Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1245/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun və ödədiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı inanaraq, etibar edərək cavabdehə, yəni Cavabdeh xx.xx.2023-cü il tarixdə 5000 (beş min) manat borc pul vermiş, qeyd olunan bu məbləği verərkən cavabdeh həmin borca dair qəbz vermişdir. Dəfələrlə müraciət və xahişləri, telefon danışıqları heç bir nəticə verməmişdir. Ona görə də, cavabdehlə qarşılıqlı münasibətləri yoxdur. Cavabdeh 5000 (beş min) manat məbləğində borcun, o cümlədən 70 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsini əsaslı hesab edir. O, bu məbləği ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdehin özünün və ailə üzvlərinin borcu qaytarmaq üçün imkanları mövcuddur. Ondan götürülən borcu müəyyən edən qəbz mövcuddur ki, həmin qəbz onun xətti ilə yazılmışdır. İddia tələbində tam əsaslı olduğundan tələbinin təmin olunmasını istəyir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini, iddiasını müdafiə etdiyini bildirmiş, iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi (Hakim: Orxan Mahmud) ilə, iddianın təmin edilməməsi, İddiaçı tərəfindən 70 (yetmiş) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, İddiaçı İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş sms bildirişlərdən və arayışdan görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, məhkəmə iclasında iştirak edəcəyi barədə telefon vasitəsi ilə məlumat versə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə ərizə təqdim etdi. Kollegiya iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxmağı mümkün hesab edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ( 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 244-cü maddəsinə əsasən qiyabi qətnamə ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. 252-ci maddəsinə əsasən qiyabi qətnamə bu məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355- 19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 376.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. 376.2-ci maddəsinə əsasən İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 376.3-cü maddəsinə əsasən İşə qiyabi baxılması və həllinin bu Məcəllə ilə müəyyən olunmuş qaydaları apellyasiya icraatına da şamil edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, məhkəmə araşdırması zamanı əlyazma vərəqəsində qeyd edilən yazıların cavabdeh tərəfindən yazıldığını təsdiq edən, həmçinin qeyd edilən borc məbləğinin cavabdehə verilməsi barədə məhkəməyə hər hansı başqa mötəbər sübut təqdim edilə bilməməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmiş, bununla da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuşdur. İş materiallarında olan əlyazma vərəqəsində qeyd olunmuşdur ki, “Mən İmişli rayon Qızılkənd kənd sakini Cavabdeh xx.xx.2023-cü il tarixində iş yoldaşım X1 Yevlax rayon Malbinəsi kəndində yaşayan yaxın dostundan onun vasitəsilə 2 aya qaytarmaq şərti ilə İddiaçı 5000 (beş) min manat borca pul aldım. Qəbzi öz xətdimlə yazmışam heç bir təziq edilməyib doğruluğunu öz imzamla təsdiq edirəm. İmza:.....Cavabdeh.......xx.xx.2023 ***-***-**-**” İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə, yəni Cavabdeh xx.xx.2023-cü il tarixdə 5000 (beş min) manat borc pul vermiş, qeyd olunan bu məbləği verərkən cavabdeh həmin borca dair qəbz vermişdir. Dəfələrlə müraciət və xahişləri, telefon danışıqları heç bir nəticə verməmişdir. Ona görə də, cavabdehlə qarşılıqlı münasibətləri yoxdur. Cavabdeh 5000 (beş min) manat məbləğində borcun, o cümlədən 70 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsini əsaslı hesab edir. O, bu məbləği ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdehin özünün və ailə üzvlərinin borcu qaytarmaq üçün imkanları mövcuddur. Ondan götürülən borcu müəyyən edən qəbz mövcuddur ki, həmin qəbz onun xətti ilə yazılmışdır. İddia tələbində tam əsaslı olduğundan tələbinin təmin olunmasını istəyir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş qəbzdə Cavabdeh İddiaçı 5000 (beş min) manat borcu olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarını təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı Cavabdeh ilə aralarında olan borc münasibətlərini təsdiq edən sübut kimi əlyazma vərəqəsinə istinad etmiş, lakin həmin əlyazma vərəqəsində qeyd edilən yazıların cavabdeh tərəfindən yazıldığını təsdiq edən, həmçinin qeyd edilən borc məbləğinin cavabdehə verilməsi barədə məhkəməyə hər hansı başqa mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Kollegiya birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh İddiaçı 5000 (beş min) manat borcu olduğunu etiraf etməsi barədə qəbz mövcuddur. İddiaçı həmin qəbzi sübut növü kimi təqdim edərək, cavabdehin həmin qəbzə imza etməklə ondan pul aldığını və həmin pulu da qaytaracağı barədə vəd verməsinə baxmayaraq qaytarmadığını bildirmişdir. Apellyasiya icraatı zamanı cavabdehlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasında iştirak edərək iddiaya münasibət bildirməsi tələb edilmiş, lakin cavabdeh üzürsüz səbəblərdən məhkəmə icraatından yayınaraq iddiaya qarşı hər hansı münasibət bildirməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh məhkəmə iclasında iştirak etməyərək və iddiaya münasibət bildirməyərək 5000 manat iddiaçıdan borc pul alınması, həmin puldan hansı məbləğin qaytarılmasını sübut edə bilmir. Bu isə iddiaçının iddia tələbinə münasibətdə istinad etdiyi halları şübhə altına alan meyar kimi qəbul edil bilməz. Çünki cavabdeh artıq məlumatlı olduğu iddia tələbi üzrə məhkəmə icraatından boyun qaçırmaqla iddiaya qarşı öz müdafiəsini həyata keçirməkdən imtina edir, belə olan halda sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin pulu iddiaçıdan alıb-almaması və ya almışdırsa hansı hissəsinin qaytarılmasını sübut etməyə borcludur. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya instansiyası məhkəməsində iştirak etməməklə belə bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, yekun olaraq qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul və 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1271/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin və Cavabdeh 5000 (beş min) manat pul və 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1245/2025
Şirvan Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(106)-1245/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver