Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1248/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2(056)-148/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 6500 manat pulun və 85 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin yayında Cavabdeh ilə **- RD-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobili qarşılığında 3500 manat öncədən ödəməklə yerdə qalan 9500 manatını isə 2023-cü ilin sentyabrında ödənilməsinə dair yazılı razılaşmışlar. Avtomobilə dair iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmiş və avtomobil ona təhvil verilmişdir. Bundan sonra cavabdeh ona avtomobilin pulundan 300 manat hissə-hissə ödəmişdir. Beləliklə, onun iddiaçıya cəmi 6500 manat borcu qalmışdır. Buna baxmayaraq, cavabdeh sözünə əməl etməyərək yerdə qalan pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış və avtomobili öz oğlunun adına keçirməklə ələ keçirmişdir. Hazırda iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh pulu ödəməyərək sonuncu dəfə pulu olmadığını və ümumiyyətlə ödəməyəcəyini bildirmişdir. İddiaçı avtomobili geri qaytarmağı tələb etsə də, cavabdeh avtomobilin onun oğluna məxsus olduğunu bildirmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Cavabdehin imzaladığı müqaviləyə əsasən cavabdehin iddiaçıya 9500 manat borcu olduğu təsdiqini tapmışdır. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-148/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Füzuli Pənahov) iddia təmin edilmiş, Cavabdeh satılmış avtomobilə görə qalıq qalmış 6500 manat və dövlət rüsumu əvəzində 85 manat olmaqla, cəmi 6585 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin e-2(056)-148/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 04 aprel 2023-cü il tarixində “Ford Transit” yük markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alğı-satqısı ilə bağlı İddiaçı ilə belə razılaşmışlar ki, avtomobilin ümumi satış qiyməti 13000 manatdır, ilkin olaraq 3500 manat ödəniş edir, yerdə qalan 9500 manatı sentyabr ayına kimi qaytarmasına dair öhdəlik götürmüşdür. İddiaçı da öz növbəsində borcu tam ödədikdən sonra avtomobili özgəninkiləşdirmək üçün cavabdehin adına etibarnamə verməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən cavabdeh ilkin olaraq iddiaçıya nağd şəkildə 3500 manat pul ödənişini etdikdən sonra iddiaçı sözügedən avtomobilin istifadəsi üçün etibarnamə vermişdir. 2023-cü ildə cavabdeh bütün borcunu tam ödədikdən sonra razılaşdıqları kimi iddiaçı cavabdehə etibarnamə vermiş, cavabdeh də öz növbəsində həmin etibarnamə əsasında avtomobili oğlu X1 adına rəsmiləşdirmişdir. İşin hallarından görünür ki, aralarında olan borc tam ödənilmiş, heç bir borc qalmamışdır. Buna baxmayaraq, iddiaçı əlavə qazanc əldə etmək niyyəti ilə cavabdehə qarşı əsassız olaraq məhkəmədə iddia qaldıraraq satılmış avtomobilə görə qalıq qalmış 6500 manat pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-148/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh satılmış avtomobilə görə qalıq qalmış 6500 manat və dövlət rüsumu əvəzində 85 manat olmaqla, cəmi 6585 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh hesab edir ki, həmin qətnamə qanunsuz və əsassızdır, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İşin hallarından görünür ki, cavabdeh öhdəliyini tam icra etdiyi üçün iddiaçı avtomobili özgəninkiləşdirmək üçün etibarnamə vermişdir. Hakim işə baxarkən bu hallara qiymət verməmiş, eyni zamanda öhdəliklərin icra edilibedilməməsinə dair araşdırma aparmamışdır. Lakin iş üzrə iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul edərkən Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərdən və işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Hesab edir ki, işə baxan hakim Mülki Məcəllənin 385.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İşin faktiki hallarından görürür ki, iddiaçı ilkin olaraq avotmobillə bağlı cavabdehə istifadə üçün etibarnamə vermişdir. Həmin etibarnaməni ona görə vermişdir ki, avtomobillə bağlı borcu tam olaraq ödəsin, şərtləri də belə idi. Borcu tam ödədikdən sonra iddiaçı cavabdehə avotomobilin onun adına rəsmiləşdirilməsi və ya sərəncam, istifadə, bağışlama, alğı-satqıya, bir sözlə, bütün səlahiyyətlərin verilməsinə dair etibarnamə verəcəkdir. Belə də olmuş, cavabdeh tərəfindən bütün borc tam olaraq ödənilmiş və iddiaçı da öz növbəsində avtomobilə dair etibarnamə vermiş, cavabdeh də həmin etibarnamə əsasında oğlu X1 adına rəsmiləşdirmişdir. Yuxarıda qeyd edilən hallara məhkəmə tərəfindən qiymət verilməmişdir. Hesab edir ki, işə baxan məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cı maddəsini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə zamanı cavabdeh tərəfindən iş üzrə şahidlərin olmasına dair vəsatət verilsə də, hakim buna münasibət bildirməmişdir. İş üzrə heç bir araşdırma aparılmamışdır. Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, hakim iddia ərizəsinin tələbini qeyd etməklə kifayətlənmiş, iddiaçıya cavabdeh tərəfindən qaytarılan borc məbləğini nəzərə almadan, hesab etmişdir ki, guya cavabdeh iddiaçıya avtomobilin alğı-satqısı üçün 6500 manat pul borcludur. Halbuki, cavabdeh tərəfindən borc tam bağlanmışdır. Bundan başqa, iddiaçı məhkəməyə izah edə bilməmişdir ki, 9500 manat qalıq borcdan nə vaxt, nə qədər ödənişlər etmişdir. Məhkəmə yalnız iddiaçının uydurma izahatını əsas tuturaq guya aralarında 6500 manat qalıq borc pul qaldığını müəyyən etmişdir. Cavabdehin şahidləri də var ki, yekunda iddiaçıya 4500 manatı ödəmişdir. Onların aralarında 6500 manat borc pul olmamışdır. Amma buna baxmayaraq hakim cavabdehin prosessual hüquqlarını pozmuşdur. Nəticədə məhkəmə tərəfindən MPM-in 9-cu maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qətnamədən görünür ki, cavabdehin 6500 manat borcunun olmasına dair sübut iş materiallarında yoxdur və məhkəməyə heç bir sübut təqdim edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərindən müəyyən edilir ki, iddia tələbi üzrə sübutetmə yükü iddiaçının vəzifəsidir. İşə baxan hakim isə prosessual qanunvericiliyin tələblərini nəzərə almamışdır. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 77ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Sözügedən qətnamədən müəyyən edilir ki, iddia tələbinə dair iş materiallarında iddianın təmin edilməsinə dair sübut mövcud deyil, yalnız iddiaçının formal mülahizələrdən ibarət izahatı qeyd edilmişdir. Hakim isə prosessual qanunvericiliyin tələblərinə uyğun sübut əldə etməmiş, ehtimali iddianı təmin etmişdir. Məhkəmə prosesi zaman hakim qeyri-obyektiv, qərəzli olaraq işə baxmış, hansı sənədlərə və izahata sübut kimi qiymət verdiyini göstərməmişdir. Bir sözlə, qətnamədə sübutlar göstərilməmiş və hansı sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyi bildirilməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, məhkəmə tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, 2023-cü ildə mübahisəli avtomobilin 13000 manata satılması ilə bağlı cavabdehlə razılığa gəlmiş, cavabdeh ilkin olaraq ona 3500 manat pul vermiş, qalan 9500 manat pulun isə 2023-cü ilin sentyabr ayına qədər ödəyəcəyinə dair öhdəlik götürmüşdür. O, əvvəlcə cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Lakin mübahisəli avtomobilin özü ona etibarnamə əsasında verildiyindən və həmin etibarnamənin vaxtı 2023-cü ilin avqust ayının 25-də başa çatacağından o, bundan 10 gün əvvəl, 15 avqust 2023-cü ildə cavabdehə baş etibarnamə vermiş, bundan sonra cavabdeh həmin avtomobili oğlu Elçin Novruzovun adına keçirmişdir. Cavabdeh ona qalan 9500 manat borcundan 3000 manatını ödəmiş, 6500 manat isə ödənilməmiş qalmışdır. Lakin hazırda cavabdeh ona olan borcunu ödəməkdən imtina edir və bundan sonra hər hansı pul ödəməyəcəyini bildirir. Bununla bağlı, iş materiallarında disk də mövcuddur və həmin diskdə cavabdehlə aralarında keçən söhbətin səs yazısı var. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin söhbət zamanı cavabdehin səsinin yazılmasından xəbəri olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, 2023-cü ildə iddiaçı ilə cavabdeh arasında faktiki olaraq avtomobilin nisyə alğı-satqısı barədə şifahi müqavilə bağlanmışdır. Tərəflər həmin müqavilənin formasına dair tələblərə əməl etməsələr də, onlar arasında avtomobilin nisyə satışına görə 13000 manat məbləğində pul öhdəliyinin yaranmasını hər iki tərəf qəbul edir. Avtomobilə görə ilkin ödəniş kimi iddiaçıya 3500 manat pul ödənilmiş, 9500 manat pulun isə sentyabr ayında veriləcəyi razılaşdırılmışdır. Hazırda iddiaçı cavabdehin həmin 9500 manat puldan 3000 manat qaytardığını, 6500 manat pulun isə ödənilməmiş qaldığını bildirir və bununla bağlı tərəflərin imzaladığı müqavilə adlı sənədi və onlar arasındakı danışığın səs yazısını təqdim edir. Cavabdeh isə avtomobilə görə ödənilməli olan məbləğin tamamilə ödənildiyini, məhz bu səbəbdən iddiaçının ona baş etibarnamə verdiyini qeyd edir. Məhkəmə kollegiyası ilk öncə iddiaçı tərəfindən təqdim edilmiş diskdə mövcud olan onunla cavabdeh arasındakı söhbətin səs yazısına dair bildirir ki, həmin səs yazısı hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, iddiaçı apellyasiya məhkəməsinin iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin söhbət zamanı cavabdehin səsinin yazılmasından xəbəri olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. MPM-in 95.2-ci maddəsinə əsasən, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə onun tərəfindən iş üzrə şahidlərin dindirilməsinə dair vəsatət verilsə də, hakim buna münasibət bildirməmişdir. İş materiallarından görünür ki, cavabdeh 04 mart 2024-cü il tarixli məhkəmə baxışı iclasında pul verəndə yanında olan şahidlərin məhkəmədə dindirilməsi barədə vəsatət vermişdir. Sabirabad Rayon Məhkəməsinin protokol qaydasında qəbul edilmiş 04 mart 2024-cü il tarixli qərardadından isə görünür ki, şahidlərin dindirilməsindən imtina edilmişdir. Bu zaman iddiaçının etirazları da nəzərə alınmışdır. Belə ki, iddiaçı şahid kimi dindirilməsi istənilən şəxslərin əvvəlki məhkəmə iclasında əvvəldən sona kimi məhkəmə zalında oturduqlarını və onların bütün gedişatdan məlumatlı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi əvvəlki məhkəmə iclasında zalda oturmuş şəxslərin şahid kimi dindirilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasındakı münasibətdən göründüyü kimi, iddiaçı nisyə alğı-satqı qaydasında avtomobili cavabdehə şifahi qaydada satmış, əvvəlcə avtomobili idarə etmə ilə bağlı etibarnamə, daha sonra isə baş etibarnamə vermiş, həmin baş etibarnamə əsasında cavabdeh avtomobili oğlunun adına qeydiyyatdan keçirmişdir. Tərəflər arasındakı münasibətlər rəsmi reyestrdə qeydə alınması tələb edilən avtomobilin satılması ilə bağlı yaransa da, onlar arasında notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmamışdır. Lakin tərəflərin hər ikisi aralarında bu cür öhdəlik münasibətinin mövcud olmasını inkar etmir, iddiaçı həmin öhdəliyin natamam icra edildiyini, cavabdeh isə öhdəliyin tam icra edildiyini bildirir. Müqavilənin forma ilə bağlı tələbinə riayət edilməməsi tərəflərin etibarlılığını mübahisələndirmədiyi öhdəlik münasibətlərinin aradan qalxmasına əsas vermir. İş materiallarının 46-cı vərəqində əsli olan kiril qrafikası ilə yazılmış müqavilə adlı sənəddə qeyd edilmişdir ki, “Cavabdeh İddiaçı **-RD-*** Ford markalı maşını 12500 aldım. 3000 manat ödədim. Yerdə qalan 9500 manatı sentyabr ayında verəcəm”. Həmin müqavilə Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi həmin müqavilə tərəflər arasında öhdəlik münasibətini təsdiq edir. Bundan əlavə, həmin müqavilə adlı borc sənədinin əsli də iddiaçı, yəni kreditor tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu isə MM-in 529.3-cü maddəsi baxımından onu göstərir ki, borc sənədi kreditorda olduğuna görə həmin öhdəliyə xitam verilməmişdir, iş materialları ilə də başqa hal sübuta yetirilməmişdir. İş materiallarının 55-ci vərəqində olan 04 mart 2024-cü il tarixli yazılı müraciətində Cavabdeh qeyd etmişdir ki, maşın alanda iddiaçıya verdiyi əldə yazılma kağızı pulu verəndən bir neçə gün sonra iddiaçı gətirib ona vermişdir. Lakin cavabdeh ona dəqiq baxmamışdır ki, bu kağız surətdir, yoxsa əslidir, kağızı cırıb atmışdır. Əgər iddiaçının ona verdiyi kağız əslidirsə, məhkəməyə təqdim etdiyi kağız surətdir, yox əgər əsli deyilsə, demək, ona verdiyi surəti imiş. Bunu iddiaçı bilərəkdən edib ki, sonradan cavabdehdən faiz alsın. Məhkəmə kollegiyası cavabdehin 04 mart 2024-cü il tarixli həmin müraciətində qeyd edilənləri əsassız sayır və bildirir ki, şəxsin öhdəliyini müəyyən edən hüquqi əhəmiyyətli sənədə qarşı laqeyd yanaşması onun məsuliyyətini istisna edən hal kimi çıxış edə bilməz. Bundan başqa, iddiaçı tərəfindən borc sənədi olan müqavilənin əslinin təqdim edilməsi cavabdehin onu cırıb atması ilə bağlı bildirdiklərinin əsassız olduğunu göstərir. İddiaçı istinad edilən borc sənədində öz əksini tapmış 9500 manat puldan 3000 manat pulun cavabdeh tərəfindən ödənildiyini qəbul edir. Lakin cavabdeh tərəf yerdə qalan 6500 manat pulun ödənilməsinə dair hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Bundan başqa, borc sənədi olan müqavilə üzərində ödənişlərin tamamlanmasına dair hər hansı qeyd də edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin öhdəliyin tamamilə icra edilməsi barədə qeyd etdiklərini əsassız sayır. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehdən satılmış avtomobilə görə qalıq qalmış 6500 manat pulun alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi 85 manat məbləğində ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin e-2(056)-148/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-148/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1248/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1248/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver