Məhkəmə qərarları › İş №2(106)-1266/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1266/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1266/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmadar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)- 230/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 592,16 ABŞ Dolları əsas, 261,86 ABŞ Dolları faiz, 18,18 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 261,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 1133,4 ABŞ Dolları və ödənilmiş dövlət rüsumuna görə 39,27 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 700 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixədək Banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 592,16 ABŞ Dolları əsas, 261,86 ABŞ Dolları faiz, 36,35 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 261,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 1151,57 ABŞ Dolları borcu vardır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Banka olan cərimə borcu 36,35 ABŞ Dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 18,18 ABŞ Dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-230/2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia təmin edilərək Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 592,16 ABŞ Dolları əsas, 261,86 ABŞ Dolları faiz, 18,18 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 261,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 1133,4 ABŞ Dolları və ödənilmiş dövlət rüsumuna görə 39,27 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin iddia müddətinin keçməsi səbəbindən təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Məhkəmə zamanı cavabdeh tərəf olaraq hüquqları məhdudlaşdırılmasa və iclasda iştirakı təmin edilsə də, iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi. Məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul etdikdə təbii ki, cavabdehin məhkəmə iclasında iştirakını mütləq təmin etməli və tələb edilən iddianın mübahisələndirilməsi üçün iddia müddətinin olub-olmamasını araşdırmalı idi. Bu xüsusata əhəmiyyət verməyən məhkəmə dərhal qəbul etdiyi qətnamədə təmin etdiyi iddia tələbinin doğruluğunu əsaslandıra bilməmiş, sadəcə formal mülahizələrinə istinadən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi ilə əlaqəli qeyd edir ki, məhkəmə İddiaçı ASC-nin iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəf olan cavabdehin iclasda bilavasitə iclas barədə xəbərdar olmaması səbəbindən iştirak etməməsini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi əsassız və müddəti keçmiş borcun hansı əsaslarla tələb edilməsinə heç bir əhəmiyyət verməmiş, MPM-in iddia tələbinin təmin edilməsi ilə əlaqəsi olmayan normalarının şərhini vermişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Məhkəmə bildirişlərinin cavabdeh tərəfindən alınması ilə bağlı xəbərnamələr mövcuddur. Lakin cavabdeh məhkəmə iclasına gələrək öz mövqeyini bildirməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-230/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan istehlak məqsədilə illik 30% dərəcəsi ilə 12 ay müddətinə 700 ABŞ Dolları məbləğində kredit almışdır (xx.xx.2015-ci il tarixli 2-Y-4-1-131-15 nömrəli kredit müqaviləsinin surəti əsasında). İş materiallarından görünür ki,Cavabdeh bank hesabına İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixdə 700 ABŞ Dolları məbləğində vəsait köçürülmüşdür (xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surəti əsasında). İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə 592,16 ABŞ Dolları əsas, 261,86 ABŞ Dolları faiz, 36,35 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 261,2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 1151,57 ABŞ Dolları borcu yaranmışdır. . HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin apellyasiya şikayəti üzrə göstərdiyi hallara qiymət verilməsini zəruri hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipi pozularaq onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, bu səbəbdən də məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya qeyd edilən dəlil üzrə diqqətə çatdırır ki, mülki iş Füzuli Rayon Məhkəməsinin icraatında olduğu müddətdə müxtəlif məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişləri və istifadəsində olan mobil nömrələrə smsbildirişlər göndərilmiş və beləcə məlumatlandırılaraq məhkəmə iclasına çağırılmış (səh. 26, 32, 40, 48), ancaq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və qanunla müəyyən edilmiş, eləcə də iddia müddətinin tətbiqi barədə ərizə vermək kimi hüquqlarından istifadə etməmişdir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, tərəflərin apellyasiya şikayətlərində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-230/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(064)-230/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın və Cavabdeh İddiaçı Açıq Səhmadar Cəmiyyətinin xeyrinə tutulan pul vəsaiti ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulsun. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar