Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1262/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X19 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 15 fevral 2024-cü tarixli 2(071)-96/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 23496 manat məbləğində pulun və 161 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kiçik fermer təsərrüfatı yaratmaqla ailə üzvləri ilə iri və xırda buynuzlu heyvanlar saxlamışdır. Cavabdehin şəriki olmuş mərhum X4 ilə 15 ilə yaxın müddət ərzində nağd və nisyə şəkildə heyvan alveri etmişdir. 2023-cü ilin iyun ayında cavabdeh mərhum Ramil Cəfərovla birlikdə fermaya gələrək ondan nisyə şəkildə hər biri 235 manat dəyərində olmaqla, ümumilikdə 12200 manat dəyərində 52 baş quzu almışlar. Bundan bir ay sonra cavabdeh və mərhum Ramil Cəfərov yenidən fermaya gələrək ondan nisyə şəkildə hər biri 235 manat dəyərində olmaqla, ümumilikdə 9635 manat dəyərində 41 baş quzu və hər biri 150 manat dəyərində olan 10 baş ana qoyun almışlar. Beləliklə, onların ümumilikdə 23335 manat borcu yaranmışdır. Cavabdeh və mərhum Ramil Cəfərov 23335 manat borcu iki ay ərzində ödəyəcəklərinə söz vermişlər. Lakin 2023-cü ilin sentyabr ayında R.Cəfərov İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində qətlə yetirilmişdir. Ramil Cəfərovun yas mərasimində o və cavabdeh iştirak etmişdir. O, yas mərasimində Ramil Cəfərovun borcunun qaytarılması ilə maraqlanmış, Ramil Cəfərovun yaxınları yas mərasimi sona çatdıqdan sonra borcu qaytaracaqlarına söz vermişlər. Lakin yas mərasimi qurtardıqdan sonra Ramil Cəfərovun yaxınları borcu qaytarmaqdan imtina etmiş, həmin borcun Cavabdeh ödənilməli olduğunu bildirmişlər. Hacıqabul Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü tarixli qətnaməsi ilə (hakim Orxan Bayramov) iddia qismən təmin edilərək Cavabdeh 1700 manat manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 12 manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İş materiallarında olan AZ-İİ 375438 saylı xx.xx.2023-cü il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirmişdir ki, X4 onun qardaşıdır. Ramil Cəfərov xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda qətlə yetirilmişdir. İddiaçı və Cavabdeh tanıyır. İddiaçı iri və xırda buynuzlu heyvanlar saxlayaraq fermer təsərrüfatı ilə məşğul olur. Cavabdeh isə bir neçə ay onun mərhum qardaşı tərəfindən müxtəlif şəxslərdən alınan heyvanları ondan münasib qiymətə alaraq bazarda satmaqla məşğul olmuşdur. R.Cəfərov ölkənin müxtəlif bölgələrində iri və xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olan fermerlərlə əlaqəsi olmuş, fermerlərdən heyvanların alınaraq Cavabdeh və heyvan bazarında satışla məşğul olan digər şəxslərə satılmasında vasitəçilik etmiş və bu vasitəçilikdən öz qazancını götürmüşdür. Qardaşı R.Cəfərovun maddi imkanı olmadığı üçün o, Cavabdehla heç vaxt şərikli iş görməmiş, yalnız müxtəlif fermerlərdən münasib qiymətə aldığı heyvanların cavabdehə, habelə digər şəxslərə satışı ilə məşğul olmuşdur. Qardaşı R.Cəfərov 2023-cü ilin aprel-may aylarından başlayarq Cavabdeh heyvan satmışdır. Bundan əvvəl isə qardaşı Bəxtiyar adlı şəxslə şərik olmuş, lakin sonradan ziyana düşdüyü üçün kiminləsə şərikli iş görməyə maddi imkanı olmamışdır. Mərhum qardaşı R.Cəfərovun İddiaçıla uzun müddət iş birliyi olmuşdur. Belə ki, R.Cəfərov İddiaçı dəfələrlə nisyə heyvan almış, həmin heyvanları bazarda heyvan ticarəti ilə ilə məşğul olan şəxslərə satdıqdan sonra İddiaçı pulunu ödəmişdir. Lakin buna baxmayaraq qardaşı R.Cəfərov İddiaçı dəfələrlə və mütəmadi şəkildə nisyə heyvan aldığı üçün qardaşının iddiaçıya borclu olduğunu ehtimal edir. 2023-cü ilin may ayının dəqiq vaxtını xatırlamadığı günündə mərhum qardaşı R.Cəfərovun Cavabdehla birlikdə İddiaçı fermasına gedərək ondan 11700 manat dəyərində 52 baş quzunun alması ona məlumdur. Həmin vaxt Cavabdeh 10000 manat pulu İddiaçı vermiş, yerdə qalan məbləği, yəni 1700 manat pulu qardaşı R.Cəfərova vermişdir. Bundan əlavə, həmin vaxt Cavabdeh R.Cəfərova göstərdiyi xidmətə görə 300 manat məbləğdə zəhmət haqqı vermişdir. Qardaşı R.Cəfərovun yas mərasimində İddiaçı ona yaxınlaşaraq qardaşının borcunun ödənilməsi ilə maraqlanmış, o, yaxın vaxtlarda borcu ödəyəcəklərinə söz vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirmişdir ki, iddiaçı onun əridir. Onlar iri və xırda buynuzlu heyvanların saxlayaraq fermer təsərrüfatı ilə məşğul olurlar. X11rla yaxın münasibətdə olmuş, onlardan dəfələrlə nisyə heyvan almışdır. Cavabdehi yalnız bir dəfə Ramillə birlikdə fermaya gələrkən görmüşdür. Bu təxminən 2023-cü ilin may ayı ərzində olmuşdur. Onlar birlikdə fermaya gələrək ümumi dəyəri 12200 manat olan 52 baş quzu almış, 10000 manat pulu İddiaçı onun yanında vermişlər. K.Mürşüdovanın sözlərinə görə 10000 manat pul verilərkən R.Cəfərov həmin pulun əvvəlki borc məbləğlərinə aid olduğunu bildirmiş, hazırkı götürdükləri heyvanların pulunu isə yaxın zamanlarda qaytaracağını bildirmişdir. R.Cəfərov bu sözləri cavabdehin yanında demiş, o, isə bununla razılaşmışdır. Bundan qabaq R.Cəfərov dəfələrlə onlardan gəlib nisyə heyvan almış və onun aldığı heyvanlara görə borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirilən X13 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətindədir. İddiaçı ailə üzvləri ilə birlikdə fermer təsərrüfatı ilə məşğul olur. 2023-cü ilin may ayının 15-də o, fermada olarkən ora cavabdehin və adını sonrada bildiyi Ramil Cəfərovun gəlməsini görmüşdür. Həmin vaxt onlar İddiaçı 52 baş quzu almışlar. R.Cəfərov və Cavabdeh tərəfindən İddiaçı hər hansı məbləğdə pulun verilməsini şahidi olmamışdır. Lakin sonra da İddiaçı ona bildirmişdir ki, gələn şəxslərdən R.Cəfərovu çoxdan tanıdığı üçün 52 baş quzunu nisyə satmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh tanıyır, onunla heyvan bazarında tanış olmuşdur. Cavabdeh və o, Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən heyvan bazarında heyvan satışı ilə məşğul olurlar. X22 heyvan bazarında heyvanların müxtəlif fermerlərdən alınaraq bazarda ticarətlə məşğul olan şəxslərə satılmasında vasitəçilik edən şəxs kimi tanımışdır. Mərhum R.Cəfərov heç vaxt Cavabdehla şərikli heyvan satmamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirilən X14 şahid X8 eyni məzmunlu izahat vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə heyvandarlıq üzrə fermer təsərrüfatı yaratmış, iri buynuzlu və xırda dırnaqlı mal-heyvan saxlayır. Cavabdeh onunla Qobustan rayon Şıxzərli kənd sakini olmuş mərhum X4 tanış etmişdir. Belə ki, Ramil onunla son iki ildə nağd və nisyə mal-heyvan alveri etmişdir. 2023-cü ilin may ayının 15-də Cavabdeh Cəfərov Ramillə birlikdə fermaya gəldilər və quzu alacaqlarını bildirdilər. Onlar birinci oturub çay içdilər. Həmin vaxt yoldaşı Ramili tanıdığı üçün soruşdu ki, “səninlə gələn şəxs kimdir?”. Ramil demişdir ki, onun şərikidir. Yoldaşı soruşdu ki, “qohumundur”. Ramil dedi, “qohumum yox, kəndçimdir”. Onlar çay içib durub 52 baş quzunu qoyunlardan ayırıb maşına yüklədilər. Quzuların hər birini 235 manata, cəmi 12200 manata qiymətləndirdilər. Quzular sayılıb gətirdikləri yük avtomobilinə yükləndikdən sonra yenidən evə qayıdaraq çay içib-çörək yedilər. Həmin vaxt Ramil Sahilə dedi ki, get maşından pulu gətir. Sahil pulu gətirib Ramilə verdi. Sonra Ramil pulu ona verərək dedi ki, “pulu say”. O də dedi ki, “nə qədər puldur”. Ramil dedi ki, “10000 manatdır”. O, Ramillə razılaşmayaraq ona dedi ki, “pulun qalanı hanı, axı mən sənə telefonda demişdim ki, 17000 manat borcun qalıb, borc tam ödənilməsə yenidən nisyə heyvan satmayacam”. Ramil ona bildirdi ki, “əvvəlki borcundan on mini götür, uzağı 15 gün müddətində yeddi min manatı ödəyib səndən əlavə nisyə quzu götürəcəm”. 15 günün tamamında Ramil fermaya gələrək dediyi kimi 7000 manat qalıq borcu ödəyib hər biri 235 manatdan qiymətləndirməklə 9635 manat dəyərində 41 baş quzu və hərbiri 150 manat dəyərində qiymətləndirilməklə 1500 manat dəyərində 10 baş yaşlı ana qoyun aldı. O ondan soruşanda ki, “şərikin hanı”, Ramil dedi ki, “mən alıram, o satır, il boyu Sahillə bu qaydada işləyəcəyik”. Ramil gedəndə dedi ki, əvvəlki 52 və hazırda aldığı 41 baş olmaqla cəmi 93 baş quzunun və 10 baş yaşlı qoyunun cəmi 23335 manat dəyərini 2 ay tamamında ödəyəcəklər. Beləliklə, onların, yəni Ramillə Sahilin ona olan borcu 23335 manat təşkil etmişdir. Lakin 2023-cü ilin sentyabr ayında Ramili İsmayıllı rayon Lahıc qəsəbəsində bıçaqladılar, bir gün sonra Şamaxı rayon mərkəzi xəstəxanasında Ramil aldığı xəsarətlərdən vəfat etmişdir. O, Ramilin qırx mərasimi çıxanadək iki dəfə onun yas mərasimində iştirak etmişdir. Eyni zamanda həmin hüzrdə cavabdeh Sahil də də iştirak edirdi. O, borc haqqında Ramilin qardaşı və yaxınlarına bildirdikdə onlar dedilər ki, “biz Ramillə Sahil arasında olan münasibəti, habelə kimdən nə almasını, kimə nə qədər borclu olmasını bilmirik, hüzr mərasimi başa çatsın, biz gedib Ramilin şəriki Sahillə görüşüb nisyə dəftərinə baxıb nə qədər borc olduğunu bilib səninlə hesablaşacağıq”. Yas mərasimi bitdiyinə baxmayaraq, onunla görüşmədilər və pulumu ödəmədilər. Sonda Ramilin qohumu ona bildirdi ki, “get pulu Ramilin şərikindən, yəni Sahildən al”. Həmin vaxt Sahilin mobil telefonunu da yazıb ona verdi. O da Sahilə zəng vurub onunla danışmış və pulu tələb etmişdir. Sahil dedi ki, “mən Ramilin qardaşı və qohumları ilə söhbət edib sənə zəng edəcəm”. Lakin Sahil ona zəng etmədi, ikinci dəfə onu yığmış, telefonu açmamışdır. Ona görə, o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə prosesində təsdiq olunmuşdur ki, cavabdeh ondan 52 baş quzunu nisyə almışdır və 52 baş quzunun dəyəri olan 12200 manatı 2 ay ərzində ödəməyə söz vermişdir. Bu onun izahatı, şahidlər Kəmalə Mürşüdova və Vaqif Kərimovun ifadələri ilə təsdiq olunmuşdur. Lakin məhkəmə bu izahat və ifadələri nəzərə almamış, şahidin ifadəsini olduğu kimi tam əks etdirməmişdir. Yəni, şahid Kəmalə Mürşüdova ifadəsində təsdiq etmişdir ki, 15 may 2023-cü ildə cavabdeh Səid və şəriyi Ramil 52 baş quzunun hər birini 235 manat olmaqla cəmi 12200 manata dəyərləndirərək nisyə satın almışlar. Həmin vaxt Ramil özünün əvvəlki 17000 manat qalan borcunun 10000 manatını ödəmiş, qalan 7000 manatı da 15 gün ərzində yenidən mal alarkən ödəyəcəyinə söz vermişdir. Cavabdeh üçün nisyə alınan 52 baş quzunun 12200 manat dəyəri isə 2 ay müddətində ödəniləcəyinə cavabdeh söz vermişdir. Şahid Vaqif Kərimov da eyni halı olduğu kimi təsdiq etsə də, məhkəmə onun ifadəsinin əsas məqamlarını qətnamədə qeyd etməmişdir. Beləliklə, həm cavabdeh tərəf, həm onların öyrədilmiş şahidləri Ramil tərəfindən əvvəlki borcuna görə ödənilmiş 10000 manatı cavabdehin pulu kimi xarakterizə etməklə mülki məsuliyyətdən yayınmağa nail olmuşlar. İşə baxan hakim də bu məsələyə göz yummuşdur. Cavabdeh 52 baş quzunu ondan Ramilin tanışlığı ilə nisyə olaraq almış və 12200 manat borclu qalmışdır. O da mülki qanunvericiliyin bu müddəasına əsasən öz halal zəhməti ilə əldə etdiyi əmlakının pulunu cavabdehdən tələb edir. Cavabdehin də ona şəxsən özünün birbaşa 12200 manat borclu qalması qalması şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara olduqca loyal yanaşmış, elə bil məcburiyyət qarşısında qalaraq qətnamədə ötəri bir neçə kəlmə qeyd etmişdir. Yalnız cavabdehin izahatına, iddiaçının və vəkili və tərəfindən öyrədilmiş saxta şahidlərin ifadələrinə istinadən son nəticəyə gəlmişdir. Məhkəmə iddiaçı kimi onun izahatında qeyd etdiyi halları nəzərə almamış, qeyd edilən hallara hüquqi qiymət verməmişdir. Məhkəmənin səlahiyyətləri çərçəvəsində tələb olunan araşdırmaları aparmamışdır. Belə ki, mərhum Ramil Cəfərovun qardaşı Şahid o Ramilin hüzründə tanımış, ona qardaşı Ramilin və cavabdeh Sahilin ona olan 23000-dən çox borcları olması haqqında bildirmişdir. Həmin vaxt Valeh bu haqda məlumatı olduğunu və hüzrdən sonra şəriki Sahillə haqq-hesab edib ödəyəcəyini demişdir. Lakin məhkəmədə verdiyi ifadəsində göstərir ki, guya qardaşı Ramilin 2023-cü ilin may ayında cavabdeh Sahillə birlikdə gəlib ondan 11700 manat dəyərində 52 baş quzunun alınması ona məlum olmuşdur. Həmçinin təsdiq edir ki, həmin vaxt Cavabdeh ona 10000 manat məbləğdə pulu vermiş, qalan 1700 manatı isə sonradan qardaşı Ramilə sağlığında verdiyini bildirmişdir. Hansı ki, məhkəmə prosesində Sahil birinci dəfə 2000 manat borcu qaldığını və həmin məbləği Ramilə verdiyini demişdir. Necə oldu ki, sonradan həmin məbləğ də azaldılaraq 1700 manata endirildi. Məhkəmə isə bu ziddiyyətli nüanslara əhəmiyyət verməmiş, cavabdeh tərəfin yalan izahat və şahidlərinin ifadələrini bacardıqca əhatəli şəkildə göstərməklə işə birtərəfli mövqedən yanaşmasını gizlədə bilməmişdir. Lakin bütün bu hadisələrin birbaşa şahidi olan arvadı Kəmalə Mürşüdovanın da onunla birlikdə zəhmətlə əldə olunan əmlakın hansı qaydada satılması, 10000 manat məbləğdə pulun Ramil tərəfindən onun 17000 manat borcunun bir hissəsi kimi ödənildiyinin şahidi olmasını nəzərə almamış, habelə habelə 2023-cü ilin may ayının 15-də 52 baş nisyə quzu alınarkən mənim yanımda olmuş şahid Vaqif Kərimovun ifadəsi saxtalaşdırılmış, onun tərəfindən verilən ifadədə 10000 manat məbləğdə pul vəsaitinin Ramil tərəfindən onun 17000 manat əvvəlki borcunun bir hissəsi kimi ödənildiyini göstərsə də, hakim qətnamədə bunu qeyd etməmiş, hətta guya həmin şahid ifadəsində pulun verilməsini görmədiyini dediyini yazmışdır. Məhkəməyədək cavabdeh və vəkili tərəfindən öyrədilmiş şahidlərin yalan ifadələrini hakim tərəfindən əsas sübut kimi qəbul edilmişdir. Burada cavabdeh tərəfin bütün cəhdləri ona olan borcu ölünün üzərinə yıxmaqdan ibarət olmuşdur. İşə baxan hakim isə sübutlara düzgün və ədalətli hüquqi qiymət verməmiş, işə birtərəfli mövqedən yanaşaraq mümkün qədər cavabdehin mülki məsuliyyətdən kənarlaşdırılmasına çalışmışdır. İşin əsas şahidi kimi onun arvadının və digər şahid Vaqifin ifadələrini nəzərə almamışdır. Bundan başqa, o ikinci məhkəmə prosesinə 5 nəfər – X7, X13, X23, X5 və X12 şahid kimi aparmışdır. Həmin vaxt cavabdeh tərəfin şahidlərini dindiməsinə baxmayaraq hakim apardığı şahidlərdən ikisini, yəni X7 və X9 şahid kimi dindirmiş, qalan üç nəfəri isə dindirməmişdir. Məhkəmə cavabdeh tərəfindən öyrədilərək məhkəməyə gətirdiyi şahidlərdən Şahid Baladadaş oğlu ifadəsində göstərdikləri düzgün deyildir. Belə ki, Ramil Cəfərovun yasında o və cavabdeh Sahil də iştirak edirdilər. O borc haqqında Ramilin qardaşı və yaxınlarına bildirdikdə onlar dedilər ki, onlar Ramillə Sahil arasında olan münasibəti, habelə kimdən nə almasını, kimə nə qədər borclu olmasını bilmirlər, yas mərasimi başa çatsın, gedib Ramilin şəriki Sahillə görüşüb, nisyə dəftərinə baxıb nə qədər borc olduğunu bilib onunla hesablaşacaqlar. Lakin məhkəmədə şahid qismində dindirilən Ramil Cəfərovun qardaşı Şahid ifadəsində onun, Ramilin və Sahilin arasında baş verən bütün proseslərdə iştirak etmiş kimi ifadə verərək guya qardaşı Ramilin Sahilin şəriki olmadığını, onun buna maddi imkanının olmamasını, yalnız Sahil və bu kimi digər şəxslərə mal almaqda vasitəçilik etməsini, hətta 2023-cü ilin may ayında dəqiq gününü bilmədiyi vaxtda qardaşı Ramillə Sahilin birlikdə 52 baş quzunu 11700 manata satın aldıqlarını və pulun 10000 manatını nağd ödədiklərini, 1700 manat borc qalan pulu isə Sahilin Ramilə verdiyi barədə Sahil və vəkili tərəfindən öyrədilmiş yalan ifadə vermişdir. İşə baxan hakim isə qətnamədə bu şahidin ifadəsini geniş əks etdirərək qətnamə üzrə gəldiyi son nəticəni həmin ifadəyə əsaslanaraq vermişdir. Hansı ki, cavabdeh məhkəmə proseslərinin birində 52 baş quzunun 12000 manata alındığını özü təsdiq etmişdir. İşə baxan hakim cavabdehin ona 12200 manat borcunun olması barədə onun izahatında və şahid kimi hadisənin içərisində olan arvadının və digər şahid Vaqif Kərimovun ifadələrində təsdiqini tapsa da, hakim cavabdehin izahatına “üstünlük” verərək ədalətsiz bir nəticəyə gəlmişdir. O, fermer olaraq maraqlıdır ki, onun yetişdirdiyi heyvanları torpdan satın ala bilən müştəri olsun. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Ramil adlı şəxsi əvvəlcədən tanımış, onun vasitəsi ilə də cavabdehi tanımışdır. Ramilin bildiridiyinə görə cavabdeh onun tanışıdır. Ramilin ölümündən 1 il əvvəl o, 17000 manata 40 baş mal-qara almışdır. Yəni belə razılığa gəlinmişdir ki, mart ayında mal-qaranı alsın, bir az böyüdüb satıb pulu qaytarsın. Elə oldu ki, mart ayında pulu ödəməmiş və bildirmişdir ki, may ayında ödəsin, amma yenə də mal-qara götürsün. Bundan sonra Ramil cavabdehlə onun evinə gəlmiş, arvadı Ramildən cavabdehin kim olduğunu soruşduqda, Ramil onun öz şəriki olduğunu bildimişdir. Birlikdə heyvanlara baxılmış və 52 baş mal-qara Ramilə verilmişdir. 1-ci malın alqı-satqısının pulu tam ödənilməsə də, Ramil qabiliyyətli adam olduğu və ona gövəndiyi üçün 2-ci dəfə də ona mal-qara satmışdır. Həmin mal-qaranın dəyəri 12200 manat məbləğində olsa da, həmin məbləğin 11700 manat olduğunu qeyd edir. Qiymət danışarkən özü heyvanları 12200 manata qiymətləndirsə də, cavabdeh və Ramil 11700 manata alacaqlarını demişlər. 10000 manat məbləğdə pulu ona Ramil vermiş, qalan borcu da 15 gün sonra qaytaracağını bildirmişdir. Bundan sonra Ramillə şəriki mal-qaranı aparmış, sonradan Ramil özü gələrək 7000 manat pulu ona qaytarmışdır. Mal alqı-satqısının pulunun nə vaxt qaytarılacağını maraqlandıqda Ramil həmin pulu 2 ay sonra verəcəyini bildirmişdir. Həmin vaxta qədər cavabdehi tanımamışdır. Pul verilən vaxt hər ikisi ilə danışıq aparmışdır. Ramil öldükdən sonra pulu onun ailəsindən istəmiş, lakin onun ailəsi cavabdehlə hesablaşmalı olduğunu bildirib. Cavabdehin nömrəsini yasda əldə edib onunla söhbət aparmış və ondan pulu tələb etmişdir. Cavabdeh şərik olmasaydı, ona qarşı iddia qaldırmazdı, amma şərik olduğu üçün pulu ondan tələb edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə telefon danışığı olub, Ramillə bir dəfə iddiaçıgilə getmişdir. Ramilin şəriki olmamış və Ramil də iddiaçıya onu şərik kimi təqdim etməmişdir. İddiaçının evinə getmələrinin səbəbi mal-qara alqı-satqısı olmuşdur. Ramil iddiaçını tanıdığı üçün onunla birgə bələdçi kimi mal-qara almağa gedib. Mal-qaranın qiyməti iddiaçı ilə razılaşdırılıb, daha sonra Ramil ona gedib maşından pulu gətirməsini bildirib, o da öz maşınında sol oturacağın arxa tərəfində yerləşən bağlı yerdən özünə məxsus 10000 manat məbləğdə pul vəsaitini iddiaçıya verilməsi üçün Ramilə vermişdir. O həmin vaxt Ramilə pulun sayılıb verilməsini demişdir. Çünki pulu özü saysa da, Ramilin iştirakı ilə sayılıb verilməsini istəmişdir. Alınan həmin mal-qaranın dəyərini iddiaçı 12200 manat desə də, onlar israrla 11700 manata razılaşmış və Ramil 10000 manatı iddiaçıya sayıb vermiş və 1700 manat borcumun qaldığı bildirilmişdir. Həmin vaxt orada kənar şəxs olaraq yalnız iddiaçının arvadı olmuşdur. Həmin pul onun öz aldığı heyvanların pulu olub və bu pulun Ramilin borcuna heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, Ramilin ona olan borclarından da xəbəri yoxdur. Ramil iddiaçını tanıdığına görə pulu Ramilə verib ki, o sayıb iddiaçıya versin. Ramilin iddiaçıya olan hər hansı borcu ilə bağlı orada heç bir danışıq olmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Hacıqabul Rayon Məhkəməsinin 15 fevral 2024-cü tarixli 2(071)-96/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh ümumi dəyəri 11700 manat pulun 52 quzunun alındığını və həmin vaxt onun tərəfindən 10000 manat pulun iddiaçıya ödənildiyini etiraf etmişdir. Odur ki, ümumi dəyəri 11700 manat olan heyvanın dəyərinin 10000 manat olan hissəsinin ödənilməsi məhkəmə tərəfindən mübahisəsiz hal hesab edilmişdir. İddiaçı bundan başqa cavabdeh tərəfindən ondan heyvan alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə alının 52 baş quzunun dəyərinin 1700 manat olan hissəsinin iddiaçıya ödənilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. İddiaçı ümumilikdə 23335 manat məbləğində xırda buynuzlu heyvanın cavabdehə satdığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin,buna baxmayaraq cavabdeh iddiaçıdan 11700 manatlıq xırda buynuzlu heyvanın aldığını etiraf edərək 10000 manat pulu iddiaçıya, 1700 manat pulu mərhum R.Cəfərova ödədiyini bildirsə də, 1700 manat pulun onun tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edə biməmişdir. Hər iki tərəf 10000 manat məbləğin ödənilməsini etiraf etmiş, buna görə də, məhkəmə cavabdeh tərəfindən iddiaçıya 10000 manat pulun ödənilməsini işin mübahisəsiz halı olduğunu müəyyən etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə diqqətə çatdırır ki, o öz şikayətində məhkəmə tərəfindən izahat və ifadələrin nəzərə alınmadığı göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində şahid qismində ifadələri alınmış şəxslər X7 iddiaçının arvadı və X13 isə dostudur. İşin mübahisəsiz hallarından isə cavabdeh və Ramil tərəfindən iddiaçıya 10000 manat pulun verilməsi zamanı orada yalnız X7 olmuşdur. O da 10000 manat pulun iddiaçıya verilməsini təsdiq etmişdir. Ancaq Ramil və cavabdehin şəriklik fəaliyyəti və hazırkı tələb əsasında Ramil tərəfindən iddiaçıdan əvvəllər alınmış mal-heyvanın dəyərinin məhz cavabdeh tərəfindən ödənilməsinin hüquqi əsası müəyyən edilmir. Cavabdeh və Ramil tərəfindən birlikdə alınmış mal-heyvanın razılaşdırılmış dəyəri olaraq 11700 manat məbləğdə pul vəsaitinin 10000 manat hissəsinin iddiaçıya ödənilməsi də işin müəyyən edilmiş halıdır. Bu baxımdan, şahidlər X8 və X6 da ifadəsi önəmlidir. Belə ki, həmin şəxslər tərəflərlə hər hansı yaxın münasibətləri olmadığı halda, X22 bazarda heyvanların müxtəlif fermerlərdən alınaraq başqa şəxslərə satılmasında vasitəçilik edən şəxs kimi tanımalarını və Ramilin heç vaxt cavabdehlə şərikli heyvan satmamasını da ifadələrində göstərmişlər. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində cavabdehin birinci dəfə 2000 manat borcu qaldığını və həmin məbləği Ramilə verdiyini, sonradan həmin məbləği azaldılaraq 1700 manat deməsini ziddiyyətli hesab etmişdir. Bu dəlilə əsasən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid ifadəsində X1 qardaşı olmasını bildirmiş və əlavə olaraq göstərmişdir ki, 2023-cü ilin may ayında mərhum qardaşı Ramil cavabdehlə iddiaçının fermasına gedərək ondan 11700 manat dəyərində 52 baş quzunun alması ona məlumdur. Həmin vaxt cavabdeh 10000 manat məbləğində pul vəsaitini iddiaçıya vermiş, yerdə qalan 1700 manat məbləği isə qardaşı Ramilə vermişdir. Bundan əlavə, həmin vaxt cavabdehə vasitəçilik xidməti göstərdiyi üçün Ramilə 300 manat məbləğində zəhmət haqqı vermişdir. Kollegiya əlavə olaraq, diqqətə çatdırır ki, X4 öz ifadəsində həmçinin qeyd etmişdir ki, qardaşı Ramilin yas mərasimində iddiaçı qardaşının borcunun ödənilməsi ilə maraqlanmış və o da yaxın vaxtlarda borcu ödəyəcəklərinə söz vermişdir. Nəzərə alınmalıdır ki, bu fakt iddiaçının öz izahatında da əks olunmuşdur. Belə ki, iddiaçı öz izahatında qeyd etmişdir ki, 2023-cü ilin sentyabr ayında X16 rayonu Lahıc qəsəbəsi ərazisində qətlə yetirilmiş, həmin yas mərasimində Ramil Cəfərovun borcunun qaytarılması ilə maraqlanmış, Ramil Cəfərovun yaxınları yas mərasimi sona çatdıqdan sonra borcu qaytaracaqlarına söz vermişlər. Lakin yas mərasimi qurtardıqdan sonra Ramil Cəfərovun yaxınları borcu qaytarmaqdan imtina etmiş, həmin borcun Cavabdeh ödənilməli olduğunu bildirmişlər. Beləcə, işin mübahisəsiz hallarından da göründüyü kimi, İddiaçı Ramilin iddia edilən borcunu onun yas mərasimindən sonra qohumlarından ala bilməyəndən sonra Ramil Cəfərovun “yaxınları”nın sözləri əsasında mübahisələndirilən məbləği mərhumun vərəsəslərindən deyil, cavabdehdən tələb etməyə başlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 15 fevral 2024-cü tarixli 2(071)-96/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 15 fevral 2024-cü tarixli 2(071)-96/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1262/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1262/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver