Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1283/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şərifov Sarvan Şərif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qürbətli Orxan Zakir oğluna qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(056)-1412/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh arasında 2 kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 19500 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 13200 manat borc pul almışdır. Cavabdeh ötən dövrdə müvafiq borcundan iddiaçıya ödəniş etməmişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 19500 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 13200 manat borc pul borcun və müvafiq olaraq ödənilmiş 188 manat 10 qəpik və 70 manat pulun Qürbətli Orxan Zakir oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş fəaliyyəti ilə əlaqədar cavabdeh Qürbətli Orxan Zakir oğlu ilə tanış olmuş və münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixdə onunla cavabdeh arasında onun ikinciyə 19500 (on doqquz min beş yüz) manat pul verməsi barədə kredit müqaviləsi bağlanmışdır. Borc müqaviləsi Bakı şəhəri, 54 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Borc məbləği faizsiz verilmişdir. Müqavilənin 2-ci bəndinə görə borc alan, yəni cavabdeh Orxan Qürbətli xx.xx.2022-ci il tarixinədək aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Orxan Qürbətli tərəfindən hazırkı vaxtadək pul öhdəliyinə əməl edilməmişdir. Bundan əlavə birinci müqavilə bağlanandan 6 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə onunla cavabdeh arasında onun ikinciyə 13200 (on üç min iki yüz) manat pul verməsi barədə kredit (borc) müqaviləsi bağlanmışdır. Borc müqaviləsi Bakı şəhəri, 21 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. Borc məbləği faizsiz verilmişdir. Müqavilənin 2-ci bəndinə görə borc alan, yəni cavabdeh Orxan Qürbətli xx.xx.2022-ci il tarixədək aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Orxan Qürbətli tərəfindən bu günə qədər bu müqavilə üzrə də pul öhdəliyinə əməl edilməmişdir. Hər iki müqavilənin 9-cu bəndinə əsasən tərəflər arasında mübahisə məhkəmə qaydasında həll olunur. Borcun cavabdehə verilməsi müstəqil peşə fəaliyyəti şəklində borc verməklə bağlı deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Qürbətli Orxan Zakir oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat veməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sabirabad Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(056)-1412/2022 nömrəli qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia təmin edilmiş, Qürbətli Orxan Zakir oğlundan xx.xx.2021-ci il tarixli kredit müqavilə üzrə 19500 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 13200 manat əsas borc, həmçinin hüquqi yardım üçün ödənilən 70 manat və dövlət rüsumu olaraq ödənilmiş 188,10 manat olmaqla ümumilikdə 32958 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh öhdəliyin icrasından birtərəfli qaydada yayınmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2, 386.1, 425.1, 427.3, 430.1, 385.1 və 448.1maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə ortaq fəaliyyətlə məşğul olmaq üçün aralarında əldə edilmiş razılığa əsasən, o, mənə Bolt taxi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10.000 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10.000 manat olmaqla cəmi 20.000 manat məbləğində pul vəsaiti vermişdir. Bunu hər iki müqavilə üzrə notariusun depozit hesabına köçürülmüş pul vəsaitlərinin məbləğlərindən də aydın şəkildə görmək mümkündür. Eyni zamanda, həmin müqavilələrin bağlandığı vaxt iddiaçı tərəfindən ona taxi fəaliyyəti ilə məşğul olmaq üçün 12 ədəd avtomobil vermişdir. Razılığa əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı 10.000 manatın əvəzində hər ay 900 manat qaytarmaq şərti ilə faiz olaraq 9500 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı 10.000 manatın əvəzində hər ay 900 manat qaytarmaq şərti ilə faiz olaraq 3200 manat verməli idi. Müqavilələr bağlanarkən iddiaçının təkidi ilə əsas məbləğin üzərində faiz olaraq qaytarmalı olduğu 9500 və 3200 manat pul əsas məbləğlərlə toplanaraq müvafiq olaraq 19500 və 13200 kimi göstərilmişdir. Beləliklə, iddiaçı ilə aralarında əldə edilmiş razılığa əsasən tərəfindən 2021-ci ilin dekabr ayınadək ona hər ay hər müqavilə üzrə faiz olaraq 900 manat olmaqla 1800 manat pul ödənildi. 2021-ci ilin dekabr ayında iddiaçı taxi fəaliyyətində istifadə üçün ona verdiyi 12 ədəd avtomobili geri qaytarmış, və aralarında faizlərin silinməsi, beləliklə ona yalnız əsas borc olan hər müqavilə üzrə 10.000 manat olmaqla, cəmi 20.000 manat borcunun qalması barədə razılığa gəlmişlər. Bundan sonra 2022-ci ilin aprel ayında 20.000 manat əsas borcdan 3000 manatını ödəmiş, 2022-ci ilin aprel ayından 5 ay müddətində isə hər ay 1000 manat olmaqla cəmi 5000 manat ödəniş etmişdir. 2022-ci ilin sentyabr ayında bolt taksi şirkətindəki fəaliyyəti tam dayandığı üçün borcu qaytara bilməmiş və Kənandan möhlət istəmişdir. Beləliklə iddiaçıya olan 20000 manat borcdan tərəfindən 3000 və 5000 manat olmaqla cəmi 8000 manat qaytarılmış və hazırda ona 12000 manat borcu qalmışdır. Bunu şahidlər də təsdiq edə bilər. Göstərilənlərə əsasən Sabirabad Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(056)-1412/2022 saylı qətnaməsinin “Qürbətli Orxan Zakir oğlundan xx.xx.2021-ci il tarixli kredit müqavilə üzrə 19500 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 13200 manat, cəmi 32700 manat əsas borcun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və tərəfindən məhkəməyə təqdim edilmiş dəlillər nəzərə alınmaqla həmin hissələrdə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddi hüquq normaları olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 425.1-ci maddələrinin, prosessual hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3, 8.1, 9.1, 387.2.2 və 138.1-138.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Sabirabad Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(056)-1412/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Qürbətli Orxan Zakir oğlu teleqramla məhkəmə kollegiyasına müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, növbəti məhkəmə iclasında tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materialını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsinin xx.xx.2023cü il tarixli iclasındakı izahatında bildirmişdir ki, bolt taksi şirkəti ilə sayı 10-dan çox olan və Türkiyə vətandaşından icarəyə götürdüyü avtomobillərlə sahibkarlıqla məşğul olmuş, həmin avtomobilləri aylıq maaş qarşılığında sürücülər vasitəsi ilə taksi fəaliyyətinə yönəltmiş və şirkətə idarəçiliyi, rəhbərliyi o etmişdir. Sonra isə internet üzərindən icarəyə maşın verən şəxs kimi İddiaçı tanımışdır. İddiaçı internet üzərindən icarəyə günü 25 AZNə maşınlar verməklə məşğul olmuşdur. İlk tanışlığı iddiaçıdan icarəyə maşın götürməklə başlamışdır. 2 ədəd maşının sazlığını yoxlatdırdıqdan sonra ondan icarəyə maşın götürmək üçün razılığa gəlmişlər. Müəyyən müddət sonra İddiaçı bu işdə onunla şərik kimi bu işə özü də qoşulmaq istəmişdir. Həmin dönəm onun özünün icarəyə götürdüyü maşınların texniki sazlığında problemlər olduğu üçün və onları təmir etdirməyə vəsaiti olmadığından İddiaçı ona maşınları texniki saz vəziyyətə gətirmək və görəcəyi işi qaydasına salmaq üçün 20.000 azn( iyirmi min manat) investorluq etmişdir. Əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olmaq və görəcəyləri işi böyütmək üçün ona 12 ədəd maşın vermişdir. Bütün bu işlər tərəflərindən əlavə şirkət yaratmadan Bolt taksi şirkətinin tərkibində partnyor kimi aparılmışdır. Gündəlik işin olub-olmamasından asılı olmayaraq həm maşınların icarə ödənişi və sürücülərin aylıq maaşı verilirdi. Bu işə başlayanda İddiaçı ilə aralarında etibar, inam olduğu üçün və iddiaçının ona verdiyi 12 avtomobili işə buraxdığı pula görə əlində təminat kimi sənəd olmasını istədiyinə görə notarial qaydada aralarında borc müqaviləsi bağlanılmasına razılaşmış və notariusda borc müqaviləsini imzalamışdır. Notariusda 100-200 azn dəyərində pul vəsaiti verilərək güya banka pul köçürülüb götürülməsi ilə bağlı formal əməliyyat aparılmışdır. Əslində isə depozitdən heç bir pul məbləği keçməmişdir. İddiaçı tərəfindən ilkin mərhələdə ona verilən 2 ədəd avtomobil notarial qaydada borc müqaviləsi kimi, şərik olduqdan sonra avtomobillərin bəzisi özünün, bəzisi valdeyinin və ona yaxın olan insanların adına olmaqla etibarnamə əsasında vermişdir. Bir müddət keçdikdən sonra iddiaçı işi öyrəndiyi üçün şəriklikdən ayrılıb özü bu işlə məşğul olmaq istədiyini bildirdi. Ayrılarkən onun yanında işləyən bir işçini də özü ilə işçi kimi aparmış və ondan ayrı fəaliyyətə başlamışdır. Sonradan dekabr ayında Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən Elit ticarət mərkəzinin yanında 12 ədəd avtomobili İddiaçılə görüşüb ona təhvil vermiş və onunla aralarında olan pul haqqhesabı bağlanmışdır. Yalnız maşınların üzərindəki zərərlər və cərimələr qalmışdır. Yerdə qalan məbləği isə onun dostu olan Miri adlı şəxs ya 5000 AZN ya 8000 AZN onun əvəzinə qaytarmaq şərti ilə ödəmişdir. Deyilən vaxtı pulu qaytara bilməsə də aprel ayından sentyabr ayına qədər Miri adlı şəxsdən götürülmüş borcu ödəmişdir. İddiaçı pul məbləğini ona yeni avtomobillərin alınması, işin dirildilməsi və onunla şəriklikdən öncə icarəyə götürdüyü avtomobillərin tam fəaliyyətə qaytarılması üçün vermişdir. Əlavə olaraq İddiaçılə şərik işə başlayarkən yeni ofis götürmüşlər və o ofisə mebel alınmasına 2-3 min manat pul xərclənmişdir. Maşınların krediti bitdikdən sonra İddiaçı müqavilədə nəzərdə tutulan pulunu götürməli idi. Elə ona görədə İddiaçı hər ay avtomobillərin pulundan əlavə 900 AZN pul götürürdü. Müqavilədə hansı səbəbdən borcun məbləğinin 13200 AZN və 19500 AZN yazılmasından məlumatı olmamışdır. Əslində 19000 AZN yazılmalı idi. Qeydiyyatda olduğu ünvanda nə özü, nədə hər hansı bir qohumu yaşamır və bildirişin kimə verilməsi, qəbzdəki imzanın kimə məxsus olması barədə məlumatı yoxdur. İş materialında olan borc verən İddiaçı ilə borc alan cavabdeh Qürbətli Orxan Zakir oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 19500 manat pul borc verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı üzərinə öhdəlik götürmüşdür. İş materialında olan borc verən İddiaçı ilə borc alan cavabdeh Qürbətli Orxan Zakir oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 13200 manat pul borc verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Dövlət Vergi Xidmətinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) və Qürbətli Orxan Zakir oğlunun (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə məlumat mövcuddur. İş materialında olan 3m/408 nömrəli xx.xx.2021-ci il tarixli notariat işindən görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu S.B.Xankişiyev tərəfindən "xxxx" ASC-nin Dostluq filialına göndərilmiş xx.xx.2021-ci il tarixli 1173/2021 nömrəli məktubda kredit müqaviləsi təsdiq edildikdən sonra İddiaçı ödənilməli olan 19500 manat məbləğində pulu Qürbətli Orxan Zakir oğluna verilməsi üçün özünün bankda olan AZ68MUĞA **********00001AZM80 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin Dostluq filialının 585128 nömrəli xx.xx.2021-ci il tarixli çekindən görünür ki, Qürbətli Orxan Zakir oğlu kredit müqaviləsi üzrə 19500 manat məbləğində pulu həmin tarixdə almışdır. İş materialında olan 3m/841 nömrəli xx.xx.2021-ci il tarixli notarial işindən görünür ki, Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu Əliyev Daxil tərəfindən "xxxx" ASCnin Dostluq filialına göndərilmiş 1173/2021 nömrəli xx.xx.2021-ci il tarixli nömrəli məktubda kredit müqaviləsi təsdiq edildikdən sonra İddiaçı ödənilməli olan 13200 manat məbləğində pulu Qürbətli Orxan Zakir oğluna verilməsi üçün özünün bankda olan AZ18MUĞA **********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin Dostluq filialının 593397 nömrəli xx.xx.2021-ci il tarixli çekindən görünür ki, Qürbətli Orxan Zakir oğlu kredit müqaviləsi üzrə 13200 manat məbləğində pulu həmin tarixdə almışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki,ortaq fəaliyyətlə məşğul olmaq üçün aralarında əldə olunmuş razılığa əsasən,iddiaçı ona Bolt taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə cəmi 20.000 manat məbləğində pul vəsaiti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasıişin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və yabirgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). ...Məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı haldayol verilməlidir (bənd 22). Baxılan işdən görünür ki, hər iki tərəf fiziki şəxs olmaqla fərdi sahibkar kimi qeydiyyatdan keçmişlər.Lakin, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi-iddiaçının pulu ona ortaq fəaliyyətlə məşğul olmaq üçün verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış və notarial qaydada təsdiqlənmiş kredit müqavilələrinə istinad edərək, cavabdehdən həmin müqavilələr üzrə ödənilməmiş borcun tutulmasını tələb edir. İş üzrə əsas sübutlardan biri olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında notariat qaydada bağlanmış müqavilələrdən tərəflərin sahibkar statusları barədə,habelə borc məbləğinin sahibkarlıq məqsədilə verildiyi barədə heç bir qeyd edilməmiş, müqavilə standart borc müqaviləsi kimi tərtib olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, müqavilə tərəflərinin fərdi sahibkar qismində vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmələri mübahisənin kommersiya məhkəməsinə aid olması qənaətinə gəlməyə əsas vermir. Hazırda cavabdeh borc məbləğinin cəmi 20.000 manat olduğunu və həmin məbləğdən tərəfindən 8.000 manat qaytarıldığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinə iddia tələbinin əsassızlığını təsdiq edən hər hansı bir sübut əlavə etməmiş və 30 avqust 2023-cü il tarixli məhkəmə iclasında iştirak etməsinə baxmayaraq məhkəməyə bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından müəyyən edilir ki birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixə təyin olunması barədə xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmiş, poçt xəbərnaməsinin (i.v.16) üzərinə xx.xx.2022-ci il tarixdə verilməsi qeyd edilmişdir. İş materialının 24-cü vərəqəsində olan xəbərnamədən görünür ki, məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixə təyin olunması barədə cavabehə xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, xx.xx.2022-ci il tarixdə xəbərnamənin üzərinə “Orxana” verilməsi qeyd edilmişdir. Həmçinin məhkəmə iclasının 18 oktyabr 2022-ci il tarixə təyin olunması barədə cavabdehə 29 sentyabr 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, xəbərnamənin üzərində 05 oktyabr 2022-ci il tarixdə “qohum”una verilməsi barədə qeyd edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi baxımından prosessual pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabeh Orxan Qürbətli 30 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şəxsən iştirak etmiş, iş apellyasiya instansiya məhkəməsinin icraatında olduğu müddətdə də məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmiş, apellyasiya şikayətində göstərdikləri barədə izahat verməklə kifayətlənmiş, həmçinin iddia tələbinin əsassızlığı barədə onda hər hansı sübutun olması barədə məlumat verməmişdir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyasına ünvanladığı teleqramda məhkəmə iclasının təxirə salınacağı tədirdə növbəti məhkəmə iclasında mötəbər sübutlar təqdim edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri). Yeni məhkəmə icraatının qaydalarını müəyyən edən qüvvədə olan mülki prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını birinci instansiya məhkəmələrinin üzərinə qoyur (tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılması; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsi; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsi). Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. İş materiallarından görünür ki, cavabdeh Orxan Qürbtəli nə birinci instansiya məhkəməsinə,apellyasiya şikayətinə,eləcədə apellyasiya məhkəməsində iştirak etdiyi 30 avqust 2023-cü il tarixli prosessdə iştirak etsədə, buna baxmayaraq iddia tələbinə qarşı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onu əsassız hesab edir və qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Qürbətli Orxan Zakir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(056)-1412/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1283/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1283/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver