Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1235/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi İddiaçı, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7.000 (yeddi min) ABŞ dolları məbləğində pulun, 1.000 (bir min) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8.000 (səkkiz min) ABŞ dollarının, eləcə də dövlət rüsumu kimi ödədiyi 131 (bir yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh uzun müddətdir ki, çörək satışı ilə məşğul olan şəxs kimi tanıyır. ‘Texnika Bank” ASC-nin Həyat filialında işlədiyi müddətdə cavabdeh bankın müştərisi olmuşdur. Mütəmadi olaraq bankdan işləri ilə bağlı kredit götürmüşdür. 2015-ci ildə cavabdeh kredit üçün filiala müraciət etmiş, lakin adında gecikmələr olduğu üçün kredit götürə bilməmişdir. Bu zaman cavabdeh işləri ilə bağlı ondan 10.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. Cavabdeh axırıncı dəfə ona aldığı borcdan 2022ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Ümumiyyətlə 2016-2022-ci illər ərzində cavabdeh aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytarmışdır. Lakin qalan 7.000 ABŞ dollarını dəfələrlə ondan tələb etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirirək ona indiyədək qaytarmamışdır. O, 2023-cü ilin axırlarında məcburiyyət qarşısında qalaraq cavabdehin barəsində tədbir görülməsindən ötrü Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində araşdırma zamanı verdiyi izahatında ondan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Buna baxmayaraq yenə də cavabdeh ondan aldığı pulu qaytarmaq istəmir. Cavabdeh ondan aldığı pulu vaxtında qaytarmış olsaydı, o, həmin pulu banka depozit qoymaqla daha çox gəlir əldə etmiş olardı. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmədə izahat verərək göstərdi ki, o, "xxxx" MMC-nin direkoru işləmişdir. O, Müdafiə Nazirliyinə tender əsasında çörək vermiş, həmçinin Cəlilabad rayonunda çörək satışı ilə məşğul olmuşdur. O, İddiaçı 2012-ci ildən «Texnika Bank»da kredit şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtdan tanıyır. İşi ilə bağlı bankda hesabı olmuş, İlkin ilə həmin vaxtlardan münasibəti yaranmışdır. O, həmişə İlkindən 10.000 dolları məbləğində pulu faizlə götürüb qaytarmışdır. Sonuncu dəfə 2014-ci ildə İlkindən 10.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin puldan 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalivasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. Sonda o, İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul vermişdir. Onun hazırda iddiaçıya 700 manat məbləğində borcu qalmışdır. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmədə izahat verərək göstərmişdir ki, iddiaçı 2013-cü ilin mart ayında cavabdehə sələm olaraq 10.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh də iddiaçıdan aldığı pulları 2015-ci ilin may ayınadək olan müddətə qədər faiz də hesablanmaqla ona qaytarmışdır. Cavabdehin iddiaçıya hazırda 700 manat borcu qalmışdır. İddiaçının tələbi qərəzli və əsassızdır. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, cavabdehlə iddiaçı arasında olan borc münasibətləri 2015-ci ilin may ayında başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı və cavabdehi rayon sakinləri kimi tanıyır. Təxminən 2 il bundan əvvəl, yəni 2022-ci ilin yanvar ayının əvvəli İddiaçı onun taksi kimi fəaliyyət göstərdiyi maşınına əyləşərək Cavabdeh məxsus çörəkbişirmə sexinin yanına gəlmişlər. Həmin vaxt cavabdeh iddiaçıya yaxınlaşaraq aralarında pul söhbəti etmişlər. Sonra İddiaçı Cavabdeh hansısa məbləğdə pul almış və maşına oturub oradan getmişlər. a) Birinci instansiya məhkəməsində icraat; Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi (hakim: Vüsal Cəbaryılov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 7.000 (yeddi min) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnəsi ilə) alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin əldən çıxmış fayda hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Ağayev X2 Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (Hüquq münasibəti baş verən vaxt qüvvədə olan qanun) 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etməktələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini-cavabdehin iddiaçıdan sonuncu dəfə aldığı borca görə 500 dollar qaytarması və buna görə də iddia müddətinin keçməməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində, iddia müddəti keçdiyi halda məhkəmənin iddia müddətinin tətbiq edilməməsi barədə mövqeyinin qanunsuz olduğunu bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsini qaçılmaz etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X1rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisənin işin həqiqi hallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı iddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, Cavabdeh uzun müddətdir ki, çörək satışı ilə məşğul olan şəxs kimi tanıyır. ‘Texnika Bank” ASC-nin Həyat filialında işlədiyi müddətdə cavabdeh bankın müştərisi olmuşdur. Mütəmadi olaraq bankdan işləri ilə bağlı kredit götürmüşdür. 2015-ci ildə cavabdeh kredit üçün filiala müraciət etmiş, lakin adında gecikmələr olduğu üçün kredit götürə bilməmişdir. Bu zaman cavabdeh işləri ilə bağlı ondan 10.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. Cavabdeh axırıncı dəfə ona aldığı borcdan 2022-ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Ümumiyyətlə 2016-2022-ci illər ərzində cavabdeh aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytarmışdır. Lakin qalan 7.000 ABŞ dollarını dəfələrlə ondan tələb etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirirək ona indiyədək qaytarmamışdır. O, 2023-cü ilin axırlarında məcburiyyət qarşısında qalaraq cavabdehin barəsində tədbir görülməsindən ötrü Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində araşdırma zamanı verdiyi izahatında ondan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Buna baxmayaraq yenə də cavabdeh ondan aldığı pulu qaytarmaq istəmir. Cavabdeh ondan aldığı pulu vaxtında qaytarmış olsaydı, o, həmin pulu banka depozit qoymaqla daha çox gəlir əldə etmiş olardı. Cavabdeh iddiaya münasibətindən məlum olur ki, o, "xxxx" MMC-nin direkoru işləmişdir. O, Müdafiə Nazirliyinə tender əsasında çörək vermiş, həmçinin Cəlilabad rayonunda çörək satışı ilə məşğul olmuşdur. O, İddiaçı 2012-ci ildən «Texnika Bank»da kredit şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtdan tanıyır. İşi ilə bağlı bankda hesabı olmuş, İlkin ilə həmin vaxtlardan münasibəti yaranmışdır. O, həmişə İlkindən 10.000 dolları məbləğində pulu faizlə götürüb qaytarmışdır. Sonuncu dəfə 2014-ci ildə İlkindən 10.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin puldan 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalivasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. Sonda o, İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul vermişdir. Onun hazırda iddiaçıya 700 manat məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırarkən müəyyən etmişdir ki, Cavabdeh işləri ilə bağlı İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2015ci ildə 10.000 ABŞ dolları məbləğindən pul istəmişdir. İddiaçı cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. 2016-2022- ci illər ərzində cavabdeh aldığı puldan hər il 500 ABŞ dolları olmaqla ona 3.000 ABŞ dolları qaytarmışdır. Lakin, cavabdeh qalan 7.000 ABŞ dollarını dəfələrlə tələb etməyinə baxmayaraq qaytarmamışdır. İddiaçı bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatında iddiaçıdan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə, həmçinin iddiaçının özünün polis idarəsində aparılan təhqiqat zamanı verdiyi izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh axırıncı dəfə iddiaçıya olan borcundan 500 ABŞ dollarını 2022-ci ilin yanvar ayında qaytarmışdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddia müddətinin keçməsi və bu əsasla mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə vəsatətinə qiymət verərək hesab edir ki, indiki halda tərəflər arasında mövcud mübahisə ilə bağlı iddia müddəti ötürülməmişdir və bu səbəbdən də həmin vəsatət əsaslı hesab edilə bilməz. İndiki halda cavabdeh 2022-ci ilin yanvar ayında borcunun etiraf edilməsini göstərən hərəkət edərək iddiaçıya 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Onun bu hərəkəti ilə iddia müddətinin axımı kəsilmiş və həmin vaxtdan etibarən yenidən hesablanmağa başlanmışdır. Belə olan halda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsi məhkəmənin iddianı təmin etməməsi barədə qərar çıxarması üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə maddi hüquq normalarını işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş, nəticədə cavabdehin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırkı işin faktiki hallarından da görünür ki, iddiaçı cavabdehə 10.000 ABŞ dolları borc verdiyini, cavabdehin axırıncı dəfə ona aldığı borcdan 2022-ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları məbləğində pul qaytardığını, ümumiyyətlə 2016-2022-ci illər ərzində cavabdehin aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytardığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid da iddiaçının dediklərinin təsdiqi kimi 2022-ci il yanvar ayında iddiaçı ilə cavabdehin görüşdüklərini və həmin vaxt cavabdehin iddiaçıya müəyyən məbləğdə pul verdiyini bildirmişdir. Cavabdeh isə ümumiyyətlə iddiaçının dediklərinin əksinə, 2014-ci ildə İlkindən 10.000 ABŞ dolları məbləğində faizə pul götürdüyünü etiraf etsə də, həmin puldan 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəniş etdiyini, sonra devalivasiya olduğu üçün qalan borcunu ödəyə bilmədiyini, sonuncu dəfə isə İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının və şahidin izahatlarını əsas götürərək, Mülki Məcəllənin 380.1-ci maddəsini tətbiq etməklə, cavabdehin 2022-ci ilin yanvar ayında borcunun etiraf edilməsini göstərən hərəkət, yəni iddiaçıya 500 ABŞ dolları məbləğində pul qaytarması qənaətinə gəlmiş və iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdən imtina etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbi baxımından iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutulmuşdur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi məhkəmənin borcun etirafı kimi istinad etdiyi şahid izahatı olmuş və həmin izahatda şahid cavabdehin 2022-ci ilin yanvar ayında cavabdehlə iddiaçının görüşdüyünü və həmin vaxt cavabdehin iddiaçıya pul verdiyini gördüyünü bildirmişdir. Lakin kollegiya bununla bağlı qeyd edir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti olduğundan müqavilə tərəfi olan borclunun irədəsindən kənar, yəni müddətin kəsilməsinə yönəlmiş borcun qaytarılmasına dair hər hansı hərəkət etmədiyi və bu barədə etirafı olmadığı halda məhkəmənin şahidin verdiyi izahat əsasında iddia müddətinin axımın kəsilməsi qənaətinə gəlməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin o, da qeyd olunmalıdır ki, iddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin qüvvədə olduğu vaxt ərzində baş verə bilər. Əgər iddia müddəti bitirsə, bitmiş müddətin kəsilməsi halı həmin müddət bitdikdən sonra belə baş verə bilməz. Hazır ki işdə də cavabdeh sonuncu dəfə 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul verdiyini bildirmiş, daha sonra isə devalivasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. Göründüyü kimi İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün 2015-ci ildə başlamışdır, yəni tərəflər arasında müqavilə tələbi üzrə iddia müddətinin axımı 2015-ci ildə cavabdehin sonuncu hərəkəti ilə başlamış və 2018-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi tərəflər arasında borc münasibətinin 2014-cü il tarixdə yaranmasına və 2018-ci ildə başa çatmasına baxmayaraq, iddia ərizəsi isə 09 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı ötmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddia müddəti ötürülmüşdür. Bu isə onu göstərir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda iddia müddətini ötürmüşdür. İddia müddətini keçməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul etməməklə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti əsaslı hesab edilərək təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1235/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1235/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver