Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1287/2025 19.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh xx xxxx 1985-cü ildə anadan olmuş, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 2800 manatın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh ilə uzun bir müddət tanışlıq münasibətləri olmuşdur. Onu Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edərkən tanımışdır. Bir neçə dəfə ondan ehtiyacı olanda borca pul götürüb, sonra qaytarmışdır. 2022-ci ilin yanvar ayının 15-də ondan 2800 manat pul götürərək qəbz yazaraq, borcunu 5-6 aya qaytaracağına söz versə də, verdiyi vədə tamam olanda, telefonunu söndürərək ona cavab verməmişdir. Bir neçə dəfə cavabdehdən aldığı pulu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcu ödəməkdən yayınmışdır. Ona görə də cavabdeh xx xxxx 1985-cü ildə anadan olmuş, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 2800 manatın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, cavabdeh 2017-ci ildə iddiaçıdan qəbz yazaraq pul götürməsini etiraf etmişdir. İddia əsaslıdır. Əgər iddiaçı vicdansız olsaydı cavabdehin ona verdiyi 4000 manat borc almasına dair olan qəbzi təqdim edib məhkəmədə iddia qaldırardı. Hazırkı qəbzi iddiaçı vaxtında tapmadığından vaxtında məhkəmədə iddia qaldırmamışdır. Qəbzi cavabdeh 2022-ci ildə yazmışdır. İddiaçı verdiyi pulu cavabdehdən tələb edir. İddia müddəti keçməmişdir. Cavabdeh əvvəlcə qəbzdəki imzanın ona məxsus olmadığını göstərmişdir. Bununla bağlı ekspertiza təyin edilmiş, qəbzdəki imzanın cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Bundan sonra cavabdeh iddia müddətini mübahisələndirmişdir. Hesab edir ki, cavabdehin həmin ərizəsi əsassızdır. İddiaçı tərəfindən hazırkı qəbzdəki borc cavabdehə 2022-ci ildə verildiyindən iddia tam əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək göstərmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddia əsassızdır. O, Vəlyəddindən 2022-ci ildə pul götürməmiş və heç bir qəbz yazıb verməmişdir. Onun tərəfindən yazılan qəbzlər 2016-2017-ci illərdə yazılan qəbzlərdir ki, həmin pulu ondan hərbidə işləyəndə götürmüş və 2018-ci ildə tam şəkildə ödəmişdir. İddiaçı pul tələbinə dair iddia ilə xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia 2017-ci ildə alınmış borcla əlaqədar olmuşdur. Əgər o, Vəlyəddindən 2022-ci ildə pul almış olsaydı, iddiaçı 2023-cü ildə pul tələbinə dair iddia qaldırdığı zaman həmin borcu da ərizəsində qeyd edərdi. 2023-cü ildə hazırkı tələblə bağlı iddia qaldırmamışdır. Göründüyü kimi aralarında 2022-ci ildə alınmış borc pul olmamışdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş qəbzdə tarix yoxdur. Çünki qəbz 2016-cı ildə yazılmış qəbzdir və həmin qəbzlə aldığı pulu tam qaytarmışdır. 2018-ci ildə o, ordu sıralarından xəstəliklə əlaqədar ehtiyata buraxılmış, ehtiyata buraxılan vaxt son haqq-hesab pulu olan 3224 manat onun kartına vurulmuşdur. Həmin pul iddiaçı tərəfindən onun kartından çıxanlıb, ona olan borcunu götürdükdən sonra qalan pulu cavabdeh ona vermişdir. Onun iddiaçıya heç bir ödənməmiş borcu yoxdur. Həmin qəbzin verilməsindən uzun müddət keçdiyinə görə iddia müddəti ötürülmüşdür. Ona görə də iddia əsassız olduğundan iddia müddətini tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev) iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti keçdiyinə görə rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 48.60 (qırx səkkiz manat altmış qəpik) manatın onun özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 120 (yüz iyirmi) manatın İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin mülki iş üzrə gəldiyi nəticə qanunsuz olmaqla, ədalətli deyildir. İş materiallarında borc müqaviləsi var və cavabdeh ilk olaraq həmin qəbzin onun tərəfindən yazılmadığını və imzalanmadığını bildirmişdir. Lakin məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən sonra o, əsassız olaraq iddia müdddətinin keçməsi barədə ərizə vermişdir. Əvvəllər məhkəmədə olan işlə bağlı cavabdeh bildirmişdir ki o İddiaçı bir dəfə pul götürmüş, bir dəfə də qəbz yazmışdır. Həmin izahatı verməsinin səbəbi ondan ibarət olmuşdur ki, o, məhkəməyə 2800 manatlıq qəbzi yox, 4000 manatlıq qəbzi təqdim etmişdir. Həmin vaxt onun real borclu olduğu qəbzi tapa bilmədiyinə görə həmin qəbzin olmadığını bildiyinə görə onda əminlik yaranmışdır ki. sonuncu qəbz əldə deyil. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin sualına cavab verərkən bildirmişdir “mən Vəlyəddindən bir dəfə pul götürmüşəm, bir qəbz yazmışam, başqa bir qəbz olmamışdır.”, bu gün isə bildirir ki, həmin qəbzi o, 2016-cı ildə yazmışdır. Məhkəmə cavabdehin ziddiyətli izahatlarının səbəbini tam araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Beyləqan Rayon Məhkəməsi nəyə görə cavabdehin ikinci bir qəbzin olmamasını bildirməsini, ikinci qəbzin onun tərəfindən yazılmadığını bildirməsini, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə qəbzin mətninin və imzanın onun tərəfindən imzalandığının təsdiqindən sonra iddia müddəti barədə ərizənin verməsini və əvvəlki məhkəmə iclaslarından fərqli olaraq qəbzi 2016-cı ildə yazdığını bildirməsinin səbəblərini araşdırmamış, bunun nəticəsində əsassız olan qətnamə qəbul etmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(020)-278/2025 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasn müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci (köhnə redaksiyada) maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə İddiaçı vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Lakin borcun verilmə tarixi ilə bağlı fikir ayrılığı vardır. Belə ki, iddiaçı iddia ərizəsində 2800 manat pulu 2022-ci ilin yanar ayının 15-də cavabdehə verdiyini göstərir. Cavabdeh isə iddiaçıdan 2022-ci ildə deyil, 2016-2017-ci illərdə borc aldığını və borcunu qaytardığını bildirir. İşdə olan qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 borc olaraq 2800 manat pul götürdüyünü, 4-5 aya qaytarmağa söz verdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin iddiaçıdan borc pul alması və həmin borca görə verilən qəbzin cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Lakin cavabdeh həmin borcu 2016-cı ildə götürdüyünü, cavabdehdən 2018-ci ildən sonra borc pul almadığını göstərmişdir. İddiaçı həmin qəbzi 2022-ci ildə verildiyini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bununla bağlı cavabdehin iddiaçıdan həmin borcu 2016-cı ildə almasına dair etirafını əsaslı hesab edir. Cavabdeh məhkəmə iclasında iddianın əsassız olduğunu bildirmiş və iddia müddətini mübahisələndirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Birinci instansiya məhkəməsi qəbzdə tarix olmadığını əsas gətirərək cavabdehin izahatını əsas götürüb borcun 2016-cı il tarixdə verilməsi qənaətinə gəlmiş və iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Halbuki işin hallarından göründüyü kimi, Cavabdeh əvəlcə qəbzdəki imzanı mübahisələndirmiş, yalnız ekspert rəyi ilə həmin imzanın ona məxsus olduğu müəyyən edildikdən sonra iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda cavabdehin borcun daha əvvəl verilməsi barədə izahatının mötəbər sübut kimi qəbul edilməsi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İş materiallarından görünür ki, sözügedən qəbzdə borcun qaytarılma vaxtı dəqiq müəyyən edilməmişdir. Belə olan halda iddiaçının borc məbləğini istənilən vaxt tələb etmək hüququ vardır. Hətta cavabdehin qəbzin 2016-cı ilə aid olması barədə dəlili təsdiq olunsa belə, borcun qaytarılma tarixi dəqiq olmadığına və iddiaçının həmin məbləği istənilən vaxt tələb etmək hüququ olduğuna görə hazırki iddia tələbinə münasibətdə borc müqaviləsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq olunması yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-278/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 2800 manat borc və 48.60 manat ödənilmiş dövlət rüsumu, cəmi 2848.60 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1287/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1287/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver