Məhkəmə qərarları › İş №2(106)-1232/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1232/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1232/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4770 manat pulun və dövlət rüsumu kimi ödənilmiş məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(020)-925/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 4,770 (dörd min yeddi yüz yetmiş) manat məbləğində pul vəsəaiti və ödənilmiş 67,70 (altmış yeddi manat 70 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(020)-925/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərədə tutulmuş prosessual müddətin buraxılmasını üzrlü hesab edərək, müddəti bərpa edib, mülki işi apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadını ləğv edərək, Beyləqan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(020)-925/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək müddəti bərpa edib, apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4770 manat pulun və dövlət rüsumu kimi ödənilmiş məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsi özünün 11 sentyabr 2024-cü il tarixli, 2(020)-925/2024 nömrəli qətnaməsi ilə iddianı təmin etmişdir. Həmin qətnamə ona göndərilməmiş, qətnamənin varlığından Beyləqan rayon İcra və Probasiya şöbəsindən ona zəng edildikdən sonra məlumatı olub və qətnaməni vəkillə müqavilə bağladıqdan sonra vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabineti vasitəsi ilə götürmüşdür. Beyləqan Rayon Məhkəməsində həmin qətnamənin ona çatdırılması ilə bağlı hər hansı bir sübut varsa da, ona məxsus deyil və həmin sənəd ona çatdırılmamışdır. Poçt xəbərnaməsindəki imza da ona məxsus deyil.Həmin qətnamədən apellyasiya şikayəti verərək, eyni zamanda, müddətin bərpası barədə ərizədə vermişdir. Beyləqan Rayon Məhkəməsi özünün xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edərək, apellyasiya şikayətini geri qaytarmışdır. O, hesab edir ki, Beyləqan Rayon Məhkəməsi qətnamənin apellyasiya qaydasında ləğv olunacağından ehtiyat edərək əsassız olaraq, müddətin bərpasından imtina etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və iş materialları Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan poçt göndərişlərinin verilməsi barədə xəbərnamədən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(020)-925/2024 nömrəli qətnaməsi poçt vasitəsilə Cavabdeh 18 oktyabr 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini “qətnamənin onun çatdırılmaması” ilə əsaslandırsa da, ərizəsinə həmin xüsusatları təsdiq edən sübutlar əlavə etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni hazırkı əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci mаddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası iş materiallarına baxaraq müəyyən etmişdir ki, işdə olan poçt xəbərnaməsində cavabdehin Beyləqan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(020)-925/2024 nömrəli qətnaməsini xx.xx.2024-cü il tarixdə poçt qəbzinə imza atmaqla aldığı qeyd edilsə də, Cavabdeh şikayət ərizəsində bildirmişdir ki, həmin qətnamə ona göndərilməmiş, qətnamənin varlığından Beyləqan rayon İcra və Probasiya şöbəsindən ona zəng edildikdən sonra məlumatı olub və qətnaməni vəkillə müqavilə bağladıqdan sonra vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabineti vasitəsi ilə götürmüşdür. Xəbərnamədəki imza isə ona məxsus deyil.Beyləqan Rayon Məhkəməsində həmin qətnamənin ona çatdırılması ilə bağlı hər hansı bir sübut varsa da, ona məxsus deyil və həmin sənəd ona çatdırılmamışdır. Qeyd edilməlidir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Burada əsas məsələ rəsmi qaydada verilmə tarixidir. Bu tarix müddətin başlanğıc nöqtəsidir. Beləliklə, məhkəmə və tərəflər üçün əhəmiyyətli olan bu prosessual müddətin düzgün müəyyənləşdirilməsi vacibdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadı ləğv edilməli, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə araşdırılaraq hüquqi qiymət verilməli, poçt xəbərnaməsindəki imzanın həqiqətən də cavabdeh tərəfindən icra edilib-edilməməsi yoxlanılmalı, zərurət olduqda bu məqsədlə müvafiq ekspertiza təyin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(020)-925/2024 nömrəli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş materialları yuxarıda qeyd olunanların araşdırılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar