Məhkəmə qərarları › İş №2(106)-1281/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1281/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1281/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qalıq borcun tutulması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 avqust 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı qalıq borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixədək 12763.84 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 30793.12 ABŞ dolları borcun və 247.39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 01 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC (İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2085 ABŞ dolları əsas, 985 ABŞ dolları faiz, cəmi 3070 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)- 6117/2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2085 ABŞ dolları əsas, 985 ABŞ dolları faiz, cəmi 3070 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-ci il tarixdən sonrakı dövr üzrə yaranmış borc məbləği də Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, 05 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək banka 12763.84 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən 05.09 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 30793.12 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 445.7, 448.1, 465.2, 501-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına və kredit müqaviləsinin 9- cu bəndinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, tələb edilən borc məbləği Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016cı il tarixli, 2(001)-6117/2016-cı il tarixli məhkəmə əmri ilə tutulması əmr edilmiş borcdan başqa qalıq qalmış borc məbləğidir. Cavabdeh kredit müqaviləsi üzrə mütəmadi olaraq müxtəlif vaxtlarda ödənişlər etmiş, ödənişlər bir kredit müqaviləsinə görə edilmiş və göstərilən səbəblərdən iddia müddəti ötürülməmişdir. Sonda Nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdilər. Cavabdeh1 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış ərizədə göstərilmişdir ki, iddia tələbini qəbul etmir, iddia əsassızdır. Bankla onun arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank ona 19000 ABŞ dolları kredit vermişdir. O, verilmiş krediti mütəmadi ödəmişdir. Lakin dolların məzənnəsinin qalxması əsası ilə bank yenidən onunla 2015-ci ildə kreditin uzadılması aylıq ödənişin azaldılması barədə yeni müqavilə bağlamışdır. Bağlanmış yeni müqavilənin də aylıq ödənişlərini ödəyirdi. Bank onu əsassız olaraq məhkəməyə vermişdir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə ümumilikdə ondan 3070 ABŞ dolları pul tutularaq bankın xeyrinə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Çıxarılmış məhkəm əmrinə əsasən hal-hazırda da onun banka borcu var və icra işi icra məmurunun icraatındadır. Aylıq ödənişləridə məhkəmə əmrinə əsasən ödəyir. 7 il keçdikdən sonra bank onu eyni tələblə yenidən məhkəməyə vermişdir. Bank iddia müddətini ötürmüşdür. O, 2015-ci ildən sonra bankla müqavilə bağlamamışdır. 2015-2020-ci illər arası xarici ölkədə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sonda Cavabdeh1 kredit öhdəlikləri ilə bağlı iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: C.Quliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas borc üzrə 12763.84 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları, cəmi 26022.46 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş 247.39 manat pul vəsaitinin 209.06 manatı Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 15.49 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 84.51 manat hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2, 439.7, 477.0.4-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 barəsində çıxarılmış məhkəmə əmrinə düzgün qiymət verməmiş, bank tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağayev X4 Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı “İddiaçı ASC tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, göstərmişdir ki, əgər cavabdehin iddia etdiyi kimi etdiyi ödənişlər icra sənədinə əsasən edilirdisə onda bu iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda mütləq şəkildə ödənişin təyinatı məhkəmə ödənişi kimi qeyd olunardı, lakin hesabdan çıxarışdan açıq aydın görünür ki, ödənilən pullar kredit müqaviləsi üzrə hesaba ödənilmişdir. Hətta iddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı etirazının əsası kimi başqa məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi əsasında ödəmələrinin həyata keçirilməsini təsdiq edən hesabdan çıxarışı məhkəməyə təqdim etmiş və həmin hesabdan çıxarışdan tam aydın olur ki, məhkəmə qərarı əsasında aparılan ödənişlərin təyinatı hesabdan çıxarışda məhkəmə ödənişi kimi qeyd olunmuşdur. Həmçinin iddiaçının nümayəndəsi Binəqədi Rayon İcra X5 ASC-yə ünvanlanmış arayışı təqdim etmiş həmin arayışda isə müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2-(001)-6117/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Cavabdeh1 münasibətdə icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icraatında mövcud deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh X1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 27%-lə 60 ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC-nin “Xırdalan filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli, 27-M-1-0-443-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, “Bank “Müştəriyə” bank hesabı açır, müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərir və müqvilənin 1.2-ci bəndlərində göstərilən şərtlərlə kredit verir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə “Bank” a qaytarmağı öhdəsinə götürür. Zamin Bank qarşısında “Borcalan” ın bu müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyinin tam icra edilməsi üçün cavabdehdir (bənd 1). Bank borcalana istehlak məqsədi ilə illik 28 faizlə, 24 ay müddətinə, 19000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, dəbbə pulunun və vurulmuş zərərin məbləğini ödəməyi öhdəsinə götürmüşdür (bənd 2.1). Borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir (bənd 8.1). Zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar (bənd 9.5). İş materiallarında olan xx.xx.2014-cu il tarixli kassa məxaric orderindən görünür ki, 19000 ABŞ dolları məbləğində pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir.. İş materiallarında olan Tərəflər arasında xx.xx.2014-ci il tarixdə bağlanmış 27-M-1-0- 443-14 saylı, xx.xx.2014-cü il tarixli kredit və 27-M-1-0-443-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavədən görünür ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 27-M-1-0-443- 14 saylı, xx.xx.2014-cü il tarixli bank hesab, kredit müqaviləsinə əlavədən görünür ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixə ümumi 30793.12 ABŞ dolları borcu var. Ondan 12763.87 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə, 3633 ABŞ dolları 5 % əldən çıxmış fayda təşkil edir. İş materiallarına əlavə olunmuş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)- 6117/2016 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3070 ABŞ dolları məbləğində vəsaitin və 20 manat dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-ci il tarixli, 9/56 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 15426.78 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları; müqavilə müddətindən sonra tələb edilən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmaqla əldən çıxmış fayda qismində 3670.87 ABŞ dolları məbləğində borcu var; ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 30 ABŞ dolları, xx.xx.2022-ci ildə 199.76 ABŞ dolları ödənişlər edilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli, KBD-9964 saylı xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq göndərilməklə Banka olan kredit borclarını 5 gün müddətində qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, İddiaçı ASC-nin əvvəli adı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 01 dekabr 2014cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC (İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2085 ABŞ dolları əsas, 985 ABŞ dolları faiz, cəmi 3070 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)- 6117/2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2085 ABŞ dolları əsas, 985 ABŞ dolları faiz, cəmi 3070 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-ci il tarixdən sonrakı dövr üzrə yaranmış borc məbləği də Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, 05 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək banka 12763.84 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən 05.09 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 30793.12 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməyə məcbur etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin məhkəmə aidiyyəti məsələsi ilə bağlı müəyyən etmişdir ki, iddiaçı hüquqi şəxdir, borcalan isə fərdi sahibkar statusuna malik fiziki şəxsdir, lakin hazırki mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata ilə əlaqədar deyil. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində göstərilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Kredit müqaviləsinin 1.2.3-cü bəndində göstərilir ki, kreditin məqsədi istehlak məqsədidir. Göstərilənlərə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti kimi ümumi məhkəməyə aid olmasını müəyyən etmişdir. Kollegiya məhkəmənin bu mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi və apellyasiya şikayətinin eyni əsaslarla (cavabdeh iddia edir ki, onun banka borcu yoxdur, bank tərəfindən ona qarşı vaxtında iddia qaldırmadığından iddia müddətini ötürmüşdür. O. Ki, qaldı onun tərəfindən ödənişlər edilməsinə bu ödənişlər məhkəmə əmri ilə verilmiş icra vərəqəsi əsasında aparmış və bunun hazırda iddiaçının iddia etdiyi 01 dekabr 2014-cü il tarixli və aralarında restruktisasiya olunmuş xx.xx.2015-ci il tarixli sazişə heç bir aidiyyəti yoxdur.) dəlilinə münasibət bildirərək qeyd edir ki, ödənişlərini Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)- 6117/2016 saylı məhkəmə əmrinə görə ödəməsi barədə mövqeyinə münasibətdə bildirir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh həm müqavilə müddətində, həm də müqavilə müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən sonra kredit müqaviləsi üzrə ayrı-ayrı dövrlərdə, o cümlədən xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 30 ABŞ dolları, xx.xx.2022-ci ildə 199.76 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Bu ödənişlərin məhkəmə əmrinin icrası ilə əlaqədar verilmiş icra sənədinə əsasən ödənilməsi müəyyən edilmir. Əksinə iddianın nümayəndəsinin verilmiş apellyasiya şikayətinə etirazından müəyyən edilir ki, əgər cavabdehin iddia etdiyi kimi etdiyi dənişlər icra sənədinə əsasən edilirdisə onda bu iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda mütləq şəkildə ödənişin təyinatı məhkəmə ödənişi kimi qeyd olunardı, lakin hesabdan çıxarışdan açıq aydın görünür ki, ödənilən pullar kredit müqaviləsi üzrə hesaba ödənilmişdir. Hətta iddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı etirazının əsası kimi başqa məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi əsasında ödmələrinin həyata keçirilməsini təsdiq edən hesabdan çıxarışı məhkəməyə təqdim etmiş və həmin hesabdan çıxarışdan tam aydın olur ki, məhkəmə qərarı əsasında aparılan ödənişlərin təyinatı hesabdan çıxarışda məhkəmə ödənişi kimi qeyd olunmuşdur. Həmçinin iddiaçının nümayəndəsi Binəqədi Rayon İcra X5 ASC-yə ünvanlanmış arayışı təqdim etmiş həmin arayışda isə müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2-(001)-6117/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Cavabdeh1 münasibətdə icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icraatında mövcud deyildir. Bütün bunlar ona dəlalət edir ki, cavabdehin həm iddia tələbinə etirazə həm də, apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayamn formal mülahizədən ibarət olmaqla məqsəd kredit müqaviləsi üzrə ödəliyin yerinə yetirilməsindən yayınmaqdır. Belə ki, Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə olmuş və həmin tarixdən öhdəlik üzrə iddia müddətini axımı kəsilmiş və fasilədən sonra iddia müddəti yenidən başlanmışdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum Qərarında göstərilir ki, “...Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.” Tərəflər arasında kreditin müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, tələb üzrə iddia müddəti keçməmişdir. Tələb edilən borc məbləğinə münasibətdə isə, borc məbləğlərinin dəqiq məbləğlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-ci il tarixli, 9/56 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 15426.78 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları; müqavilə müddətindən sonra tələb edilən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmaqla əldən çıxmış fayda qismində 3670.87 ABŞ dolları məbləğində borcu var. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1) Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu qismən yerinə yetirmişdir. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün müqavilə üzrə faizlərin və dəbbə pulunun hesablanmasının və borcluya qarşı belə tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə, daha artıq məbləğ tələb edə bilər. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövrə borcluya qarşı əsas borcla yanaşı faiz, hesablanmış dəbbə pulu tələbi irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 218.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kredit müqavilə üzrə qalıq qalmış kredit məbləği əsas borc üzrə 12763.84 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi zamin Cavabdeh2lə bağlı hesab etmişdir ki, zaminin öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Əsas öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixədək iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqaviləsinə xitam verildiyindən iddia Cavabdeh2 qarşı olan hissədə təmin edilməməlidir. Bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və zamin tərəfindən qətnamə mübahisələndirilmədiyindən kollegiya bununla bağlı əlavə araşdırma aparmağa zərurət görmür. Kredit müqaviləsindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, müqaviləyə əsasən kredit xarici valyutada (ABŞ dolları) verilmiş və kreditin xarici valyutada (ABŞ dolları) ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstəriliri ki, “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.” Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etməklə, iş üçün əhəmiyyət kəsb etməyən formal mülahizə hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qərarda təkralamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)77/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar