Məhkəmə qərarları › İş №2(106)-1283/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1283/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1283/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X1 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1825/2022 saylı, 17 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(073)-1825/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 07 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4500 manat, 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2000 manat olmaqla, ümumilikdə 6500 manat pul vəsaitinin və 96 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(073)-1825/2022 saylı qətnaməsindən Cavabdeh və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarının 76-cı və 77-ci vərəqlərində olan poçt xəbərnamələrindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadının surəti cavabdehə və onun nümayəndəsinə 02 mart 2023-cü il tarixində imza etdirilməklə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 09 mart 2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsi barədə qəbzin əslinin apellyasiya şikayətinə əlavə edilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərməklə, bu sənədlərin də apellyasiya şikayətinə əlavə edilərək, mülki işlə birlikdə mahiyyəti üzrə araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini təmin edəcək müvafiq məhkəmə aktını çıxarıb səlahiyyətli nümayəndə olaraq ona məlumat verilməsinin təmin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli məktubu ilə cavabdehin nümayəndəsi Nümayəndə Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadından Mülki Prosessual Məcəllənin 267-ci maddəsinə əsasən şikayət vermək hüququnun olduğu bildirilmişdir. İş materiallarının 81-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, həmin məktub 28 mart 2023-cü ildə cavabdehin nümayəndəsinə təqdim olunmuşdur. Bundan sonra, 13 aprel 2023-cü ildə Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadından cavabdehin nümayəndəsi Nümayəndə şikayət vermiş, şikayətdə Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli məktubunun etibarsız hesab edilməsini, 14 fevral 2023-cü il tarixli qərardadın ləğv edilməsini, 30 noyabr 2022-ci il tarixli qətnamədən qanunun müəyyənləşdirdiyi müddət ərzində verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılmasının təmin edilməsindən ötrü mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini təmin edəcək müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) Cavabdeh nümayəndəsi Nümayəndə Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadının ləğv edilməsinə dair şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)- 1825/2022 saylı qərardadı rəsmi qaydada Cavabdeh və nümayəndəsi Nümayəndə göndərilmiş, onlar həmin məhkəmə qərardadını 02 mart 2023-cü ildə poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə imza etməklə almışlar. Lakin iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən şikayət qanunla müəyyən edilmiş müddət bitdikdən 1 ay sonra, yəni 13 aprel 2023-cü ildə verilmiş və prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi Nümayəndə 04 iyun 2024-cü ildə şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, etdiyi şikayət vaxtında verilmiş və burada heç bir qanun pozuntusuna yer verilməmişdir. Müddətin buraxılması əsassız bir bəhanə olub, süni məhkəmə süründürməçiliyi hallarına yol verilməsi deməkdir. Bu barədə məhkəmədə əsaslı vəsatət verəcəkdir. Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmış, qərardad isə onunla əsaslandırılmışdır ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət 1 ay ötürülmüş, buna baxmayaraq, prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadında gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarının 76-cı və 77-ci vərəqlərində olan poçt xəbərnamələri təsdiq edir ki, Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadının surəti cavabdehə və onun nümayəndəsinə 02 mart 2023-cü il tarixində imza etdirilməklə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin hazırda işdən də göründüyü kimi, Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadından cavabdeh tərəfindən şikayət onun rəsmi qaydada verilməsindən (02 mart 2023-cü ildən) 42 gün sonra verilmiş, bununla da qərardaddan şikayətin verilməsinə görə nəzərdə tutulmuş 10 günlük prosessual müddət 32 gün ötürülmüşdür. Buna baxmayaraq, cavabdehin nümayəndəsi Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadından 13 aprel 2023-cü ildə şikayət verərkən şikayətə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə etməmişdir. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra şikayət verildiyindən, buna baxmayaraq həmin şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən, birinci instansiya məhkəməsi 17 aprel 2023-cü il tarixli qərardadla həmin şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmənin 17 aprel 2023-cü il tarixli qərardadında buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin verilmədiyi qeyd edilsə də, cavabdeh bu cür vəsatətlə məhkəməyə müraciət etməmiş, əksinə məhkəmənin sözügedən qərardadından şikayət vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdeh tərəfə bildirir ki, cavabdehin nümayəndəsi tərəfindən 09 mart 2023-cü ildə məhkəməyə verilmiş ərizə Cəlilabad Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadından verilmiş şikayət hesab olunmur və apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsas kimi çıxış etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Cavabdeh tərəfə birinci instansiya məhkəməsinin məhkəmə aktından yenidən şikayət (apellyasiya şikayəti) vermək istədikdə şikayətini Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib etməsi və onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verməsi tövsiyə olunur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-1825/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar