Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1287/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 saylı, 30 dekabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu ərazisində balıq yetişdirməklə sahibkarlıq fəaliyyəti göstərir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 78- S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında yerləşən balıqçılığın inkişafı məqsədilə 40 ha və heyvandarlığın inkişafı məqsədilə 60 ha olmaqla, 100 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətin həyata keçirmək üçün etibarnamə ilə həmin torpaq sahəsini Cavabdeh2 almışdır. 2016-cı ildə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiklərini təklif etmişdir. O da, Zahirlə razılaşmışdır. Sonradan Elvinlə görüşmüş, aralarında olan razılaşmaya əsasən balıq gölünün qazancının 50 faizini özünə, 25 faizinin Zahirə, 25 faizinin isə ona veriləcəyi şərti ilə razılaşmışlar. 2018-ci ildə ziyana getdikləri üçün X1 bu barədə ona və Elvinə bildirərək bu işdən uzaqlaşmışdır. Bundan sonra o, həmin balıqçılıq təsərüffatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda, ümumilikdə şəxsən qeydiyyat aparmaqla 96000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, 2016-cı ildən 2018-ci il tarixinə kimi həmin ərazidə yerləşən süni balıq gölünü işlətməsi üçün ona 250000 manat pul və balıq yemi verdiyini, lakin onun tərəfindən ona dələduzluq edildiyini bildirmişdir. 28 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh Salyan Rayon Məhkəməsinə “pul tələbi” barədə iddia ərizəsi və həmçinin, müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək onun Salyan rayonu, Babazadə asudə dövlət fondu torpağında yerləşən 100 ha torpaq sahəsindəki və onun ətrafındakı göllərdən balıqların ovlanmasına, onların satılmasına qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə həmin ərizə təmin edilmişdir. Halbuki, cavabdeh həmin torpaq sahəsini etibarnamə ilə idarə edir və onun mülkiyyətində olmayan torpaq sahəsidir. Əgər cavabdehin tələbi pul tələbidirsə, bu zaman “onun mülkiyyətində olmayan sahədən və ətraf göllərdən” balıqların ovlanmasına və satılmasına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət etməsi halı ziddiyət doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarət gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əssən, mülki hüquqlar hüquqauyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, Cavabdeh2 tərəfindən ona qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, onun və aidiyyatı olmayan digər şəxslərin girişi və həmin torpaq sahələri və göllərdən istifadəsinə qadağa qoyulmuşdur. Həmin ərazidə fəaliyyət göstərdiyi zaman, tərəfindən xeyli miqdarda balıq alaraq suya buraxılmışdır. Hazırda həmin sahəyə girişi qadağa olunsa da, süni balıq gölündə olan balıqlar üçün xeyli miqdarda xərc çəkmişdir. Belə olan zaman, balıqların ovlanması, satılmasına qoyulan qadağa qoyulması ilə onun hüquq və mənafeləri pozulmuşdur. Çünki iş materiallarına əlavə edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, Cavabdeh1 tələbi yalnızca puldan ibarət olmaqla, balıqlarla bağlı deyildir. Həmçinin istər iddia ərizəsində, istərsə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həmin süni göldə balıqların onlar tərəfindən alındığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Çünki, süni balıq gölünə balıq yetişdirilməsi üçün balıqların haradan, necə və nə vaxt gətirildiyi əsaslandırılmamışdır. Bildirir ki, 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 (qırx min) ədəd balıq alaraq, 29 hektar gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi talstrof balığı, 5000 ədədi belanvor balığı olmuşdur. Daha sonra 900 kg təxminən 80 ədədi 1 kg olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbara köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonunda 5 ton, çəkisi 200-250 gr olan körpə balıq alaraq buraxmışdır. 2021-ci ilin oktyabr ayında 5 ton, çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər anbara buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alınaraq, yemlənmədə istifadə olunmuşdur. 40.000 ədəd (200-250 qr) malyuk balığı üçün 37000 manat pul vermişdir. Bu da təqribən 35000 ton məhsul verməli idi və 210000 manat pul vəsaiti əldə etməli idi. Əlavə olaraq, başqa şəxsdən 1,6-1,7 kg olan 5 ton iri sazan balığı almışdır. Əgər, satış baş tutsa idi, 30000 manat pul əldə etməli idi. 2021-ci ilin mart ayında 900 kq leçinka almışdır. (900 kqx6-5400 manat). Həmçinin yemləməklə, qulluq etməklə 7 ton məhsul əldə edə bilərdi. Onun bazar dəyəri isə 35000 manat idi. 2021-ci ilin oktyabr ayında 5 ton (200-250 gr) malyuk almışdır. Həmin balıqlara görə 20000 manat pul vəsaiti xərcləmişdir. Daha sonra 150 ton buğda və arpa almışdır ki, ona da 67500 manat pul vermişdir. Bunlardan əlavə, həmin vaxt ərzində əlavə xərcləri çıxmışdır. İşlərin yerinə yetirilməsi məqsədilə 2 işçiyə ehtiyac olmuşdur ki, həmin işçilərə 10200 manat haqq olaraq əmək haqqı vermişdir. İşçilər Namiqin əmək haqqısı ayda 500 manat, Səbuhininki isə hər ay üçün 500 manat təşkil etmişdir. Eyni zamanda su pulu olaraq, 3000 manat məbləğində pul vermişdir. Əlavə xərcləri isə 12000 manata yaxın olmuşdur. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı ona 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri onu öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Bir hissəsini isə bu gün də müxtəlif şəxslərə borcludur. 2022-ci ilin fevral ayının 4-də məhkəmənin qərardadına əsasən onun həmin əraziyə giriş-çıxışı qadağan edildiyi gündən bugünə kimi Cavabdeh1 tərəfindən həmin balıqların oradan qanunsuz olaraq çıxarılaraq satışı davam edir. Halbuki, o, 177600 manat miqdarında xərc çəkmişdir. Cavabdeh qanunsuz olaraq orada balığı satmaqla onu çəkdiyi xərclərin ödənilməsindən və gələcəkdə əldə edəcəyi qazancdan məhrum etmişdir. Bu gün ona ziyan vurulmaqda davam edir. Hazırki vəziyyətdə nəinki gəlir əldə bilir, çəkdiyi xərcin çıxarılması belə qeyri-mümkündür. Cavabdeh1 tək qurbanı özü deyildir. Onun barəsində Nərimanov RPİ-də dəfələrlə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və o dəfələrlə məhkum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış 240000 (iki yüz qırx min) manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 418068 (dörd yüz on səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Ənnağı Məmmədli) ilə, iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(106)-712/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş və Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsi ləğv olunmuş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-712/2024 saylı 25 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2381/2024 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasya Məhkəməsinin 2(106)- 712/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Mülki iş materialları 03 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1287/2024 saylı nömrə verilmiş və məhkəmə iclası 30 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Salyan Rayon Məhkəməsini tərəfindən göndərilmiş 02 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, hazırkı iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 onun vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron qaydada apelyasiya şikayəti vermiş, lakin həmin apelyasiya şikayəti mülki iş materiallarına əlavə edilməmiş, ona görə də apelyasiya şikayətinin qanuna uyğunluğunun yoxlanılması üçün mülki iş materiallarının Salyan Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh1 onun vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar MPM-nin 361-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)712/2024 saylı, 12 mart 2024-cü il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Salyan Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)712/2024 saylı, 12 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-1287/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1287/2024
30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver