Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1242/2024 31.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X10 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)- 374/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21335,60 manat məbləğində əsas kredit borcunun, 1473,99 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 15,61 manat cərimənin, cəmi 22877,41 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 158,63 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12160***-*******02L saylı, 16 may 2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X7 16 may 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 12FİZAM140807701 saylı, 16 may 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, X4 12160***-*******02L saylı, 16 may 2022-ci il tarixli kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. X8 həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan 18 avqust 2026-cı il tarixədək qaytarmaq və illik 17 % ödəmək şərti ilə aldığı 22500 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 18-dək ayda 702,53 manat ödəməklə) banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 21 sentyabr 2023-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 21335,60 manat, faizlər üzrə 1473,99 manat, cərimə üzrə 15,61 manat təşkil edir. X8 10 may 2023-cü il tarixdə vəfat etmişdir. Müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum X8 ilə bağlı vərəsəlik işinin açılmaması (vərəsələrinin olmaması) müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdeh (zamin) Cavabdeh şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman qanunla müəyyən edilmiş qaydada 158,63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(049)-374/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nicat Ağabəyov) iddia təmin edilmiş, 21335,60 manat məbləğində əsas, 1473,99 manat məbləğində faiz, 15,61 manat cərimə, 22877,41 manat məbləğində pulun və iddianın qaldırılması üçün ödənilmiş 158,63 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(049)-374/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə yazılmışdır ki, guya o, iddianı etiraf etdiyini məhkəmədə bildirmişdir. Bu məlumat həqiqətə uyğun deyil. O, həm məhkəmədə, həm də hazırkı şikayətində bildirir ki, həmin zaminlik müqaviləsini qəbul etmir. Müqavilədəki imzası məhkəmədə yoxlanılmamışdır. Müqavilənin ona elan olunduğu, şərtlərinin izah edildiyi araşdırılmamışdır. Əslində heç kim ona həmin müqaviləni elan etməmiş, şərtlərini izah etməmişdir. Cavabdeh Mülki Məcəllənin 474.1-ci maddəsinə münasibətdə bildirmişdir ki, məhkəmə cavabdehin etirazlarını araşdırmamışdır. İddiaçı cavabdehə özünün tərtib etdiyi mücərrəd standart şərtlərini izah etməmiş, onların risklərini şərh etməmişdir. Cavabdehin savadı, onun normal oxumaq, oxuduğu hüquqi sənədin mahiyyətini dərk etmək qabiliyyəti, savadı, təhsili, latın qrafikasını bilməsi araşdırılmamışdır. Halbuki, cavabdeh 1963-cü ildə anadan olmuş, həyatı boyu kənddə yaşamış, ümumiyyətlə, latın qrafikasında oxumaq qabiliyyəti yoxdur, ibtidai təhsil almışdır. Onun mürəkkəb müqavilə şərtlərini qavramaq qabiliyyəti də yoxdur. İddiaçı istinad etdiyi müqavilənin harada, hansı şəraitdə cavabdeh tərəfindən imzalandığını, müqavilə şərtlərinin cavabdehə həqiqətən izah edildiyini heç bir mötəbər sübutla təsdiq etməmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, zaminlik müqaviləsi harada, hansı şəraitdə imzalanmışdır, müqavilədəki imza həqiqətən cavabdehə məxsusdurmu, zaminlik müqaviləsinin şərtləri cavabdehə izah olunmuşdurmu, zaminlik müqaviləsinin şərtlərinin cavabdehə izah edilməsi barədə işdə sübutlar vardırmı. Bundan başqa, məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası da keçirməmişdir, iddiaçının hesabladığı faizlərin düzgün hesablandığını araşdırmamışdır. Məhkəmə bu vəzifələrdən özünü azad etmək üçün qətnaməyə həqiqətə uyğun olmayan məlumatı daxil etmiş və yazmışdır ki, guya cavabdeh iddianı etiraf edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, mərhum İlqar Ağayev onun əri olmuşdur. Onlar qızının toyu ilə əlaqədar iddiaçı bankdan kredit götürmüşlər. Kredit götürülərkən mərhum əri xəstə olduğuna görə o da onunla banka getmiş, bankın əməkdaşları ona zaminlik müqaviləsini imzalatmış, lakin bu müqavilənin formal olduğunu bildirmişlər. Ona həmin vaxt zaminlik müqaviləsi bağlamasının gələcəkdə nə ilə nəticələnəcəyi izah olunmamışdır. Bildirdi ki, mərhum ərinin dənizdə işləməsi səbəbindən maaşı yüksək olmasına görə ona kredit verilərkən zaminə ehtiyac olmasa da, onunla zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, mərhum əri İlqar Ağayevdən miras qalmış əmlakı onun arvadı kimi qəbul etmişdir. Özü işləmədiyi üçün ərinin ölümündən sonra hər hansı bir yerdən qazancı yoxdur. Hələ 3-4 il sonra onun pensiya hüququ yaranacaq. Xahiş edir ki, həmin vaxta qədər kredit borcunun ödənilməsinə ona möhlət verilsin. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh ilə zaminlik müqaviləsi bağlanılarkən ona həmin müqavilənin hüquqi nəticələri aydın şəkildə izah olunmuş, o da bundan sonra həmin müqaviləni imzalamışdır. Həmçinin, qeyd etdi ki, Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmasaydı belə, o, mərhum ərindən miras qalmış əmlakı onun vərəsəsi kimi qəbul etdiyinə görə də kredit borcu ondan tələb olunacaqdı. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi düzgün və əsaslı olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi də nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan kredit verən İddiaçı ASC ilə borcalan X8 arasında bağlanmış 16 may 2022-ci il tarixli, 12160***-*******02L nömrəli əsas kredit limiti razılaşmasından görünür ki, bu əsas kredit limiti razılaşmasına əsasən kredit verən borcalana 50000 manat məbləğində 120 ay müddətinə 16 may 2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Bu əsas kredit limiti razılaşmasına əsasən kredit borcalana istehlak tələbatlarının ödənilməsi məqsədilə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi minimum 10 faiz, maksimum 29 faizdir. İşdə surəti olan kredit verən İddiaçı ASC ilə zamin Cavabdeh arasında bağlanmış 16 may 2022-ci il tarixli, 12FİZAM140807701 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən zamin Cavabdeh borclu X4 12160***-*******02L nömrəli, 16 may 2022ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən illik faiz dərəcəsi 29 faizdən artıq olmamaq şərtilə, məbləği 50000 manat 120 ay müddətinə açılmış kredit limiti üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən X7 əsas kredit limiti razılaşmasına uyğun olaraq 18 yanvar 2023-cü ildə 43 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 22500 manat kredit verilmişdir. Kreditin aylıq ödəniş məbləği 702,53 manat olmaqla hər ayın 18-dək ödənilməlidir. İş materiallarının 12-ci vərəqində olan X4 İddiaçı ASC-də olan hesabdan çıxarışının surətindən görünür ki, 18 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən X7 22500 manat məbləğində kredit verilmişdir. İş materiallarının 14-cü vərəqində olan X4 İddiaçı ASC-yə olan kredit borcunun faizləri və penyanın hesablanması haqqında 21 sentyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, 18 yanvar 2023-cü ildə verilmiş 22500 manat məbləğində kredit üzrə iddia qaldırılan günə əsasən kredit borcunun məbləği 21335,6 manat, iddia qaldırılan günə faiz borcunun məbləği 1473,99 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 15,61 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 22877,41 manat təşkil edir. İşdə materiallarının 18-ci vərəqinə İddiaçı ASC tərəfindən borcalan X7 və zamin Cavabdeh ünvanlanmış 705 nömrəli, 08 sentyabr 2023-cü il tarixli pretenziya məktubu əlavə edilmişdir. İşdə surəti olan AZ-İİ 244948 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 10 may 2023-cü ildə ölmüşdür. İşdə surəti olan Lənkəran ŞİHB-nin Hirkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, mərhum X2 rayonunun Hirkan qəsəbəsində yaşamışdır. Mərhuma məxsus fərdi yaşayış evində mərhumun həyat yoldaşı Cavabdeh tək yaşayır. İş materiallarının 41-42-ci vərəqlərində olan “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, miras qoyan X7 məxsus olmuş 2012-ci il buraxılışlı “VAZ-21154 minik” markalı, **-EL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras əmlak kimi onun qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdəki 01 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 158,63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X8 arasında 16 may 2022ci ildə əsas kredit limiti razılaşması imzalanmış, həmin kredit limiti razılaşmasına əsasən sonuncuya 50000 manat məbləğində 120 ay müddətinə 16 may 2032-ci il tarixinədək kredit limiti açılmışdır. 18 yanvar 2023-cü ildə İlqar Ağayev tərəfindən iddiaçı bankdan 43 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 22500 manat məbləğində kredit götürülmüşdür. X12 10 may 2023-cü ildə ölmüşdür. Mərhuma məxsus fərdi yaşayış evində həyat yoldaşı olmuş Cavabdeh tək yaşayır və ondan miras qalmış avtomobili də qanun üzrə vərəsə olaraq Cavabdeh qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bundan başqa, X7 açılmış kredit limitinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında 16 may 2022-ci il tarixli, 12FİZAM140807701 nömrəli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh borclu İlqar Ağayevin 16 may 2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən illik faiz dərəcəsi 29 faizdən artıq olmamaq şərtilə, məbləği 50000 manat 120 ay müddətinə açılmış kredit limiti üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin hazırda Cavabdeh tərəfindən sözügedən zaminlik müqaviləsi mübahisələndirilir. Belə ki, cavabdeh apellyasiya şikayətində məhkəmənin zaminlik müqaviləsinin harada, hansı şəraitdə imzalanmasını, müqavilədəki imzanın həqiqətən cavabdehə məxsus olmasını, zaminlik müqaviləsinin şərtlərinin cavabdehə izah olunubolunmamasını aydınlaşdırmadığını qeyd edir. Bununla yanaşı, cavabdeh apellyasiya məhkəməsinin iclasında müqavilədəki imzanın ona məxsus olmasını qəbul etmiş, həmin müqavilənin ona formal olaraq imzalatdırıldığını qeyd etmişdir. Göründüyü kimi, zaminlik müqaviləsindəki imzanın cavabdehə məxsusluğu onun öz ifadəsi ilə təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində latın qrafikasını bilməsinin araşdırılmadığını və latın qrafikasını oxuya bilmədiyini qeyd etsə də, zaminlik müqaviləsindəki imzasının qarşısında latın qrafikasında “Cavabdeh M.q” sözlərinin yazılması onu göstərir ki, cavabdeh latın qrafikasını bilir. Cavabdeh apellyasiya şikayətində iddiaçı bankın tərtib edilmiş zaminlik müqaviləsinin mücərrəd standart şərtlərini ona izah etmədiyini, onların risklərini şərh etmədiyini bildirmiş, bu zaman özünün müqavilə şərtlərini qavramaq qabiliyyətinə malik olmamasına istinad etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Zaminlik müqaviləsində olan imza məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş, zaminlik müqaviləsinin məzmununun həqiqiliyini təsdiq etmişdir. Əgər cavabdeh iddia etdiyi kimi, ona həmin müqavilə izah edilməmişdirsə və o, həmin müqaviləni qavramamışdırsa, onu imzalamamaq imkanına malik olmuşdur. Lakin o, zaminlik müqaviləsini imzalamaqla, müqavilənin şərtlərini qəbul etdiyini göstərmişdir. Eləcə də, nəzərə alınmalıdır ki, iradənin bəyan edilməsi olmaqla, onun kimdən gəldiyini müəyyən etməyə xidmət edən imza mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə kollegiyası hər hansı bir müqavilənin formal olaraq imzalanması ilə bağlı qeyd edilənləri ağlabatan saymır. Bununla yanaşı, şəxsin zaminlik müqaviləsinin məzmununu bilmədiyini və ya şərtlərini başa düşmədiyini iddia etdiyi hər hansı bir əqdi imzalaması isə sonradan həmin əqdə əsasən tələb irəli sürülərkən tələbə qarşı bu hala əsaslanıb etiraz etməsinə əsas vermir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 9.3-cü maddəsində qanunu bilməməyin və ya onu yanlış başa düşməyin qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas vermədiyi təsbit olunmuşdur. Bu baxımdan zaminlik müqaviləsi imzalamasının onun üçün hansı nəticələrə yol açacağını bilməməsi barədə cavabdehin qeyd etdikləri onun məsuliyyətdən azad edilməsinə əsas verən hal kimi çıxış etmir. Həmçinin, o da qeyd olunmalıdır ki, cavabdeh mərhum əri tərəfindən kreditin qızının toyu üçün götürüldüyünü qeyd etmiş, bununla da, kreditin götürülməsindən də məlumatlı olduğunu təsdiq etmişdir. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 474.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, məhkəmə onun etirazlarını araşdırmamışdır. Mülki Məcəllənin 474.1-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Məhkəmə kollegiyası bildirir ki, etiraz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə istinad olunmasıdır. Başqa sözlə, etiraz qarşı tərəfin hüququnun mövcud olmadığını təsdiqləyən bir hadisənin irəli sürülməsidir, məsələn, əqdə əsaslanan iddia üzrə həmin əqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu üçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə, hakim öz xidməti vəzifəsinə görə onu nəzərə almağa haqlıdır. Lakin hazırkı halda cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Hazırkı iş üzrə borclu İlqar Ağayevin ölməsi zamin olan Cavabdeh İddiaçı ASC qarşısında məsuliyyət daşımasını aradan qaldırmır və o, ödənilməmiş kredit borcuna görə bank qarşısında tam məsuliyyət daşıyır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh İlqar Ağayevin öhdəlik üzrə zamini olmaqla yanaşı, həm də onun qanuni vərəsəsi kimi miras əmlakı qəbul etmişdir. Yəni zaminlik müqaviləsinin bağlanmamış olması halında da Cavabdeh İlqar Ağayevin kredit öhdəliyinə görə məsuliyyət daşımalı olacaqdı. Lakin hazırkı halda zaminlik müqaviləsinin də mövcud olması Cavabdeh İlqar Ağayevin ödənilməmiş kredit öhdəliyinə görə tam məsuliyyət daşımalı olmasını müəyyən edir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını, eyni zamanda, birinci instansiya məhkəməsində aparılmış məhkəmə iclaslarının video-audio yazılarından da göründüyü kimi, ərinin ölməsindən sonra faiz borcunun hesablandığını bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən 4 iyun 2018-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında əsas borca görə faizlərin hesablanmasının mümkünlüyünü müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində iddianı etiraf etməsi (onu qəbul etməsi) barədə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin 08 yanvar 2024-cü il tarixində keçirilmiş hazırlıq iclasının video-audio yazısından müəyyən edilir ki, Cavabdeh həqiqətən də məhkəmə iclasında çıxış edərkən borcundan imtina etmədiyini qeyd etmişdir. Bu isə onu göstərir ki, cavabdeh borcu qəbul etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Həmçinin, 21335,60 manat məbləğində ödənilməmiş əsas borcun məbləğinə dair cavabdeh tərəfindən apellyasiya şikayətində hər hansı dəlil irəli sürülməsə də, o, faiz borcunun düzgün hesablanıb-hesablanmadığının yoxlanılması ilə bağlı məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olduğunu qeyd etmişdir. Lakin hazırda məhkəmə kollegiyası 21335,60 manat məbləğində ödənilməmiş əsas kredit borcuna münasibətdə hesablanmış 1473,99 manat faiz borcunu və 15,61 manat cərimə borcunu şişirdilmiş hesab etmir və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olmadığı qənaətinə gəlir. Bundan əlavə, həm də o da qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümündən sonra da kreditora əsas borca görə faiz hesablanması imkanı müəyyən etsə də, bank mərhumun ölümündən təxminən 4 ay sonra, 2023-cü ilin sentyabr ayında əsas borca görə faiz hesablanmasını dayandırmışdır. 2023-cü ilin dekabr ayının 5-də isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu hal da bankın borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsi ilə bağlı vicdanlılıq prinsipindən çıxış etdiyini göstərir. Bundan əlavə, tutulması qət edilmiş 15,61 manat məbləğində cərimə borcu da əsas borcun məbləğinə münasibətdə kifayət qədər cüzi miqdar olduğuna görə onun azaldılması üçün əsas mövcud deyil. Məhkəmə kollegiyası cavabdehin kredit borcunun ödənilməsi ilə bağlı ona möhlət verilməsini xahiş etməsinə dair qeyd edir ki, həmin məsələ hazırkı apellyasiya baxışının predmetinə aid deyil və cavabdeh həmin xahişlə qətnamənin icrası mərhələsində qanunla müəyyən edilmiş qaydada müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi tam təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 158,63 manat dövlət rüsumuna dair hissədə də düzgün nəticəyə gəlmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(049)-374/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1242/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1242/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver