Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1298/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 sentyabr 2024cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat borcun və ödənilmiş 194 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 21,5% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və bununla da kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin sazişə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat borcun və ödənilmiş 194 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 oğlu izahatında göstərdi ki, o, həqiqətən də, iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə 26 aprel 2022-ci il tarixli kredit müqaviləsi bağlamış və iddiaçıdan kredit götürmüşdür. O, ilkin olaraq özünə məxsus kafeyə sərf etmək üçün 10000 manat kredit götürmüş, həmin kreditin ödənişlərini vaxtlı-vaxtında etmişdir. Daha sonra əlavə olaraq 20000 manat kredit götürmüş və həmin kreditlə yeni iş qurub avtoservis xidməti fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Lakin müflis olmuş və işləri dayanmışdır. Aldığı kreditə görə 5-6 ay özü, iki ay isə atası Cavabdeh2 və anası Cavabdeh3 ödəniş etmişlər. Lakin daha sonra maddi imkanları yaxşı olmadığı və müflis olduğu üçün çətin vəziyyətə düşdüyündən ödənişlər gecikmişdir və ödəniş edə bilməmişlər. Etdikləri ödənişlər isə faiz borcuna çıxılmışdır. Müflis olduqdan və ödəniş edə bilmədikdən sonra iddiaçının Bakı şəhərində yerləşən baş ofisinə getmiş və maddi vəziyyəti yaxşı olmadığından ona köməklik edilməsini və 3 ay vaxt verilməsini, bu müddət ərzində ona gecikmə borcu hesablanmamasını xahiş etmiş və bu barədə iddiaçı ilə razılıq əldə edib ərizə yazmışdır. Lakin bir aydan sonra ona yenidən gecikmələri olduğu ilə bağlı bildiriş göndərilmişdir. O, yenidən krediti aldığı iddiaçının Şirvan şəhərindəki filialına gəlmiş, ona borcunu ödəyə bilməsi üçün yeni ödəniş qrafiki açılması, 60 ay müddətinə yenidən kredit müqaviləsi bağlanması və aylıq 780 manat ödəniş etməsi təklif edilmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Hazırda iddiaçıya borcu olduğunu qəbul edir, lakin həmin borcu ödəməyə imkanı yoxdur. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 oğlu oğlu izahatında göstərdi ki, oğlu Cavabdeh1 iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlamış və iddiaçıdan kredit götürmüşdür. Əvvəllər ödəniş etmişlər, lakin etdikləri ödənişlər faiz borcuna hesablanmış və əsas borcun böyük hissəsi ödənilməmiş qalmışdır. Oğlunun işləri əvvəllər yaxşı olmuş və götürdüyü böyük məbləğdə kreditləri ödəmişdir. Lakin daha sonra müflis olmuş və krediti ödəyə bilməmişdir. Hazırda onların iddiaçıya borcu vardır, lakin maddi imkanları yaxşı olmadığı üçün həmin borcu ödəyə bilməmişlər. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan götürdüyü kreditləri ona məxsus kafeyə sərf etmək üçün, daha sonra isə avtoservis xidməti fəaliyyəti üçün, yəni sahibkarlıq fəaliyyətləri üçün götürdüyünü bildirmiş, həmçinin iş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə İnternet Vergi İdarəsindən çıxarışla Cavabdeh1 (VÖEN:**********) vergi ödəyicisi olduğu məlum olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan götürdüyü kreditləri ona məxsus kafeyə sərf etmək üçün, daha sonra isə avtoservis xidməti fəaliyyəti üçün, yəni sahibkarlıq fəaliyyətləri üçün götürdüyünü bildirsə də, işdə olan kredit sazişi ilə müəyyən olunmuşdur ki, həmin müqavilə istehlak məqsədləri üçün cavabdehə kredit verilməsi ilə əlaqədar bağlanmışdır. Buradan da görünür ki, cavabdeh sahibkarlıq fəaliyyətinin subyekti olsa da və həmçinin götürdüyü krediti sahibkarlıq fəaliyyəti sahəsində istifadə etmiş olsa da, cavabdehin krediti götürdükdən sonra istehlak məqsədləri üçün və ya sahibkarlıq fəaliyyəti üçün istifadə etməsindən asılı olmayaraq, müqavilədə bankın həmin krediti istehlak məqsədləri üçün verdiyi qeyd edilmişdir. Buna görə də mülki işə hazırkı məhkəmədə baxılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi ilə (Hakim: İxtiyar Abuşov), iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428 (otuz dörd min dörd yüz iyirmi səkkiz) manat 89 (səksən doqquz) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 (bir yüz doxsan dörd) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsinin faiz və cərimə hissəsində ləğv edərək iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC-nin cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)- 480/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsinin faiz və cərimə hissəsində ləğv edərək iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər keçirilən iclasda tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 avqust 2022-ci il tarixli imza nümunələri vərəqəsindən görünür ki, Cavabdeh1 kredit götürmək üçün ərizəsi və qeyd etdiyi imza İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 avqust 2022-ci il tarixli, MK/76067/87/26 saylı kredit sazişindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə Cavabdeh1 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 21,5% dərəcəsi ilə 30000 manat kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 hesabına 29,999 manat pul köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərilərinə kreditləşmə və xidmət şərtlərindən görünür ki, bu şərtlər bankın müştərilərlə münasibət sahəsində formalaşmış, istisnasız olaraq həmin sahənin hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, bu normalardan fərqlənən, onları tamamlayan və konkretləşdirən müqavilə şərtləri onların vasitəsi ilə müəyyənləşdirilir. Kredit sazişində bu şərtlərə istinad və müştərinin bu şərtlərlə razı olduğu barədə mütləq qaydada qeyd olmalıdır. Tərəflər kredit sazişində bu şərtlərdən fərqlənən, onları tamamlayan və konkretləşdirən ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. İşdə olan və məhkəmə iclasında elan edimiş 11 fevral 2024-cü il tarixli bildirişlərdən və onların göndərilməsi barədə xəbərnamələrdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları ünvana bildiriş göndərilərək 29 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması xahiş edilmiş, borc qaytarılmadığı təqdirdə isə məhkəməyə müraciət etməli olacaqları barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 mart 2024-cü il tarixli arayışdan görünür ki, 29 avqust 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28091,07 manat əsas borcu, 5376,77 manat faiz borcu və 961,05 manat cərimə borcu vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya münasibətində faiz və cərimə borcunu mübahisələndirməmiş, yalnız maddi imkanın olmadığına görə kredit borcunu qaytara bilmədiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin cərimə və faiz hissəsində mübahisələndirmiş, həmin hissədə razı olmadığını bildirmişdir. Həmçinin hal-hazırda da maddi imkanı pis olduğuna görə banka olan borcunu ödəyə bilmədiyini bildirmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. O, ki, qaldı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə, kollegiya bununla bağlı qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (faiz və cərimə borcunun mübahisələndirilməsi ilə bağlı) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Bundan başqa cavabdehin hal-hazırda da maddi imkanım pis olduğuna görə banka olan borcunu ödəyə bilmədiyini kollegiya iş üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borclu kimi götürdüyü məbləğ müqabilində həmin pula görə razılaşdırılmış borc üzrə öhdəliklərini Bank qarşısında yerinə yetirməlidir. Cavabdehin borcunu ödəmək imkanında olmadığını bildirməsi iddia tələbinin təmin edilməməsinin qanuni əsası kimi çıxış edə bilməz, Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddia təmin edilməli, 29 avqust 2022ci il tarixli, MK/76067/87/26 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Göründüyü kimi Cavabdeh1 hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı-nin ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə mülki iş materiallarını tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamasını, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamasını və nəticədə maddi və prosessual pozuntularla qətnamə çıxarılmasını qeyd etsə də istər birinci instansiya icraatı zamanı istərsə də apellyasiya icraatı zamanı bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(055)-480/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1298/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1298/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver