Məhkəmə qərarları › İş №2(106)-126/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-126/2025

24.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-126/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinə və sahibliində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş Q Ə T N A M Ə S İ Açar sözlər : maneənin aradan qaldırılması. Şirvan şəhəri, 24 iyun 2025-ci il X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinə və sahibliində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması” (Astara rayonu Kijebe Bələdiyyəsi müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəb edilməklə) tələbinə dair iddia ərizəsi üzrə mülki iş barədə Astara Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(018)-186/2024 saylı qətnaməsindən (hakim İlqar Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmsil etdiyi şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mülkiyyətə daxil olmanın qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdı ki, İddiaçı mülkiyyətində Astara rayonu Təngərüd kəndində 0,19 ha torpaq sahəsi və həmin torpaqda yerləşən sahibliyində olan ikimərtəbəli yaşayış evi vardır. Yaşayış evi yarımçıq olduğu üçün həmin evə çıxarış alınmamışdır. Həmin torpaq sahəsi və yaşayış evi onun ana babasına məxsus olmuşdur. Anası vərəsəlik yolu ilə həmin miras əmlakı əldə etmişdir. Sonradan onu İddiaçı bağışlamışdır. Hal-hazırda torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə girə bilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona öz mülkiyyətinə daxil olmağa imkan vermirlər. Onlar həyətdə olan ikimərtəbəli yaşayış evini anbara çevirmiş və onun otaqlarına mandarin yeşikləri yığmışlar. Cavabdehlərdən həmin torpaq sahəsinə girməməyi və yaşayış evindən qanunsuz olaraq istifadə etməməyi tələb etsədə onlar buna əməl etmirlər. İddiaçı gələcəkdə başqa xoşagəlməz hadisələrin baş verməməsi, baş verəcək cinayət hadisəsinin qarşısını almaq məqsədi ilə bu məsələni hüquq - mühafizə orqanlarına müraciət etmək yolu ilə həll etmək istəyir. Çünki cavabdehlər onu şantaj edərək qanunsuz hərəkət etməyə təhrik edirlər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mülkiyyətə daxil olmanın qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsini müdafiə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil da iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmədə Cavabdeh2 onlara qarşı verilmiş iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirmişdir ki, həmin evi ona iddiaçının babasl satmışlar, lakin rəsmi alqı-satqı bağlamamışlar. Həmin evin bütün xərclərini onlar 32 ildir ki, çəkirlər. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(018)-186/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və sahibliyində olan yaşayış evinə daxil olmaya törədilən maneələr aradan qaldırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mülkiyyətə daxil olma qadağan edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-86/2024 saylı qətnaməsi əsassız olduğundan ləğv edilməsi və tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən torpaq sahəsinin 1982-ci ildən istifadə olması mülkiyyətçilərin razılığı ilə sitrus ağacları əkilməsi və onlardan 42 il müddətinə fasiləsiz istifadə edilməsi özlüyündə sübut edir ki, torpaq sahəsi özbaşına istifadə edilməyibdir. Şifahi olaraq torpaq sahəsi ona satılmış və 10000 ABŞ dolları almışlar. Beh müqaviləsinin bağlanması təsdiq etmək və icrasını təmin etmək məqsədilə gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. İddiaçı nənəsi Tuğra Nəhmətova əri Əzizulla Nəhmətovun razılığı ilə 0.19 hektar torpaq sahəsini aramızda olan şifahi razılığa əsasən ona satmış və 2014-cü ildə 10.000 ABŞ dollları şahidlərin yanında almışdır. Məhkəmə isə iş üçün əhəmiyyətli olmasına baxmayaraq bu mötəbər sübutu nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun torpaq sahəsi ilə qonşu torpaq sahələridir. Həmin torpaq sahəsi cəmi 34 sotdur, onun 19 sotunun sənədi var, 15 sotu isə zəbt olmaqla bələdiyyə torpağıdır. Qonşuları, yəni iddiaçının babası və nənəsi - Əzizulla və Tuğra çox vaxt RF-da yaşayıblar. Buna görə də Əzizulla torpaqdan onun istifadə etməsinə razılıq vermiş və onlara məxsus torpaqdan uzun müddətdir ki, istifadə edir. 15 sot torpada sitrus bitkiləri əkmiş və becərmişdir, hazırda da oradan istifadə edir. Həmin həyətdə damı vurulmuş ev olsa da orada heç vaxt heç kim yaşamayıb, hazırda da yoxdur. Əzizulla və Tuğra həyətdə olan koma tipli evdə yaşayıblar. Evdə qaz, işıq və su sayğacları yoxdur. 2014-cü ildə mübahisəsi gedən torpaq sahəsini Tuğradan 10000 ABŞ dollarına almışdır. Torpağı alarkən aralarında hər hansı yazılı müqavilə bağlanmamışdır. Tuğranın ondan 1000 dollar almasına dair də onda sübut yoxdur. İstifadə etdiyi torpağa dair heç bir hüquqi sənədi yoxdur. Tuğra sənədləri gətirib ona verməsinə söz versə də gətirib verməmişdir. Sonradan öyrənmişdir ki, Muradın anası valideyinlərindən qalan həmin miras əmlakı qəbul edərək oğlu Murada bağışlamışdır. Hesab etmişdir ki, torpaq ona satılıb, ona görə də qətnamənin ləğv edərək iddianın rədd edilməsini xahiş edir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Göstərmişdir ki, mübahisəli torpaq sahəsi zəbti də olsa eyni çəpər daxilində yerləşir. Həmin həyətdəki evi iddiaçının babası tikdirmişdir. Torpaq sahəsi cavabdehə satılmayıbdır. Cavabdehlərin bununla bağlı sübutları yoxdur. Cavabdehlər bir qonşu kimi oradan müvəqqəti istifadə ediblər. Apellyasiya baxışında Astara rayonu Kijebe Bələdiyyəsi müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişdir. Digər cavabdehə və müstəqil tələb irəli sürməyən İİİ şəxs Astara rayonu Kijebe Bələdiyyəsi müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 106.1-ci mаddəsinə əsаsən, işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi müvafiq ekspertizalar təyin etməmiş, iddiaçının mülkiyyətində və faktiki istifadəsində nə qədər torpaq sahəsinin olmasını aydınlaşdırmamış, torpaq üzərində yerləşən evin mülkiyyətdə olan torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etməmişdir. İş materiallarında olan ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Astara rayon, Təngərüd kəndində yerləşən 0,19 ha yaşayış məntəqələri torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 dekabr 2023-cü il tarixli, arayışından görünür ki, İddiaçı Astara rayon Rüdəkənar kəndində yaşayır. Apellyasiya baxışında iddiaçının mülkiyyətində və faktiki istifadəsində nə qədər torpaq sahəsinin olmasını müəyyən etmək, həmçinin mübahisəli torpaq üzərində yerləşən evin mülkiyyətdə olan torpaq sahəsində yerləşib-yerləşməməsini aydınlaşdırmaq üçün məhkəmə mühəndis ekspertizası təyin edilmişdir və rəy alınaraq işə əlavə edilmişdir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-cü il tarixli 3-16-16/2-10/371 saylı ekspert rəyində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4122/2024 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir. birinci sualı üzrə: Astara rayonu, Təngərüd kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətində olan 0,19 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,19 ha torpaq sahəsinin faktiki vəziyyətdə 0,134 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan 0,056 ha hissəsinin isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olması müəyyən olunmuşdur. Eyni zamanda İddiaçı faktiki İstifadəsində olan torpaq sahəsinin də koordinatları müəyyən edilmiş və faktiki İstifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,317 ha olması məlum olmuşdur. Qərardadın ikinci sualı üzrə: Astara rayonu, Təngərüd kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** deydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətində olan 0,19 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda, onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində isə tikilinin (fərdi yaşayış evinin) mövcud olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İddiaçı faktiki istifadəsində 0,317 ha torpaq sahəsinin olması müəyyən olunmuşdur. Bunun 0,134 ha hissəsinin onun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətində olan torpaq sahəsi, qalan 0,183 ha hissəsinin isə mülkiyyətindən əlavə istifadəsində olan torpaq sahəsi olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,134 ha hissəsinin (mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0,056 ha hissəsi istisna olmaqla) və mülkiyyətindən əlavə faktiki istifadəsində olan 0,183 ha torpaq sahəsinin vahid çəpər daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Mübahisəli tikilinin (fərdi yaşayış evinin) İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşməməsi müəyyən olunmuşdur. Həmin 101 kv.m ölçüdən ibarət tikilinin (fərdi yaşayış evinin) bütövlüklə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: Mübahisəli tikilinin (fərdi yaşayış evinin) bütövlüklə İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsindən kənarda, onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra Astara rayonu Kijebe Bələdiyyəsi müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili cavabdehin həmin torpaq sahəsini alması ilə bağlıdır. Cavabdeh mübahisəli torpaq sahəsini almasını bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin keçirilmiş ekspertiza nəticəsində müəyyən edilir ki, yalzın 0.19 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və həmin 0.19 ha-nın 0,056 ha hissəsindən cavabdehlər istifadə edir. Lakin cavabdehlər məhkəmə iclasında bildirmişlər ki, onlar iddiaçıya məxsus 0.19 hadan və həmin torpaq sahəsinin yanında olan 0.15 hadan faktiki olaraq istifadə edir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində 0,317 ha torpaq sahəsi vardır. Bundan başqa mübahisəli tikilinin (fərdi yaşayış evinin) bütövlüklə İddiaçı xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********86 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətində olan 0,19 ha torpaq sahəsindən kənarda, onun faktiki istifadəsində olan torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsində olan ev iddiaçıya məxsus 0.19 ha torpaq sahəsinin üzərində yerləşmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan qeyri-dəqiq olan iddianı elə olduğu kimi də təmin etməklə hüquqi əsasa söykənməyən qətnamə qəbul etmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(018)-186/2024 saylı qətnaməsi dəyişdirilərək “İddiaçı mülkiyyətində olan 0.19 ha torpaq sahəsinə daxil olmağa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılmaqla qadağan edilməli, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0.19 ha torpaq sahəsinə daxil olması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(018)-186/2024 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı mülkiyyətində olan 0.19 ha torpaq sahəsinə daxil olmağa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılmaqla qadağan edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0.19 ha torpaq sahəsinə daxil olması qadağan edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar