Məhkəmə qərarları › İş №2(106)-1253/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1253/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1253/2025 11.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10900,79 manat əsas; 679,22 manat faiz; cəmi 11580,01 manat pul vəsaitinin və 124,74 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 72 ay müddətinə 10900,79 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 10900,79 manat əsas; 679,22 manat faiz; cəmi 11580,01 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə gəlməmişdir. Lakin iddiaçı ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılıb iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı ASC-dən 72 ay müddətinə 10900,79 manat məbləğində kredit götürmüşdür. İşdən çıxdıqdan sonra maddi vəziyyəti ilə əlaqədar borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Ellara Abbasova), İddiaçı ASC-nin iddiasının təmin edilməsi, Cavabdeh 10900,79 manat əsas; 679,22 manat faiz; cəmi 11580,01 manat pul vəsaitinin və 124,74 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və ekspertiza təyin olunmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada (MM maddə 739.1,739.2) bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, RGTK79258868B161 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 16 faiz dərəcəsi ilə 72 ay müddətinə 10900,79 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə kimi banka 10900,79 manat əsas, 679,22 manat faiz, cəmi 11580,01 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdehə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 124,74 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı Kapital Bank» ASC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya münasibətində iddia ilə razılaşdığını, yalnız maddi imkanın olmadığına görə kredit borcunu qaytara bilmədiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirərək, ekspertiza təyin edilməsini xahiş etmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. O, ki, qaldı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə, kollegiya bununla bağlı qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (ekspertiza təyin edilməsi ilə bağlı) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Bundan başqa cavabdehin halhazırda da maddi imkanım pis olduğuna görə banka olan borcunu ödəyə bilmədiyini kollegiya iş üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borclu kimi götürdüyü məbləğ müqabilində həmin pula görə razılaşdırılmış borc üzrə öhdəliklərini Bank qarşısında yerinə yetirməlidir. Cavabdehin borcunu ödəmək imkanında olmadığını bildirməsi iddia tələbinin təmin edilməməsinin qanuni əsası kimi çıxış edə bilməz. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə ödənilməli olan əsas borc və borca görə hesablanmış faiz borcunu ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə mülki iş materiallarını tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamasını, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamasını və nəticədə maddi və prosessual pozuntularla qətnamə çıxarılmasını qeyd etsə də istər birinci instansiya icraatı zamanı istərsə də apellyasiya icraatı zamanı bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia təmin edilməli, Cavabdeh 10900,79 manat əsas; 679,22 manat faiz; cəmi 11580,01 manat pul vəsaiti və 124,74 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-874/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar