Məhkəmə qərarları › İş №2(106)-1254/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1254/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1254/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(053)752/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.758 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1.758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, habelə Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh Əliyev X1 Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən 30 may 2023-cü ildə apellyasiya şikayəti vermiş, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək müvafiq şikayətin verilməsi müddətinin bərpasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Neftçala Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 24 iyun 2023-cü il tarixli qərardadı ilə, Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə vəsatətin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinə Cavabdeh müddətin bərpası barədə vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, təhsili, hüquqi savadı və maddi imkanının olmaması səbəbindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür. Həmçinin Neftçala Rayon Məhkəməsinin qətnaməsinin surətini xx.xx.2023-cü il tarixində təhvil aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin surətini xx.xx.2023-cü il tarixində aldığını qeyd etsə də, o ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət qətnamənin rəsmi qaydada alındığı andan 1 ay müddətində edilə bilər. İş materiallarından göründüyü kimi cavabdeh qətnaməni xx.xx.2023-cü il tarixində rəsmi qaydada almışdır bununlada apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımı başlamışdır. Lakin cavabdeh bu müddəti ötürərək qətnamənin alındığı andan 1 ay 12 gün sonra müddətin bərpasında dair vəsatət və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh Əliyev X1 Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(058)752/2021 saylı qətnaməsinin surətini 18 aprel 2023-cü il tarixində şəxsən təhvil almışdır. Cavabdeh vəsatətində qətnamənin surətini rəsmi qaydada almadığı üçün vaxtında apellyasiya şikayəti verməməsini göstərsə də, o qətnaməni rəsmi qaydada yəni 18 aprel 2023-cü il tarixində almasına baxmayaraq yenə də, apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehin vəsatətindən göstərdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(053)752/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar