Məhkəmə qərarları › İş №2(106)-123/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-123/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-123/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməçyə cəlb edilməklə “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Astara Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(018)-233/2023 saylı qətnaməsindən (hakim İ.Məmmədov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə, apelyasiya icraatı qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əvəzi olaraq 1070 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2021-ci il tarixdə idarə etdiyi avtomaşınla Astara rayonu Kijəbə qəsəbəsi ərazisində hərəkətdə olduğu zaman Astara rayonu Vaqo kənd sakini Cavabdeh yol hərəkət qaydasını pozaraq onun hərəkət istiqamətinə çıxmış, nəticədə avtomobillər toqquşmuş, avtomobilinə maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş DYP əməkdaşları hadisəni qeydə almış və sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati iş başlanmış və o, 40 manat cərimə edimişdir. Cavabdeh avtomaşına vurduğu maddi ziyanı ödəməkdən imtina edir. Avtomobilinə mütəxəssis tərəfindən baxış keçirilmiş və vurulmuş maddi ziyan müəyyən edilmişdir. Belə ki, avtomaşına aşağıdakı miqdarda maddi ziyan vurulmuşdur: Krılo sağ qabaq, dəyişdirilməlidir - qiyməti 75 manat, bufer qabaq - 65 manat, qabaq setka - 20 manat, fara 1 ədəd - 20 manat, traves - 90 manat, tarelka alt, üst - 60 manat, təkər 1 ədəd - 50 manat, disk 1 ədəd 40 manat, tyaqa - 30 manat, stabilizator - 30 manat, şaravoy 2 ədəd 35 manat, amartizator 1 ədəd 30 manat, dəmir işi - 200 manat, rəng işi 200 manat, podşipnik 2 ədəd - 20 manat, panel alt - 35 manat, sökülüb - yığılma 70 manat, turbo butor - 480 manat, cəmi 1070 (bir min yetınin) manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(018)-233/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh dəymiş maddi ziyana görə 1070 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2022-ci il tarixdə idarə etdiyi “Nissan Sunny” markalı **-BU-*** dövlət qeydiyyatnişanlı avtomaşınla Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində hərəkətdə olan zaman 1984-cü il buraxılışlı “VAZ-21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunaraq 40 manat məbləğində cərimə olunmuşdur. Qarşı tərəfin sürücüsü İddiaçıda yüksək sürətlə hərəkət etdiyi üçün maşını saxlaya bilməmiş, dərhal 102 xidmətinə zəng vurmuş və qəza barədə məlumat vermişdir. Sonra da sığorta xidmətinə zəng vurmuşdur. Polis əməkdaşları təxminən 15 dəqiqədən sonra qəza yerinə gəlmiş, onun və qarşı tərəfin sənədlərini yoxladıqdan sonra onları içkili olub-olmamaqlarını yoxlamaq üçün xəstəxanaya göndərmişlər. Sonra isə polis şöbəsinə gəlib izahat vermişlər. İzahatdan sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protolol tərtib olunaraq, 40 manat cərimə etmişlər. Sığortanın nümayəndəsi də ondan videoyazı ilə izahat almış və bu işi öz üzərinə götürmüşdür. Bu hadisədən təqribən 1 ay sonra qarşı tərəf ona zəng edib bildirmişdir ki, sığorta şirkəti onu aldatmışdır, əgər zərəri ödəməsə onu məhkəməyə verəcək. Cavabdında qarşı tərəfə bildirmişdir ki, sığortadan narahatçılığı varsa, sığortanı versin məhkəməyə. Məhkəmədən bildiriş gələndən sonra sığorta şirkətinə zəng vurub qarşı tərəfin işi ilə bağlı məlumat almağa çalışmış və ona bildirilmişdir ki, sığorta şirkəti zərərçəkənə 360 manat dəyərində məbləğ təyin edib. Lakin qarşı tərəf nə bu məbləği qəbul edib, nədə ki, rədd edib. Məhkəmədən əvvəl sığorta şirkətinin Masallıdakı şöbəsinə getmiş, orada şirkətin nümayəndəsi ona bildirmişdir ki, sığorta şirkəti olaraq vətəndaşlara 2 cür xidmət göstərirlər, ya maşını öz avtoservislərində düzəldib vətəndaşa təhvil verirlər, yadaki, avtomaşına vurulmuş zərərin məbləğini qiymətləndirib vətəndaşa təqdim edirlər. Vətəndaş öz istədiyi şəkildə maşını düzəldərsə, bu onları maraqlandırmır. Eyni zamanda ona bildirilmişdir ki, qarşı tərəf onu məhkəməyə verməməlidir. Bu deyilənləri eynilə məhkəmədə hakimə demiş və daha sonra bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman avtomaşını sığortalı olub. Əgər avtomaşına vurulmuş zərər 5000 manatdan artıq olsaydı o, zaman 5000 manatdan artıq olan məbləği ödəməlidir. Ona görə də iddiaçının avtomaşınına dəymiş zərəri sığorta şirkəti ödəməlidir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı “VAZ-21061” markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını köhnədi və buraxılış ili 1984-cü ildir. İddiaçının avtomaşınının ümumi dəyəri 1500 manatdır. Ona görə də iddiaçının avtomaşınına dəymiş ziyanın məbləği 1070 manat ola bilməz. İş üzrə təkrar ekspertiza təyin edilməlidir. Məhkəmə isə prosessual hüquq normasının tələblərini pozaraq sığorta şirkətini üçüncü şəxs qismində işə cəlb etməyərək qanunsuz və əsassız olaraq ondan iddiaçının xeyrinə 1070 manat məbləğində pul tutmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, yol nəqliyyat hadisəsi baş verən zaman mülkiyyətində olan “Nissan Sunny” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 15 fevral 2022-ci il tarixdə bir il müddətinə 15 fevral 2023-cü il tarixədək icbari sığorta müqaviləsinə əsasən sığortalı olunmuşdur. Bu barədə ona PDS********** nömrəli icbari sığorta şəhadətnaməsi verilmişdir. Həmin sığorta müqaviləsinə əsasən əmlaka vurulan zərərin dəyəri 5000 manat müəyyənləşdirilmişdir. İddiaçı avtomaşınına dəymiş ziyanın ödənilməsini sığorta şirkətindən tələb etməli olduğu halda, qanunsuz və əsassız olaraq ondan tələb etmişdir. Astara Rayon Məhkəməsi də heçbir araşdırma aparmadan qanunsuz və əsassız olaraq İddiaçı avtomaşınına vurulmuş ziyanın ondan tutulması barədə qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə iddiaçının iddiasını təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı zamanı hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya baxışı zamanı təyin olunmuş və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mütəxəsisləri tərəfindən tərtib olunmuş qüsur aktı əsasında verilmiş ekspert rəyi real vəziyyəti əks etdirir. İddiaçı məhkəmənin ünvanına teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmasa da, müəyyən olunan maddi zərərin məbləği hissədə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları tam hərtərəfli araşdırmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabbehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 1984-cü il buraxılışlı "VAZ- 2106" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur; İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən 1 sentyabr 2022-ci il tarixində saat 10:30-da baş vermiş yol nəqliyyat hadisəsinə görə"Nissan Sunny" minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan cavabdeh Həsənov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş, barəsində 40 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Astara rayon 6 nömrəli avtomobillərə texniki baxış xidmətinin ustası Ramil Məmmədov tərəfindən tərtib olunmuş tarixsiz qüsur aktına əsasən "VAZ-2106" markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 1070 manat müəyyən edilmişdir; İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 3 iyul 2023-cü il tarixli rəyinə əsasən "VAZ-2106" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilən zərərin məbləği 1070 manat müəyyən edilmişdir, o cümlədən dəyişməli hissələrin dəyəri 600 manat, təmir-bərpa işlərinin qiyməti 470 manat. Ekspert öz rəyini Astara rayon 6 nömrəli avtomobillərə texniki baxış xidmətinin ustası Ramil Məmmədov tərəfindən tərtib olunmuş tarixsiz qüsur aktına istinadla vermişdir; İcbari sığorta müqaviləsinə dair məlumata əsasən cavabdehin idarə etdiyi "Nissan Sunny" minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 fevral 2022-ci il tarixindən 15 fevral 2023-cü il tarixinədək PDS********** nömrəli müqavilə əsasında Dövlət Sığorta Kommersiya Şirkətində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olmuşdur; Apellyasiya baxışı zamanı Dövlət Sığorta Kommersiya Şirkətinə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkən nəqliyyat vasitəsinə baxış keçirilmiş və 16 sentyabr 2022-ci il tarixli "dəymiş zərərin hesablanmasına dair akt"a əsasən "VAZ-2106" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 360 manat məbləğində müəyyən edilmişdir; Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunan qüsur aktında avtomobilə yetirilən zərərin müəyyən olunan məbləği ilə apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Dövlət Sığorta Kommersiya Şirkətinin mütəxəsisləri tərəfindən tərtib olunan qüsur aktı ilə müəyyən olunan zərərin məbləğləri arasında kəskin fərq olması nəzərə alınaraq, zərərə məruz qalmış “VAZ-21061” markalı **-BA-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomaşının fotoşəkilləri əsasında hansı qüsur aktının daha inandırıcı olması və yetirilən real zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 mart 2024-cü il tarixli 9/656 saylı ekspert rəyinə əsasən Lənkəran Avtomotoservis və ticarət müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1984-cü il buraxılışlı “VAZ-21061” markalı **-BA-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci hadisə baş verən tarixə 1070 manat, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "Azərsığorta” tərəfindən tərtib edilmiş 16 sentyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1984-cü il buraxılışlı “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 445.00 manat müəyyən edimişdir. Ekspertiza qarşısında qoyulmuş avtomobilin fotoşəkilləri əsasında müqayisəli təhlili aparılmaqla, hansı qüsur aktının daha inandırıcı olması sualı ətrafında məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid olmaması əsası ilə tədqiqat aparılmamışdır. Ekspert qeyd etmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ei il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 1984-cü il buraxılışiı “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(106)-123/2024 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən, həmin qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1 maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı X4 məxsus 1984-cü il buraxılışiı “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı iddiaçı tərəfindən təqdim olunmuş ilkin qüsur aktını və həmin akt əsasında verilmiş ekspert rəyini, apellyasiya baxışı zamanı əldə edilmiş Dövlət Sığorta Kommersiya Şirkətinin mütəxəsisləri tərəfindən tərtib olunan qüsur aktı və həmin akt əsasında verilən ekspert rəyini müqayisəli şəkildə təhlil edən kollegiya hesab edir ki, avtomobilin istehsal tarixi, təqdim olunan fotoşəkillərə əsasən ciddi zərərə məruz qalmaması, hazırki zaman üçün mövcud bazar dəyəri nəzərə alınmaqla sığorta şirkətinin mütəxəsisləri tərəfindən tərtib olunmuş qüsur aktı və onun əsasında verilmiş ekspert rəyi daha inandırıcı olduğundan, özündə real zərəri əks etdirdiyindən, daha mötəbər sübut kimi qəbul edilməli və zərərin məbləği həmin rəy əsasında müəyyən edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün sadalananlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunan zərərin məbləği dəyişdirilərək 445 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin, iddianın təmin olunmuş hissəsinə mütənasiblik nəzərə alınmaqla 50 manatı iddiaçıya, 50 manat hissəsi isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(018)-233/2022 saylı qətnaməsi Cavabdeh dəymiş maddi ziyana görə 1070 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilsin, yetirilmiş zərərin məbləği 445 manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Rərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar