Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-124/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-38/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 24138.3 manat məbləğində əsas borc, 3307.33 manat məbləğində faiz borcunun, cəmi 27445.63 manat borcun və 173 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 30000 manat məbləğdə kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehlər X4 və Cavabdeh3 (zaminlər) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidirlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-38/2024 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24138,30 manat əsas borc, 3307,33 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun məbləği olan 173 manat tutularaq İddiaçı ASC-yə ödənilməsini, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran rayon məhkəməsinin e-2(049)- 38/2024 saylı16 aprel 2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə iclası zamanı cavabdehlərin iştirakı təmin edilməmiş, hakim işə birtərəfli qaydada baxaraq əsassız qətnamə çıxarmış və məhkəmə tərəfindən tutulmuş faiz məbləği yüksəkdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 38/2024 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/15466/84 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 24% olmaqla 30000 manat məbləğdə kredit ayrılmış, həmin tarixdə qeyd olunan kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 24138.3 manat məbləğində əsas borc, 3307.33 manat məbləğində faiz borcu vardır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 173 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatət təmin edilərək, məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7761 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2023cü il tarixədək banka olan borcu əsas borc üzrə 22.917,89 manat, faiz borcu üzrə 2146,04 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7761 nömrəli ekspert rəyi ilə razılaşmayan İddiaçı ASCnin nümayəndəsi vəsatət verərək iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Vəsatət əsaslı hesab edildiyindən məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilərək, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/14 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixədək banka olan borcu əsas borc üzrə 24.138,30 manat, faiz borcu üzrə 3307,33 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. MM-in 399.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in həmin dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və ekspertiza rəyi alınanadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardadda Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunun müəyyən edilməsi əsas sual olmuşdur. Belə ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 bildiriş göndərilmiş və kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi barədə xəbərdarlıq edilərək borcun dərhal ödənilməsi tələb edilir. Habelə nəzərə alınmışdır ki, həmin dövrdən sonrakı tarixdə Cavabdeh1 tərəfindən adıçəkilən müqavilə üzrə hər hansı ödəniş aparılmamışdır. xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9336/2024 saylı ekspert rəyi məhkəməyə daxil olmuş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)- 124/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9336/2024 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/15466/84/15 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 22917.89 manat, faiz borcu üzrə 1534.90 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə, 22917.89 manat, faiz borcu üzrə 1534.90 manat. Qeyd edilir ki, iş materialları ilə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdən sonra İddiaçı ASC-yə ödəniş aparılmamışdır. Məhkəmə tərkibi hesab edir ki, işdə olan sübutlardan, habelə işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9336/2024 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli Kredit Razılaşması üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 22917 (iyirmi iki min doqquz yüz on yeddi) manat 89 (səksən doqquz) qəpik, faiz borcu 1534 (min beş yüz otuz dörd) manat 90 (doxsan) qəpik məbləğdə borcu vardır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-38/2024 saylı qətnaməsi kredit borcunun tutulması hissəsində qismən - əsas və faiz hissədə dəyişdirilərək əsas borc 22917 (iyirmi iki min doqquz yüz on yeddi) manat 89 (səksən doqquz) qəpik, faiz borcu 1534 (min beş yüz otuz dörd) manat 90 (doxsan) qəpik məbləğində müəyyən edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9336/2024 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-38/2024 saylı qətnaməsi kredit borcunun tutulması hissəsində qismən - əsas və faiz hissədə dəyişdirilsin, əsas borc 22917 (iyirmi iki min doqquz yüz on yeddi) manat 89 (səksən doqquz) qəpik, faiz borcu 1534 (min beş yüz otuz dörd) manat 90 (doxsan) qəpik məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Ekspertiza tədqiqatının (xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9336/2024 saylı rəy üzrə) dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-124/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-124/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver