Məhkəmə qərarları › İş №2(106)-1254/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1254/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1254/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə mediasiya prosesində bağladıqları 14 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00771 saylı barışıq sazişi ilə bir uşağa görə müəyyən edilmiş 50 manat alimentin məbləğinin artırılması və 14 dekabr 2013cü il təvəllüdlü X4 və 20 aprel 2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı aliment məbləğinin indeksasiyası olunması barədə ərizə ilə qətnamənin icrası qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadının ləğv olunması və işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tələbləri əvvəlki mübahisələrdən fərqlənir və yeni sübutlar tələb edir. Digər hər hansı bir məhkəmənin icraatında eyni tələb üzrə mübahisə yoxdur. Alimentin indeksasiya edilməsi heç də alimentin məbləğnin artırılması ilə bağlı deyil. O ayrı bir tələb, alimentin artırılması isə ayrı tələbdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)- 2531/2025 saylı qərardadı ləğv edilməli və iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(050)-2232/2025 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı aliment məbləğinin indeksasiyası olunması barədə ərizə ilə qətnamənin icrası qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan, həmin iş üzə qəbul olunmuş qərardad qanuni qüvvəsini aldığından və ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğundan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmiş, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı 14 yanvar 2025-ci il tarixli icmal məktubda qeyd olunur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki,iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yoxlanılarkən yuxarıda qeyd edilən mövqe nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Masallı Rayon Məhkəməsi 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadında “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan, həmin iş üzə qəbul olunmuş qərardad qanuni qüvvəsini aldığından və ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğundan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir” nəticəsinə gəlməkdə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadının mövcud olmasından söhbət gedə bilməz. Çünki bu norma həm işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməsi halında tətbiq olunur(halbuki işə mahiyyəti üzrə baxılmamışdır), həm də məhz iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olması zəruri şərtdir. İş materialları ilə qeyd olunan hallar müəyyən edilmir. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadı ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-2531/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar