Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1257/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, İddiaçı Pərviz oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Pərviz oğlunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-409/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Pərviz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pulun və məhkəməyə ödədiyi 65 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlayaraq xx.xx.2017-ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul borc vermişdir. Həmin kredit müqaviləsi Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-221 nömrəli reyestrlə xx.xx.2016-cı il tarixdə təsdiqlənmişdir.Cavabdeh borcunu qaytarmaqdan boyun qaçırır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-409/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddianın təmin edilməməsi, İddiaçı Pərviz oğlunun Cavabdeh qarşı 4500 manat məbləğdə borc pul vəsaitinin alınıb ona verilməsinə tələbinə dair iddiasının iddia müddəti keçdiyinə görə rədd edilməsi və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 65 manatın onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlayaraq xx.xx.2017-ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 manat məbləğində pul borc vermişdir. Həmin kredit müqaviləsi Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-221 nömrəli reyestrlə xx.xx.2016-cı il tarixdə təsdiqlənmişdir. Hazırda Cavabdeh borcu qaytarmaqdan boyun qaçırır. Beyləqan rayonu 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etdikdən sonra notarius tərəfindən 16 may 2018-ci il tarixdə cavadehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərnaməyə heç bir cavab verməmiş və borcunun olmamasını mübahisələndirməmişdir. Sonradan pandemiya şəraiti yarandığından Beyləqan rayonuna gələ bilməmişdir. xx.xx.2021-ci il tarixdə Beyləqan rayon 12 saylı notarius ofisinə müraciət etmişdir. Onlar da pandemiya şəraitini nəzərə alaraq həmin gün icra qeydi tərtib etmişlər və icra şöbəsinə göndərilmişdir. İcra məmuru dəfələrlə cavabdehə xəbərdarlıq etmişdir. Sonuncu dəfə icra məmuru ona zəng edərək cavabdehin gətirildiyini və məhkəməyə göndəriləcəyini bildirmişdir. Həmin vaxt Vüqarın qohumları ondan Vüqara borcu ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Bundan sonra o, Rusiya Federasiyasına getmişdir. Qayıtdıqdan sonra bilmişdir ki, cavabdeh ona qarşı Sumqayıt Şəhər Məhkəməsində icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iddia tələbi üzrə İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsə də, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Cavabdeh ona olan borcunu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh apellyasiya şikayətinə etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 5012/2022 saylı qətnaməsi ilə hazırkı iddia tələbi üzrə İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsə də, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-304/2023 saylı qətnaməsi ilə ləğv edilərək iddia tələbi təmin edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-409/2024 saylı qətnaməsi ilə onun verdiyi iddia ərizəsi icraata qəbul edilməsi rədd edilmişdir. Həmin mülki işdə məhz hazırda iddiaçının ona qarşı qaldırdığı iddia tələbindəki kredit müqaviləsi mübahisələndirilmişdir. Həmin mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində iddianın təmin edilməsinə səbəb kimi göstərilir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə tələbə dair müvafiq notariat orqanı tərəfindən xx.xx.2021-ci il tarixli icra qeydi aparılmış, kredit müqaviləsində isə borcun qaytarılmalı olduğu son müddət xx.xx.2017-ci il tarix qeyd edilmişdir. Həmin kredit müqaviləsi üzrə icra qeydi müqavilənin bitdiyi tarixdən 3 il müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2872/2023 saylı qərardadı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı Pərviz oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra qeydi üzrə ona cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İcra qeydi icra olunmadığı üçün cavabdehin barəsində inzibati həbs tətbiq ediləcəkdi, lakin cavabdehin qohumlarının ona yaxınlaşaraq etdiyi xahişlərə görə cavabdehin həbs olunmasına razı olmamışdır. Özü hazırda işləməsə də, əvvəllər Rusiyada işləmiş və kifayət qədər gəlir əldə etmişdir. Azərbaycana qayıtdıqdan sonra ondan borc pul istəyən qohum-tanışlara maddi köməklik etmişdir. Əvvəllər cavabdehi tanımasa da, 2016-cı ildə bir nəfər vasitəsi ilə tanımışdır. Pulu cavabdehə borc məqsədi ilə inanıb vermişdir. Pulu ona verərkən hər hansı bir yazılı qəbz imzalamamışdır. Aralarında “Wotsap” ani mesajlaşma proqramı vasitəsi ilə aparılmış mesajlaşmaları özündə əks etdirən hər hansı bir sübut yoxdur. Onun cavabdehlə hər hansı bir avtomobil alqı-satqısı olmamışdır. Əgər elə bir şey olmuş olsaydı belə, bu mövcud kredit müqaviləsində öz əksini tapmış olardı. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur. Kredit müqaviləsini özü imzalamış, lakin ondan hər hansı borc pul almamışdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, iddiaçıdan “Opel Astra” markalı avtomobil almışdır. Həmin 4520 manat məbləğində pul avtomobilin puludur. Həmin məbləğin təxminən 2000 manatını ilkin ödəniş kimi ödəmiş, qalan məbləğ də iddiaçıya əlbəəl və poçt vasitəsi ilə qaytarılmışdır. Avtomobili idarəetmə hüququnu təsdiq edən etibarnamə ilə 5-6 ay istifadə etmiş, daha sonra həmin avtomobil iddiaçının razılığı əsasında başqa bir şəxsə satılmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan xx.xx.2016-cı il tarixdə kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 manat məbləğində pul borc vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında" qərarın surətindən görünür ki, İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulmalı, borclu Cavabdeh tələbkar tərəfindən ödənilmiş 20 manat nəbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair çıxarılmış icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İşdə olan Beyləqan rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında icra məmurunun Cavabdeh ünvanladığı bildirişinin surətindən görünür ki, İddiaçı xeyrinə vaxtında dənilməmiş 4500 manat tutulmalı, ondan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair Beyləqan rayon saylı notariat ofisinin 8İ-759 saylı, 28 yanvar 2021-ci il tarixli icra qeydini təmin edilməsi üçün 10 gün müddətinə könüllü vaxt verilmişdir. İşdə olan 23 iyul 2018-cı il tarixli 834 №li Sumqayıt Şəhərinin Xüsusi X1 ünvanladığı xəbərdarlıq (bildiriş) məktubunun məzmunundan görünür xx.xx.2016-cı il tarixdə İddiaçı Pərviz oğlundan 18 ay müddətinə borc olaraq aldığı 4500 manat pul məbləğinin ödənilməsi tələb edilmiş, əks halda barəsində icra qeydinin tərtib edilib, icraya yönəldilməsi barədə xəbərdar edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5012/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh oğlnun İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı "İcra qeydinin ləğv edilməsi tələbinə dair" iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 304/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5012/2022 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh oğlnun İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı "İcra qeydinin ləğv edilməsi tələbinə dair" iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 manat məbləğdə pul borc vermişdir. Cavabdeh borcunu qaytarmadığından iddiaçı Beyləqan Rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, notarius tərəfindən 16 may 2018-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı təkrarən xx.xx.2021-ci il tarixdə Beyləqan rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir. Notariusun xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulması qeyd edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsində İddiaçı qarşı icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə ləğv edilmişdir. Həmin qətnamədə də qeyd edildiyi kimi iddiaçı qeydi üzrə iddia müddətini keçirmişdir. İddiaçı prosessual müddətin bərpası barədə vəsatət verərək 3 illik iddia qaldırmaq müddətinin xx.xx.2020-ci ildə bitdiyini, lakin Pandemiya şəraiti yarandığından rayonlara gediş-gəlişin məhdudlaşdırıldığını, bu səbəbdən vaxtında müraciət edə bilmədiyini, ailə üzvlərinin “Covid-19” virusuna yoluxduğunu, bu səbəbdən ümumi yaşayış sahəsinə karantin qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı əslində iddia müddətini keçirmədiyini, vaxtında məhkəməyə müraciət etdiyini göstərmiş, lakin iddia ərizəsində göstərilən halları nəzərə alaraq buraxılmış iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. İddiaçı iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə vəsatət versə də, iddia müddətinin üzrlü səbəbdən keçirməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, hazırkı tələb üzrə iddia müddətinin bərpası üçün heç bir əsas müəyyən edilmədiyindən məhkəmə buraxılmış müddətin bərpasını əsaslı hesab etmir. Cavabdeh isə iddia müddətini mübahisələndirmiş, bu barədə məhkəməyə ərizə göndərmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, o zaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olmuşdur. Ancaq iddiaçı tələbi qismən əsaslı olduğuna baxmayaraq, məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. MM-in 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il Qərarında göstərilir: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Pərviz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-409/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı Pərviz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-409/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1257/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1257/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver