Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1302/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dollarının və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə uzun müddət şərikli biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh ondan (iddiaçıdan) müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti alaraq biznes fəaliyyəti ilə məşğul olmuş və ümumilikdə qazancın 5 faizi məbləğində ona (iddiaçıya) mənfəət vermişdir. Sonuncu belə fəaliyyətləri 30 oktyabr 2022-ci il tarixdə olmuş, cavabdeh ondan (iddiaçıdan) 26 000 (iyirmi altı min) ABŞ dolları götürmüş və daha öncə olduğu kimi 1 ay müddətində gətirdiyi malı satış edərək, pulu hissəvi şəkildə qaytarmağa başlamışdır. Cavabdeh ondan aldığı 26 000 (iyirmi altı min) ABŞ dollarından 20 000 (iyirmi min) ABŞ dollarını qaytarmış, 6 000 (altı min) ABŞ dollarını isə qaytarmaqda çətinlik çəkmişdir. Cavabdeh əvvəlcə bunu işlərinin zəifliyi ilə izah etmiş, o da cavabdehi bir neçə ay gözləmiş, lakin cavabdeh qalan pulu qaytarmamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, cavabdeh telefon danışıqlarında ona (iddiaçıya) olan borcunu etiraf etmiş və qaytaracağını bildirmişdir. Lakin cavabdeh qalan borcunu qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçını 2 ildən çoxdur ki, tanıyır. İddiaçıdan müxtəlif vaxtlarda üzərində qazanc vermək şərti ilə pul götürmüş və aldığı pulu üzərində qazancla birlikdə iddaçıya qaytarmışdır. Sonuncu dəfə iddiaçıdan təxminən 2022-ci ilin may-iyun aylarında 20200 (iyirmi min iki yüz) ABŞ dolları və ya 20300 (iyirmi min üç yüz) ABŞ dolları almış və həmin pulu da təxminən 2022-ci ilin sonlarında tam şəkildə qaytarmışdır. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddanın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsi ilə (X2), iddianın təmin edilməsi, Cavabdeh 6000 (altı min) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Hüseynov X1 Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, sonuncu dəfə iddiaçıdan təxminən 2022-ci ilin may-iyun aylarında 20200 ABŞ dolları və ya 20300 ABŞ dolları aldığını və həmin pulu da təxminən 2022-ci ilin sonlarında tam şəkildə qaytardığını, iddiaçıya heç bir borcu olmadığını, iddiaçının faizə pul verməklə sələmçilik ilə məşğul olduğunu, birinci instansiya məhkəməsinin cinayət işinin rədd edilməsi barədə qərara və səs yazısında istinad etdiyini, halbuki, hər iki halda da iddiaçıya borcunun olmadığı öz təsdiqini tapmışdır. Ona görə də cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil apelyasiya icraatı zamanı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş materiallarında olan sübutlarla təsdiq olunması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)- 654/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək, cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı dinlənilən zaman tərəflər arasında borca dair danışıqların olduğu müəyyən edilmiş və məhkəmə iclasında cavabdeh həmin vaxt iddiaçıya 11000 (on bir min) manat borcunun olduğunu, lakin həmin borcu qaytardığını göstərmişdir. İş materiallarına əlavə edilmiş 1168/23 saylı cinayət başlanmasının rədd edilməsi barədə qərar və qərarın verilməsi ilə əlaqədar toplanmış materiallarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Cavabdeh 28 noyabr 2022-ci il tarixinə İddiaçı 10400 manat məbləğinda borcunun olmasının müəyyən edildiyi göstərilmiş, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması səbəbindən, cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında yaranan borc müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi təşkil edir. Tərəflər arasında mövcud olan hüquq münasibəti onların dediklərinə görə 2022-ci ilə təsadüf edir. İddiaçı həmin ilin oktyabr ayında cavabdehə borc verdiyini, cavabdeh isə həmin ilin may aylarında iddiaçıdan borc aldığını bildirir. Bunu əsas götürən kollegiya qeyd edir ki, tərəflər arasında yaranan hüquq münasibətinə mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi MM-nin 740.1 və 740.2-ci maddələrinə uyğun deyil, MM-in əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbində cavabdehə 2022-ci ilin oktyabr ayında 26000 (iyirmi altı min) ABŞ dolları verdiyini və daha öncə olduğu kimi 1 ay müddətində gətirdiyi malı sataraq pulu hissəvi şəkildə qaytarmağa başladığını, cavabdehin ondan aldığı həmin puldan 20000 (iyirmi min) ABŞ dollarını qaytardığını, 6000 (altı min) ABŞ dollarını isə qaytarmadığını bildirmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi məhkəməyə səs yazıları təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin səs yazıları tədqiq edilmiş və məhkəmə həmin səs yazıları əsasında cavabdehin iddiaçıya həqiqətən də 6000 (altı min) ABŞ dolları borcu olduğu qənaətinə gəlmişdir. Apelyasiya icraatı zamanı da iş materialları tədqiq edilmiş və müəyyən edilmişdir ki, həqiqətən cavabdeh tərəflərin arasında olan səs yazısında iddiaçıya 11000 manat borcu qaldığını etiraf etmişdir. Bundan başqa birinci instansiya məhkəməsində 13 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında da cavabdeh hakim tərəfindən ona verilən suallara: səs yazısı olan vaxtadək iddiaçıya 11000 manat borcunun olduğunu, həmin səs yazısından sonra borcunu qaytardığını bildirmişdir. Bundan başqa iddiaçı isə cavabdehin həmin puldan 200 manatının cavabdeh tərəfindən kartına köçürüldüyünü, 200 manatının öz həyətlərində qaytarıldığını, 200 manat dəyərində isə qazan alındığını bildirmişdir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni cavabedin 11.000 manat borcunun qalması barədə səs yazısı mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən CD disk işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilmişdir. Kollegiya işdə olan sübutlardan müəyyən edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının təqdim etdiyi CD diskdəki səs yazısına əsasən cavabdehin 11000 manat borcunun olduğunu etiraf etməsi, həmçinin məhkəmə iclas protokolunda Cavabdeh səs yazısından əvvəl 11000 manat borcu olduğunu bildirməsi tam təsdiq edilir. Lakin cavabdeh səs yazısından sonra həmin pulu qaytardığını bildirsə də artıq bununla bağlı nə birinci instansiya məhkəməsi nə də ki, apelyasiya icraatı zamanı sübut edə bilməmişdir. Əksinə cavbdeh birinci instansiya məhkəməsində tərəflərin izahatı alındıqdan sonra verilən sual-cavabdan görünür ki, iddiaçı ilə cavabdeh arasında 26.000 ABŞ dolları məbləğində borc münasibəti mövcud olmuş və həmin borcdan qaytarılmayan məbləğ 6000 ABŞ dolları təşkil etmişdir. Belə ki, məhkəmə tərəfindən verilən suallara cavabdeh İddiaçı cavabı məhkəmə iclas protokolunda aşağıdakı kimi təsvir olunur: Sədrlik edənin cavabdehə s/c S/c: həmin səs yazısından sonra mən iddiaçıya pul ödəmişəm S/c: sonuncu dəfə iddiaçı ilə 2-3 ay bundan əvvəl görüşdürk S/c: Səs yazısına olan vaxtadək 11000 manat borcum var idi S/c: Sonuncu dəfə 1080-1100 manat pul verib borcumu qurtarmışam S/c: Həmin səs yazısından sonra pul götürüb qaytarmışam S/c: Səs yazısının tarixini xatırlamıram Sədrlik edənin iddiaçıya s/c S/c: Həmin səs yazısı 3-4 aprel 2023-cü il tarixləridir S/c Həmin səs yazısından sonra cavabdeh mənim kartıma 200 manat köçürüb, 200 manat öz həyətlərində qaytarıb və 200 manat dəyərində də qazan alıb gətirib. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində iddiaçının iddia tələbi ilə razılaşmasa da, verdiyi izahatı ilə iddianı etiraf etmişdir. Birinci instansiya məhkəməsi həm iddiaçının həm də cavabdehin aralarında olan borc müqaviləsi üzrə yaranmış öhdəliyini vermiş olduqları izahatları ilə əlaqələndirmiş, səs yazısında iddiaçının iddiası üzrə etiraf etdiyi 600 manatı nəzərə alaraq cavabdehin borclu qaldığı 11000 manatdan həmin pul çıxılmaqla 10200 yəni, 6000 ABŞ dollarını (o, da nəzərə alınmalıdır ki, tərəflər arasında yaranan borc münasibəti ABŞ dolları ilə olmuşdur.) manata məzənnə ilə tutmaqda haqlı olmuşdur. Kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanması tələb olunurdu. Lakin tərəflər arsında borc məbləği 3000 manatdan çox olmasına baxmayaraq aralarında hər hansı yazılı sənəd olmadığından, kollegiya hesab edir ki, bu münasibətlərə əsassız varlanmanı tənzimləyən maddi hüquq normaları baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin 26.000 ABŞ dolları məbləğində pulu iddiaçıdan alması, daha sonra aldığı 26.000 Abş dollarından 20.000 ABŞ dollarını qaytardığı, lakin qalan 6.000 ABŞ dollarını qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Bu isə onu göstərir ki, iddiaçı cavabdehə qarşı pul tələbi barədə iddiasında haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddianın təmin edilməsi, Cavabdeh 6000 (altı min) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(073)-654/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1302/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1302/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver