Məhkəmə qərarları › İş №2(106)-1236/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1236/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1236/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(056)-46/2022 saylı qərardadından (hakim A.İsmayılov) İddiaçı MMC tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək 21342 manat məbləğində vurulmuş maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsi ilə iddia tam təmin olunmuşdur. İş materiallarına əsasən cavabdehin qeydiyyat ünvanına göndərilən bildirişlər Bakı şəhərinə köçüb qeydi ilə qaytarılmış, yalnız 27 may 2022-ci il tarixli bildiriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən cavabdehə təqdim edilmişdir. 16 iyun 2022-ci il tarixli qətnamə SS802758197AZ kodlu sifarişli zərfdə cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilsə də, köçüb qeydi ilə məhkəməyə qaytarılmışdır. Qətnamə 1 avqust 2022-ci ildə icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzinə əsasən Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsi 20 fevral 2025-ci ildə Cavabdeh təqdim edilmişdir. 3 mart 2025-ci il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ona gec verilmişdir, qətnamənin surətini bir neçə gün bundan əvvəl almışdır. Özü İİ Qarabağ müharibəsi veteranıdır. Ayda 80 manat müavinət alır. Lakin bu günə kimə qətmamədən xəbəri olmamışdır. Müavinətindən fevral ayında 41 manat tutulduqdan sonra "xxxx" ASC-nin qaynar xəttinə zəng edib xəbər aldıqda ona bu barədə Sabirabad rayon İcra va Probasiya Şöbəsinə müraciət etməsini bildirmişdirlər. İcra və probasiya şöbəsinə müraciət etdikdən sonra barəsində məhkəmə qətnaməsinin olmasını bilmişdir. Həmin tarixə kimi isə gətnamədən ümumiyyətlə xəbəri olmamışdır. Buna görə də apellyasiya şikayəti verməsi üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsi barədə məhkəməyə müraciət etmiş və qətnaməni 20 fevral 2025-ci il tarixdə şəxsən qəbul etmişdir. Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(056)-46/2022 saylı qərardadı ilə cavbdeh X1 prosessual müddətin bərpasına dair ərizəsi təmin olunmuşdur. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamənin surəti tərəflərə poçt vasitəsilə göndərilsə də, gavabdeh X1 göstərilən ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Beləliklə Cavabdeh qətnaməni vaxtında almamışdır. Bundan başqa məhkəmə iclasında icra işi də nəzərdən keçirilərkən cavabdehin sözü gedən qətnamədən məlumatının olmadığı müəyyən edilmişdir. Qərardaddan İddiaçı MMC şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdehə məhkəmə qətnaməsi rəsmi qaydada göndərilmiş və cavabdeh həmin qətnamədən məlumatlı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətini verərkən, qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qətnamənin qəbul edildiyi 16 iyun 2022-ci il tarixindən 3 ilə yaxın müddət keçmişdir və cavabdehin bundan xəbərdar olamaması ağlabatan deyildir. Bundan başqa Sabirabad Rayon Məhkəməsində buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılan zaman məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə heç bir məlumat verilməmişdir. Bununla da hesab edirlər ki, onların prosessual hüquqları pozulmuşdur. Göründüyü kimi cavabdehin şikayət vermək üçün kifayət qədər vaxtı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh formal şəkildə özünə haqq qazandırmaq məqsədilə ərizəsində əsası olmayan halları qeyd etmişdir. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, cavabdeh mübahisələndirdiyi qətnaməni əldə etməsinə baxmayaraq, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda hesab edir ki, cavabdeh vaxtında qətnamədən apellyasiya şikayəti verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmişdir. Sabirabad Rayon Məhkəməsinin 1 iyul 2025-ci il tarixli 2(056)-46/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instasiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir; 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 135.3.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; 135.4.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər; 135.5.-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla məyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin vaxtında verilməməsi ilə bağlı İddiaçı MMC-nin gətirdiyi arqumentlər qəbul oluna və qərardadın ləğvinin əsasını təşkil edə bilməz. Çünki iddiaçı şikayətində qətnamənin cavabdehə rəsmi şəkildə təqdim olunmasını təsdiq edən hər hansı bir sübuta əsaslanmamış, sadəcə şikayətin belə gec verilməsinin ağlabatan olmamasını bildirməklə kifayətlənmişdir. Mülki prosessual qanunvericilikdə məhkəmə aktlarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətlərin bərpası üçün üzürlü səbəblərin qəti siyahısı və ya konkret hallar göstərilməmişdir, bu kimi hallarla bağlı hər bir iş üzrə həmin işin halları nəzərə alınmaqla müddətin buraxılmasının səbəbləri qiymətləndirilərək qərar qəbul edilir. Bu zaman nəzərə alınmalı olan mühüm amillərdən birini, hər bir şəxsin məhkəmə müdafiəsi hüququnu səmərəli şəkildə realizə edə bilməsinə şərait yaradılması təşkil edir. Məhkəmə müdafiəsi institutunun ən mühüm komponentlərindən biri məhkəməyə təkrar müraciət etmək hüququdur, sözsüz ki, sui-istifadə hallarına yol verilməməsi şərti ilə. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi sifarişli poçt göndərişi ilə cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilsə də, zərf Bakı şəhərinə köçüb qeydi ilə qaytarılmışdır. Qətnamə icraya yönəldilsə də, icra işinin materiallarında cavabdehin borcla bağlı məlumatlandırılmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Cavabdeh qətnamənin mövcudluğundan İİ Qarabağ müharibəsi veteranı kimi aldığı müavinətindən fevral 2025-ci il tarixdə ilk tutulma aparılandan sonra məlumatlı olmuş və məhkəməyə müraciət edərək 20 fevral 2025-ci il tarixdə qətnamənin surətini almış, 3 mart 2025-ci il tarixdə isə apellyasiya şikayəti vermişdir. Buna görə də, məhkəmə kollegiyası müddətin bərpasının müsbət həllini məqbul hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(056)-46/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar