Məhkəmə qərarları › İş №2(106)-1236/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1236/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1236/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin Sumqayıt filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, CC/06598/79/1 tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 19% olmaqla 30000 (otuz min) manat məbləğində kredit vermişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh Bankın xeyrinə 20308 (iyirmi min üç yüz səkkiz) manat, 85 qəpik əsas kredit borcu, 2465 (iki min dörd yüz altmış beş) manat, 60 qəpik faiz borcu, 1382 (bir min üç yüz səksən iki) manat, 25 qəpik cərimə olmaqla, cəmi 24156 (iyirmi dörd min bir yüz əlli altı) manat, 70 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 163 (bir yüz altmış üç) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 16 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, CC/06598/79/1 nömrəli kredit sazişinin (kredit müqaviləsi) ləğv edilməsi, Cavabdeh 20308 (iyirmi min üç yüz səkkiz) manat, 85 qəpik əsas kredit borcu, 2465 (iki min dörd yüz altmış beş) manat, 60 qəpik faiz borcu, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 22874 (iyirmi iki min səkkiz yüz yetmiş dörd) manat, 45 qəpik və ödənilmiş dövlət rüsumuna görə 140 (bir yüz qırx) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsində düzəliş edilmiş, qətnamənin giriş hissəsindən “sadələşdirilmiş icraat qaydasında” sözlərinin çıxarılaraq, qətnamənin nəticə hissəsinin 1-ci abzasında “iddia təmin edilsin” sözləri “iddia qismən təmin edilsin” sözləri ilə əvəz edilmiş, eləcə də qətnamənin nəticə hissəsinin 3-cü abzasına “iddia qalan hissədə təmin edilməsin” sözləri əlavə edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, hesablanmış cərimənin tamamilə silinməsi və hesablanmış faiz borcunun aşağı salınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Bank tərəfindən faiz və cərimə borcları şişirdilmişdir. Prosessualməsələlər İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də mahiyyətcə qətnaməni faiz və cərimə məbləğinə dair hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı Bank 10 fevral 2021-ci il tarixli, CC/06598/79/1 nömrəli kredit sazişinə əsasən hesablanmış borcunu vaxtından əvvəl tələb etmişdir. 11 dekabr 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh kredit sazişi üzrə banka 20308 (iyirmi min üç yüz səkkiz) manat, 85 qəpik əsas kredit borcu, 2465 (iki min dörd yüz altmış beş) manat, 60 qəpik faiz borcu, 1382 (bir min üç yüz səksən iki) manat, 25 qəpik cərimə olmaqla, cəmi 24156 (iyirmi dörd min bir yüz əlli altı) manat, 70 qəpik borcu vardır. 27 noyabr 2022-ci il tarixli bildirişlə Cavabdeh borcunun olduğu barədə məlumat verilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/7362 saylı ekspert rəyindən müəyyən edilir ki, hesabdan çıxarış məlumatları və 10 fevral 2021-ci il tarixli, CC/06598/79/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh Teyyub oğlunun 11 dekabr 2022-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 22384.34 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 19951.87 manat, faiz borcu üzrə 2432.47 manat. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh Teyyub oğlu tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 100 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfində qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən 100 manat məbləğində ödəniş nəzərə alınmadı. Qeyd edilir ki, 10 fevral 2021-ci il tarixli, CC/06598/79/1 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh Teyyub oğluna cərimə borcu hesablanmadı. İddiaçı Bank kredit razılaşmasının ləğv edilməsi və borcun ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddia aşağıdakılara əsasən keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh tərəf müqavilənin ləğvi və əsas borca dair hissədə qətnaməni mübahisələndirməmiş, cərimə borcu ilə razı olmadığını bildirmişdir. İş üzrə keçirilmiş ekspert rəyinə görə tələb edilən müddət üzrə faiz borcu 2432.47 manat müəyyən edilmişdir. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Cavabdeh apellyasiya şikayətində əsas borcu deyil, faiz borcunun düzgün hesablanmadığını qeyd etdiyindən, Kollegiya faiz borcunun dəyişdirilməsini mümkün sayır. Cərimə borcunun tutulması hissədə məhkəmə iddianı qismən təmin etmiş, cərimənin miqdarını 100 manat müəyyən etmişdir. Kollegiya cərimə məbləğinə dair hissədə məhkəmənin mövqeyi ilə razılaşır. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcuna dair hissədə dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən 2432.47 manat məbləğində faiz borcu alınıb iddiaçı ASC-nin xeyrinə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatına görə İddiaçı ASC-dən 70 manat, Cavabdeh 30 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(018)-186/2023 saylı qətnaməsi – faiz borcuna dair hissədə dəyişdirilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 2432.47 manat məbləğində faiz borcu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə İddiaçı ASC-dən 70 manat, Cavabdeh 30 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına köçürülsün. Mübahisələndirilən hissədə qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar