Məhkəmə qərarları › İş №2(106)-1238/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1238/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1238/2023 24.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-787/2023 saylı, 18 aprel 2023-cü il tarixli (hakim C.Quliyev) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5 ədəd taxta qapıya görə zərərin dəyəri olan 1500 manat və 35 manat dövlət rüsumu, cəmi 1535 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı şəhəri, İskəndərli kəndi deyilən yerdə özünə məxsus fərdi yaşayış evi tikmişdir. Həmin evi təmir edib yaşamaq üçün 2022ci ilin oktyabr ayında Cavabdeh işlədiyi Masallı şəhərində yerləşən tikinti bazarında taxta materialları hazırlayan sexdə evi üçün qapılar sifariş etmişdir. Sifarişə əsasən 5 ədəd taxta qapı hazırlanaraq, evinə quraşdırılmalı idi. Həmin sifarişlər üçün cavabdehə 1200 manat pulu nağd şəkildə ödəmişdir. Oktyabr ayında qapılar hazırlanmış və yerinə qoyulmuşdur. Qışın gəlməsinə görə evinə köçmək istədiyindən qapıları rənglədərək onlara 300 manat pul xərcləmişdir. Ümumilikdə qapılara 1500 manat pul xərcləmişdir. Cavabdehlə onun arasında prodat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə prodatçı sayılan cavabdehə onun tərəfindən, yəni sifarişçi tərəfindən muzd tam ödənilmişdir. Prodatçı sayılan cavabdehin icra etdiyi sifarişlər, yəni hazırladığı qapılar tam yararsız vəziyyətdədir. Qapılar keyfiyyətsiz olmaqla əyilmiş, açılaraq tam bağlanmır. Prodatçının təqsiri üzündən keyfiyyətsiz, kobud qüsurlarla yerinə yetirilmiş işə şübhəsiz ki, sifarişçi kimi heç bir marağı ola bilməyəcəkdir. Sifarişçi kimi cavabdehin keyfiyyətsiz materiallardan hazırlanmış materiallarına və görülmüş işə görə verilmiş muzdu geri qaytarmasını tələb etməsinə baxmayaraq, prodatçı müqavilə ilə bağlı xərclərin əvəzini ona ödəməyə borcludur. Cavabdehin hazırladığı qapılar onların keyfiyyətsiz materialdan hazırlanmasını bilərəkdən gizlədərək ona keyfiyyətsiz əşyaların qüsurlarına görə istisnasız olaraq bütün hallarda məsuliyyət daşıyır. Cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş zərərin və qüsur barəsində dəfələrlə 2022-ci ilin oktyabr ayından bu vaxta kimi tələbini qəbul etmək istəmir. Cavabdehin bilərəkdən, qüsurlarına görə ondan aldığı 5 ədəd taxta qapılara görə 1200 manat muzdun və onlara sərf edilmiş rənglərə görə 300 manat pulu tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, cavabdehə fərdi yaşış evi üçün 5 ədəd rənglənməmiş taxta qapı sifariş vermiş və bunun üçün 1200 manat pul ödəmişdir. Qapılar 2022-ci ilin dekabr ayında fərdi yaşayış evinə quraşdırılmış, həmin vaxt qapılarda problem olmamış, təxminən 10-15 gündən sonra qapıların hamsında problemlər yaranmışdır. Belə ki, qapıların bəzisi bağlanmır, bəzisində çatlar əmələ gəlib, əyilmə var. Qapıların rəglənməsi üçün əlavə 300 manat xərcləmişdir. Qapılardan yaranmış qüsurun aradan qaldırılmasını istəmir. Qapılar üçün ödənilmiş 1200 manat və onların rənglənməsi üçün xərclədiyi 300 manat, cəmi 1500 manat pulunu tələb edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçı ona fərdi yaşayış evi üçün 5 ədəd rənglənməmiş qapı sifariş vermiş, bunun üçün 1200 manat ödəniş etmişdir. O, da sifariş verilmiş qapıları hazırlamış, qapılar iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmışdır. Qapılar ilə bağlı ilk əvvəllər heç bir irad olmamışdır. İddiaçı qapıları yonduraraq rənglətmişdir. Əgər qapılar xoşuna gəlmirdisə, onlar təhvil verilmiş şəkildə geri qaytarılardı. Qapılar quraşdırıldıqdan bir müddət sonra sifarişçi qapıda müəyyən problemlər olduğunu bildirmişdir. O, isə yaranmış problemin aradan qaldırmağa hazır olduğunu bildirmiş, lakin qarşı tərəf buna etiraz edərək, ödədiyi pulu geri tələb etmişdir. Hazırlanmış qapılar üçün mal-materialı bazardan alır və təbii ki, onlar üçün müəyyən ödənişlər edir. Hazırlanmış qapılara baxış zamanı da müəyyən olundu ki, qapıların hamsında deyil, bəzisində xırda problem var. O, iddiaçının iddia etdiyi qüsurları aradan qaldırmağa hazırdır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-787/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "5 ədəd taxta qapıya görə zərərin dəyəri olan 1500 manat və 35 manat dövlət rüsumu, cəmi 1535 manat pulun alınıb ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaya düzgün münasibət bildirməmişdir. Cavabdehin özü də, birinci instansiya məhkəməsində qapılarda qüsur olduğunu etiraf etmişdir. Həmçinin məhkəmə iclasında ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Lakin hakim həmin vəsatəti təmin etməyərək, iddiaçının prosessual hüquqlarını pozmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Lakin İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə göndərərək qətnaməni ləğv edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-in 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-nin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. MM-nin 763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. MM-nin 763.3-cü maddəsinə görə əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. MM-nin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. MM-nin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. MM-nin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında göstərilir ki, "...Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi iddiaya düzgün münasibət bildirməmişdir. Belə ki, şikayətin dəlilinə əsasən cavabdehin özü birinci instansiya məhkəməsində qapılarda qüsur olduğunu etiraf etmişdir. Lakin iş materialları ilə belə hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Lakin hakim həmin vəsatəti təmin etməyərək, iddiaçının prosessual hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-787/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar