Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1248/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(049)- 228/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 Babalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ”Accessbank” QSC iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 20.968,22 ABŞ dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ dolları məbləğində faiz borcu və 20.253,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 47.945,21 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 334,52 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 kv.m yaşayış, 21,9 kv.m yardımçı, 48,4 kv.m ümumi sahədən ibarət 2 saylı mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və 47.945,21 məbləğində borc, ödənilmiş 334,52 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilmələrinə, onların həmin mənzildən çıxarılmalarına, həmin mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh2 və İddiaçı QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 100000 ABŞ dolları və kredit xətti müqaviləsinin müddəti artırılaraq 170 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 4.031,78 ABŞ dolları qaytarmış, onun 20.968,22 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2017-cı il tarixə 820 gün üçün hesablanmış faiz borcu 6723,59 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2017-cı il tarixə 820 gün üçün hesablanmış cərimə 20253,40 ABŞ dolları məbləğ təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh2 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 08M000001191 saylı ipoteka müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 7 №-li reyestr kitabının 82 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışda xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini onun özününün kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə “Elektron Xidmətlər Portalı” vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsihaqqında bildiriş xx.xx.2016-cı tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh2 məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən Cavabdeh1 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(049)-228/2023 saylı qətnaməsi (hakim Rəşad Məmmədov) ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması üzrə 20968,22 ABŞ Dolları məbləğində kredit borcu, 6723,59 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28191,81 ABŞ Dolları kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 334,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X7 məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 m2 yaşayış, 21,9 m2 yardımçı, 48,4 m2 ümumi sahədən ibarət 2 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışa çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin 27.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 nümayəndəsi vəkil Babayev X4 Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(049)-228/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğvini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 Babalı oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar iddianı qəbul etməyib, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi Ramil Əzizova kredit xətti müqaviləsi ilə deyil, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılması şərti ilə kredit verilmişdir. Həmin iddia tələbi ilə bağlı iddia müddəti 3 il olmasına baxmayaraq, iddiaçı xx.xx.2020-ci il tarixədək iddia verilməli olduğu halda, həmin müddətdən təxminən 2 il sonra iddia vermişdir. Buna görə də, iddia müddətini ötürmüşdür və iddia rədd edilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə müqavilə və digər sənədlərin əsli təqdim olunmamışdır. Baxmayaraq ki, təqdim olunmuş sənədlərdə tarixlərə düzəlişlərin edilməsi görünür. Birinci instansiya məhkəməsi onun bu barədə əsaslı vəsatəti təmin etməmişdir. İddiaçı QSC-nin nümayəndəsi vəkil X3 məhkəmədə izahat verərək bildirmişdir ki, onlar 2016-cı ildə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, 2017-ci ildə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsi onlar Məhkəmə- Hüquq Şürasına müraciət etdikdən sonra sənədləri geri qaytarmış və yenidən iddia qaldırılmışdır. Hesab edir ki, sənədlər onlara gec təhvil verildiyi üçün İddiaçı QSC tərəfindən iddia müddəti ötürülməmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasınada iştirak etməmiş, iştirak etməmələri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 16 may 2023cü il tarixli 2(049)-228/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən borcalan Cavabdeh2 60 ay müddətində 10.000 ABŞ Dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış “Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 3389 №-li Sazişdən görünür ki, Kredit xətti müqaviləsinin məbləği artırılaraq 100000 ABŞ dolları və kredit xətti müqaviləsinin müddəti artırılaraq 170 ay müəyyən edilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşmasından görünür ki, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kassa mədaxil Orderlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə 25000 ABŞ dolları məbləğində pul Cavabdeh2 verilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 08S000018426 №-li xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Quliyev X1 Ramil Əzizağa oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh2 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 08S000018427 №-li xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh2 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001191 saylı ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2010- cu il tarixli kredit xətti müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Ramil Hüseyovun bank qarşısında öhdəliyinin icrasını təmin etmək üçün Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m2 yaşayış, 21,9 m2 yardımçı, 48,4 m2 ümumi sahədən ibarət 2 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Maliyyə arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 20968,22 ABŞ dolları məbləğində kredit borcu, 6723,59 ABŞ dolları məbləğində faiz borcu və 20253,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 47945,21 ABŞ dolları təşkil edir. İşdə olan Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə “Elektron Xidmətlər Portalı” vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2014-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Habelə Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, hazırki iddianın verilməsi üçün İddiaçı QSC tərəfindən 334,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan Cavabdeh1 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, əri Cavabdeh2 məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 2 saylı mənzilinin İddiaçı QSC qarşısında ipoteka qoyulmasına razıdır. İpoteka predmetinə tutuma yönəldikdə və o satıldıqda heç bir etirazının olmayacağını öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 m yaşayış 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı evinin orta bazar qiyməti 34.000, orta likvid qiyməti 27.000 manat təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gəlmiş və məhkəmə Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə dair qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşması 36 ay müddətində olmasına və xx.xx.2017-ci il tarixdə kredit razılaşmasının müddətinin bitməsinə baxmayaraq, həmin kredit razılaşması xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli 3389 №-li Saziş əsasında bağlanmışdır. Tərəflərin razılığı əsasında qeyd olunan kredit xətti müqaviləsinin müddəti əvvəlcə 60 ay müəyyən olunmuş, daha sonra isə 170 ayadək uzadılmışdır. Belə olan halda, kredit xətti müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir ki, iddiaçı da hüquqların pozulması ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda da, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan xx.xx.2010-cu il tarixli Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğdə kredit verilmiş və kassa mədaxil orderlərindən görünür ki, o, həmin pul vəsaitini xx.xx.2014-cü il tarixdə almışdır. İşdən görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 15 may 2023-cü il tarixində birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verərək (eyni zamanda, apellyasiya şikayətinin dəlilidir) iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi Ramil Əzizova xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılması şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Bu baxımdan, kollegiya qeyd etməyi zəruri hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının əsaslı olması işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması üzrə 36 ay müddətinə kredit götürmüş və İddiaçı QSC isə Cavabdeh2 qarşı yalnız iddia müddəti bitdikdən sonra – 11 oktyabr 2022-ci il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür. İddiaçı QSC-nin nümayəndəsi məhkəmədə izahatında qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinə 2017-ci ildə iddia ərizəsi baxılmamış saxlanılmış və məhz sənədlər gec qaytarıldığı üçün sonradan iddia gec qaldırılmışdır. Buna görə də, iddia müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin nümayəndəsinin məhkəmədə verdiyi izahatında göstərilənlər hazırkı mülki iş üzrə iddia müddətinin tətbiqinə mane ola bilməz. Buna görə də, İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşmasından irəli gələn iddia tələblərinə iddia müddəti tətbiq edilməli, İddiaçı QSC-nin hazırkı iddiası rədd edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, MM-in 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun nəticəyə gələrkən tərəflər arasında xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsinə istinad edərək bildirmişdir ki, müddəti əvvəlcə 60 ay müəyyən olunmuş, daha sonra isə 170 ayadək uzadılmışdır ki, həmin xətt müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir və iddiaçı 3 illik iddia müddətini ötürməmişdir. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2017-ci il tarixli Fərmanının 3 nömrəli əlavəsində nəzərdə tutulmuş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 2.1.8-ci yarımbəndində kredit xəttinə kredit müqaviləsinə uyğun olaraq tam və ya qismən istifadə edilə bilən, faiz dərəcəsi kredit xəttinin yalnız istifadə olunmuş hissəsinə hesablanan və yuxarı həddi müəyyənləşdirilmiş bank krediti kimi anlayış verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il 11 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş Kredit Reyestrinin aparılması və istifadəsi Qaydaları”nın 1.3.1-ci yarımbəndində açılmış kredit xətləri kredit anlayışının tərkibinə daxil edilmişdir. Kredit xətti müqavilələri bank müştərilərinin rahatlığını, maliyyə xidmətlərinə çıxış imkanlarını sadələşdirmək məqsədi daşıyır. Bu cür müqavilələrə görə, bank müştərinin müraciətinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qaydada onun kredit müraciəti üzrə tədbir görməyi öhdəsinə götürür. Kredit xətti müqaviləsinin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərinin təşkilidir. Kredit xətti müqaviləsində tərəflər gələcəkdə bağlanacaq müqavilələrin əsas şərtlərini aydın müəyyən etməlidirlər. Təcrübədə belə şərtlər kredit xətti müqaviləsində, onun tərkib hissəsi olan kredit razılaşmasında və ödəniş planında müəyyən olunur. Kredit xətti müqaviləsinin tətbiqi beynəlxalq təcrübədən irəli gəlməklə bank sektorunda müştərilərin maliyyə resurslarına effektiv çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Kredit xəttinin açılması nəticəsində müştəri daha qısa zamanda bankdan kredit ala bilir, həmçinin müqavilədən irəli gələn faiz öhdəliyi müştəri tərəfindən kredit götürüldükdən sonra və istifadə olunmuş məbləğə münasibətdə əmələ gəlir. Qeyd edilməlidir ki, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 Babalı oğlu apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(049)-228/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1248/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1248/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver