Məhkəmə qərarları › İş №2(106)-1232/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1232/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1232/2023 02.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(017)-181/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2021-ci il tarixdə saat 22 radələrində İddiaçı ona məxsus olan “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi-Zərdab yolunda Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman yolun 23-cü kilometrliyində, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissədə həmin kənd sakini Cavabdeh məxsus 10 baş iribuynuzlu heyvan həmin yola - avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobil idarəetməsini itirərək, öz hərəkət zolağında heyvanlardan 2 baş iribuynuzlu heyvanı vurmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərarla tərəflərin qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat; İddiaçı Ağcabədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyana görə cavabdehdən 10.844 manat məbləğində pul tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla, tələbini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Ona görə də, həmin ziyan ona ödənilməlidir. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 27 may 2021-ci il tarixli “mütəxəssis rəyi”ndə qeyd olunmuşdur ki, avtomobilə dəymiş maddi ziyan 10.844 manat təşkil edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdirki, iddiaçı yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş, sonuncu ona məxsus 2 baş iribuynuzlu heyvanı vurmaqla ona maddi ziyan vurmuşdur. Heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçmiş, həmin hadisədə onun heç bir günahı olmamış, əksinə ona maddi ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 9/2560 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan “Avtoservis və Ticarət Müəssisəsi" tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8954 manat, istifadəyə yararlı avtomobilin 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 17.000 manat müəyyən olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Ağcabədi Rayon Мəhkəməsinin (bunda sonra – birinci instansiya məhkəməsi) 2(017)-181/2022 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Quliyev) iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin hərəkətlərində yol hərəkəti qaydalarının pozulması halı, başqa sözlə delikt müəyyən edilməmişdir. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərara əsasən müəyyən etmişdir ki, tərəflərin qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin inzibati xəta törətməsi müəyyən edilməmiş, o, inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində İ icraat: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, 8/2948 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə avtomobilin sürücüsü iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Mövcud metodikanın tələblərinə əsasən mal-qara ötürənlər məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən malqara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Eyni zamanda rəyin əsaslandırıcı hissəsində ekspert qeyd etmişdir ki, iribuynuzlu heyvanlar yola çıxan anda 90 km/saat sürətlə hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil ilə heyvanlar arasında 20 metr məsafə olmuşdur. Qeyd edilir ki, 90 km/saat sürətlə hərəkət edən avtomobilin 20 metr məsafəni qət etməsinə sərf olunan vaxt 0,8 saniyədir. Həmin vaxt (0.8 san) ərzində isə, yəni 20 metr məsafədə 90 km/saat sürətlə hərəkətdə olan avtomobilin dayandırılması mümkün deyildir. Ona görə də, iri buynuzlu heyvanlar yola çıxan anda “Hyundai Sonata” markalı avtomobillə heyvanlar arasında 20 metr məsafə olması şəraitində avtomobilin sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini hesabat aparmaqla tədqiq etməyə lüzum yoxdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-88/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyana görə 8954 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin hallarından, o cümlədən, ekspert rəyindən müəyyən edilir ki, avtomobil 90 km/saat sürətlə hərəkətdə olmuş, onun hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməmiş, bu zaman onun yolu qarşısına 20 metr məsafədə inəklər çıxmış, avtomobil ilə heyvanlar arasında 20 metr məsafənin olmasına görə, 90 km/saat sürətlə hərəkətdə olan avtomobilin 20 metr məsafədə dayandırılması mümkün olmamışdır. Apellyasiya baxışında dindirilmiş ekspert göstərilən vəziyyətdə sürücünün yolhərəkəti qaydalarının tələblərini pozmadığını, həmçinin avtomobili saxlamağa texniki cəhətdən imkanının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsindəki izahatında iddiaçının yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etdiyini, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyini, sonuncunun ona məxsus 2 baş iribuynuzlu heyvanı vurub öldürməklə ona maddi ziyan vurduğunu, özünə məxsus heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçirdiyini, hadisədə onun heç bir günahının olmadığını bildirsə də, işin hallarından cavabdehin ona məxsus heyvanları müəyyən edilmiş yerdən keçirdiyi müəyyən edilməmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, sözügedən iribuynuzlu heyvanların sahibi olan cavabdeh mal-qaranı yola nəzarətsiz buraxmış, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmişdir. Mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qalması, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, malqaranı sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yollarınbu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (bundan sonra – İXM) nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İddiaçının polis orqanları tərəfindən inzibati məsuliyyətə cəlb edilməməsi, yaxud inzibati qaydada cərimələnməməsi, onun hüquqazidd hərəkətinin (hərəkətsizliyinin)olmaması, inzibati xəta (delikt) törətməsi faktını istisna edən hal kimi qiymətləndirilməməlidir. İddiaçının avtomobilinə zərər vurulması aşkardır, həmin zərər cavabdehinhüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuşdur, sonuncunun qanunazidd hərəkətsizliyi ilə bu hərəkətsizliyin nəticəsi arasında səbəbli əlaqə vardır. İddiaçının avtomobilinə ziyan vurulması, ziyanın cavabdeh tərəfindən vurulması, sonuncunun hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Cavabdeh tərəf vurulmuş ziyanın miqdarı ilə bağlı etiraz bildirməmişdir. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21, 1097-ci maddələrinə, İXM-in 338-ci maddəsinə, MPM-in 77-ci maddəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Cavabdeh vəkili Vəkil1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2094/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Z.Babayev və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-88/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilib-törədilmədiyinin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin vəzifəsidir. Həmçinin törədilməsi müəyyən edilən mülki hüquq pozuntusunun eyni zamanda cinayət və ya inzibati xəta tərkibi yaratması da istisna deyil. Lakin mülki icraat qaydasında işə baxan məhkəmənin cinayət-mühakimə icraatı və ya inzibati xətaya dair icraat qaydasında qəbul edilmiş müvafiq məhkəmə aktı olmadan şəxsin hər hansı cinayət əməli və ya inzibati xəta törətməsi barədə nəticəyə gəlməsiMPM-in 81-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olanişin halları başqa sübutlarla təsdiq oluna bilməz, lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələbinə zidd olaraq cavabdehin əməlinin İXM-in 338.5.1, 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olduğu barədə qənaətə gəlmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə mövqeyini cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərar və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 8/2948 nömrəli ekspert rəyi ilə əsaslandırmışdır. Eyni zamanda, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərar da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 iyul 2021-ci il tarixli, 8/1217 saylı rəyinə istinadla əsaslandırılmışdır. Eyni ekspert (Hikmət İbişov) tərəfindən verilmiş hər iki rəyoxşar məzmunlu olmuş, rəylərin nəticə hissəsində iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. İkinci rəydə isə əlavə olaraq qeyd edilmişdir ki, mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və yaməhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılantədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12). Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində digər məsələlərlə yanaşı, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir (maddə 26). Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut qismində istinad olunmuş rəyin nəticə hissəsində qoyulan sualların tədqiq olunmasına zərurət olmadığı və ekspertin səlahiyyətinə aid olmadığı qeyd edilmiş, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinin tələblərinə uyğun hər hansı nəticə ifadə edilməmişdir. Rəyin nəticə hissəsində qeyd olunanlar istinad edilən Qanunun 12-ci maddəsinə əsasən əslində ekspertin rəy verməkdən imtina etdiyi barədə qənaətə gəlmək üçün əsas verir. Buna baxmayaraq, apellyasiya baxışı zamanı dindirilmiş ekspert rəydən kənara çıxaraq, ekspert qarşısında qoyulmuş suallara mahiyyəti üzrə cavab vermişdir. Halbuki MPM-in 205.1-ci maddəsinə əsasən ekspertə suallar onun rəyini aydınlaşdırmaq və tamamlamaq üçün verilə bilər. Ekspert rəy verməkdən imtina etdiyi halda isə ekspertin dindirilməsinin məqsədi qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarlayanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır, lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan hüquq normalarına zidd olaraq ekspertin mahiyyətcə rəy verməkdən imtina edilməsi barədə mövqeyi mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübut əsasında işin hallarını müəyyən etmişdir. Qeyd olunanlarla yanaşı, işə birinci instansiya məhkəməsində baxılarkəncavabdeh iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, hadisə ilə bağlıinzibati xətaya dair məsuliyyətə cəlb olunmayıb, hadisənin baş verdiyi yerdə mal-qara keçidi üçün yol qoyulmayıb və bu səbəbdən də bütün kənd sakinləri məcbur olaraq həmin yol vasitəsilə mal-qaranı örüşə aparır və bu vəziyyəti bütün sürücülər nəzərə alır. Yolun hadisə baş verən hissəsində piyada və mal-qara keçidi yol nişanları var, həmin ərazidə hərəkət sürəti 60 km/saatdan çox ola bilməz. Cavabdeh etirazını təsdiq etmək üçün məhkəməyə fotoşəkillər, sxemlər təqdim etmişdir, lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə qiymət verməmiş, onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Halbuki MPMin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində İİ icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin hərəkətlərində maddi ziyan vurulması ilə nəticələnən, mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozan əməl açıq-aşkar göründüyü halda birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cavabdehin inzibati məsuliyyətə cəlb edilməklə yeni qərarın qəbul edilməsi barədə şikayət ərizəsinin nəticəsini gözləmək məqsədilə iş üzrə icraat dayandırılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(017)-181/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə vəya qərardadda əsaslandırılmalıdır. Maddə 205.1.Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda sadalananlara əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 9/2560 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8954 manat, istifadəyə yararlı avtomobilin 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 17.000 manat müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 8/1217 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə avtomobilin sürücüsü iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 8/2948 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə avtomobilin sürücüsü iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Mövcud metodikanın tələblərinə əsasən mal-qara ötürənlər məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli, 8/2472 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə, sürücü İddiaçı hərəkəti üçün təhlükəni keçməmüddəti hətta onun avtomobilinin tormoz sisteminin işə düşməsi üçün lazım olan vaxtdan kiçik olduğundan “Hyundai Sonata” markalı avtomobilinin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar digər texniki hesablamalarla tədqiqat aparmağa lüzum yoxdur, mövcud vəziyyətdə İddiaçı hadisənin qarşısının almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, iş materialına əlavə edilmiş vərəq 48-50-də və vərəq 134-də olan fotoşəkillərdə və sxemlərdə qeyd olunan şəraitdə hadisə yerində icazə verilən maksimum sürət həddi 90 km/saatdır. Hadisə yerinə çatmamış 1.24 “Mal-qara keçidi”, daha sonra 1.20 “Piyada keçidi” yol nişanlarının olması iş materialına əlavə edilmiş vərəq 48-50-də və vərəq 134-də olan fotoşəkillərdə və sxemlərdə olan məlumatlardır. Lakin hadisə yerində həmin yol nişanlarının olub-olmamasının müəyyən edilməsi yol-nəqliyyat hadisələrinin ekspertin səlahiyyətinə aid deyildir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəmə sorğusuna 27 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, R-32 Ucar-Zərdab-Ağcabədi respublika əhəmiyyətli avtomobil yolu yenidən qurularaq 2021-ci ilin fevralında istismara verilmiş və bu səbəbdən də yol yenidən qurulduğu üçün yol nişanları ilə təchiz olunmuşdur. Hazırda sözügedən avtomobil yolunun Ağcabədi-Zərdab istiqaməti üzrə 23-cü km sahəsində inşa olunmuş yeraltı heyvan keçidi üçün yol üzərində mal-qara keçidi nişanı mövcuddur. Yolun həmin sahəsi yaşayış sahəsini əhatə etmədiyini və orada avtobus dayanacağı yerləşmədiyini nəzərə alaraq piyada keçidi üçün yol nişanı quraşdırılmamışdır. Məktuba əlavə olunmuş fotoşəkillərdə yeraltı heyvan keçid və üzərindəki yolda malqara keçidi nişanı göstərilmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir. Səbəbli əlaqə dedikdə, həyat təcrübələrinə görə bir əməlin hadisələrin normal axışında meydana gətirə biləcəyi zərərlərlə olan məntiqi əlaqə zənciri başa düşülür. Məntiqi əlaqə zənciri (bağı) içərisində bir səbəbin zərəri meydana gətirməyə uyğun bir səbəb olub-olmadığı araşdırılmalıdır. Zərərlə əməl arasında uyğun səbəbli əlaqə bağının varlığını qəbul edə bilmək üçün həyat təcrübələrinə görə hadisələrin normal axışında əməlin bu zərəri meydana gətirə biləcəyi nəticəsinə gəlmək lazımdır. Bu zaman önəmli olan, əməli törədən şəxsin nəticələri əvvəlcədən görə bilməsi deyil, obyektiv olaraq hərəkətin həmin zərəri (nəticəni) meydana gətirə biləcəyinin hadisələrin normal axışına görə qəbul edilməsidir. Hazırkı işdə iddiaçıya maddi zərər dəyməsində cavabdehin təqsirli olması öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi müəyyən olunmur. Belə ki, onun cinayət əməli və ya inzibati xəta törətməsi barədə məhkəmə qərarı yoxdur. Digər tərəfdən, cavabdeh də iddiaya etirazında göstərmişdir ki, hadisə ilə bağlıinzibati xətaya dair məsuliyyətə cəlb olunmayıb, hadisənin baş verdiyi yerdə mal-qara keçidi üçün yol qoyulmayıb və bu səbəbdən də bütün kənd sakinləri məcbur olaraq həmin yol vasitəsilə mal-qaranı örüşə aparır və bu vəziyyəti bütün sürücülər nəzərə alır. Yolun hadisə baş verən hissəsində piyada və mal-qara keçidi yol nişanları var, həmin ərazidə hərəkət sürəti 60 km/saatdan çox ola bilməz. Cavabdeh etirazını təsdiq etmək üçün məhkəməyə fotoşəkillər, sxemlər təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(017)- 181/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli və 21 avqust 2023-cü il tarixli bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri, hər bildirişdə 85 manat göstərilməklə cəmi 170 (yüz yetmiş) manat təşkil etmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunмаması nəticəsinə gəlindiyindən iş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyərini təşkil edən 170 (yüz yetmiş) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTKEAZ22 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(017)-181/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 170 (yüz yetmiş) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTKEAZ22 hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar