Məhkəmə qərarları › İş №2(106)-1293/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1293/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1293/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiası üzrə Laçın Rayon Məhkəməsinin e-2(047)-510/2025 saylı, 04 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ərizə imzalanmaqla www.pashabank.az saytında yerləşdirilmiş X1 xx.xx.2022-ci il tarixli 1.1.5 №-li versiyasını (müvafiq redaksiyada) cavabdeh qəbul etmiş, 0084075AZN48835 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə formasını imzalamış və bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 22%, kreditin illik cərimə faiz dərəcəsi isə 180% olmaqla, 4700 manat məbləğində istehlak məqsədilə kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 181 gün təşkil etmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri 0084075AZN48835 saylı müqaviləyə əsasən 2688,78 manat əsas, 351,64 manat faiz və 385,68 manat cərimə borcu olmaqla, cəmi 3426,10 manat təşkil edir. Odur ki, Cavabdeh 2688,78 manat əsas, 351,64 manat faiz və 385,68 manat cərimə borcu olmaqla, cəmi 3426,10 manat məbləğində borcun, həmçinin 54,27 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Laçın şəhər üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Laçın Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(047)-510/2025 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavad İbrahimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2688,78 manat əsas, 351,64 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 3090,42 (üç min doxsan manat qırx iki qəpik) manat borc pul və 51 (əlli bir) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 3,27 (üç manat iyirmi yeddi qəpik) manatı iddiaçının hesabına aid edilməsi və iddia tələbinin qalan hissədə isə rədd edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan cərimə məbləği əsassız surətdə düzgün müəyyən edilməmişdir. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik yaratmışdır. Yəni məhkəmə nəzərə almamışdır ki, cavabdehlərdən tələb etdikləri tutulmalı olan 385,68 (üç yüz səksən beş manat altmış səkkiz qəpik) manat cərimə məbləği tutulmalı olan 2688,78 (iki min altı yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcun cəmi 14.34 faizini təşkil edir. Buna görə də məhkəmənin qət etdiyi 50 (əlli manat) manat cərimə məbləği cavabdehlərin kredit üzrə olan gecikən 2688,78 (iki min altı yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcun 1.86 faizini təşkil etmiş və 260 gün gecikmə günlərinə heç də mütənasib və ədalətli deyildir. Burada Bankın əsassız varlanmasından söhbət gedə bilməz, bu sadəcə gecikdirilmiş və vaxtında ödənilməmiş əsas borca münasibətdə müqavilə müddətində illik 180% dərəcəsi ilə hesablanmış məbləğdir. Bu da Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində tələb etdikləri 385,68 (üç yüzsəksən beş manat altmış səkkiz qəpik) manat dəbbə pulunu yüksək hesab etmiş və Bankın əsassız varlanmasını qeyd etmişdir. Halbuki, cavabdehin krediti gecikdirdiyi üçün Banka dəymiş ziyanı və həmin krediti vaxtında ödəmiş olardısa, həmin məbləği yenidən digər kredit dövriyyəsinə cəlb edərək kommersiya qurumu kimi qazanacağı halda,əksinə olaraq gecikmə nəticəsində əldən çıxmış faydanı nəzərə almamışdır. Belə olan təqdirdə hesab edirlər ki, qətnamənin cərimə borcunun 50 manat tutulması hissəsində tam əsassız və ədalətsizlikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, Laçın Rayon Məhkəməsinin e-2(047)-510/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin 0084075AZN48835 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ərizə imzalanmaqla www.pashabank.az saytında yerləşdirilmiş X1 xx.xx.2022-ci il tarixli 1.1.5 №-li versiyasını (müvafiq redaksiyada) cavabdeh qəbul etmiş, 0084075AZN48835 saylı xx.xx.2022-ci il tarixli xidmətin göstərilməsi üçün ərizə formasını imzalamış və bank tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixədək nominal illik faiz dərəcəsi 22%, kreditin illik cərimə faiz dərəcəsi 180%, kreditin faktiki illik faiz dərəcəsi isə 23,09% olmaqla, 4700 manat məbləğində istehlak məqsədilə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 2688,78 manat əsas, 351,64 manat faiz və 385,68 manat cərimə olmaqla, cəmi 3426,10 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş öhdəliklərinin lazımınca icrasını həyata keçirməsi üçün 7 (yeddi) iş günü möhlət verilmiş, əks təqdirdə gecikdirilmiş öhdəliyin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsinə təsir göstərə biləcək prosessual və maddi hüquq normalarının tətbiqində pozuntuya yol verilməmişdir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alan kollegiya iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmuşdur. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməklə yanaşı, 385,68 manat məbləğində dəbbə pulunun da tutulmasını istəmişdir. Məhkəmə bu tələbi araşdıraraq müəyyən etmişdir ki, dəbbə pulunun hesablanmış məbləği müqavilədə nəzərdə tutulsa da, onun miqdarı işin konkret hallarına nisbətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin faktiki hallarını nəzərə almaqla, qeyrimütənasib yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti verir. Maddənin məzmunundan aydın olur ki, burada söhbət yalnız kreditorun formal tələbini təmin etməkdən deyil, həmçinin tərəflərin əmlak mənafeləri arasında ədalətli balansın qorunmasından gedir. Qanunverici məhz bu norma ilə kreditorun hüququ ilə borclunun müdafiə olunmalı maraqları arasında tarazlıq yaratmağı nəzərdə tutur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, Bank tərəfindən tələb olunan 385,68 manat məbləğində dəbbə pulu əsas borcun (2688,78 manat) 14.34 faizini təşkil edir. Lakin müqavilənin şərtləri, cavabdehin faktiki ödəmə qabiliyyəti, borcun ödənilmə müddətində yaranmış gecikmənin xarakteri, habelə kreditorun əmlak mənafeləri nəzərə alınmaqla, bu məbləğin mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi həmin maddənin verdiyi səlahiyyətdən istifadə edərək dəbbə pulunu 50 manat həcmində müəyyən etmişdir. Apellyasiya şikayətində bank iddia edir ki, məhkəmə bu məsələdə əsassız qərar qəbul etmiş, kreditorun əmlak mənafelərini nəzərə almamış, habelə Bankın əsassız varlanması barədə yanlış nəticə çıxarmışdır. Lakin apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunun verdiyi diskresiya səlahiyyətini düzgün tətbiq etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində də qeyd olunduğu kimi, MM-nin 467-ci maddəsinə əsasən dəbbə pulunun miqdarı müəyyən edilərkən kreditorun yalnız formal hesablamaları deyil, həmçinin işin bütün əsaslı halları, o cümlədən borclunun ödəmə qabiliyyəti və cərimə ilə əsas borcun nisbəti nəzərə alınmalıdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cərimə məbləğini 50 manat müəyyən etməklə həm kreditorun əmlak mənafelərini nəzərə almış, həm də borclunun üzərinə tənasübsüz yük qoyulmasının qarşısını almışdır. Bu qərar həm qanunun mətninə, həm də onun məqsədinə uyğundur. MM-nin 467-ci maddəsinin tətbiqi kreditorun əsassız varlanmasına yol verilməməsi ilə yanaşı, borclunun da zərərli nəticələrlə üz-üzə qalmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, mütənasiblik prinsipi hüququn ən mühüm prinsiplərindən biri olub, tətbiq edilən hüquqi məsuliyyət tədbirlərinin pozuntunun xarakterinə və nəticələrinə adekvat olmasını tələb edir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, borclunun üzərinə qoyulan öhdəlik və ya sanksiya yalnız pozuntunun yaratdığı faktiki ziyanı və hüquqi nəticələri kompensasiya etməli, lakin borclunu əsassız və həddindən artıq yük altına salmamalıdır. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 2688,78 manat təşkil etmişdir. İddiaçı Bank isə bu borca görə əlavə olaraq 385,68 manat məbləğində dəbbə pulu tələb etmişdir. Bu isə əsas borcun 14,34 faizinə bərabərdir (1)385,68 ÷ 2688,78 ≈ 0,1434. 2)0,1434 × 100 = 14,34 %). Hərçənd müqavilədə belə cərimə şərti nəzərdə tutulsa da, onun məbləği gecikmənin yaratdığı faktiki nəticələrə nisbətdə artıq və mütənasibsiz hesab olunmalıdır. Belə olan halda, tətbiq edilən cərimə təkcə kreditorun itirdiyi faydanı kompensasiya etmir, eyni zamanda borclunun üzərinə həddən artıq maliyyə yükü qoyur. Məhkəmə isə MM-nin 467-ci maddəsində təsbit edilmiş səlahiyyətdən istifadə edərək mütənasiblik prinsipini təmin etmişdir. Belə ki, dəbbə pulu 385,68 manatdan 50 manata endirilmişdir. Bu qərar isə pozuntu ilə sanksiya arasında adekvat nisbəti bərpa edir. Beləliklə, həm kreditorun əmlak maraqları müəyyən həcmdə qorunur, həm də borclunun həddən artıq maliyyə itkilərinə məruz qalmasının qarşısı alınır. Mütənasiblik prinsipinin təmin olunması çərçivəsində MM 467-ci maddəsinin tətbiqi ilə tərəflərin hüquq və vəzifələri arasında tarazlıq yaradılmış, həmçinin hüququn ədalətə xidmət edən mahiyyəti təmin olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi qanuni və əsaslıdır, İddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.8-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(047)-510/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar