Məhkəmə qərarları › İş №2(106)-1289/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1289/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1289/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-989/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən 7000 manat məbləğində pul vəsaitinin və ödədiyi 90 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh torpaq sahəsini satdığını bildirmiş və 2023-cü ilin əvvəllərində torpaq sahəsini iddiaçıya satmağa görə iddiaçıdan 7000 manat məbləğində pul almışdır. İddiaçı cavabdehə inanıb torpaq sahəsini almağa görə 7000 manat məbləğində pul vermişdir. Lakin cavabdehin torpaq sənədləri olmadığına görə alqı-satqı baş tutmamışdır. Bununla belə, cavabdeh bu günə kimi iddiaçını aldadaraq pulunu qaytarmamışdır. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq edib pulun qaytarmasını xahiş etmişdir. Bununla belə, Cavabdeh iddiaçıdan pulu aldığını etiraf etsə də, müxtəlif bəhanələrlə aldadır, pulu qaytarmır. İddiaçı pulun qaytarılmamasına görə maddi cəhətdən çox ağır vəziyyətə düşmüşdür. Cavabdeh torpaq sahəsini satmaq adı ilə 7000 manat məbləğində pul vəsaitini alıb iddiaçıya maddi zərər vurmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-989/2024 saylı qətnaməsi ilə (hakim Zaur Piriyev) iddia təmin edilərək Cavabdeh 7000 manat məbləğində pul və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim hazırlıq iclası keçirmədən işə baxmışdır. İddiaçı ilə məhkəmədə razılaşmışlar ki, torpaq sahəsini birlikdə satıb pulu hissə-hissə ödəyəcəkdir, iddiaçı onunla razılaşmışdır. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq tərəflər arasındakı razılaşmanı nəzərə almamışdır. Həmçinin qətnamədə onun izahatı düzgün yazılmayıb. İddiaçı pulu ona 2020-ci ilin noyabr ayında hissə-hissə verib. O, iddia müddətinin tətbiq edilməsi barədə vəsatət vermiş, lakin məhkəmə müzakirə etməmişdir. Ona görə iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı satılmış torpaq sahəsini qəbul etməyərək verdiyi pulu istəyir. Maddi hüquq normalarına əsasən ümumi iddia müddəti 10 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. İddiaçı isə 16 il əvvəl ona pul verdiyini göstərməklə indiki məzənnə ilə pul tələb edir. Məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi üzrə razılaşma hərtərəfli araşdırılmadığı, alqısatqının iddiaçının göstərdiyi 2023-cü ildə deyil, onun göstərdiyi 2000-ci ildə olması aydınlaşdırılmadığı üçün onun iddiaçıya göstərilən məbləğdə borclu olmağı sübut edilməmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, torpağı 7000 manata satmış və onun adına bələdiyyə sənədi olub. Alqı-satqı 2020-ci ildə şifahi şəkildə həyata keçirilmiş və iddiaçıdan tələb edilən pul məbləğini almışdır. İddiaçıya borcludur, sadəcə ona müəyyən qədər vaxt lazımdır. Torpağı başqa bir şəxslə danışmışdır və o alacaqdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 7000 manat məbləğdə pul vəsaitini aldığı torpağın haqqı olaraq cavabdehə vermişdir. Kənddə başqa şəxslər də həmin torpağın onlara məxsus olduğunu bildirirlər. 2021-ci ilin əvvəli alqı-satqı olmuşdur. Mübahisəli torpaq sahəsihazırda cavabdehin özünün istifadəsindədir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: Birinci instansiya məhkəməsində Cavabdeh iddianı etiraf edərək izahatında bildirmişdir ki, həmin torpaq sahəsindən gəlir götürmək üçün istifadə etmək istəmiş, lakin pula ehtiyacı olduğu üçün torpaq sahəsini satmaq qərarına gəlmişdir. Həmkəndlisi Bəşir ondan torpaq sahəsini Ruhinin almaq istədiyini bildirmişdir. Ruhinin atası və əmilərini tanıdığı üçün onunla razılaşmışdır. Ruhin atası ilə gəlmiş və öz aralarında razılaşmışlar. İddiaçı 7000 manat məbləğində pul vəsaitini hissə-hissə ona vermişdir. Lakin sonradan torpaq sahəsini istəmədiyini, ondan torpaq sahəsini almağa görə verdiyi pulu geri qaytarmağı tələb etmişdir. İddiaçıya bildirmişdir ki, hazırda həmin pulu qaytarmaq iqtidarında deyildir. Pulu qaytarmaq üçün ondan vaxt istəmişdir. Vaxt istəməkdə məqsədi torpaq sahəsini satıb onun pulunu qaytarmaq idi. İddiaçının pulunu qaytarmaqdan boyun qaçırmır. Torpaq sahəsini satıb onun pulunu qaytaracaqdır. Torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş, onun mülkiyyətində olmamışdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri olmuş, cavabdeh həmin münasibətlərə əsasən öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, torpaq sahəsini iddiaçıya satsa da, torpaq sahəsini ona verməmiş, həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olmamış, daha sonra iddiaçı torpaq sahəsi üçün ödənilmiş 7000 manat vəsaiti cavabdehdən tələb etsə də, həmin məbləği qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının ona torpaq sahəsinin alınması üçün 7000 manat pul verdiyini və onu qaytarmadığını etiraf etmişdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab etmişdir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanarkən alıcı torpağın dəyəri olan pul məbləğini satıcıya verməyi, satıcı isə pul məbləğini aldıqdan sonra müqaviləni lazımi qaydada rəsmiləşdirməyi və torpaq sahəsini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd edilən səbəblərdən satıcı torpağın dəyəri olan pul məbləğini aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair şifahi qaydada müqavilə bağlanmış, lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Eyni zamanda, cavabdehin iddiaçıya satdığı torpaq sahəsi onun mülkiyyətində olmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır. Ona aid olmayan torpaq sahəsinə dair şifahi alqı-satqı müqaviləsi bağlamaqla iddiaçının 7000 manat pul vəsaitinə yiyələnməklə əsassız olaraq varlanmışdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Belə ki, kollegiya hesab edir ki, tərəflər arasındakı razılaşmanın nəzərə alınmaması və iddia müddətinin tətbiq edilməsi barədə dəlillər əsassızdır. Cavabdehin izahatından da göründüyü kimi, apellyasiya şikayətinin verilməsi cavabdehin həmin prosessual hüququndan istifadə etməklə işə baxılmasının uzadılması və pulun qaytarılması üçün müddətin qazanılması məqsədi güdür. MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 386.2-ci maddəsinə əsasən Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. MM-in 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. MM-in 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-989/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(036)-989/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar