Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1247/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbi” barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(036)-1003/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3563,24 manat əsas, 445,05 manat faiz, cəmi 4008,29 manat pul vəsaitinin və 60,08 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 26 dekabr 2022-ci il tarixli, GTKR8822009A299 saylı kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 4240 manat məbləğində pul mədaxil edilmişdir. Yəni, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin 27 mart 2024-cü il tarixə İddiaçı ASC-yə 3563,24 manat əsas, 445,05 manat faiz, cəmi 4008,29 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İmişli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(036)-1003/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi təmin olunmuş, Cavabdeh 3563,24 manat əsas borcun, 445,05 manat faiz borcunun və ödənilmiş dövlət rüsumuna görə 60,08 manatın tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(036)-1003/2024 saylı qətnaməsinin dəyişdirilərək, yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözügedən qətnamə ilə razı deyil. Məhkəmə işi düzgün araşdırmamış, qanunsuz qətnamə qəbul etmişdir. Onun İddiaçı ASC-yə iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. O, ödəniş qrafikinə əsasən hər ay ödənişlərini etmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı özündən şişirdilmiş borc məbləği və faiz müəyyən edərək əsassız iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə isə məhkəmə cavabdehin prosesdə iştirakını təmin etmədiyi üçün o, sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarını tətbiq etməmişdir. O, iddiaçıya olan borcunun çox hissəsini ödəmişdir və bu barədə əlində sübutları vardır. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə heç bir ekspertiza təyin etmədən, həmçinin heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(106)-1247/2024 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin e-2(036)-1003/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmış, məhkəmənin baxış iclası 04 sentyabr 2024-cü il tarixə, saat 10:30-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, həqiqətən də uşağının xəstəliyi ilə əlaqədar iddiaçı bankdan kredit götürmüş, bir müddət ödəniş etdikdən sonra ödənişləri edə bilməmişdir. Lakin hazırda onun borcun ödənilməsi ilə bağlı təqdim edə biləcəyi hər hansı sübutu yoxdur. Apellyasiya şikayətində qeyd edilənlər onun həyat yoldaşının bildirdiklərinə əsasən vəkil tərəfindən yazılmışdır. Əslində isə borc məbləği ilə bağlı onun hər hansı bir etirazı yoxdur. Apellyasiya şikayəti verməsinin məqsədi isə o olmuşdur ki, məhkəmə iclasına dəvət olunaraq dinlənilsin və öz sözlərini deyə bilsin. Bildirir ki, hazırda kredit borcunu ödəmək iqtidarında deyil. Ona görə də xahiş edir ki, həmin borcun heç olmasa hər ay 100 manat olmaqla ödənilməsinə dair qərar qəbul edilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verərək, qətnamənin tam əsaslı və qanuni olduğunu bildirmiş, mülki iş üzrə bütün məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin rədd olunmasını və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni mübahisələndirmişdir. Ona görə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi də nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki elektron qaydada bağlanmış 26 dekabr 2022-ci il tarixli, GTKR8822009A299 saylı kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə İddiaçı ASC 35 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 4240 manat məbləğində müştəri Cavabdeh istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. İşdəki İddiaçı ASC-nin 26 mart 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 26 dekabr 2022-ci il tarixli, GTKR8822009A299 saylı kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 4240 manat məbləğində pul mədaxil edilmişdir. Cavabdeh 27 mart 2024-cü il tarixə İddiaçı ASC-yə 3563,24 manat əsas, 445,05 manat faiz, cəmi 4008,29 manat borcu yaranmışdır. İşdəki 28 mart 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 60,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada 26 dekabr 2022-ci il tarixli, GTKR8822009A299 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh kartına 35 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə qaytarmaq şərtilə 4240 manat məbləğində pul mədaxil edilmişdir. Hazırda kredit borcunun götürülmüş olması cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi onun tərəfindən kredit müqaviləsi üzrə borcun çox hissəsinin ödənilməsinə, sübutlarının olmasına və məhkəmə tərəfindən ekspertiza keçirilməməsinə istinad etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman isə cavabdeh qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər onun ərinin bildirdiklərinə əsasən vəkil tərəfindən yazılmış, onun apellyasiya şikayəti verməkdə məqsədi məhkəmə iclasında dinlənilmək olmuşdur. O, məhkəmə iclasında çıxış edərkən borcun məbləğinə etiraz etmədiyini və borcun ödənilməsinə dair təqdim edə biləcəyi hər hansı bir sübutunun olmadığını bildirmişdir. Göründüyü kimi, borcun məbləğinə və ödənilmiş olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin hallar cavabdehin məhkəmə iclasında bildirdikləri ilə də təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, iş materiallarından və cavabdehin apellyasiya məhkəməsinin iclasında bildirdiklərindən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə 26 dekabr 2022-ci il tarixli, GTKR8822009A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 3563,24 manat əsas, 445,05 manat faiz, cəmi 4008,29 manat borcu mövcuddur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi tam təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60,08 manat dövlət rüsumuna dair hissədə də düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya məhkəməsinin iclasında həmçinin onu da qeyd etmişdir ki, o, kredit borcunu ödəmək iqtidarında deyil və xahiş edir ki, həmin borcun heç olmasa hər ay 100 manat olmaqla ödənilməsinə dair qərar qəbul edilsin. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qeyd edilən məsələ hazırkı apellyasiya baxışının predmetinə aid olmamaqla, qəbul ediləcək qətnamənin icrası mərhələsində həll olunmalıdır. Qətnamənin icrası mərhələsində cavabdehin qətnamə üzrə tələbin icra edilməsinə möhlət verilməsi və ya borcun hissə-hissə ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada müraciət etmək üçün hüquqi imkanı mövcuddur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(036)-1003/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1247/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1247/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver