Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-128/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-128/2025 Açar sözlər: borcun ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(050)-312/2024 saylı qətnaməsindən (hakim Z.Zeynalov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayır. O, tanımadığı və münasibətdə olduğu Cavabdeh xahişini nəzərə alaraq ehtiyac olduğu üçün borc müqaviləsinə əsasən qaytarmaq şərti ilə müqavilə ilə 3000 manat borc pul vermişdir. Beləliklə cavabdehin ona 3000 manat məbləğində borcu yaranmışdır. Lakin o, bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsə də cavabdeh ona yalan vədlər verərək və onu aldatmışdır. Cavabdeh yalan vədlər verərək onu aldatdığına görə o tələbin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(050)-312/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 110 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh hesab etmişdir ki, onların arasında borc olmamışdır. İddiaçı ona borc verməmişdir. Çünki onların arasında heç vaxt müqavilə bağlanmamışdır. Sadəcə olaraq başqa şəxslə onun arasında olan müqaviləyə onun adını ustalıqla əlavə edərək borc tələb edir. Həmin borc müqaviləsi iddiaçı ilə onun arasında bağlanmamışdır. O, 2020-ci il tarixdə Rəşad adında şəxsdən pul götürmüşdür. Rəşad faizə pul verən şəxs olmuşdur. Yəni, 4 il bundan qabaq o Rəşaddan pul götürmüşdür. Bəxtiyar adlı şəxs Rəşadla faizə pul götürən adamların arasında vasitəçidir. Həmin pulu Rəşaddan götürmüş sonradan da borcunu ödəmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatl verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçı xx.xx.2025-ci ildə məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılaraq qətnamənin qüvvəsində saxlanılmasını xahiş etmişdir. Həmçinin cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə teleqram vuraraq məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh üzrlü hallar barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(050)-312/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 2 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/250 saylı ekspert rəyindən görünür ki, 2(050)- 312/2024 nömrəli mülki işin 3-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Borc müqaviləsinin yuxarı hissəsində "və digər tərəf Borcalan" qrafasındakı "Cavabdeh" yazıları, "1.Müqavilənin predmeti" hissəsində "borc alana" yazılarının qarşısındakı "Cavabdeh" yazıları, "2.Tərəflərin hüquq və vəzifələri" hissəsində "2.4.2.Borcalan:" qrafasındakı "Cavabdeh" yazıları və onun qarşısındakı "İmza" qrafasındakı imza, "7. Tərəflərin hüquqi ünvanları və rekvizitləri" hissəsində "Borcalanın ünvanı şəxsiyyət vəsiqəsi.təvəllüdü" qrafasında "Quliyev X2 rayonu səmidxan kənd sakiniyəm. 190 nömrəli h/h-də xidmət edirəm.yaşayıram" yazıları, "İmza" qrafasındakı "xx.xx.1988 AZE 14188428" yazıları və məmin yazıların aşağı orta hissəsindəki imza - Cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir. Apellyasiya baxışında təyin edilmiş və əldə edilərək iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1608 saylı ekspert rəyindən görünür ki, mülki işin 3-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Borc müqaviləsinin yuxarı hissəsində tarix göstəricisindəki “20 11 22” rəqəmləri, həmin borc müqaviləsinin “2.Tərəflərin Hüquq və Vəzifələri” bəndində “Borcalan” qrafasında “3000” rəqəmləri, “2.4.3 Borcalan” qrafasında “3000” rəqəmləri və “3. Pulun Dəyəri və ödənilməsi qaydası” bəndində “3.1.bu müqavilə üzrə verilən pul” qrafasındakı “üç min” yazıları – Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh iddiaçıdan borc pul almadığını iddia edir. Lakin işdə olan işdə olan və tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanan müqavilədən görünür ki, iddiaçı cavabdehə həmin tarixdə 3000 manat borc pul verməsi sübut olunur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(050)-312/2024 saylı qətnaməsi barədə gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olduğundan qanuni və əsaslı, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış hesab edir. Belə ki, işdə olan və tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanan müqavilədən görünür ki, iddiaçı cavabdehə həmin tarixdə 3000 manat pul vermişdir. Həmçinin həm birinci, həm də apellyasiya baxışında cavabdehin vəsatətləri əsasında xəttşünaslıq eksperizası keçirilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Hər iki xətşünaslıq ekspertizasının rəyində tərəflər arasında bağlanmış borc müqaviləsində olan yazıların və imzaların Cavabdeh tərəfindən icra olunması qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən cəmi 3050 (üç min əlli manat) manat pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(050)-312/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya baxışında aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 125 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-128/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-128/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver