Məhkəmə qərarları › İş №2(106)-1244/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1244/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1244/2023 02.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı yol hərəkəti qaydalarının pozulmasına görə ödənilmiş cərimə məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Aslanov) 19 iyun 2023-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni mübahisəyə dair qüvvəyə minmiş məhkəmə aktı olduğundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Qərardaddan İddiaçı şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddənin mənasından görünür ki, xitam verilmə üçün əsaslar olduqda məhkəmə işi icraata qəbul etməli və hazırlıq mərhələsində araşdıraraq əsaslar olarsa baxışa verməkdən imtina edərək işə xitam verə bilər. Hazırkı, işdə hakim işi icraata qəbul etmədən mülki iş üzrə icraata xitam vermişdir. Qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Lakin əvvəlki iddia Məhərrəmov Azər tərəfindən verilmişdir. Hazırkı, iddia isə İddiaçı Nəhmət oğlu tərəfindən verilib. Şikayətə baxılmış, Lənkəran Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 27 iyul 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı yol hərəkəti qaydalarının pozulmasına görə ödənilmiş cərimə məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tələbində göstərmişdir ki, cavabdehə avtomobili etibarnamə əsasında idarə etmək üçün vermiş, yol hərəkəti qaydalarının poulmasına görə avtomobilin üzərinə cərimələr yazılmış, iddiaçı cavabdehin əvəzinə ödənişlər etmiş, ziyana düşmüşdür. Məhkəmə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən faktiki əsas olaraq Lənkəran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsinə əsaslanmışdır. Belə ki, həmin qətnamə ilə iddiaçı X1 Cavabdeh 1342 manat məbləğində ziyan və ödənilmiş 34 manat dövlət rüsumunun ödənilməsi barədə ərizəsi rədd edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə də tələb əvvəlki ilə eynidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində iddianı fərdiləşdirən iki elementi qeyd etmək lazımdır: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İlk növbədə qeyd edilməlidir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti- iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı). Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Birinci instansiya məhkəməsi əvvəlki iddia ilə hazırkı iddianın predmetinin eyni olduğuna istinad etmişdir. İşin hallarından görünür ki, hazırkı iş üzrə tərəflərdən biri olan iddiaçı fərqlidir. Şübhəsiz, onların hüquqi maraqları da fərqlidir. Yol hərəkəti qaydalarının pozuntusuna görə cavabdehin əvəzindən pul məbləğini əvvəlki iş üzrə iddiaçı olan A.Məhərrəmov da ödəyə bilər, hazırkı iş üzrə iddiaçı olan İddiaçı da. Mübahisə eyni tərəflər arasında deyil. Əvvəlki iddia üzrə iddiaçı qismində avtomobilin mülkiyyətçisi olan Məhərrəmov Azər çıxış edirdisə, hazırkı iddia üzrə iddiaçı qismində avtomili tapşırıq əsasında idarə edən, ona sahiblik edən və ya avtomobilə dair sərəncamçılıq hüququ olan İddiaçı öz adından çıxış etmişdir. İddiaçı əsassız varlanmaya dair iddia ilə müraciət edərək ona vurulmuş ziyanı tələb etmişdir. Mübahisə ziyanın vurulub-vurulmaması ilə yanaşı, həm də ziyanın kimə vurulması ilə bağlıdır. Kollegiya hesab edir ki, iş üzrə tərəflər fərqli olduğundan və onların hüquqi marağı da fərqli olduğundan hazırkı tələbə əvvəlki iddiadan fərqli tələb kimi baxılmalıdır. Əvvəlki qətnamə ilə müəyyən edildiyi halda həmin iş üzrə müəyyən edilmiş faktlara gəldikdə isə bu faktlar (müəyyən edildiyi halda!) həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3-cü maddəsi). Yeni faktlar sübut edildiyi halda buna müvafiq qaydada qiymət verilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, qərardad əsassız olduğundan ləğv edilməli, mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 151.3-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə Qanunun bu tələbini də nəzərə almalıdır. MPM-in 402-ci madəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(049)-2428/2023 saylı qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar