Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1269/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X3, tərəflərin iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Cavabdeh ilə İddiaçı 05 fevral 2008-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan iki uşaq- xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cı il təvəllüdlü X6 doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-757/2012 saylı, 21 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, Cavabdeh hər uşaq üçün ayda 87 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan uşaqlarının tələbatlarını nəzərə alaraq onların saxlanılmaları üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılması, hər uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaqlar böyüyüb və Beyləqan Rayon Məhkəməsinin əvvəlki qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği uşaqlarının tələbatını ödəmir. Övladlarının tələbatlarını ödəməyə imkanı çatmır, həm də maddi tələbatlarını, yol xərclərini ödəmək tək qadın olaraq ona çox çətindir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan onun iki uşağı vardır. Tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur və qazancı yüksək deyil. Hər ay 300 manat aliment ödəyə bilər. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 19 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsinə əsasən Beyləqan şəhəri, Elxan Əliyev küçəsi 48-də qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2007-ci ildə anadan olan X5 və xx.xx.2010-cu ildə anadan olan X1 üçün İmişli rayonunun Yalavac kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay hər uşaq üçün 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılması, alimentin həmin məbləğdə artırılmasının başlanğıcının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsi, Cavabdeh 60,80 manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və himayəsində olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər birinə hər ay 220 manat aliment müəyyən edilməklə aliment tutulması, uşağın xəstəliyinə görə cavabdehdən əlavə hər ay 100 manat tutulub ona verilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə onun və uşaqlarının maddi vəziyyətinin ağır olmasını tam araşdırmamaqla səhv nəticəyə gəlmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə 2012-ci ildən ayrılmışlar. Uşaqlardan biri serebral iflicdir. Nadir yaxşı yeriyə bilmir; cavabdeh sahibkarlıqla məşğuldur, atasının şadlıq sarayı vardır, 500-600 manat civarında qazancı olur. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh izahatında növbəti dəfə ailə qurduğunu, ikinci nikahdan da 2 uşağının olduğunu, hazırda işləmədiyini, iddiaçının isə məktəbdə müəllim işlədiyini qeyd etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin nikahından iki uşaq- xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2010-cı il təvəllüdlü Gülçin doğulmuşdur. Əvvəllər tərəflər arasında alimentə dair mübahisə olmuş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-757/2012 saylı, 21 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər uşaq üçün ayda 87 manat məbləğində aliment tutularaq 15 dekabr 2007-ci ildə anadan olmuş Nadir və 28 iyul 2010-cu ildə anadan olmuş Gülçin adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Qarayevə Zülfiyyə camal qızına verilməsi qərara alınmışdır. İddiaçı hazırkı tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, ayda hər uşağa görə 220 manat müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2023-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşağın mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. İddiaçı apellyasiya şikayətində iddianın tam təmin edilməsini, alimentin miqdarının 220 manat müəyyən edilməsini tələb etmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin öhdəsində ikinci nikahdan daha iki azyaşlı uşağı vardır. Rəsmi iş yeri yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan miqdarda müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(020)-895/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1269/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1269/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver