Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1233/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusundan irəli gələn maddi ziyan tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı 5475 manat məbləğində maddi ziyan və 75 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5475 manat məbləğində maddi ziyan və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Lənkəran rayonun Separadi kəndində kənd təsərrüfatı malları istehsal etməklə məşğul olur, fermerdir. Onun həm Separadi kəndində, həm də Xarxatan kəndi ərazisində torpaq sahələri vardır. 2022-ci ilin sentyabr ayında Lənkəran rayonun Xarxatan kəndində yerləşən torpaq sahəsində olarkən orada sonradan adını bildiyi hazırki iş üzrə Cavabdeh ilə rastlaşmış və söhbət zamanı Elvir özünə məxsus olan 5 hektar torpaq sahəsini Lənkəran rayonunun Sinovli kəndində çay sahəsi salmış Murad adlı şəxsə 20000 manata satmağa razı olduğunu bildirmişdir. Lakin Muradın hazırda həmin məbləğdə pulu olmadığına görə həmin torpaq sahəsini ala bilməmiş, əgər istəyirsə daha ucuz qiymətə torpağı ona sata biləcəyini demişdir. Elvirin dediyi torpaq sahəsi onun torpaq sahəsinə bitişik olduğuna görə həmin torpaq sahəsini almaq istəmiş və həmin sahəni 16500 manata almaq barədə Elvirlə razılığa gəlmişlər. Həmin vaxt onda pul olmadığına görə Elvirə pulu verə bilməmiş, 1-2 gün keçəndən sonra Elvir ona zəng edərək torpağın pulunu yaxın vaxtda verməzsə həmin torpağı Şağlaser kənd sakini Davud adlı şəxsə satacağını bildirmişdir. O da özündə o qədər pul olmadığından "xxxx" ASC-dən 14.09.202-ci il tarixdə 15000 manat kredit götürmüş, həmin kredit müqaviləsinə anası Cavahir və həmkəndlisi Rəhim Məmmədov zamin durmuşlar. Bank tərəfindən cəmi 15000 kredit götürmək üçün həmin məbləğin nağdlaşdırılması üçün 300 manat komissiyon tutulmaqla 14700 manat nağd pul ona verilmişdir. Həmin pulu bankdan götürəndən sonra üzərində olan pulu da həmin pulun üstünə qoyub 15700 manat pulu Cavabdeh vermişdir. xx.xx.2022-ci il tarixdə Elvir yenidən ona zəng edərək qalıq pulu da ona verməyini bildirmiş və o da Elvirin ona verdiyi **********944739 saylı plastik kart hesabına Lənkəran rayonunun Şağlaser kəndində yerləşən marketlərin birində olan milliön ödəniş terminalı vasitəsilə 800 manat da ödəmiş, bundan sonra dəfələrlə Elvirdən torpağın onun adına sənədləşdirilməsini tələb etsə də, Elvir hər dəfə müxtəlif bəhanələr gətirərək nə torpağın sənədini vermiş, nə alqı-satqı müqaviləsi bağlamış, nə də ondan aldığı pulu geri qaytarmamışdır. O, Cavabdeh ilə danışaraq onun barəsində şikayət edəcəyini bildirmiş və həmin vaxt o torpaq sahəsinin ona məxsus olmadığını, Bakı şəhər sakini olan İftixar adlı şəxsə məxsus olduğunu bildirmiş və sonra da ondan aldığı pulu artıq xərclədiyini demişdir. Sonra onun barəsində ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, həmin torpaq sahəsi Şağlaser Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi İftixara 2067-ci ilədək icarəyə verilmişdir. Araşdırma nəticəsində qeyd etdiyi hallar şahid ifadələri ilə bir daha təsdiq olunmuşdur. Lakin həmin araşdırmanın nəticəsi olaraq Elvirin barəsində cinayət işi başlanılmamış, cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Elvin Nəhmətzadə tərəfindən qərar qəbul edilmişdir. Həmin vaxt Cavabdeh ona vurduğu ziyanı tam ödəməmiş, yamız 15000 manat verə biləcəyini qeyd etmişdir. Lakin bununla razılaşmayaraq nağd aldığı 16500 manat pulu tam ödəməsini, kredit götürməsi ilə bağlı olaraq komissiyon xərci kimi ondan tutulmuş 300 manat pulu, 24 ay müddətində 1500 kreditə 24 ay müddətində ödədiyi kreditə hesablanmış 3675 manat faiz və 1500 manat da özündə olan nağd pulu qaytarmaq istəməmişdir. Yalnır 15000 manat pulu prokurorluğun depozit hesabına qoymuşdir. 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün həmin məbləğ ailə üzvləri tərəfindən qəbul edilməsi və maddi imkanlarının olmaması bildirildiyindən saxlanıldığı Bakı İstintaq Təcridxanasından ərizə ilə prokurorluğa etdiyi müraciətinə əsasən vəkili Əbdülhəsən Əzimov tərəfindən depozit hesabdan 15015 manat pul götürülərək ailə üzvlərinə verilmişdir. Ümumilikdə isə Cavabdeh tərəfindən ona 20490 manat ziyan vurulmuş, həmin məbləğ Lənkəran ŞRPŞnin İB-nin baş müstəntiqi polis mayoru Elvin Nəhmətovun icraatında olmuş HK/1-970 saylı material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə də bir daha təsdiq edilmiş, həmin məbləğdən 15015 manat ödənilsə də, ödənilməmiş qalan 5475 manat pulun Cavabdeh mülki qaydada tələb etmək hüququ həmin qərarla ona izah edilmişdir. Həmin qərar qanuni qüvvəsini almış, qərardan şikayət verən olmamışdır. Hazırki iş üzrə Cavabdeh ona vurduğu maddi ziyan olan 5475 manat pulu könüllü şəkildə ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona özünə məxsus torpaq sahəsini satmaqla razılaşsa da, sonradan məlum olmuşdur ki, əslində onun satdığı torpağın mülkiyyətçisi heç özü deyil, başqa şəxsdir. Bu barədə pulu cavabadehə verdikdən sonra məlumatlı olmuşdur. O, Cavabdeh nağd qaydada pul verərkən yanında taksi sürücüsü də olmuşdur. Onu aldadaraq aldığı pulu müxtəlif bəhanələr gətirərək geri qaytarmadığı üçün cavabdeh barəsində şikayət etməli olmuşdur. Onun barəsində araşdırma aparıldığı vaxt özü həbsdə olduğu üçün vəkili tərəfindən cavabdehin ödədiyi 15000 manat pul bank hesabından götürülərək ailəsinə verilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda Cavabdeh hazırda ona olan 5474 manat pul borcunu mülki qaydada tələb edə bilməsi göstərilmiş və o da həmin qərara istinad edərək məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, təxminən iki il əvvəl İddiaçı ilə söhbət zamanı ona torpaq sahəsi lazım olduğunu dediyi üçün o da aralarında olan razılığa əsasən ona yaxın dostunun torpaq sahəsini satmağa razılaşmışdır. Həmin torpaq sahəsi dostuna məxsus olsa da ona tapşırılmışdır. İddiaçı onu həbs etdirəcəyi ilə hədələdiyi, müxtəlif səbəblər gətirərək onu narahat etdiyi üçün məcbur olub torpağı ona satmışdır. Belə ki, iddiaçı mübahisəyə zəmin yaratmaq üçün dəfələrlə özünə məxsus malqaranı həmin torpaq sahəsinə salmış, bu isə dəfələrlə dəmir hasarın qırılmasına səbəb olmuş və sonra da ondan müxtəlif dövlət orqanlarına şikayət edəcəyini demişdir. O, həmin torpağı satacağı üçün elə İddiaçı ilə razılaşmış, İddiaçı da ilk olaraq ona 14200 manat pul vermiş, üç gün sonra isə 800 manat pulu onun kart hesabına köçürmüşdür. Hazırda isə tələb etdiyi məbləğ əslində ona ödənilən məbləğdən daha çoxdur. İddiaçı bankdan kredit götürdüyü üçün ona ödədiyi cəmi 15000 manat məbləğdən daha çox tələb edir. O, həmin məbləğ üzərinə faiz hesablayıb ondan daha çox məbləğdə pulu qaytarmağı istəyir. Onun İddiaçı satmağa razılaşdığı torpaq sahəsi özünə məxsus olmasa da, yaxın tanışına məxsus olmuş və həmin şəxsin razılığı ilə torpağı satmaq istəmişdir. İddiaçı həmin torpağı almasaydı, başqa şəxsə satacaqdı. Bundan başqa o, iddiaçıya torpaq sahəsini onun özünün istəyi və razılığı ilə satmış, onu torpaq almağa məcbur etməmişdir. O, İddiaçı aldığı 15000 manat pulu ondan şikayət etdiyi vaxt qaytarmışdır. İddiaçı ona pul verərkən və aralarında torpaq alqısatqısı barədə razılaşarkən onların söhbətində iddiaçını gətirən taksi sürücüsü iştirak etməmişdir. Sürücü onu gətirsə də, onlardan xeyli uzaqda qalmış və onların danışığında iştirakçı olmamışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə hazırlıq iclasında iddia tələbinə dair sübut təqdim edəcəyini bildirsə də, məhkəməyə hər hansı sübut, etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elvin Ələsgərov), iddianın təmin edilməsi, Cavabdeh 5475 manat və dövlət rüsumuna görə ödənilmiş 75 manat məbləğində pulun alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İdddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkili Vəkil apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- cavabdeh tərəfindən iddiaçıya maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materaiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında HK1/970 saylı toplanmış araşdırma materialı üzrə Cavabdeh barəsində cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı hesabında olan Azərbaycan Respublikası Beynəlxalq Bank ASCnin Lənkəran filialında olan ******************** saylı hesaba əsasən 15015 manat pul onun müdafiəçisi X4 verilmiş, İddiaçı 5475 manat pul tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ********** nömrəli ƏMDK yanında DƏRRXnin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, Lənkəran rayon Şağlaser bələdiyyəsi Lənkəran rayonu Xarxatan kəndi ərazisində 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2018-ci il tarixli 3M-261 saylı icarə müqaviləsi əsasında X3 xx.xx.2018-ci ildən xx.xx.2067-ci il tarixədək icarəyə vermişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestində 157 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixli 707micLKN/22 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı həmin tarixdə 14700 manat məbləğində kredit verilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli 707micLKN/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, kredit alan İddiaçı 24 ay müddətində xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2024-cü il tarixədək götürdüyü 15000 manat kredit üçün cəmi 18675.90 manat məbləğində (3675.90 manat faiz) hesablanmış borcu banka qaytarmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə 800 manat pul məbləği AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi sahibinin hesabına ödənilmişdir. İş materiallarında olan AZEMİS EMİS-dən müəyyən edilir ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət üçün 75 manat dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, aralarında olan razılaşmaya görə İddiaçı 2022-ci il tarixdə Lənkəran rayonu Xarkatan kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsi almaq məqsədi ilə Cavabdeh cəmi 15000 manat ödəmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, xx.xx.2018-ci il tarixli ********** nömrəli ƏMDK yanında DƏRRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Lənkəran rayon Şağlaser bələdiyyəsi tərəfindən sözü gedən Lənkəran rayonu Xarxatan kəndi ərazisində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2018- ci il tarixli 3M-261 saylı icarə müqaviləsi əsasında X3 xx.xx.2018-ci ildən xx.xx.2067-ci il tarixədək icarəyə verdiyi məlum olmuşdur. İddiaçı cavabdehlə arasında olan razılaşmanın baş tutmayacağından əmin olub ona verdiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh qanuni və hüquqi əsas, yəni daşınmaz əmlak obyekti olan torpaq sahəsinin alqı-satqısı barədə notarial qaydada müqavilə olmadan iddiaçıdan aldığı pulu qaytarmaqdan yayınmış və İddiaçı da Cavabdeh Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. İddiaçı şikayət ərizəsi əsasında HK-1/970 saylı toplanmış araşdırma materialı üzrə Cavabdeh barəsində cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilərək İddiaçı hesabında olan Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-nin Lənkəran filialında olan ******************** saylı hesaba əsasən 15015 manat pul onun müdafiəçisi X4 verilmiş, İddiaçı 5475 manat pul tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Həmin qərarda cavabdeh izahatında Lənkəran rayonu Şağlaser X1 xx.xx.2018-ci ildən xx.xx.2067-ci il tarixədək icarəyə verdiyi Lənkəran rayonu Xarxatan kəndi ərazisində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçıya satdığını etiraf etmişdir. Cavabdeh hal-hazıra qədər iddiaçıya 5475 manat borcunu könüllü qaytarmadığı üçün iddiaçı da məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən İddiaçı ziyan vurulması ilə bağlı işin faktiki hallarını düzgün müəyyən etsə də vurulmuş zərərin məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 707micLKN/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, kredit alan İddiaçı 24 ay müddətində xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2024-cü il tarixədək götürdüyü 15000 manat kredit üçün cəmi 18675.90 manat məbləğində (3675.90 manat faiz) hesablanmış borcu banka qaytarmalıdır. Göründüyü kimi iddiaçı cavabdehdən yalnız götürdüyü kredit müqaviləsinə görə əlavə ödədiyi 3675.90 manatı tələb edə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh 3675.90 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda iddianın qiyməti beş min manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1464/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 3675.90 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1233/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1233/2025
18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver