Məhkəmə qərarları › İş №2(106)-1261/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1261/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1261/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2(055)-284/2025 saylı qətnaməsindən cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 5117,82 manat əsas borc, 93,26 manat faiz borcu, 2439,50 manat cərimə olmaqla cəmi 7650,58 manat məbləğində borcun və 96,51 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli 027A********** saylı kredit müqaviləsinə əsasən borcluya aylıq 0,0833% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5833,96 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 027G**********02 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və 027G**********01 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Borc alan götürdüyü kredit borcundan 716,14 manat ödəniş etmiş və iddiaçıya 5117,82 manat məbləğində kredit borcu qalmışdır. X3 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Vəkil sorğularına verilən cavab məktublarından məlum olur ki, mərhum Rövşən Qədirovun adına heç bir vərəsəlik iş açılmamış, vərəsələrinin dairəsi müəyyən edilməmişdir. Həmçinin mərhumun adına qeydiyyatda olan hər hansı bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Zaminlik müqavilələrinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə birgə məsuliyyət daşıyırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2(055)-284/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5117,82 manat əsas borc, 93,26 manat faiz borcu, 300 manat cərimə olmaqla cəmi 5511,08 manat məbləğində borcun və 96,51 manat dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X2 aylıq 0,0833% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5833,96 manat kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında kredit müqaviləsi bağlandıqdan sonra, onunla paralel olaraq həyat sığorta müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlərin edilməsi dəfələrlə yubadılmış, xx.xx.2021-ci il tarixindən isə ödənişlər edilməmişdir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hesab edirlər ki, ölmüş şəxs davranış qabiliyyətinə malik olmadığından onun barəsində öhdəliklərini icra etməməsi kimi fikirlərin işlədilməsi mümkün deyildir. Zaminin öhdəliyinin yaranmasına əsas ola biləcək borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə şərti borclunun ölümündən sonra mövcud olmadığından xx.xx.2022-ci il tarixdən sonra kreditor qarşısında borcalanın öhdəliklərinə görə zaminin öhdəliyinin yaranması istisna olunur. Zamin borclunun ölümündən sonra yaranacaq öhdəliyə görə məsuliyyət daşımır və xx.xx.2022-ci il tarixdən sonrakı dövrə borcalanın yaranmış öhdəliyinə görə Cavabdeh1 zaminlik müqaviləsinə xitam verilməlidir. Qətnaməyə diqqət yetirdikdə müəyyən olunur ki, həqiqətən işin halları göstərilən dəlillərlə ziddiyyət təşkil edir. Maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin diqqətəlayiq halları nəzərə alınmamışdır. İşin faktiki halları aydınlaşdırılmadığı üçün, məhkəmə səhv nəticəyə gəlmişdir. Yeni sübut yoxdur. Təqdim olunmuş sübutlar ətraflı araşdırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı QSC apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılır ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, X3 xx.xx.2022-ci il tarxidə vəfat etmişdir və ölmüş şəxs davranış qabiliyyətinə malik olmadığından onun barəsində öhdəliklərini icra etməməsi kimi fikirlərin işlədilməsi mümkün deyildir. Zaminin öhdəliyinin yaranmasına əsas ola biləcək borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə şərti borclunun ölümündən sonra mövcüd olmadığından, xx.xx.2022-ci il tarixdən sonra kreditor qarşısında borcalanın öhdəliklərinə görə zaminin öhdəliyinin yaranması istisna olunur. Zamin borclunun ölümündən sonra yaranacaq öhdəliyə görə məsuliyyət daşımır və xx.xx.2022-ci il tarxidən sonrakı dövrə borcalanın yaranmış öhdəliyinə görə Cavabdeh1 zaminlik müqaviləsinə xitam verilməlidir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Bundan əlavə həmin kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixlə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN FƏRMANİNİN təsirinə düşmüş hə həmin kreditlərin sığortalanması isə nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi və vəkili kreditin sığortalandığını bildirsədə nə birinci instansiya məhkəməsində nədə apellyasiya şikayətində həmin sığorta müqavilsini əlavə etməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərdən Cavabdeh1 apellyasiya şikəyətini müdafiə edib, yuxarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamış, digər Cavabdeh2 məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası qaydasında borc alanın 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 5833,96 manat məbləğində borcu illik faiz dərəcəsi 1% olmaqla 60 ay (bir il güzəşt müddəti ilə) restruturizasiya olunmuşdur. Kredit ödəniş qrafikindən görünür ki, kreditin qaytarılmasının son müddəti xx.xx.2024 tarixidir. Krekdit ödiniş qrafikinə əsasən kreditin qaytarılması müddətləri və şərtləri ilə həm borcalan, həm də zaminlər tanış edilmişlər, bunu imzaları ilə təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit alan (X3) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 28 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5117,82 manat əsas borcu, 93,26 manat faiz borcu, 2439,50 manat cərimə borcu olmaqla, cəmi 7650,58 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, 24 saylı notariat ofisinin 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, X1 adına “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemində yoxlama aparılmış, adına heç bir vərəsəlik işi açılmamış, vərəsələrin dairəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin göstərdiyi Elektron xidmətlərdən “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi”nə dair bölməsindən çıxarışdan görünür ki, X1 adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəsmi məlumatına əsasən X1 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli rəsmi məlumatına əsasən X1 adına qeydiyyatdan keçmiş daşınar əmlak aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən aylıq 0,0833% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5833,96 manat kredit verilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 027G**********02 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və 027G**********01 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. X3 vəfat etdiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən zaminlər hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə görə: Zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir; Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar; Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir; Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər; Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır; Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kreditorun zaminlərə qarşı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı tələb irəli sürmək hüququ hələ borc alan ölməmişdin öncə yaranmış olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borc alan öhdəliklərin icrasını dəfələrlə yubatmış, xx.xx.2021-ci il tarixindən sonra isə ümumiyyətlə icra etməmiş, xx.xx.2022-ci ildə ölmüşdür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi borc alanın öldüyü məqamadək öhdəliklərinin icrasından bir il yarım müddət ərzində yayınması, icra edilməməsi halları mövcud olmuşdur ki, artıq həmin zamandan kreditor zaminlərə qarşı tələb irəli sürmək hüququnu əldə etmiş olmuşdur. Bundan başqa hətta borc alanın öldüyü məqamadək öhdəliklərini lazımınca icra etməsi müəyyən olunmuş olsa idə, yenə də, kreditorun hazırki iş materiallarına əsasən zaminlərə qarşı tələb irəli sürmək hüququ mövcud olmuşdur. Belə ki, işin müəyyən olunan hallarına əsasən borc alanın ölümündən sonra adına vərəsəlik işi açılmamışdır, ümumiyyətlə adına rəsmi reyestrdə qeydə alınmış daşınar və dəşanmaz əmlak aşkar edilməmişdir. Vərəsələrin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşdığından, borclunun ölümü ilə mirasa açılan hər hansı bir əmlakı olmadığından, kreditordan zaminlərə qarşı öhdəliyin icrasını tələb edə bilməsi üçün, borclunun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsinə dair sübutlar istənilməsi doğru deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər yuxarıda gərilən əsaslanırmaya görə qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2(055)-284/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar