Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-130/2024 03.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh onun həyətyanı sahəsinə gedən Salyan rayon, Birinci Varlı kəndində yerləşən gediş-gəliş yolunun açılması və yol açıldıqdan sonra onun tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Salyan rayonu, Birinci Varlı kəndində özünə məxsus 0,12 ha torpaq sahəsi vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin torpaq sahəsi xüsusi mülkiyyəti kimi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Cavabdehlə qonşudur. Həyətindən torpaq sahəsin yol cavabdehin evinin yanından keçir. Həmin yol həm piyada, həm də avtomaşın yoludur. Cavabdeh həmin yolu çəpərə alaraq bağlamış və onların gediş-gəlişlərinə maneə yaratmışdır Cavabdehə yolun açılması ilə bağlı müraciət etsə belə bunun nəticəsi olmamışdır.Cavabdehin özbaşınalığından ərazi nümayəndəsinə və bələdiyyəyə müraciət etmiş, bələdiyyə gələrək cavabdehə şifahi olaraq yolu açmasını bildirmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, 30 sot həyətyanı torpaq sahəsi vardır. İddiaçı ilə qonşu deyil. İddiaçı onun həyətindən yol istəyir. İddianı qəbul etmədiyini qeyd edərək, verilmiş iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ağarza Səmədov), elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN 55G saylı şəhadətnamə ilə İddiaçı həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşən 1,9 m x 12 m ölçüdə yolun açılması və yol açıldıqdan sonra Cavabdeh tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulması, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınıb İddiaçı verilsin. qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)112/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehlərin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)112/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelllyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)112/2023 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apelllyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)112/2023 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Maraqlı şəxsnə və cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs və cavabdehin nümayəndəsi keçirilən iclasda iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə maraqlı şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iş üzrə toplanmış sübutlar ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil vermiş olduğu apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)112/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan və əlavə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunaraq həmin torpaq sahəsindən istifadəyə maneə yaradıldığı qənaətinə gəlsə də, həmin sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir. Buna görə də kollegiya hesab edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbinə apellyasiya qaydasında yenidən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsi vardır. İş materiallarında olan Maraqlı şəxs sədri Soltan Nəzərov tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 25 saylı arayışdan görünür ki, İddiaçı müraciəti ilə bağlı qeyd olunan yol bələdiyyə mülkiyyətidir, gedişgəliş yoludur, həmin yola mane olan Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Varlı kəndi ərazisində aparılan torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı iddia etdiyi mübahisəli ərazi həyətyanı torpaq sahəsi kimi qeydə alınmış, mübahisəli ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulmamışdır.Mübahisəli olan ərazi 1,9x12 metrdir. Mübahisəli hissə Cavabdeh tərəfindən çəpərə alınmışdır. Mübahisəli hissə 22,9 kv.m-dir.Mübahisəli ərazidə məftil çəpərdən başqa heç bir maneə mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. İş materiallarında olan torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində X2 məxsus 0,12 ha torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi İ.A.Cahangirov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,31 ha, Cavabdeh həyətyanı torpaq sahəsi sənəd üzrə 0,17 ha faktiki olaraq 0,30 ha təşkil edir. İddiaçı iddia etdiyi gediş-geliş yolunun ölçüləri 1,9 m x12 m-dir. Elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Faktiki olaraq Cavabdeh istifadəsindədir. Sahəsi 22,9 kv.m olan mübahisəli ərazi Cavabdeh faktiki olaraq istifadəsindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli “Çıxarışla” xüsusi mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi Birinci Varlı ərazi vahidinin ərazisində “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsində yerləşir və həyətyanı torpaq sahəsinə yolu təmin etmək yerli icra orqanlarının səlahiyyətinə aiddir. Hal-hazırda faktiki olaraq alternativ yol mövcuddur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında olan mübahisə iddiaçının iddia etdiyi kimi, cavabdeh tərəfindən zəbt olunmuş yolun zəbtdən azad olunması və müneələrin aradan qaldırılmasından ibarətdir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Salyan rayonu, Birinci Varlı kəndində özünə məxsus 0,12 ha torpaq sahəsi vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin torpaq sahəsi xüsusi mülkiyyəti kimi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Cavabdehlə qonşudur. Həyətindən torpaq sahəsinə yol cavabdehin evinin yanından keçir. Həmin yol həm piyada, həm də avtomaşın yoludur. Cavabdeh həmin yolu çəpərə alaraq bağlamış və onların gediş-gəlişlərinə maneə yaratmışdır. Cavabdehə yolun açılması ilə bağlı müraciət etsə belə bunun nəticəsi olmamışdır. Cavabdehin özbaşınalığından ərazi nümayəndəsinə və bələdiyyəyə müraciət etmiş, bələdiyyə gələrək cavabdehə şifahi olaraq yolu açmasını bildirmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiaçı ilə qonşu deyildir. İddiaçı onun həyətindən yol istəsə də iddiaçının özünün alternativ yolu vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Apelyasiya icraatı zamanı məhkəmə kollegiyası mülki iş üzrə hərtərəfli, tam və obyektiv araşdırılmanın təmin edilməsi, həmçinin İddiaçı həyətyanı sahəsinə gedən yolun Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 3-16-16/2-10/9795 saylı, 17 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi sənəd üzrə 0.12 ha, faktiki olaraq 0.31 ha, Cavabdeh həyətyanı torpaq sahəsi sənəd üzrə 0.17 ha, faktiki olaraq 0.30 ha təşkil edir. İddiaçı iddia etdiyi gediş-gəliş yolunun ölçüləri 1.9m x 12m-dir. Elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Faktiki olaraq Cavabdeh istifadəsindədir. Sahəsi 22.9 kv.m olan mübahisəli ərazi Cavabdeh faktiki istifadəsindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi Birinci Varlı ərazi vahidinin ərazisində “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsində yerləşir və həyətyanı torpaq sahəsinə yolu təmin etmək yerli icra orqanlarının səlahiyyətinə aiddir. Hal-hazırda faktiki olaraq alternativ yol mövcuddur. Kollegiya qeyd edir ki, İddiaçı onun həyətyanı sahəsinə gedən yolun Cavabdeh tərəfindən zəbt edildiyini və maneələr yaradıldığını iddia edərək həmin yolun zəbtdən azad edilməsini və maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh iddia tələbinə etirazından müəyyən edilir ki, iddiaçının alternativ yolunun olduğunu, həmçinin iddia olunun ərazinin gediş-gəliş yolu kimi nəzərdə tutulmadığını, mübahisələndirilən ərazinin Elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsinə baxmayaraq, ona qarşı iddia qaldırması haqlı sayıla bilməz. Yalnız ona qarşı torpağın mülkiyyətçisi iddia qaldıra bilər. İş materiallarından da görünür ki, İddiaçı iddia etdiyi gediş-gəliş yolunun ölçülərinin 1.9m x 12m olması, Elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi və faktiki olaraq Cavabdeh istifadəsində olması işin mübahisəsiz halıdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsə də alınmış mütəxəssis rəyi ilə də müəyyən edilir ki, iddiaçının iddia etdiyi cavabdeh tərəfindən zəbt edilmiş və ölçüləri 1.9m x 12m olan yol JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Belə olan halda iddiaçı onun mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı gediş-gəliş yolunun zəbtdən azad edilməsi ilə bağlı iddia qaldırmaq hüququna malikdirmi? Bu məsələ ilə bağlı kollegiya mövqeyini aşağıdakı formada ifadə edir. Əvvəla qeyd edilməlidir ki, İddiaçı sahəsi 22.9 kv.m olan mübahisəli ərazinin istifadədən azad edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, İddiaçı iddia etdiyi və mübahisə predmeti olan 22.9 kv.m olan mübahisəli ərazi JN-55G saylı şəhadətnamə ilə başqasının xüsusi mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş materiallarında olan mütəxəssis, habelə ekspert rəyləri ilə də öz təsdiqini tapır. Həmin torpaq sahəsinin iddiaçının sahibliyində və ya istifadəsində olması ilə bağlı ümumiyyətlə iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, cavabdehdə izahatında həmin ərazinin başqasının mülkiyyətində olduğunu bildirir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin eyni Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən və cavabdeh tərəfindən maneələr yaradıldığı iddia edilə torpaq sahəsində iddiaçının, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinin irəli sürməyə subyektiv hüququnun olması xüsusi əhəmiyyət kəsb etmişdir. İkincisi iddiaçının cavabdehə qarşı iddia tələbində məqsədi həyətyanı torpaq sahəsinə gedən və gediş-gəliş yolu kimi nəzərdə tutulan yolun açılmasını təmin etməkdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçının iddia etdiyi həmin ərazi elektron baza məlumatlarına görə ümumiyyətlə başqa şəxsin mülkiyyətində olan (kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarını pozan qətnamə qəbul etmədiyindən həmin şəxsin üçüncü şəxs kimi işə qoşulmasına zərurət görməmişdir) ərazidir və həmin ərazi gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, nəinki iddiaçı, ümumiyyətlə heç kəs başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi ilə bağlı iddia qaldırmağa haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Üçüncüsü iddiaçı əgər iddia edirsə onun yaşayış sahəsinə getməsi üçün başqa alternativ yolu yoxdur (ekspert rəyi ilə iddiaçının alternativ yolu olduğu göstərilmişdir) bununla bağlı iddiaçı ilk növbədə həmin yolun keçdiyi torpaq sahəsinin mülkiyyətçisinin kim olduğunu müəyyən etməli, daha sonra həmin şəxsə qarşı servitut qaydasında (gediş-gəliş yolundan istifadə) istifadə hüququnun verilməsi ilə bağlı tələb irəli sürməlidir. Belə ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yalnız bu halda iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququn olması kimi qəbul edilə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apellyasiya şikayətində dəlil kimi iddiaçı tərəfindən iddia olunan yolun açılması tələbini qanunsuz hesab edərkən həmin yolun Bələdiyyə mülkiyyətinə aid və ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu kimi göstərsə də, apellyasiya icraatı zamanı iddia olunan yolun elektron baza məlumatlarında ümumi istifadədə olan gediş-gəliş yolu kimi deyil, məhz başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi kimi müəyyən edilmişdir. Bu isə cavabdehin verdiyi apellyasiya şikayətinin qismən (işin faktiki hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verilməməsi, maddi və prosessual hüquq normaların pozulması hissəsində) əsaslı olmasına dəlalət edir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı gedişgəliş yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat İddiaçı özünə aid edilsin. İddiaçı 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesab adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖENİ: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-130/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-130/2024
03.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver