Məhkəmə qərarları › İş №2(106)-1256/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1256/2024

07.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1256/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(020)-346/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və azyaşlı oğlu X1 cavabdehin mülkiyyətində olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X3 ilə aralarında Beyləqan rayon İHB-nin Birinci Şahsevən kənd üzrə ərazi icra nümayəndəliyində 08 avqust 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeydə alınmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(006)-2521/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikaha daxil olduqdan sonra o, keçmiş qaynatası Cavabdeh mülkiyyətində olan və ünvan 1ində yerləşən mənzilə gəlin kimi köçmüş və həmin mənzildə qeydiyyata düşmüşdür. İddiaçı mənzilə qeydiyyata düşən zaman cavabdeh bununla bağlı rəsmi yazılı razılıq ərizəsi vermişdir. İddiaçının cehiz əşyaları hal-hazırda da həmin mənzildədir. Lakin onların kobud hərəkətləri, qanunsuz təzyiqləri nəticəsində qeydiyyatda olduğu mənzildə yaşaması mümkün olmamışdır. Azyaşlı oğlu Tuncay Nağızadə də həmin mənzildə qeydiyyatdadır. Həmçinin, evli olduqları müddətdə də iddiaçı, keçmiş həyat yoldaşı X3 və azyaşlı oğlu 21 sentyabr 2012-ci il təvəllüdlü X2 birlikdə qeydiyyatda olduqları ünvan 1i ünvanında yerləşən evdə yaşamışlar. İddia ərizəsinə əlavə edilən və cavabdeh tərəfindən yazılan ərizədə iddiaçının həmin fərdi yaşayış evində yaşaması və əşyalarının həmin evdə olması Cavabdeh tərəfindən etiraf edilmişdir. Həmçinin, iddiaçının hazırda yaşayış yeri yoxdur və azyaşlı uşağı ilə cavabdeh tərəfindən istifadə hüququ olan fərdi yaşayış evinə buraxılmır. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək bildirmişdir ki, həmin normaların məzmunundan aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ona məxsus yaşayış sahəsinə digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Yəni ki, iddiaçının cavabdehin evinə gəlin kimi köçərək orada yaşaması onun ailə üzvü hesab edilməsi üçün əsasdır. Həmçinin, həmin hüquq normalarının məzmunundan aydın olur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beyləqan Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(020)-346/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(020)-346/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-346/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Əvvəlcə onu bildirir ki, Beyləqan Rayon Məhkəməsinin hakimi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, izahatında bildirdiklərini təhrif edərək qeyd etdiyi xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin oğlu X3 ilə 08 avqust 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. O, gəlin köçdükdən sonra cavabdehin evinə qeydiyyata düşmüş, hətta azyaşlı oğlu da həmin evdə qeydiyyatdadır (bu fakt məhkəməyə təqdim etdiyi Beyləqan RİHB-nin Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 307/1 saylı arayışla tam təsdiq olunur). Sonradan cavabdehin oğlu Elşən Nağıyevlə aralarında narazılıq yaranmış, ayrılmışlar və nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(006)-2521/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Hazırda uşağı ilə birlikdə bir otaqlı kirayə mənzildə yaşayır və kirayə pulunu da çətinliklə ödəyir. Bu vəziyyətdə cavabdeh Rasim və oğlu Elşən Nağıyevlər məhkəmədə ona qarşı iddia qaldıraraq, cehizlik əşyalarının çıxarılmasını tələb edirlər, iddiaçının isə hazırda yaşamağa və cehiz əşyalarını daşıyıb yığmağa evi yoxdur. Buna görə də cavabdehə məxsus həmin evdə yaşamaq hüququndan istifadə etmək istəyir. Qeyd edir ki, ünvan 1ində yerləşən həmin evdə 8 il yaşamışdır, hazırda ona məxsus cehiz əşyaları da həmin evdədir. Buna görə də hesab edir ki, o və oğlu X2 cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən mənzilə köçürülməlidir. Bundan əlavə, Cavabdeh məhkəmə prosesində özü bildirmişdir ki, iddiaçının həmin mənzilə köçürülməsinə etiraz etmir və məhkəmənin mülahizəsinə buraxır. Yuxarıda qeyd etdiyi xüsusatlardan da göründüyü kimi, Beyləqan Rayon Məhkəməsi sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq, ədalətli məhkəmə araşdırması etməyərək tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-346/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsi qəbul edilərkən maddi və prosesual hüquq normaları pozulduğu və düzgün tətbiq edilmədiyi, məhkəmənin gəldiyi nəticə üçün iş üzrə əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmadığı, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi üçün apellyasiya qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı bildirir ki, Cavabdeh oğlu Elşən Nağıyevlə 08 avqust 2012-ci il tarixdə ailə münasibətləri quraraq nikaha daxil olmuşdur. Həmin nikahdan onların bir övladı 21 sentyabr 2012-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Elşən Nağıyevlə birgə nikaha daxil olduqdan sonra aralarındakı ailə münasibətləri pozulanadək 8 il müddətində övladı ilə birlikdə cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən mənzildə yaşamışdır. Yəni, cavabdehin razılığı ilə onlar həmin mənzilə köçürülmüş və uzun müddət cavabdehin ailə üzvü kimi orada yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Ümumiyyətlə, həmin mənzildə yaşadığı dövrlərdə hər zaman ailə üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bir daha qeyd edir ki, Elşən Nağıyevlə nikaha daxil olduqdan sonra Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzilə cavabdehin razılığı ilə köçürülmüşdür və uzun müddət orada yaşamışdır. Lakin birinci instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından açıq-aşkar görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmişdir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Halbuki, açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, bununla da qərəzli qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı 06 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vəsatət verərək, yeni əldə etdiyi sübutlarla bağlı izahat vermək üçün məhkəmə prosesində şəxsən iştirak etmək istədiyini, lakin səhhəti ilə əlaqədar 07 avqust 2024-cü ildə keçiriləcək məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməməsini və 07 avqust 2024-cü il tarixə təyin edilmiş iclasın təxirə salınmasını xahiş etmiş, növbəti məhkəmə iclasında özünün də iştirak edəcəyini qeyd etmişdir. İddiaçı elektron kabinetə vəsatət yerləşdirmiş olsa da, vəsatətdə qeyd etdiyi halları, yəni həqiqətən də səhhətində problemin olub-olmamasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş 139 nömrəli telefonoqramdan da göründüyü kimi, iddiaçının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış, onun məhkəmə iclasında iştirak etməməsinin səbəbi soruşulmuş, iddiaçı ayağında problem olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. İddiaçıya ayağında problemin olması faktını təsdiq edən hər hansı sübutu elektron kabinetə yerləşdirməsi təklif olunsa da, o, bununla bağlı elektron kabinetə yerləşdirə biləcəyi hər hansı bir sübutunun olmadığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun oğlu ilə evli olmuş, evli olduqları müddətdə gəlin kimi köçərək onun evində yaşamışdır. Hazırda iddiaçının köçürülməsini tələb etdiyi ev ona məxsusdur. Lakin o, iddiaçıya evdən istifadə hüququnun verilməsi ilə bağlı hər hansı yazılı müqavilə bağlamamışdır. İddiaçı da təxminən 3-4 ildir ki, başqa yerdə yaşayır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-İİ 981486 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 sentyabr 2012-ci il təvəllüdlü X1 atası X3, anası İddiaçıdır. İşdəki AZ-İ 425651 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 avqust 2022-ci il tarixində 237 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Nağıyev, qadına Qəhrəmanzadə soyadı verilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,86 kv.m yaşayış, 32,92 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 12 mart 2008-ci ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və azyaşlı oğlu X1 cavabdehin mülkiyyətində olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin Beyləqan Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(020)-346/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Hazırda işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehin oğlu Elşən Nağıyev ilə 08 avqust 2012-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından 21 sentyabr 2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, e-2(006)-2521/2022 saylı qətnaməsi ilə isə onların nikahı pozulmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehin oğlu ilə 08 avqust 2012-ci ildə nikaha daxil olmuş, bundan sonra gəlin kimi cavabdehə məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd edilən müddəalar əsasında hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün müəyyən edilməli olan əsas məqam iddiaçının cavabdehin ailə üzvü (keçmiş ailə üzvü) hesab edilib-edilməməsi məsələsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarının təhlilindən isə müəyyən olunur ki, keçmiş gəlin keçmiş qaynatasından özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmir. Bu baxımdan Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edilən “digər qohumlar” ifadəsi keçmiş gəlinə aid edilə bilməz. İddiaçı iddiasında ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılmasına dair Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməsinə baxmayaraq, hazırkı iş üzrə həmin müddəa tətbiq edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu yuxarıda adıçəkilən 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dən sonra yaranan münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edən məhkəmə kollegiyası bildirir ki, yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh ilə keçmiş gəlini olan iddiaçı arasında hər hansı razılaşmanın olması müəyyən edilmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi isə müəyyən edir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmçinin, iddiaçı apellyasiya şikayətində özünün mübahisəli evdə qeydiyyatda olduğunu və bu səbəbdən istifadə hüququnun olduğu evə köçürülməli olduğunu qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi, şəxsin hər hansı bir yerdə qeydiyyatda olması onun həmin evdən istifadə hüququnun yaranması demək deyil. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuş və maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(020)-346/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar