, uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin hər uşaq üçün 300 manat, iki uşağa görə cəmi 600 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətinin əsas dəlili kimi cavabdehin gəlirlərinin daha çox olmasına istinad etmişdir. Hazırkı işin materiallarından həm də o görünür ki, cavabdehin iddiaçı ilə nikahı pozulduqdan sonra 10 dekabr 2018-ci ildə o, X6 ilə yeni nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. Cavabdehin ikinci nikahından 04 iyul 2019-cu il təvəllüdlü X14 və 23 may 2020-ci il təvəllüdlü X11 adlı 2 uşağı doğulmuşdur. Cavabdeh hazırda “X15” MMC-də qeydiyyatçı menecer vəzifəsində çalışır və onun aylıq əmək haqqı 400 manat təşkil edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi hər uşağa görə alimenti 160 manat sabit pul məbləğində müəyyən etməklə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinə uyğun qərar çıxarmışdır. Belə ki, tərəflərin birgə nikahından doğulmuş hər iki uşağın hazırda iddiaçının yanında olması müəyyən edildiyindən yaşayış minimumu məbləğinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulması əsaslı olmuş, məhkəmə bu zaman həm iddiaçının, həm cavabdehin, həm də cavabdehin birinci və ikinci nikahından olan uşaqlarının mənafeyini qorumuşdur. Cavabdeh də hazırda müəyyən edilən aliment məbləğini mübahisələndirməməklə onunla razılaşdığını göstərmişdir. Hazırda Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin tam təmin edilərək hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması onun maddi və ailə vəziyyətinə uyğun olmayacaqdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Cavabdehin rəsmi aylıq gəlirinin 400 manat olması iş materialları ilə öz təsdiqini tapır. İddiaçı cavabdehin aylıq gəlirlərinin təxminən 1200 manat civarında olduğunu qeyd etsə də, həmin halı təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, sübutetmə vəzifəsini öz üzərindən məhkəməyə keçirməyə çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, cavabdehin nümayəndəsi qəbul etmişdir ki, həqiqətən də cavabdeh ayda 1- 2 dəfə əmək funksiyalarının icrası ilə əlaqədar ezamiyyətə gedir və hər dəfə ezamiyyət pulu olaraq təxminən 100-200 manat verilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin bildirdiklərini də nəzərə alaraq qeyd edir ki, cavabdehin aylıq rəsmi maaşından əlavə 1-2 dəfə ezamiyyətə getməsinə görə pul alması onun aylıq gəlirlərinin kifayət qədər yüksək olması qənaətinə gəlməyə əsas vermir. Alimentin məbləği isə müəyyən edilərkən alimentin ödənilməsindən sonra qalan pulu ilə cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi də əhəmiyyət kəsb edir. Həmçinin, hazırkı halda cavabdehin sonrakı nikahından 2 uşağının da doğulması nəzərə alındıqda, iddia tələbinin tam təmin edilməsi halında həmin miqdarda aliment cavabdehin ikinci nikahından olan uşaqların təminat səviyyəsinin kifayət qədər aşağı düşməsinə səbəb olacaqdır. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Əhmədzadə (Abbasova) Səmra Xanlar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(049)-1351/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1225/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1225/2024
17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver