Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1275/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, X16 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(050)-1103/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-1103/2024 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia qismən təmin edilərək cavabdehdən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1001/2022 saylı qətnaməsi ilə 15 yanvar 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 170 manat məbləğin müəyyən edilərək iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin artırılmış məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2015-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü Orxan adlı bir uşaqları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə olan nikah qeydinin pozulması və cavabdehdən yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 80 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Sonradan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 110 manat müəyyən edilmişdir. Lakin alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə lazımi köməklik etmir. O, özü isə uşağa qulluq etməyilə əlaqədar olaraq heç yerdə işləyə bilmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşağın normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdeh birgə nikahdan olan uşağın 18 yaşına çatmasınadək saxlanılması üçün aliment ödəməlidir. Cavabdehlə birgə nikahdan olan uşaqların yaşı 18-dən aşağıdır. Qeyd olunan azyaşlı uşağın bir aylıq ərzaq, geyim və digər zəruri tələbatlarının ödənilməsindən ötrü ayda 300 manatdan artıq vəsait sərf edilir. Yaşayış minimumu uşaqlar üçün aliment təyin edilən vaxtla müqayisədə artmışdır. 2019-cu illə müqayisədə bir çox ərzaq məhsulları və zəruri gündəlik təlabat mallarının qiymətində də artımlar vardır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği yalnız 2022-ci ildə artırılmış, həmin vaxtdan bəri dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli olduğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3 dəfə nikaha daxil olmuş, 2 dəfə nikahı pozulmuş, birinci nikahdan 2 uşağı, 2-ci nikahdan bir uşağı anadan olmuş, onlara hazırda aliment ödəyir, 3-cü nikahdan da uşağı ana bətnindədir və yaxın vaxtlarda həmin uşaq dünyaya gələcəkdir. Onun ümumilikdə 4 uşağı vardır, özü 2-ci qrup əlildir, pensiya alır, heç yerdə işləmir, başqa qazancı və təsərrüfatında yoxdur, atası və anasının yanında yaşayır, onların pensiyası ilə çətinliklə dolanır və 3 uşağa aliment ödəyir. Uşaqları saxlamaq təkcə onun yox, ananın da vəzifəsidir, o əlil adam çətinliklə uşaqları üçün aliment ödəyir, lakin məhkəmə hazırda alimenti 110 manatdan 170 manata artırmışdır. Məhkəmə onun maddi vəziyyətində dəyişiklik olmasını, maddi vəziyyətinin yaxşılaşmasını sübut etmədən alimenti artırmışdır. Həmçinin apellyasiya şikayətinə əlavə etdiyi arayışdan görünür ki, 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyöun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin 1-ci ailəsindən 2 uşağı vardır və hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat alimet ödəyir. 2-ci ailəsindən 1 uşağı var, 3-cü ailədən də yeni uşağı dünyaya gəlib. Cavabdeh pensiya alır, başqa gəliri yoxdur. Özü və arvadı onkoloji xəstədirlər və cavabdehin valideynləri olduqları üçün onların da müalicəsi cavabdehin üzərindədir. Cavabdeh 220 manat, o isə 338 manat pensiya alır. Nəvələrinin saxlanılmasında köməklik gösətərir. Ayda 130 manat aliment ödəyə bilərlər. Arvadı İ qrup əlildir və 400 manatdan çox pensiya alır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X13 15 yanvar 2017ci ildə Lənkəran şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)- 1001/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilməsi, 15 yanvar 2017ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2(050)-1972/2019-cu saylı qətnaməsi ilə müəyyən edilmiş 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 110 manat məbləğində müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılması qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1392/2022 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin adıçəkilən qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)- 142/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh və X7 arasında Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 06 noyabr 2015-ci il tarixli, 607 saylı nikah pozulması, tərəflərin birgə nikahdan 15 yanvar 2017-ci ildə doğulmuş X13 adlı uşaqları anası X4 yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında 14 fevral 2023-cü il tarixdə Masallı regional ASAN xidmət mərkəzində qeydiyyat şöbəsində 155 saylı nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X14 20 iyun 2024-cü ildə Lənkəran şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X6r. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti üzrə iş üzrə müəyyən edilmiş aliment miqdarı ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissədə dəyişdirilməli, uşağa görə təyin edilmiş aliment məbləği azaldılmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Bundan əlavə, uşaqların gündəlik zəruri qida və digər ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq, uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş uşağa təyin edilmiş alimentin miqdarı 170 manat miqdarında təyin edilmiş, lakin alimentin miqdarı cavabdehin gəlir və əmlak vəziyyəti ilə mütənasib və uyğun deyil, buna görə də, cavabdehin də ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla aliment miqdarı azaldılmalıdır. Məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin 150 manat müəyyən edilməsini qanuni, əsaslı və eyni zamanda ağlabatan hesab edir. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin vəzifələrinin olması, 2024-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissədə dəyişdirilməli, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(050)-1103/2024 saylı qətnaməsi alimentin tutulması hissədə dəyişdirilərək Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1275/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1275/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver